Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
Digər ədəbi əsərlərdə də mədəni
cəhətdən inkişaf etməmiş tayfaların
üzvləri olan insanlarda da ibtidai insanın fərqli
xüsusiyyətləri öz əksini tapır. Görkəmli
rus səyyahı, Ussuri regionunun
tədqiqatçısı Vladimir Arsenyev ona bələdçilik
edən yerli xalqın nümayəndəsi Dersu Uzala ilə
yaxın dostluq edir və eyni adlı əsərində bu
mükəmməl mənəvi dəyərlərə malik
olan insanın obrazını yaradır. Ussuri bir qədər əvvəl,
1855-ci ildə Muravyov-Amurskinin diplomatik qabiliyyəti hesabına
bağlanan Ayqun müqaviləsi ilə Çindən
alınıb, Rusiya tərkibinə keçmişdi. Ona görə
də bu naməlum diyarı idarə etmək
üçün, onu yaxşı öyrənmək lazım
idi. Bu məsələdə tədqiqatçı Arsenyevə
bələdçi Dersu Uzala olduqca böyük köməklik
göstərirdi. Bələdçi xeyirxahlığı,
alicənablığı, etibarlılığı ilə səyyahı
valeh etmişdi. Dersu öldükdən sonra da səyyah ona olan
ehtiramını davam etdirmişdi.
Böyük yapon kinorejissoru Akira Kurosava obrazın təsiri
altına düşərək, özünün incilərindən
biri olan "Dersu Uzala" filmini yaratmışdı. Filmdə
təhsil görməmiş bir insan, digər
sivilizasiyalanmış adamlara öz münasibəti ilə mənəviyyat
dərsi keçir.
Yaxud Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" əsərinin
qəhrəmanı Çinqaçquk, Birləşmiş
Ştatların şimalında yaşayan kiçik hindu
tayfasının nümayəndəsi idi. O bilirdi ki, ölkənin
yeni sakinləri olan "solğun bənizlilər",
"qırmızıdərililər"
adlandırdıqları hindulara insan kimi baxmayıb, onları
rəhmsizcəsinə məhv etməyə
çalışırlar. Onun özünə də "nəcib
vəhşi adam" deyirdilər.
Lakin o, özlərinə düşmən kimi baxan bu
adamlara heç də pis hisslər bəsləmirdi, ümumiyyətlə,
kin, nifrət hissi ona yad idi. Çinqaçquk igid
döyüşçü kimi tanınırdı, öz
tayfasının dilində "böyük ilan" demək
idi, lakin onda insan təbiətinin hiyləgərliyindən,
ilan kimi zəhər daşıyıcısı olmasından
heç bir əsər-əlamət yox idi. Yalnız hər
şeydən baş çıxardığına görə
bu qəribə adı qazanmışdı. Onun oğlunu
"solğun sifətlilər" öldürsələr də,
o, heç vaxt onlardan qisas almağa cəhd etmirdi.
Digər böyük amerikan qadın
yazıçısı Harriet Biçer Stou 1852-ci ildə
çapdan çıxan "Tom dayının koması" əsəri
ilə məşhurlaşmışdı. Hətta on il sonra
prezident Abraham Linkolnla teatrda görüşəndə,
quldarlığa qarşı mübarizədə prezidentin xidmətlərinə
görə razılığını bildirdikdə, Linkoln
minnətdarlığın ona ünvanlandığını
qeyd edərək, demişdi ki, siz romanınızla
quldarlığa qarşı möhkəm cəbhə
yaratmış və mübarizləri ən güclü vasitələrlə
silahlandırmısınız.
