Sultanların dörd əsrlik əsəri
Bir-iki il əvvələ qədər İstanbulun
Fateh səmtinə vacib olmadıqca getmirdim, getsəm də, nə
işim olsa, tez həll edib uzaqlaşmağa can atırdım.
Çünki bölgədə hər yer o qədər
tünlük, basırıq olurdu ki, bu vəziyyət mənə
xaos kimi görünür, yorucu gəlirdi. Təbii ki, sonralar ərazidə
nəsə dəyişmədi, sadəcə mən dəyişdim.
Şəhəri kəşf etdikcə anladım ki,
İstanbul adlı bu dünya incisi Fatehdən başlayır,
elə burada da bitir. Məsələn, İstanbulun Eminönü
səmtində bütün məğrurluğu ilə
gözoxşayan Yeni məscidin önündən dəfələrlə
keçdiyim halda nə adını bilirdim, nə içərisinə
girmiş, nə ətrafında gəzinmişdim. Bir ay əvvəl
Milli Saraylarda çalışan yaxın dostum Zəhra
Çiftçi bir şəkil göndərdi. Deyəsən,
"bir könüldən min könülə aşiq
olmaq" deyiminin nə olduğunu o an yaşadım. Şəkildəki
mənzərə Yeni məscidə bitişik, XVII əsrdə
inşa edilən, Osmanlı memarlığının nadir
nümunələrindən olan Hünkar Qəsri imiş.
Öyrəndiklərimdən bu qərara gəldim ki, abidənin
bu günlərə gəlib çıxmağı
möcüzəyə yaxın bir şeydir. Sən demə,
1930-cu illərin ikinci yarısında şəhərdəki
yenidənqurma planı əsasında fransız memar və
şəhər planlayıcısı Henri Prust İstanbul ilə
bağlı hazırladığı planda Hünkar qəsrinin
dağıdılmağını təklif etmiş və bu məsələ
1938-ci ilin əvvəllərində uzun müddət
mübahisəli məsələyə çevrilmiş, qəzetlərin
manşetlərindən düşməmişdi. Uzun müzakirə,
mübahisə, tənqidlərdən sonra
dağıdılmayacağına dair qərar verilməyinə
nail olunmuş və məsələ sonlanıbmış. Hər
şeyi bir kənara qoyaq, belə bir əsəri şəhər
planlamasına görə yerlə-yeksan etməyi
düşünən birisinə İstanbul kimi şəhəri
necə əmanət etdikləri insanı
düşündürür. Görəsən, sırf
fransız olduğuna görəmi bu addımı atıblar? Bəlkə
də, populyar kültür o vaxt da varmış.
Çünki o zamanlar fransızlara, onların mədəniyyətinə
xüsusi rəğbət vardı.
İçərisini görmək üçün
abidəyə düz dörd dəfə getdim. Hər dəfə
bağlı olduğu deyilir, müxtəlif tarixlər
verilirdi. Ancaq sonra öyrəndim ki, qəsr sadəcə sərgilər
təşkil ediləndə açıq olur. Bu dəfə də
sərgi vaxtını güdməyə başladım,
açıq günü dəqiqləşdirən kimi
qaçaraq getdim. Abidənin bir vaxtlar
dağıdılmağına dair planlar olduğunu məyusluqla
xatırladım. İnsan belə bir işə qol qoyub
heç nə olmamış kimi yaşamağa necə davam edə
bilər deyə düşündüm. Adamın qərar verən
beyni, külüng vuran qolu quruyar.
Safiyə Sultanla başlayan hekayə...
III Mehmet dönəmində Eminönü yəhudilərin
hər tərəfdə tikdiyi evlər və gecəqondularla
dolu qarmaqarışıq yer idi. III Mehmetin anası Safiyə
Sultan bu qarışıqlığı aradan qaldırmaq, həm
də adının əsrlərlə xeyir dua ilə
anılmağı üçün ibadətxana tikdirmək
fikrinə düşür. Yer olaraq Eminönünü
seçir. 1597-ci ildə təməli atılan abidənin
inşası baş memar Aləm Davud tərəfindən həyata
keçirilir. Davud Ağa, Memar Sinan yetişdirmələrindən
idi. Hətta Sinanın sağlığında
yaratdığı əsərlərə adını
yazdırmaq şərəfinə nail olmağı bacaran
şəxs idi. İşlərin başladığı ilk
illərdə İstanbulda vəba xəstəliyi
yayılır və Memar Davud ölür. Məscidin
yarımçıq qalan işlərinin tamamlanması yeni
baş memar təyin edilən Dalgıç Çavuşa həvalə
edilir. Əsrarəngiz abidənin bəxti yenə gətirmir,
bu dəfə 1603-cü ildə III Mehmet, ardından da Safiye
Sultan ölür və tikinti yenə yarımçıq
qalır.
