"Bu, taledir,
insanın taleyi..."
"Ömrümdən gileylənməyə haqqım
yoxdur, illəri boşuna xərcləməmişəm.
İki əsrdə yaşamışam: bunun özü
xoşbəxtlikdir. 21-ci əsrdə Azərbaycanda yaşamaq
isə ikiqat xoşbəxtlikdir. Fəaliyyətimə ən
yüksək qiyməti ölkə rəhbəri, Prezident
İlham Əliyev verib, Əməkdar mühəndisəm.
Ömrü yenidən yaşasaydım, yəqin, elə belə
də yaşayardım. Mən dəyişə bilmərəm,
bu, mümkün deyil, necə varam, oyam. Heç nəyə də
heyifsilənməmişəm heç vaxt. Çünki tale
özü aparır adamı. Nə olubsa, demək, bu,
yaxşıdır, bu, taledir, insanın taleyi..."
...Bu talenin sahibi bütün zamanlarda prinsiplərinə
sadiq qalan, hədəflərinə doğru qətiyyətlə
addımlayan, uzun illər ən çətin sahədə
işləyərək həmin sahənin inkişafında hər
cür fədakarlıqlar göstərən güclü bir
insandır. Bəxtinə düşən vaxtın, zamanın
övladı və həm də yaşadığı
dövrün parlaq zərrəsinə çevrilən şəxsiyyətdir.
Zəngin ömür yolu, həyat təcrübəsi var,
mövqeyini təsdiq etmiş, sözünü demiş
insandır. Yaşadığı ömür vətənpərvər,
peşəkar və məsuliyyətli bir insanın
ömrüdür. Fəaliyyəti xalqına, dövlətinə
sədaqət nümunəsidir. Milli dəyərlərə
hörmət xarakterinin əsas cizgilərindəndir.
Ömrü boyu məsul vəzifələrdə
çalışıb, əməyini ləyaqətlə sərf
edib, işgüzarlığı, yüksək idarəçilik
qabiliyyəti, prinsipiallığı həmişə uğur
gətirib ona. Getdiyi hər yerdə etibar qazanıb, inamı
doğruldub. Bir üstünlüyü də olub: hansı vəzifədə
işləyibsə, haqqın tərəfində dayanıb. Səmimidir,
hər cür kompleksdən uzaqdır. Əslində, onunla
görüşə gedəndə belə olacağını
düşünürdüm. Hər mövzuda xeyli söhbət
etdik, hamısında da onu rahat gördüm. Özünü
şanslı sayır, uğurlarına görə xarakterinə
borclu olduğunu söyləyir, "Dürüst, cəsarətli,
möhkəm və güclü insanam, bu, çox vacibdir"
deyir.
Əməkdar mühəndis Quliyev Rafayıl Şahvələd
oğlu 2025-in yubilyarlarındandır...
"O müqəddəs yurdla bağlı heç nə
unudulan deyil..."
Qarabağdan - Ağdamın Novruzlu kəndindən olan
köklü-budaqlı bir ocağın nümayəndəsidir.
El-oba təəssübü çəkən insanlardan tərbiyə
alıb. Uşaqlığını da, o məhrəm ailəni
də yaxşı xatırlayır. Ata babası İsmayıl
kişi bəy oğlu olub. Sovet hökuməti gələndə
isə var-dövləti başına bəla olub. Hər
şeyini əlindən alıb özünü də
sürgün ediblər Qazaxıstana. İsmayıl bəyin
canı qəriblikdə "çürüyüb",
övladları da burada min cür əzab-əziyyətlə
üz-üzə qalıb...
"Yaxşı kişinin ailə tərbiyəsini
görmüşəm..."
Atası, Şahvələd Quliyev Azərbaycanın məsul
təsərrüfat işçilərindən biri olub.
İkinci Dünya müharibəsinin ağır illərində
Yevlaxda baza müdiri işləyib. Sonra tale onu Mingəçevirə
aparıb. Bu şəhərin ilk iki qurucusundan biri (İslam
İslamzadə ilə birgə) olub. Adı şəhərin
ilk sakinlərindən biri kimi də yadda qalıb. Mingəçevirin
inkişafında böyük əməyi olub. 79
yaşında vəfat edib, məzarı da quruculuğunda
yaxından iştirak etdiyi Mingəçevirdədir - Əli qəbiristanlığında.
