Cavad Heyət
və 45 yaşlı "Varlıq" dərgisinin birinci
sayı
DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ"
DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR
EDİLİR
(Əvvəli ötən sayımızda)
"Varlıq" dərgisinin ilk sayının
növbəti yazısı Müzəffər imzası ilə
"Hörmətli Səhəndə" adlı şeirdir. Həmin
şeirin son misraları belədir:
Yox o qüdrətli səsi susdura bilməz kimsə
Sən bizim qəlbimiz içrə dirisən, ölməmisən
Şair ölmək bilməz!
Aşiq insan ölməz! (s.48)
Dərgidə bundan sonra Əli Təbrizinin "Səhənd
üçün" adlı qəzəli verilir. Ardnca Doktor Həmid
Nitqinin 1973-cü ildə Səhəndə həsr etdiyi "Səhərə
gedən bir yol var..." şeiri gəlir:
Baxışın dağlara sarı dalmasın
Gözlərin heç uzaqlarda qalmasın
Səslənmə nə çıxar qulaqlar
sağır
Vicdanlar paslanmış, yuxular ağır.
Dibsiz bir quyudur qaranlıq gecə
Ürəyə damçılır qorxu gizlicə.
Ocaqlar yıxılmış, odlar küllənmiş
Sevdalı başlara torpaq ələnmiş...
Dərdinin davasın umma kimsədən
Kimsəmiz yoxdur ki. Bir mən, bir də sən.
Ölsək də, qalsaq da budur yol ancaq
Əlin ver, bəlkə bir mənzilə çataq.
Düşsəm mən, davam et yolunda yoldaş
Dayanma, yeri get bu dağları aş
Bilirəm səhərə gedən bir yol var
Dizində güc varkən yorulma axtar. (s.51)
Qeyd etmək lazımdır ki, Doktor Həmid Nitqi Doktor
Cavad Heyətin ən yaxın dostu və məsləkdaşı
idi, ömrünün son illərini Londonda yaşadı,
sonunda Tehrana qayıtdı və orada da dünyasını dəyişdi.
Bu sətirlərin müəllifinə Tehranda
çalışdığı illərdə onunla
görüşmək nəsib olmasa da, Pakistandakı xidməti
zamanı Həmid Nitqinin şeirlər kitabının urduca nəşrində
və onun təqdimatında yaxından iştirak etmək qismət
oldu. 2004-cü ildə bu sətirlərin müəllifinin
xahişi ilə Tehranda Doktor Cavad Heyət Pakistanın
tanınmış türkoloq yazıçısı, istefada
olan polkovnik Məsud Əxtar Şeyxin Həmid Nitqinin şeirlərini
tərcümə edib nəşrə
hazırladığı və "Melodious Reveries"
adlandırdığı kitaba maraqlı ön söz
yazdı və bu kitab İslamabadda nəşr edildi.
Dərgidə bundan sonra Səhəndin
ölümündən az əvvəl farsca yazdığı,
şahlıq rejimi tərəfindən amansızlıqla qətlə
yetirilmiş Səməd Behrəngiyə (1939-1968) həsr
etdiyi tamamlanmamış bir şeiri verilmişdir:
"Bidar şo Səməd!" (Oyan Səməd!)
adlanan şeir parçasının sərbəst tərcümədə
mənası belədir: "Oyan Səməd, nərgiz gül
açdı, bahar gəldi, arzuların çiçəkləndi,
oyan Səməd! Səngər yoldaşlarının qətl
yerindən, yanmış torpağından başqa bir şey
qalmadı, ciyəryandıran və canyaxan oxların qüssəsindən,
top, tank və tüfənglər ki, səni və
dostlarının sinəsini dağladı, bizim əlimizdədir.
Oyan Səməd".
Dərginin son səhifəsində yer alan Əziz
Möhsininin "Səttar xan" şeiri ümid və
iftixar dolu, təmiz türkcəmizdə qələmə
alınmış gözəl bir şeir-dastanı
xatırladır:
Qəhrəman xalqımın namuslu oğlu!
Öyünür xalqımız səninlə bu
gün.
Qalxdın haqsızlığa, zülmətə
qarşı,
Əlinlə açıldı hər bağlı
düyün.
Qaldırdın yurdumda üsyan bayrağın,
Sarsıtdın dözülməz zülmün təməlin.
Yazıldı tarixə qızıl xətt ilə
Parladı qüdrətin, güldü əməlin...
And olsun tökülmüş nahaq qanlara
And olsun yenilməz mərd insanlara
Müqəddəs vuruşu bitirərik biz
Azadlıq eşqiylə çarpır qəlbimiz.
Yenə də bu yolda dərya qan axsa,
Bu ellər zülmətə çökməyəcəkdir.