Validə Turxan Sultanla bitən xoş sonluq
Aradan 57 il keçir və ərazi yenə yəhudi
evləri ilə dolur. Təbii ki, bu müddətdə hakimiyyət
əldən-ələ keçir. Sonra gələn
padşahlar xaraba qalan abidənin aqibətinə əhəmiyyət
vermirlər. Həmin dəyişikliklərdən birində
validəlik Xədicə Turxan Sultana keçir. Bu dəfə
də Böyük İstanbul yanğını baş verir.
Turxan Sultan yanğın zamanı abidənin divarlarına təsadüfən
rast gəlir və ərazidə yarımçıq qalan məscid
olduğunu öyrənir. Validə bu yanğını
külliyyənin tamamlanmağı üçün Allahın
göndərdiyi işarət olaraq görür. O dönəmdə
məscidi tikdirmək planı olan Turxan sultan yeni tikili yerinə
yarımçıq qalan bu abidənin inşasına
başlamağa qərar verir. Bununla da ərazidə
ekspropriasiya işləri başlayır. Meydan camaatı
Hasköydə onlara verilən yeni evlərə
köçürülür. Meydanda yerləşən sinaqoq
və kilsənin olduğu ərazilər qanunla
satılmağı qadağan olduğu üçün
qarşılığında yahudilərə hər il 32 qəpik
kirayə pulu ödənilir. Ərazidən
köçürülən insanlar vergilərdən
ömür boyu azad edilir. Bu prosesdən sonra təməlin 3
metrlik kürsüyə qədər yüksəldilməsi
işləri başlayır. Memarlıq işlərini isə
baş memar təyin edilən Hassa Mustafa Ağa üzərinə
götürür. Nəhayət, məscid 1663-cü ildə
tamamlanır. Təntənəli açılışa Validə
Sultan, IV Mehmet və Körpülü Fazil Əhməd
Paşa ilə digər vəzirlər və dövlət
adamları qatılır. Açıldığı ilk illərdə
məscidin çeşməsindən axan su ilə
hazırlanan şərbətlər paylanırmış
camaata. Yeni Məscid külliyyəsi sibyan məktəbi, mədrəsə,
kitabxana, çeşmə, darül-müvəqqit kimi xidmət
göstərməyə başladığı gündən
böyük rəğbət görür.
Unudulan və tərk edilən...
Hünkar qəsri İstanbuldakı qəsrlərin ən
əsrarəngizi olaraq tarixə keçir. Qəsr padşah və
ailəsinin vaxt keçirəcəyi yer olaraq inşa edilir. Məscidlə
bağlantısı olan bu abidə ramazan aylarında Turxan
Sultanın çox vaxt keçirdiyi yer olaraq bilinir. Aradan yenə
xeyli vaxt ötür. Qəsr yenə qapadılır, illərlə
unudulur, bu da az deyilmiş kimi talan edilir. Əslində bura məsciddən
ayrı inşa edilmiş məkandır. Yəni padşahlar
üçün nəzərdə tutulan kiçik köşklərdən
biridir. Məscidin içindəki hökmdar məqsurəsi qəsrə
cəmi bir qapı ilə calanır.
İngilis biabırçılığı
"Doğulandan bəxtsizdir" deyilən qavram deyəsən,
bu qəsrə aiddir. Çünki baxımsızlıqdan
40-cı illərdə qapadılan abidə bir daha
açılmır. Bu da az deyilmiş kimi talana məruz
qalır, içindəki çinilər oğurlanaraq Londona
aparılır. Bu gün heyranlıqla baxdığımız
Londonun bu cür biabırçı addımlarının
sayı bəlli deyil. Məsələn, Halikarnas Mozalesinin ən
nadir parçalarını, Yunanıstan da ən gözəl əsərləri
oğurlayıb Britaniya muzeyində sərgiləyirlər.
Nyuton adlı arxeoloq ərazidə apardığı
qazıntılar vaxtı tapdığı relyefləri, Mavsol
və Artemisiyanın heykəllərini, dördatlı
arabanın parçalarını Britaniya muzeyinə
qaçırdır. Nyutondan əvvəl isə 1846-cı ildə
Türkiyədə olan İngiltərə səfiri Lord
Stratford Canning Sultan I Abdülməciddən aldığı
icazə ilə Bodrum qalasının divarında olan Mavsolun
relyefini Londona aparır. İngilislər əsrarəngiz
parçaların Londona I Abdulməcidin fərmanı əsasında
aparıldığını iddia edirlər. Əslində
iddialar çoxdur, ortada isə nə icazə
kağızı var, nə fərman, nə də başqa bir
yazılı dəlil. Belə çıxır ki, yerli
tarixçilər haqlıdırlar, əsərlər
Halikarnasdan ingilislər tərəfindən oğurlanaraq aradan
çıxarılıb.