Şahvələd Quliyevin böyütdüyü
beş övladın ilkidir Rafayıl müəllim. İndinin
özündə də atasını iftixarla yad edir,
"Yaxşı kişinin ailə tərbiyəsini
görmüşəm" deyir. Mingəçevirlə
bağlı xatirələri də az deyil, bu şəhər,
həm də onun yeniyetməliyinin unudulmaz yadigarıdır...
"Novruzlu kəndindəki baba evimizi hələ də
xatırlayıram..."
Uşaqlıq illəri Yevlaxda, Mingəçevirdə,
Şamaxıda keçib. Ağdamın Novruzlu kəndi ilə
bağlı xatirələrini xəfif bir xiffət hissi
müşayiət edir. Çünki Novruzlu uzun illər erməni
işğalında qalıb. "Bu işğal müvəqqətidir"
deyə ata-baba yurduna aparan yolların
açılacağına çox inanıb. Artıq inamı
çin olub... "Novruzlu kəndindəki evimiz indi də
gözümün önündədir: nənəm,
üzüm çardağımız, daha çox meynəli
bağ-bağatı ilə gəl-gəl deyən həyət-bacamız...
Nənəm nurani bir qadın idi, həmişə milli geyimlər
geyinərdi. Xarakterində ipək yumşaqlığı
vardı. Namaz qılar, oruc tutardı. O vaxt biz başa
düşmürdük bu, nədir, hamımız "sovet məktəbi"nin
ateistləri idik. Evimiz həmişə qonaq-qaralı
olardı. Anam da çox qonaqpərvər və təmizkar
qadın idi, evə gələn hər kəsi xoş üzlə
qarşılayar, yüz cür qulluq göstərərdi.
Çox xeyirxah, mərhəmətli idi..."
"Atam "xalq düşməni"nin oğlu olsa
da, bacarığına görə işdə
saxlayıblar..."
Valideynlərinin "məhəbbət tarixi"ni də
xoş təbəssümlə yada salır. "Anam Yelena
Alekseyevna moskvalı idi. Çox gözəl idi. Sovet vaxtı
alitəhsilli gəncləri ayrı-ayrı respublikalara
bölüşdürürdülər. Anamı da göndəriblər
Yevlaxa, mühasib işləyirmiş. Atamla orada tanış
olurlar, 1939-da evləniblər, bir il sonra mən anadan
olmuşam. Atam "xalq düşməni"nin oğlu olsa
da, bacarığına görə işdə saxlayıblar,
amma həmişə "NKVD"nin nəzarətində olub.
Atamın Mingəçevirlə bağlı çoxlu xidməti
var. Mingəçeviri 1945-də başlayıblar tikməyə,
ancaq şəhər bundan da əvvəl tikilməli imiş,
müharibə ləngidib. Biz də 45-də gəlmişik
Mingəçevirə. Tikintidə çox sayda, 30-40 mindən
çox adam işləyirdi. Rəis də İslam İslamzadə
idi. Atamı yaxşı tanıdığından onu ərzaq
məsələləri ilə məşğul olan təsərrüfata
direktor təyin edir. Hətta o da yadımdadır ki, atam hər
səhər saat 6-da gedərdi işə, gecə saat 10-da
qayıdardı. Ədalətli, dövlətə, ölkəyə
bağlı insan idi. Həmişə deyərdi ki, qayda-qanunu,
nizam-intizamı pozmaq olmaz. 48-də Mingəçevir şəhər
statusu aldı. O vaxt "xalq düşməni"nin ailəsi
şəhərdə yaşaya bilməzdi, ona görə bizi
Şamaxıya göndərdilər. Atamı Sabir adına
sovxozun şərab zavodunun tikintisinə rəis qoydular. 1953-də,
Stalin öləndən sonra babama bəraət verildi.
Yalnız ondan sonra atamı partiyaya qəbul etdilər və
biz qayıtdıq Mingəçevirə..."
"Müharibəni iki yaşımda
görmüşəm..."
Uşaqlıq illəri ilə bağlı bir epizodu
anasından eşitsə də, heç unuda bilmir. "Həyatımda
ilk müharibəni iki yaşımda görmüşəm.
Körpə olanda anam məni də götürüb gedir
Moskvaya. İstəyir, doğmaları da məni görsün.
