Zaman sadəcə keçmişdən
ibarətdirsə...
GEORGİ QOSPODİNOVUN "ZAMAN SIĞINACAĞI"
ROMANINA BİR BAXIŞ
Xatırlamaq gələcəyi yenidən
yaratmaqdır. Xatırlamaq həm də keçmişi
bugünkü hisslərinə uyğun redaktə etməkdir.
Xatırlamaq hər şeydən əlini üzəndə həyata
yenidən bağlanmaqdır. Və xatırlamaq
yaşamaqdır. Xatırlamaq zamanın sadəcə bir
formasının olduğunu sübut edir - keçmiş. Biz də
keçmişin fabrikləriyik. "İnsan ən
yaxşı zaman maşınıdır... Keçmişin
canlı maşınlarıyıq, başqa nə ola bilərik?
Biz vaxtı yeyib keçmişi istehsal edirik. Ölüm belə
çarə deyil buna. İnsan özü gedir, amma
keçmişi qalır..."
Kiminsə ağlında, rəsm albomunda, video
fayllarında, gündəliyində qeyri-müəyyən bir
vaxta qədər yaşayır. Borxes deyirdi: "Biz yadda
saxladıqlarımızın cəmiyik. Biz qeyri-sabit formalardan
və qırıq güzgü yığınlarından ibarət
xəyali bir muzeyik".
Unutmaq, xatırlamaq, yaddaş və zaman ədəbiyyatın
heç vaxt köhnəlməyən, yazmağa sonsuz şeyləri
olan, hətta zamanla inkişaf edib fərqli mövzulara
çevrilən çox məhsuldar sahələridir. Prustun
"İtirilmiş zamanın axtarışında" və
Borxesin "Yaddaş və Funes"i bəlkə də
ağla gələn ən parlaq nümunələrdir. Amma təbii
ki, çağımızın problemlərindən birinə
çevrilən yaddaş itkisinin təkcə ədəbiyyatın
deyil, həm də fəlsəfənin, incəsənətin də
mövzusu olduğunu unutmaq olmaz.
Bütün bunlar haqqında bizi yenidən
düşünməyə vadar edən təbii ki, Georgi Qospodinovun
2023-cü ildə Beynəlxalq "Man Booker"
mükafatını qazanmış "Zaman
sığınacağı" romanıdır.
"Zaman" bir işin, hadisənin, hərəkətin
keçmiş olduğu, keçdiyi və ya keçəcəyi
dövrdür. Aristotel zamanı dilimizə "an" kimi tərcümə
olunan "nun" adlandırdığı anlayışla
izah edir. O, zamanın ölçülməsini iki an
arasında baş verən hərəkət kimi təyin etdi və
vaxtı təyin etməyə çalışarkən "hərəkəti"
mərkəzi nöqtəyə qoydu.
Konseptual olaraq, zaman daimi axan və dəyişmə vəziyyətindədir.
Bu, əvvəldən sonraya, keçmişdən gələcəyə
hərəkət edən dinamikdir. Prezentizm
anlayışını insanlara təlqin edən Yeni Əsr
modernləşmə və rəqəmsallaşma ilə
bütün həyatımızı və vərdişlərimizi
dəyişdi. İnsanın təbiətə və
dünyaya hakim olmaq həvəsi texnologiya ilə
özünü məhv edən ölçülərə
çatmışdır. İndiyə fokuslanan bir dünyada
keçmiş artıq etibarlı olmayan, köhnəlmiş,
ölü zamandır. O, anın ruhuna uyğun olaraq daim yenidən
yazılır. Məkanlar və obyektlər yenilənir və
zamana uyğunlaşdırılır.
Qospodinov həm də bizi keçmiş günləri
xatırlamağın, yaşatmağın və
unutmamağın dərin sularına aparır. Hekayənin
gedişatında müəllifin yolları keçmişə
aludə olmuş personaj Qaustinlə kəsişir. Quastin
keçmişdə ilişib qalmış zamansız bir
insandır. Keçmişindən hər şeyi toplayaraq həyatını
yaşayır. O, xatirələri, əşyaları
toplayır. Xüsusilə İkinci Dünya müharibəsinin
sarsıdıcı təsirlərindən sonra gələcəkdən
qoparaq keçmişə sığınıb. "Mütləq
olan bir şey varsa, o da keçmişdir . Keçmişdəki
əlli il gələcək əlli ildən daha təhlükəsizdir".