Mavzoleyin geri qaytarılmasına dair addımlar
atılıb, ancaq hər dəfə bunun baş tutan iş
olmadığı məlum olub. Əks halda məsələ
iki ölkə arasında münasibətlərin zədələnməsinə
qədər gedib çıxa bilər. Çünki ingilislər
bu mövzuda olduqca qətiyyətlidirlər! Heykəllərin
vətəninə geri qaytarılması məsələsini
gündəmə gətirənlərdən biri Halikarnas
Balıqçısı kimi tanınan böyük
yazıçı Cavad Şakir Kabaağaclı olub. Britaniya
Muzeyinin rəhbərliyinə, "Mavzoleyin həqiqi dəyərini
ancaq Bodrumun mavi səması altında
tapacağını" xüsusilə qeyd etdiyi bir məktub
yazır. Qarşı tərəf yazıçıya son dərəcə
ağıllı və bir az da qıcıq doğuran cavab
yazırlar: "Mavzoleyin Bodrumun mavi səması altında sərgilənməsi
üçün dərhal hərəkətə keçdik və
sərgi salonunu mavi rəngə boyadıq".
Məsələ burasındadır ki,
Yunanıstanın şah əsərlərindən sayılan
Elgin Mərmərləri də həmin muzeydə sərgilənir
və onun da İngiltərəyə oğurlanaraq
aparıldığı deyilir. Deməli, Hünkar qəsrinə
aid çinilərin də taleyi naməlum deyil. Ən
azından harada olduqları bəllidir.
Maviyə qərq olan yer
Qəsr, padşahın və saray
qadınlarının namazdan öncə və sonra istirahətləri
üçün inşa edilmişdi. Qəsrə məscidin
qiblə yönündən xüsusi bir giriş var. Bu sayədə
padşah atından enmədən içəriyə daxil ola
bilirmiş. İki böyük otağı, eyvanı və
tualeti var. Otaqlardan birinin pəncərəsi dənizə
baxır. Abidənin ən böyük özəlliyi hər tərəfin
mavi rəngli İznik çiniləri ilə döşənməsidir.
Sanki göy üzünü dartıb qəsrin içərisinə
salıblar. Dəniz sahilində yerləşdiyinə görədirmi,
yoxsa başqa bir səbəbi var, bəlli deyil, amma qapıdan
və tavanların birindən başqa hər yerin mavi rəngdə
olmağı həqiqətdir.
Misir çarşısı
İnsana zaman qavramını unutduran digər yer isə
Misir çarşısıdır. Sanki bir əl səni
götürüb tarixin ağuşuna atır.
Çarşı da məscidin nəznində tikilib. Çətinliklə
ərsəyə gətirilən külliyyənin maddi problemləri
yaranır. Validə Turxan Sultan iti zəkasını işə
salır və külliyyənin həddən artıq olan xərclərini
aradan qaldırmaq üçün Misir
çarşısının inşasına dair əmr verir.
Validə tərəfindən kirayə verilən
çarşıdakı dükanların gəlirləri vəqfə
yatırılır və bu sayədə məscid əsrləri
devirməyə nail olur.
Adına gəlincə, o vaxtlar Uzaq Şərq və
Hind malları Misirə gətirilirdi. Oradan da karvanlarla
İstanbula daşınırdı. Elə o dövrdən
adı Misir çarşısı olaraq qalır.
Çarşı "L" şəklində tikilən 150 və
120 metrlik qollardan ibarətdir. Bura İstanbulun ikinci
böyük çarşısıdır, digəri isə
ötən saylarımızda haqqında bəhs etdiyimiz
Qapalı çarşıdır. Altı qapısı olan
çarşıda yüzdən çox dükan var. Bura nadir
bitkilərin, çayların, ədviyyatların
satışı ilə məşhurdur. Hətta əcnəbilər
bu tarixi bazara "ədviyyat çarşısı" deyirlər.
Təəssüf ki, son zamanlar həm qiymətlər, həm
də çeşid turistlərə görə hesablanır.
Turistik əşyaların, hədiyyələrin
satışı xeyli artıb. Bu da qiymətlərin fantastikə
yaxın olmağı deməkdir.
Qəsrin aydınlığı 2003-cü ildə
İstanbul Ticarət Otağınını restavrasiya qərarından
sonra dəyişir. Başlayan yenilənmə on il sonra
başa çatır. Bütün çinilər
sökülür və qırıq çinilər
üçün orjinal parçalar ərsəyə gətirilir.
Oğurlanan çinilərin İngiltərədəkilər
xaric, digər parçaları tapılaraq geri gətirilir.
Külliyyədən günümüzə gəlib
çıxmayan sadəcə hamamdır. zırda sadəcə
sərgi günlərində açıq olur.
Türkan TURAN
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.17.