Amma Moskvada çox qala bilmirik, tərslikdən, biz orada olanda
müharibə başlayır, aləm dəyir bir-birinə,
geri qayıdası oluruq, min bir əzab-əziyyətlə
üzləşirik, anamın qucağında güc-bəla 6
sutkaya gəlib çıxırıq Yevlaxa. Anam həmişə
böyük ürək ağrısı ilə
danışardı bunu. Həm də sağ-salamat
qayıtmağımıza görə Allaha şükür edərdi..."
Uşaqlıq arzuları isə yaşına uyğun,
rəngarəng olub. Gah təyyarəçi olmaq istəyib,
gah da kəşfiyyatçılıq keçib könlündən.
Amma nə təyyarəçi, nə də kəşfiyyatçı
olub. Buna qətiyyən heyifsilənmir. İki yaşında
"gördüyü" müharibə isə ömründə
yeganə müharibə olmayıb. Sonralar dəhşətli
müharibəni elə evlərinin içində, Qarabağda
görüb...
Yeniyetməliyi də qaynar keçib. Mingəçevirdəki
3 nömrəli məktəbdə oxuyub. Fəal şagird olub,
məktəb komsomol təşkilatına rəhbərlik edib.
İdmançı kimi tanınıb, boksla, yüngül
atletika ilə ciddi məşğul olub. Hətta Azərbaycan
yığma komandasına üzv seçilib, məktəbli ikən
idman ustalığına namizəd normasını da yerinə
yetirib, məktəblilərin SSRİ spartakiadasında
iştirak edib...
Ali təhsilini Politexnik İnstitutunda alır, mühəndis-mexanik
ixtisasına yiyələnir. Bakıda qalası olur. Sonra tale,
sanki özü nizamlayır hər şeyi, onu lazım
olduğu yerə aparır...
Bir ömür boyu unudulmayan telefon zəngi...
1967-dən Bakıda "Azərenerjitəmir"
zavodunda mühəndis işləyir. İki ildən sonra
Naxçıvana gedir, "Arazhidrotikinti"yə,
Sovet-İran birgə tikintisində əvvəlcə baş
mexanik işləyir. Üç aydan sonra energetika şöbəsini
ona həvalə edirlər. Stansiyanın tikintisini uğurla
başa çatdırır. Çox keçmir,
Arpaçayın tikintisinə rəis müavini, il yarımdan
sonra isə rəis təyin olunur. Burada da özünü təsdiq
edir, bir milyon rubl plan verir, halbuki ona qədər plan heç
300 min rubla da çatmırmış. Naxçıvandakı
bu uğuru geniş əks-səda yaradır. 1971-ci ilin
mayında həyatında ömrü boyu unutmayacağı bir
hadisə baş verir. Mərkəzi Komitənin Birinci katibi
Heydər Əliyev zəng vurub onu təbrik edir. O böyük
insanla telefon söhbətini indi də həyəcan dolu sevinclə
xatırlayır. Bunu ömrünün unudulmaz hadisəsi hesab
edir.
"29 yaşımda böyük bir tikintinin rəisi
olmuşam. Amma həmişə işçilərimə
kömək etmişəm. Naxçıvanda işləyəndə
gördüm fəhlələrin şəraiti
ağırdır, onlara ev tikdirdim. Arpaçayda bir milyon rubl
plan verəndə bir qəsəbə vardı, susuz
qalmışdı. İki ay ancaq o işlə məşğul
oldum, ora su çəkdirdim. Ona görə də kollektiv
yaxşı işləyirdi, planı doldururduq. Gərək əvvəlcə
insanlara xidmət edəsən, sonra da nəticəsini görəsən.
Gərək hər kəs qəlbinin küncündəki nuru
üzə çıxarsın ki, dünyamız
işıqlı olsun..."
Sonralar Ulu öndər Heydər Əliyevin qurduğu
YAP-a daxil olacaq, çalışdığı müəssisədə
partiyanın özəyini yaradacaqdı. Bu, o müdrik insana
sevgisindən, onun getdiyi yolun aydınlığına
inamından idi. Ömrü boyu da bu yola sadiq qalacaqdı...
"Rafayılın təkcə Baş Mil-Muğan
kollektorunun tikintisindəki zəhməti nəyə desən dəyərdi..."
Onun ötən əsrin 80-ci illərində Baş
Mil-Muğan kollektorunun tikintisindəki fədakarlığı
dillər əzbərinə dönüb. İş
yoldaşları, dostları indi də həmin hadisəni minnətdarlıqla
xatırlayırlar: "Bu tikintidə Rafayıl əsl qəhrəmanlıq
göstərdi. Əgər biz o vaxt bu işi görməsəydik,
respublikanın yarısı indi su altında qalardı".