Qospodinov yaddaşını itirmək üzrə olan
amneziyadan əziyyət çəkən xəstələr
üçün dövrün alzheymer xəstəliyi əsasında
yaratdığı uydurma personaj Quastin ilə keçmişin
klinikasının açılması üzərində
işləməyə başlayır. Klinikanın hər mərtəbəsində
onillik tarix yaradılır. Altmışlar, yetmişlər, səksənlər
olacaq. Bu mərtəbələr o dövrə aid əşya
və əşyalarla bəzədilib. Otaqlara o günün qəzetləri
qoyulur, radioda o dövrün musiqiləri səslənir.
Klinikaya gələn xəstələrə bu mərtəbələrdə
ekskursiya edilir. İtirdiyi vaxtları və xatirələrini
yaradılmış keçmişlərdə axtaran xəstələr
tapdıqları zamanda qalır və ömürlərinin
sonuna qədər orada yaşamaq istəyirlər. Klinik
praktikada biz obyektlərin, təsvirlərin və dilin
xatırlamağa necə təsir etdiyinin də şahidi
oluruq. Bu da romanın qısaca məzmunu.
Keçmiş bütün həyatları sovurur. Ancaq
unutmaq bəzən xatırlamaqdan daha çətindir.
Texnologiyanı və onun yaratdığı
rahatlığı, interneti və sosial şəbəkələri
həyatımızdan çıxarmaq həm
istehsalçıları, həm də istifadəçiləri
getdikcə daha çox narahat edir. Buna baxmayaraq
"keçmiş otaqları" həyatın özünə
çevrildi və geri dönüşü olmayan bir yola
girildi. Bütün bunlar indi zamana uyğun yaşayan ölkələri
təhdid etməyə başlayıb.
Müəllif bu andan öz daxili dünyasına
çəkilir, klinikalara daha gənc və iddialı həkimləri
təyin edir. O, yaddaş itkisinə qarşı şəxsi təcrübələrini
yoxlayır və qaçılmaz sonla üzləşir.
Quastin bütün sirri ilə yenidən yoxa
çıxır. Quastin və onun xatirələri yoxdursa,
baş qəhrəman unudulmaq qorxusuyla üz-üzədir.
"Əgər kiminsə yaddaşında zərrə qədər
yerimiz yoxdursa, yada düşmürüksə, bizi gələcəyə
aparan keçmiş hekayələrdə deyiliksə, həqiqətən
varıqmı?" Yaratdığı metafantastikada müəllif
daim dəyişən və inkişaf edən xarakteri ilə
bizi məkanlara və zamanlara səyahətə
çıxarır. Romanın dastançıları da daim dəyişir.
Fasilələr zamanı müəllif də romana qoşulur və
mətnə rəhbərlik edir. Metafantastikanın alt mətnlərinə
daha dərindən baxdıqda, Borxesin zaman fəlsəfəsinin
romana istiqamət verdiyini görmək mümkündür.
"Zaman sığınacağı" keçmişin həyatımızı
qat-qat necə yığdığını və istiqamətləndirdiyini,
bunun sadəcə itirilmiş zaman olmadığını,
zaman anlayışında yerlərin, əşyaların və
dilin nə qədər əhəmiyyətli olduğunu izah edən
bir vaxt fəlsəfəsidir.
Xatirələrimiz və keçmişimiz rəqəmsal
həyatımızın bizə verdiyi rahatlıq tərəfindən
məhv edilir. Xatirələrimizi və ümidlərimizi əl
ölçüsündə cihazlara yerləşdirməklə
biz istədiyimiz vaxt və yerdə səyahət edə bildik.
Keçmiş heç vaxt getmir, ömrümüzün sonuna
qədər içimizdə yaşamağa davam edir. Siyasi tariximiz
nə qədər yenidən yazılsa da, unutmasan, yaşaya
bilməzsən" deyilsə də, keçmişimizi, xatirələrimizi
məhv etmək üçün nə qədər səy
göstərilsə də, keçmiş həyatımızın
güzgüsü olaraq qalacaq. Bu qarmaqarışıq və
aqibəti nikbin görünməyən dünyada
keçmişə sığınmaq, əslində, o qədər
də pis fikir deyil. Romanda deyildiyi kimi: "Vəziyyət sadədir,
əgər gələcəyin yoxdursa, səsini
keçmişə verirsən".
Rəvan CAVİD
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.19.