(s.53)
Bundan sonra dərc edilən "Səttar xan Sabirin
şeirində" məqaləsi və sevimli şairimiz
Savalanın (Həsən Məcidi) "Hədər olmaz"
şeiri, ardınca Nazim Hikmətin üç şeiri:
Şeirimə dair, Bəlkə mən, Qarıma məktub və
Müzəffərin "Kargər bayramı" şeirləri
yer almışdır. Dərginin sonuncu məqaləsi Həmid
Nitqinin "125 qayda" kitabından
götürülmüş "Dəsture negareşe torki -azəri"
(Azəri türkcəsində yazı qaydaları) adlanır.
Bu yazının verilməsi ciddi bir zərurətdən
doğurdu, ona görə ki, Azərbaycan türkcəsində
ərəb əlfbası ilə düzgün yazıb-oxumaq
heç də asan məsələ deyildi. Həm də, o
vaxtadək İranda Azərbaycan türkcəsində qəbul
edilmiş müəyyən vahid yazı qaydaları yox idi. Ana
dilində nəinki yazmağın-oxumağın, hətta
danışmağın qadağan edildiyi zamanda bu məsələ
gündəliyə gələ bilməzdi. Vaxtilə
1945-1946-cı illərdə Azərbaycanda Milli Hökumət
zamanında Azərbaycan türkcəsinə hərtərəfli
rəvac verilsə də, hökumət işləri, tədris
və mədəni-kütləvi tədbirlər ana dilində
keçirilsə də, qısa zaman ərzində dilin
qrammatikasında, onun ədəbi dil olaraq işlədilməsində
vahid qaydaları işləyib hazırlamaq mümkün
olmamışdı. Bu baxımdan adı çəkilən məqalə
dərginin həm bu sayını, həm də sonra
çıxacaq saylarını rahat oxuya bilmək, eyni zamanda
ana dilində mətnlər hazırlamaq üçün
olduqca gərəkli idi. Bu qaydalar, eyni zamanda, ölkədə
təsis ediləcək yeni anadilli mətbuat vasitələri
üçün faydalı vəsait idi. Sonrakı illərdə
Doktor Cavad Heyətin və məsləkdaşlarının səyləri
ilə bu yazı qaydaları daha da təkmilləşəcək
və "Varlıq"ın yazı dili bütün
İranda türkdilli mətbu orqanlar üçün örnək
olacaqdı.
Dərginin son səhifəsində oxuculara nəşrin
"Yazıçılar heyəti" adından bildirilir ki,
Azərbaycan Xalq şairi Səhəndin vəfatı ilə əlaqədar
bu nəşrdə bir sıra yazılar ona həsr
edilmişdir. Eyni zamanda, dərginin ilk sayı tələsik
hazırlandığından bir çox qrammatik qüsurlara
yol verilmişdir ki, onlara gələn saylarda yol verilməyəcəkdir.
Dərginin arxa cildində Səhəndin fotoşəkli dərc
edilməklə onun xatirəsi bir daha anılıb, nəşriyyənin
ünvanı və əlaqə nömrəsi verilib.
"Varlıq" dərgisinin ilk sayı barəsindəki
xülasəni yekunlaşdıraraq bəzi qənaətlərimizi
də hörmətli oxucuların diqqətinə təqdim etmək
istərdik. Yazının əvvəllərində bəhs edlən
Azərbaycan Əncüməninin, bütün ümidlərə
baxmayaraq, ömrü cəmi bir neçə ay çəkdi.
O zaman Cavad Heyətin, Həmid Nitqinin, Məhəmməd Fərzanənin,
Gəncəli Səbahinin, Rza Bəraheninin Azərbaycan
Əncüməninin Azərbaycan xalqının mədəni
haqlarının, xüsusən də dil və mədəniyyətinin
qorunması, inkişaf etdirilməsi və ölkə əhalisinin
təqribən 40 faizini təşkil edən Azərbaycan
türklərinin bu təbii haqlarının təmin edilməsindəki
oynayacağı rola olan ümidləri tezliklə puça
çıxdı və Əncümən də fəaliyyətini
dayandırmağa məcbur oldu. Lakin Cavad Heyət məsləkdaşlarının
yaxından köməyi ilə, bütün məsuliyyət
yükünü üzərinə alaraq və cərrahlıq
peşəsindən qazandığı vəsaiti sərf edərək
"Varlıq" dərgisinin nəşrini davam etdirə
bildi. Dərgini ayda bir dəfə çıxarmaq
mümkün olmasa da, ildə dörd sayla fəaliyyətini
davam etdirdi.