Tom dayı yaşadığı illərdə qul
tacirləri və qul sahibləri ilə təmasda olmuş,
onlardan hər cür zülm görmüşdü. Lakin o,
özünün xeyirxahlığını, dincliyə xidmət
edən xasiyyətini dəyişməmiş, heç vaxt
onların haqsızlığına cavab vermək barədə
düşünməmişdi də. Qul sahibi onu fərasətinə və
nüfuzuna görə qullara başçı təyin etmək
istəyəndə, o, bu təklifdən imtina etmişdi,
bilirdi ki, qul sahibi qulları idarə edəndən, onlara
qarşı quduz xarakteri göstərməyi, öz iti kimi
onları qapmağı tələb edəcəkdir. O isə
imkanı daxilində öz həmvətənləri olan zəncilərə
hər cür köməklik göstərməyə
çalışırdı.
Sevdiyi qadın ona qul sahibini öldürməyi, sonra
qaçıb uzaqlaşmağı təklif etsə də, o,
bundan imtina edir, qan tökməklə razılaşmır. O,
hamının günahını öz üzərinə
yıxmaqla, bundan agah olmasa da, iki min il sonra İisus Xrirst rolunu
oynamağa çalışır.
Roman olduqca böyük populyarlıq qazandı. Birləşmiş
Ştatlarda əsərin yüz minlərlə çap edilən
tirajı qısa müddətdə satıldı. Kitab
quldarlığa qarşı mübarizə aparan abolyutsionistlərin
güclü silahına çevrildi. İngiltərədə
isə qısa müddətdə kitabın bir milyon nüsxəsi
satıldı. 1863-cü ilin başlanğıcında ölkənin
bütün ərazisində quldarlığın ləğv
olunması, quldarlıqla öyünən Cənub
ştatlarının da bu dözülməz bəla ilə məcburiyyət
qarşısında vidalaşması kimi tarixi bir hadisə
oldu. Lakin qara dərili afro-amerikanlara xoş olmayan münasibət
hələ bir əsr də davam etdi və bu, Amerika Birləşmiş
Ştatlarının siyasi və sosial nüfuzuna böyük
ziyan vuran bir əlamət xarakteri daşıyırdı.
Yuxarıda adları qeyd olunan əsərlər
heç də nadir hal sayılmamalıdır, sonrakı
dövrlərdə də zəncilərin azadlıq
uğrundakı mübarizəsi mühüm ədəbi
mövzulardan birinə çevrildi. Afrikanın özündə
gedən bu mübarizədən bəhs edən,
yazıçı Piter Abrahamsın Cənubi Afrika
Respublikasındakı dəhşətli aparteidə həsr
olunmuş əsəri əsasında görkəmli Azərbaycan
bəstəkarı Qara Qarayev "İldırımlı
yollarla" baletini yaratdı və bu əsər SSRİ-nin əsas
teatrlarında tamaşaya qoyuldu. Zəncilər ictimai və
sosial həyatda nə qədər haqsızlıqlar görsə
də, bədii əsərlər bu adamların cazibədar
obrazını yaratmaqla, onların ağır vəziyyətini,
istismara və təhqirlərə məruz qalmasını
bütün dünya qarşısında açıb göstərdilər.
Əgər afrikalı zənci məşhur heykəldə
qolları zəncirlə buxovlanmış təsvir
edilmişdisə, ədəbi, kino və teatr əsərləri
bu qandalı bütünlüklə qırıb
dağıtmaq yolunda əvəzolunmaz xidmət göstərmişdi.