Elə özü də narazı qalmayıb işindən.
"Mən Bakıda işləyəndə belə bir layihə
vardı: Baş Mil-Muğan kollektoru. Bu kollektor Neftçaladan
Beyləqana kimi ərazini duzlu sulardan təmizləməli idi.
Uzunluğu 141 km, eni 120, hündürlüyü 6-7 metr idi.
Bunu tikmək üçün bizdə texnika yox idi. Həmin
texnikanı SSRİ-də yalnız Ukraynanın Kramatori şəhərindəki
zavoddan gətirmək mümkün idi. Orada güclü
ekskavatorlar istehsal olunurdu. Bizə 4 ekskavator yazdılar.
Ağırlığı 300 ton idi, onu hissələrlə gətirmək
və montaj etmək lazım idi. Rəis bu işi mənə
tapşırdı. Getdim Ukraynaya. Zavodun direktorunun qəbuluna
düşdüm, dedi, sən nə danışırsan?
1982-nin sonunda ancaq birini verə bilərik, o birilərini də
83-də, 84-də... Bu, bütün planlarımızın
pozulması demək idi. Əliboş qayıda bilməzdim.
Çox fikirləşdim, neyləyim. Atamın dostu
İslamzadə yadıma düşdü. Həmin vaxt o,
Moskvada işləyirdi. Çox çətinliklə də
olsa, Ukraynadan onunla telefon əlaqəsi yaratdım. Bir daha bu
kişinin vətənpərvərliyinə, torpağa, yurda
bağlılığına heyran oldum. Moskvadan direktora zəng
edib məsələni yoluna qoydu. Qalan işi isə
özüm görməli idim. 18 nəfər rus, ukraynalı
mütəxəssis tapdım, onları ailələri ilə
birgə Azərbaycana gəlməyə razı sala bildim. Beləcə,
3 ay gecə-gündüz işlədik, böyük zəhmət
sayəsində kollektoru vaxtında tikdik..."
"Bu şəhərlə çoxdan
doğmalaşmışıq..."
"Azərbaycanda doğulmaq, azərbaycanlı olmaq
böyük xoşbəxtlikdir" - bu da onun fikridir. Deyir,
taleyim çox şəhərdən keçib, amma həyatım
Bakı ilə bağlıdır. "Bu şəhərlə
çoxdan doğmalaşmışıq, onu çox sevirəm,
özümü ondan kənarda görə bilmirəm. Şəxsiyyət
kimi formalaşmağımda Bakının xüsusi rolu var.
Çox gözəl ölkələr gəzmişəm, amma
hər dəfə geri dönəndə əmin olmuşam ki,
Azərbaycan onların hamısından gözəl, firavan və
rahatdır. Bu gözəlliyin, bu firavanlığın, bu
rahatlığın əsasını o böyük kişi -
Heydər Əliyev qoyub. İndi Azərbaycan o təməl
üzərində yüksəlir. Prezident İlham Əliyevin
ölkə üçün gördüyü işlərin
misli-bərabəri yoxdur..."
"Qarabağdakı Qələbə hər bir azərbaycanlının
ürəyini titrətdi..."
"Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev mümkünsüzü mümkün etdi.
Qarabağdakı Qələbə illərdir ürəklərdə
yara bağlayan arzuları göyərtdi, millətin qamətin
düzəltdi, qürurunu özünə qaytardı. İllər
keçəcək, bu Qələbənin həyəcanı,
qüruru heç vaxt bizi tərk etməyəcək. Allah
şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin
ailələrinə, qazilərimizə minnətdarlığımız
sonsuzdur. Bir neçə dəfə Zəfər yolu ilə
Şuşaya getmişik, ata-baba yurdum Ağdamdan, Əsgərandan,
Xocalıdan, Xankəndidən keçib Laçına
getmişik. İllərdir doğma hənirtiyə möhtac bu
yerlər indi dolub-daşır. Köçkünlər halal
yurdlarına qayıdır. Qarabağda, Şərqi Zəngəzurda
aparılan abadlıq-quruculuq işlərinin miqyası
insanı heyrətləndirir. Prezident İlham Əliyev
böyük qətiyyətlə, qeyrətlə
Qarabağı azad etdiyi kimi, onu həm də yenidən qurur,
yenidən yaradır. Bu misilsiz xidmətin qarşısında
ona minnətdarlıq üçün söz tapa bilmirsən.