İnqilabın ilk aylarından bir qədər sonra
ölkənin daxili siasi həyatında gedən ziddiyyətli
proseslər, mütərəqqi ruhanilərin, demokratik
düşüncəli siyasətçilərin
sıxşdırılması, xalqa vəd edilən
azadlıqların, hətta Əsas Qanunda təsbit olunan milli
haqların verilməməsi ölkə ziyalılarının
böyük qismində xəyal qırıqlığı
yaratdı. "Varlıq"dan sonra nəşr edilməyə
başlayan onlarca mətbu orqanın sonrakı illərdə fəaliyyəti
dayandırıldı. Milli-mədəni haqların təmin
edilməsinə bəslənən ümidlər puç oldu.
Belə bir şəraitdə Doktor Cavad Heyət şəxsi
nüfuzu və düzgün dəst-xətt seçməsi
sayəsində "Varlıq" nəşrini davam etdirməyə
müvəffəq oldu. "Varlıq" İranda Azərbaycan-türk
varlığının nəzəri və təcrübi məktəbinə,
xalqımızın tarixi, dili və mədəniyyətinə
məqsədyönlü şəkildə atılan şər
və böhtanlara, iftira və təxribatlara anında elmi əsaslandırılmış
cavablar verən xitabət kürsüsünə çevrildi.
Kanadada mühacirət həyatı yaşayan professor
Rza Bərahəni 2005-ci ildə Torontoda "Şəhrivənd"
(Vətəndaş) qəzetində "Doktor Cavad Heyət - məhdud
fürsətlər dahisi" adlı məqalə dərc
etmişdi. Həmin məqaləni "Varlıq" da həmin
il 134-135-ci nömrələrində yayımladı. Burada Rza
Bərahəni İranda dövlətin verdiyi çox məhdud
fürsətlər (imkanlar) çərçivəsində
Cavad Heyətin necə böyük işlər
gördüyünü yüksək dəyərləndirərək
yazırdı ki, Cavad Heyət məhdud fürsətlər
dahisidir. Kiçik bir otaq, cah-cəlaldan uzaq bir klinika və
bir tərəfdən insanların yaralarına və digər
tərəfdən xalqın övladlarının ana dilinin nəbzinə
əl qoyan səksən yaşlı cavan bir qoca. Bir yandan
insanların yaralarını sağaldır, digər tərəfdən
xalqın övladlarının ana dilinin keşiyində durur və
bununla fərqli bir ziyalı tablosunu canlandırır. Bu
ziyalı özümüzünkü və bütün məntəqənin
ziyalısıdır, yerlidir və yerli hissləri
bütün xırdalıqlarınadək diqqətində
saxlayan bir dahidir...
Doktor Həmid Nitqi vurğulayır ki,
"Varlıq" jurnalı bütün bu illər ərzində
ülgücün iti ağzı üstündə hərəkət
etmişdir... Millətçilər hər gün öz təzyiqlərini
daha da artırırlar ki, dövlət "Varlıq"
jurnalını bağlasın. Digər bir tərəfdən,
Dr. Heyətin diqqətli və çox düşüncəli
olma xüsusiyyəti bu jurnala hər hansı bir şübhə
və nöqsanın daxil olmasına mane olmuşdur. Mətləblərin
və insanların diqqətlə seçilməsi, jurnalın
təqdim üsulu Dr. Heyəti bu təlatümlü dövr ərzində
ayaqda saxlamışdır (Cavad Heyət. Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda. Bakı, "Elm və təhsil",
2011, s.544-547).
Doktor Cavad Heyətin fədakar zəhmətləri, dəyərli
məsləkdaşlarının, dərginin uzun illər ərzində
ətrafına cəmlədiyi və
formalaşdırdığı geniş ziyalı-tədqiqatçı
təbəqəsinin, həmçinin Azərbaycan Respublikasındakı
və dünyadakı azərbaycanlı tədqiqatçıların
elmi əməkdaşlığı nəticəsində
"Varlıq" dərgisi xalqımızın, eləcə
də bütün digər türk xalqlarının milli-mədəni
kimliyinin dərk edilməsi, azərbaycançılıq və
türkçülük ideyalarının üzvi vəhdətdə
mənimsənilməsi və inkişaf etdirilməsində, ədəbiyyatımızın,
tariximizin, həmçinin ictimai-siyasi həyatımızın
tarixi-mədəni ənənələri və keyfiyyətləri
ilə zənginləşməsində misilsiz rol oynayıb.
Artıq 10 ildən çoxdur ki, "Varlıq" dərgisi
35 il onun imtiyaz sahibi və baş redaktoru olmuş Cavad Heyətsiz
fəaliyyət göstərir. Cavad Heyətin və
"Varlıq"ın yaratdığı mənəvi məktəbin
vətənpərvər və zəhmətkeş
davamçıları dərginin nəşrini davam etdirirlər,
lakin bu dərgini illərlə övladı kimi bəsləyən
və qoruyan Cavad Heyətin yeri görünür. Ruhu şad
olsun!
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.23.