İbtidai insanın şəraitə
uyğunlaşması qabiliyyəti
İbtidai insan həm soyuq, həm də qızmar isti
ilə xarakterizə olunan sərt iqlim şəraitində
yaşasa da, özünün sağ qalması, həm də nəsli
artırmaq xatirinə yaşayışında da,
qidalanmasında da, bütün çətinliklərə
baxmayaraq, mövcud şəraitə uyğunlaşmalı
olur. Şimalda yaşayan və əhalisinin seyrəkliyi ilə
seçilən xalqlar, məsələn Finlandiyadakı
Laplandiyada yaşayan saamlar, Qrenlandiyadakı eskimoslar və ya
Maqadanda yaşayan çukçalar 40-50 dərəcədə
olan uzunmüddətli şaxta şəraitində də
yaşamağı bacarmışlar. Onlar qida üçün
iqlimə daha sərfəli olan dəniz heyvanları ovlayıb
yeyirdilər. Balinanın və ya morjun piyi, həm də
faydalı mikroelementlərin bolluğu ilə fərqlənən
qızıl balıqla qidalanma, şəraitin tələb
etdiyi xəz paltarı geyinilməsi ilə birlikdə onu
soyuqdan qoruyurdu. Çukçaların mənzil kimi tikdikləri
çumlar da, yaxud eskimosların iqluları onda yanan istinin
saxlanmasına şərait yaradırdı. Onlar həm də
ovladıqlarınının çiy şəkildə yeyilməsinə
üstünlük verirdilər, bu qidada olan vitaminlərin və
digər faydalı elementlərin itkisinə yol vermədən,
onun çiy-çiy istehlak edilməsi ən düzgün
qidalanma seçimi idi. Bişirildikdə isə ətdəki
bu maddələrin arzuolunmaz itkisi baş verir. Yakutlar və
Şimalda yaşayan digər etnoslar ovladıqları bəzi
balıq növlərini şaxtalı açıq havada qoyub
saxlayırlar, stroqanina adlandırdıqları çiy
balıq şaxtada donmaqla, çox ləzzətli dada yiyələnir
və ağızda dondurma kimi xoş təsir
bağışlayır.
Şimalda işləməyə və daimi
yaşamağa gedən mütəxəssislər və ailə üzvləri, onların
arasında azərbaycanlılar da az deyildi, xəstələnməmək
və zəifləməmək üçün yerli
xalqların həyat tərzini təkrar etməyi qəbahət
saymamalı idilər. Onlar keçmiş mətbəx
qaydalarını davam etdirsələr, bu onları qidada
faydalı elementlərin çatışmazlığı və
xəstəliklərlə üzləşdirəcəkdi. Ona
görə də öz əvvəlki yemək hazırlamaq
qaydalarını unudub, yerli sakinlərin qidalanma qaydalarına
keçmək vacib sayılırdı.
Məşhur bir etnoqraf qeyd etmişdi ki, şimalda
yaşamağa gələnlər üçün ən
mühüm qayda yerli adamların qidalanması və paltar
geyinməsi qaydasını qəbul etməkdir. Çünki
şimalda yaşayanlar bunu öz şəxsi həyatlarında
sınaqdan keçirməklə, daha yararlı olduqlarına əminlik
tapmışlar. Buraya yeni gələnlər qəflətən
xəstələnmələrini istəmirdilərsə, soyuq
iqlimin tələbatını bütünlüklə nəzərə
alan yerli əhalinin yaşayış qaydalarına ağız
büzməməli, onları öz həyat şəraitlərində
tətbiq etməklə, mühitə uyğunlaşmaq yolunu
seçməlidirlər. Sərt şaxta heç kəsə
güzəştə getmir, ondan qorunmağın vacib şərt
olduğunu adamlar unutmamalıdır. Yerli sakinlərdən
qidada və paltarda fərqlənmək istəyi, yeni sakinlərin
həyatında çətinliklər yaratmasına görə,
əslində, qidaya və xəz paltarı geyinməyə
öyrənməyi tələb edir, bunu anlamayanlar öz
sağlamlıqlarına zərbə vurmaq kimi
ağılsız rəftara üstünlük verməklə,
özlərinə ağır problemlər yarada bilərlər.
Bizim ölkəmizdə isə uca dağlıq ərazidə
yaşayanların həyat tərzi və geyimi də aranda
yaşayanlarınkından tam fərqlidir. Murov dağında və
ya Xınalıqda yaşayanlar mövsümdən asılı
olmayaraq daim isti paltar geyinməli olurlar.