Çox xoşbəxtik ki, belə bir Prezidentimiz var. Allah onun
dayağında dursun..."
"Bahar xanım elə bir şəxsiyyətdir
ki..."
Rafayıl müəllim həyatını Azərbaycan
cəmiyyətinin yetərincə tanıdığı və
hörmət etdiyi, bir xalqın, bir millətin öyünəcəyi,
qürur duyacağı güclü şəxsiyyətlərdən,
güclü siyasətçilərdən, haqqında ən
yüksək fikirlər söylənən ictimai-siyasi xadimlərimizdən,
azərbaycanlı kimi öz köklərinə, milli dəyərlərinə
bağlı vətəndaşlarımızdan biri, Bahar
xanım Muradova ilə birgə addımlayır. Görəsən,
çətin deyil ki?..
"Ömür yolunu Bahar xanımla birgə keçmək
çətin yox, əksinə, asandır. O, elə bir şəxsiyyətdir
ki... Onu birinci Heydər Əliyev tapıb. Siyasi xadim kimi Bahar
xanımı tərifləməyə ehtiyac yoxdur, fəaliyyəti
göz önündədir. Evdə uşaqlara, yaxınlara,
doğmalara, tanışlara, eləcə də xalqa münasibətindən
gəldiyim qənaət budur ki, o, çox ağıllı,
çox mərhəmətli, çox səbirli insandır. Yüksək
zövqü var. Taleyimə çox minnətdaram ki, həyatda
belə bir insana rast gəldim..."
Bəs Bahar xanım həyat yoldaşı haqqında
hansı fikirdədir? "Rafayıl müəllimə hər
şeydə etibar etmək, arxayın olmaq, onunla
dünyanın o başına getmək olar. Taleyimə minnətdaram
ki, belə bir insana rast gəlmişəm. Hesab edirəm ki, əldə
etdiyim uğurların yarısı Rafayıl müəllimindir.
Parlamentin üzvü olduğum müddətdə seçicilərlə
elə bir görüşüm olmayıb ki, o, məni
müşayiət etməsin. İstər ölkədəki fərqli
fəaliyyətlərinlə bağlı məsələlər,
istərsə də xarici səfərlər, rəsmi
görüşlərlə əlaqəli bütün problem və
qayğılardan azad olmuşam. Məhz onun sayəsində yalnız öz işim haqqında
düşünmüşəm. Bir dost, bir siyasi həmfikir
kimi ondan çox razıyam. Çünki o, həddən
artıq vicdanlı, məsuliyyətli, öz borcuna sadiq,
başqalarının maraqlarına daim hörmət edən
bir insandır. Bir ailə başçısı kimi çox
qayğıkeşdir. O, övladları üçün daimi
dost, yeri gələndə onların həmyaşıdıdır..."
"İnsanın ən gözəl tərifi, həm
də onun övladlarıdır..."
"Biz öz övladlarımıza düzgün tərbiyə
verə bilərik, onlara müəyyən qapılar aça
bilərik, qalan şeylər isə artıq onların
özündən asılıdır. Xoşbəxtəm ki,
övladlarım bunu yaxşı dərk edir. Oğlum Nurlan,
qızlarım Aydan, Nigar, nəvələrim Azər, Cəmilə,
balaca Leyla - onların hər birində özümü
görürəm, özümü axtarıram və nəslimin
sabahına əmin olmaq istəyirəm. Nagüman olmağa
haqqım yoxdur, şükür Allaha..."
"Ən böyük dostum Aslan olub,
qardaşım..."
"Dost dürüst olmalıdır, dürüst
insan heç vaxt sənə xəyanət etməz. Az sayda
dostum var, heç vaxt da yaddan çıxarmıram onları.
Həmişə maraqlanıram, kömək edirəm.
Əslində, ən böyük dostum Aslan olub, rəhmətlik
qardaşım. Aslan əvvəl komsomol işçisi
olmuşdu, sonra Bakıda ən böyük mətbəələrdən
birinə rəhbərlik etdi. Daha sonra Mətbuat Komitəsi sədrinin
müavini işlədi. Ailədə iki bacı, üç
qardaş olmuşuq. Ailəmizin ortancılı, bacım Afət
atamın yolu ilə gedib. Qardaşım Nüsrət indi də
Mingəçevirdə yaşayır, energetikdir. O biri
bacım Aidə isə Moskvada yaşayır. Orada fəaliyyət
göstərən 157 saylı Azərbaycan məktəbinin
direktoru olub, Azərbaycan diasporunun fəallarından
biridir..."
