Milli Kitabxanada “Konstitusiya və
Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
30 yanvar tarixində Azərbaycan Milli Kitabxanasında
“Konstitusiya və Suverenlik İli” adlı ilin daimi ənənəvi
kitab sərgisinin açılış mərasimi
keçirilib. İlk öncə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində
çıxış edən Azərbaycan Milli
Kitabxanasının direktoru
professor Kərim Tahirov bu gün artıq Azərbaycan
Respublikasının ərazi bütövlüyünün və
suverenliyinin tam bərpa olunduğunu qeyd edib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 27
dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”
elan olunduğunu vurğuluyaraq, Azərbaycan
Respublikasının Konstitusiyasının yaranma tarixi
haqqında ətraflı danışıb. Ulu Öndər
Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi
Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz
xidmətlərindən, eləcə də 1993-cü ildə
xalqın təkidli çağırışları ilə
hakimiyyətə geri qayıdaraq
Azərbaycanın hüquqi, demokratik və dünyəvi
dövlət kimi formalaşmasındakı rolundan bəhs edən prof. Kərim Tahirov müasir Azərbaycan
Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın
12-də qəbul olunduğunu bu gün həmin
Konstitusiyanın hüquqi qüvvəsinin işğaldan azad
edilmiş bütün ərazilərdə tam bərqərar
olduğunu bildirib. Əlavə edib ki, hər il Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən
elan olunan ilə müvafiq olaraq
Milli Kitabxanada ilin daimi ədəbiyyat guşəsi
yaradılır və il boyu yenilənərək davam edir. Bu
gün də müvafiq olaraq “Konstitusiya və Suverenlik İli”
adlı ilin daimi ənənəvi kitab sərgisinin
açılışı mərasiminin keçrildiyini
söyləyib.
Tədbirdə çıxış edən Milli
Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti
üzrə direktor müavini, tarix üzrə fəlsəfə
doktoru Ədibə İsmayılova 2025-ci ildə müasir Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsinin
30-cu il dönümü
olduğunu qeyd edib. Əlavə edib ki, 2020-ci il sentyabrın
27-də Ermənistanın təxribatlarına cavab olaraq
başlanmış Vətən müharibəsində tarixi qələbə
və 2023-cü il sentyabrın 19–20-də həyata
keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində
ölkəmizin ərazi bütövlüyü və
suverenliyi tam bərpa edilib və Azərbaycan
Konstitusiyasının hüquqi qüvvəsi
işğalın aradan qaldırıldığı
bütün ərazilərdə bərqərar olub. Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü
il 19 sentyabr tarixli Sərəncamına əsasən,
sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Günü elan edilib. Ötən müddət ərzində
ərazi bütövlüyünün, suverenliyinin bərpa
edilməsi müasir Azərbaycan tarixinin ən mühüm
hadisəsinə çevrilib. Milli Kitabxana olaraq bu il Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin tədbirlər planına əsasən il boyu
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar maarifləndirici
və təbliğat xarakterli bir sıra tədbirlərin
keçiriləcəyini nəzərə
çatdırıb.
Tədbirin davamında
Milli Kitabxananın əməkdaşları tərəfindən
hazırlanan “Konstitusiya və Suverenlik İli” adlı virtual sərginin
təqdimatı olub.
Virtual sərgidə rəsmi sənədlər,
fotolar, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti,
Ulu Öndərin Şah əsəri - Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin
Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi
bütövlüyünün və suverenliyinin tam bərpa
olunması haqqında və s. dövri mətbuatda çap
olunan məqalələr, Azərbaycan və xarici dillərində
ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/2025-Konstitusiya_ve_Suverenlik_Ili/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli”
adlı ilin daimi ənənəvi kitab sərgisidə isə
Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu
Öndər Heydər Əliyevin dahi siyasəti, müasir və
müstəqil Azərbaycan dövlətinin qurulması,
dövlətin əsas Qanunu - Azərbaycan
Respublikasının Konstitusiyası haqqında, Müzəffər
Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük
“Vətən Müharibəsi”ndə qazanılmış tarixi
qələbə, ərazi bütövlüyünün və
suverenliyinin tam bərpa olunması, dövlət
başçımızın müdrik və uzaqgörən
siyasəti və s. mövzulardan bəhs edən Azərbaycan və
xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi il boyu mütəmadi yenilənərək
davam edəcək.