Nərmin Sadıqovanın yeni fərdi
sərgisi açılacaq
Fevralın 23-dən martın 3-dək Müasir İncəsənət
Muzeyində rəssam Nərmin Sadıqovanın “Mif” adlı fərdi
sərgisi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, sərgi
tanınmış rəssamın son illərdə astrologiya və
müxtəlif mövzularda yaratdığı 40-a yaxın rəsm
əsərlərindən ibarət olacaq.
“Mif” adlı sərgi Nərmin Sadıqovanın
yaradıcılığında yeni bir səhifə sayıla
bilər. Bu sərgidə təqdim olunacaq əsərlərdə,
rəssamın əvvəllər müraciət etdiyi
mövzularla yanaşı, yeni bir istiqamət də
özünü göstərir. Sərgi astrologiya və incəsənətin
sintezini təqdim edərək onlar arasındakı dərin əlaqələri
araşdırmaq istəyən sənətsevərlər
üçün unikal təcrübə yaradacaq.
Rəssam astrologiyanın əsrarəngiz
dünyasını rəngkarlığın estetik ifadə
vasitələri ilə birləşdirərək on iki
bürcün özünəməxsus cəhətlərini –
mifoloji mənasını, planetar təsirlərini və
simvollarını kətan üzərində öz bədii
yanaşması ilə əks etdirir. Müəllif bu silsilə
əsərlərində hər bir bürcün fərdi
xüsusiyyətlərini əyaniləşdirərək
seçilmiş kompozisiya quruluşu, rəng palitrası və
digər bədii ifadə vasitələri ilə onların bədii
obrazını yaradıb.
Astroloji biliklərlə dəstəklənən bu əsərlərin
kompozisiyalarında təsvir olunan elementlər kosmosla olan əlaqəni
daha dərindən hiss etməyə imkan yaradacaq,
çünki hər bir detal bütöv bir sistemin və onun
arasındakı əlaqələrin simvolik bir təcəssümüdür.
Bu sərgi izləyicilərə yalnız görmə
bacarıqlarını deyil, həm də düşüncə
tərzini genişləndirmək və dərin mənaları
kəşf etmək imkanı verəcək. Bu baxımdan, Nərmin
Sadıqovanın “Mif” adlı fərdi sərgisi bədii əsərlərin
sadəcə estetik tərəfini deyil, həm də insan həyatına
olan təsirini və astroloji simvolların dərin məzmununu
əks etdirməklə yaddaşlarda silinməz iz buraxacaq.
525-ci qəzet .- 2025- 13 fevral(¹27).- S.10.