Dostları da onunla fəxr edir. Xalq artisti Fərhad Bədəlbəyli
deyir ki: "Nə 85 yaş? Bu, Rafayılın növbəti
zarafatıdır!.."
"Hansı qarabağlı musiqini sevməz?.."
"Musiqi, muğam qanımızda, genimizdədir.
Musiqi savadım yoxdur, amma yalandan da olsa, nəsə
çalıram pianoda. Balaca qızım Nigar öyrətdi mənə.
Nigara piano aldıq, əvvəlcə heç yaxın
durmadı. Bir dəfə böyük qızım Aydan gəldi,
onun musiqi təhsili də var. Dedim Aydan, bir çal, Nigar da
qulaq assın. Çaldı, Nigar baxdı, baxdı, dedi, ata, mən
də istəyirəm. O gündən məktəbə getdi,
çox gözəl musiqi yaddaşı var..."
"Axı, mən nə etmişəm ki..."
"Çox kitab oxuyurdum uşaqlıqda. Amerikalı
Sidni Şeldon - detektiv yazar - ən çox sevdiyim
yazıçıdır. Məktəb vaxtı şeir də
yazmışam, qızlara yazardıq. Sonra anladım ki, bu, mənlik
deyil, yaza bilmirəm axı. İndi ötüb keçənlər
haqqında nəsə yazmaq istəyirəm. Hərdən də
"Axı, mən nə etmişəm ki" deyə əl
saxlayıram. Düşünürəm ki, heç Heydər
Əliyev kimi dahi yazmayıb özü haqqında, biz kimik
ki... Bir də indi elə bil dəb düşüb, hər kəs
bir bioqrafik kitab buraxır, özündən başqa da
heç kim oxumur onu... Amma yox, imkan tapıb, uşaqlar
üçün nəsə yazacam. Mütaliəmdən isə
qalmıram. Heyif, cavanlar az oxuyur. Bax, oxusunlar Deyl Karnegini,
heç kim oxumur, soruşursan, bilmirlər kimdir.
Gözüaçıq, savadlı olmaq üçün
mütaliə vacibdir..."
"Mən həyatı Günəş rəngində
görürəm..."
"Cavan vaxtı praktikaya getmişdim Moskvaya. Ordan bir
yapon kaseti aldım. "More" adlanırdı, gətirdim evə,
təsəvvür edirsiniz, 45 dəqiqəlik bu kaset ancaq dəniz
səsindən ibarət idi. Yaponların psixoloqları bu qənaətə
gəliblər ki, dənizin səsi insanı sakitləşdirir.
Sonra mən də bu fikirlə razılaşdım. Yayda
külək olanda açırsan pəncərəni, dənizin
səsi gəlir, doğrudan da, adama ləzzət edir. Dənizin
səsi, sanki mənəvi güc verir adama, sevdiyin və
yaxşı anladığın musiqi qədər. Dənizi
sevirəm, dəniz gözəldir, amma dənizdən çox
dağlar xoşuma gəlir. Dağa ki, piyada qalxırsan,
dörd bir tərəf yaşıllıq, zirvədə isə
ağappaq qar... Yəqin qarabağlı olduğum
üçün dağ xoşuma gəlir. Bilirsən, həyatda
gözəl nə varsa, ondan zövq almağı
bacarmalısan, çünki onu Allah insan üçün yaradıb.
Səhər tezdən oyanıb səmaya baxanda görürsən
gün çıxıb, ya görürsən
yağış yağır. Bil ki, bu, sənin
üçündür. Yəni bu, Allahın yerə, insanlara
sevgisidir. Göndərib ki, sevinək... Həyat gözəldir,
həyatı olduğu kimi: acısı, şirini,
yaxşısı, pisi ilə birgə qəbul etmək
lazımdır. Mən həyatı Günəş rəngində
görürəm - o rəngi ümid, inam rəngi hesab edirəm.
Əgər rəssam olsaydım, əsərlərimdə o rəngə
üstünlük verərdim. Ömür yoluma nəzər
salanda da elə ən çox Günəşin rəngini
görürəm. Bu rəngin müşayiət etdiyi yol mənim
taleyimdir...
Firuzə NADİR