Digər böyük bir etnoqraf apardığı elmi
müşahidələr nəticəsində belə qərara
gəlmişdi ki, insan soyuğun və istinin birlikdə təsirini
nəzərə almaqla, 80 dərəcəlik amplitudada olan
iqlim dəyişikliyinə dözə bilər. Müvafiq
olaraq əgər 40 dərəcə
şaxtaya dözürsə, 40 dərəcə istiyə
də davam gətirə bilər. Bu mütənasiblik həmin
hədd daxilində dəyişə bilər, lakin hər
ikisinin cəmi 80 dərəcəni ötüb keçməməlidir.
Bədənin temperaturu normal həddi ötüb keçdikdə
diskomfort yaradırsa, o, daha da böyüsə, orqanizmin xəstələnməsindən
xəbər verir. Etnoqrafın müəyyən etdiyi
şkaladan artım qaydasında kənara çıxmaq, insan
orqanizminə olduqca mənfi təsir göstərə, onu
ağır xəstəliyə düçar edə bilər.
Adətən, sərt şaxtaya öyrənmiş adam
azacıq mülayim istidə də özünü
yaxşı hiss etmir və havanın pis olduğundan şikayətlənir.
Moskvada yaşayarkən Yakutiyadan olan rus mənşəli
dostum ailəsini də paytaxtda yaşamağa gətirmişdi,
Şimalda işləməyə görə yüksək
maaş alması ona bunu etməyə maddi cəhətdən
imkan verirdi. Oğlu bir dəfə 17 dərəcə
şaxtada və azacıq qar yağanda nazik köynəkdə
həyətdə futbol oynadıqdan sonra otağa girəndə,
istidən tərlədiyindən şikayətləndi, bu, mənim
təəccübümə səbəb oldu. Dostum isə izah
etdi ki, oğlu 40-50 dərəcə şaxtada daim məktəbə
gedirdi. Bəzən binaları istiliklə təmin edən
stansiya şaxtanın sərtliyindən qəzaya
uğradıqda, küçədəki soyuğun hesabına
otaqda da temperatur xeyli aşağı düşsə də,
biz buna öyrənmişdik və xəstələnmirdik də.
Smolenskdən olan başqa bir dostumun həmin şəhərdə
qonağı olanda, hörmət əlaməti olaraq birlikdə
onun kənddə yaşayan valideynləri ilə
görüşə getdik. Qoca valideynlər, ikisinin də həkim
olduğu qızı və kürəkəni ilə bir yerdə yaşayırdılar, həm də
olduqca sadə həyat tərzinə malik idilər. Mən
qonaq otağında özümü pis hiss etməyə
başladım, soyuq məni haldan salırdı. Dostumun
atası dedi ki, o, otaqları yalnız 11 dərəcəyə
qədər qızdırır. Bina odun yandırılması
ilə işləyən istilik sistemi vasitəsilə nail
olurdu. Sistemdəki su yalnız ev sahibinin müəyyən
etdiyi temperaturda istilik verirdi. Ev sahibi belə sərt
qaydanın səbəbini də açıqladı, bildirdi
ki, o, satın aldığı müəyyən miqdardakı
odun ehtiyatına malikdir, otaqlara normal 18-20 dərəcə
istilik vermək istəsə, daha çox odun yandıracaq və
qışı başa vurmamış bu ehtiyat tükənəcəkdir.
Onun isə daha çox odun almağa maddi imkanı yoxdur, ona
görə də otaqlardakı öyrəşdikləri
temperaturla kifayətlənməli olurlar.
Açığı, otağın belə soyuq olması məni
təəccübləndirsə də, anladım ki, bu kəndli
ailəsi öz maddi imkanları daxilində hərəkət
etməlidir. Əlavə odun almağa sərf olunan pul, ailənin
qidalanması üçün ərzaq alınmasına xərclənən
məbləğin xeyli azalmasına və ailənin adəti
rasionunun pozulmasına səbəb ola bilərdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.22.