"Vaxt olub, bir sifarişin puluna ev
almışam"
RƏSSAM FİKRƏT İBRAHİMLİ: "O VAXT
TOĞRUL NƏRİMANBƏYOVLA PARİSƏ GETSƏYDİM,
BÜTÜN TALEYİM DƏYİŞƏCƏKDİ"
Fikrət İbrahimli 1955-ci ildə Neftçala
rayonunda anadan olub. Əvvəlcə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini,
daha sonra Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Rəngkarlıq
ixtisasını bitirib. Xalq rəssamı Toğrul Nərimanbəyovun
tələbəsi olub. Rəssamlar İttifaqının
üzvüdür. 2022-ci ildə "Ruhumun təqdimatı -
Ömür səhifələrim" adlı fərdi sərgisi
keçirilib.
Fikrət İbrahimlinin yaradıcılığı əsasən
rəngkarlıq sahəsində yaradılmış əsərlərdən
ibarətdir. O, süjetli tablo, portret, mənzərə və
natürmort janrında yaradılmış bir çox
maraqlı əsərlərin müəllifi kimi
tanınır. Mənzərə janrında
yaratdığı əsərlər onun
yaradıcılığında geniş yer tutur. Əsərləri
Azərbaycanın və bir sıra xarici ölkələrin
muzey və qalereyalarında, eləcə də şəxsi
kolleksiyalarda saxlanılır.
- Fikrət müəllim, hazırda hansı əsər
üzərində işləyirsiniz?
- Əli bəy Hüseynzadə ilə bağlı bir
əsər işləyirəm, ancaq hələ
tamamlanmağına çox var.
- Sifarişdir, yoxsa ürəyinizin diktəsi?
- İkincisi. Əli bəy ata tərəfdən
qohumumdur. Həmişə onun haqqında yaxınlarımdan
eşitmişəm. Neçə illərdir Əli bəylə
bağlı nəsə işləmək fikri beynimdə
dolanırdı. Nəhayət, başlamaq qismət oldu (Fikrət
bəy danışa-danışa mən də emalatxananı gəzirəm.
Əli bəyin portretini görə bilməsəm də,
gözüm Qənirə
Paşayevanın da təsvir olunduğu tabloya sataşır).
- Çoxdan işləmisiniz bu əsəri?
- Hə. Qənirə xanımın təsvirini isə
vəfatından sonra tabloya əlavə etmişəm. Deməli,
o vaxt Qənirə xanım bu rəsmi görən kimi dedi ki,
mütləq sərgi eləmək lazımdır. Əvvəlcə
tərəddüdlərim olsa da, israr elədi ki, sərgini
bir həftəyə keçirək. Elə yanımda zəng
edib tapşırdı ki, Fikrət sizə altmış iş
gətirəcək, hamısını çərçivəyə
salın, pulunu özüm verəcəyəm. Beləcə
onun köməyi ilə sərgimiz baş tutdu. Elə bu tablo
da orada nümayiş olunurdu. Əsərdə
gördüyünüz bütün şəxsiyyətlər
şuşalıdır. Bircə Səttar Bəhlulzadə
istisnadır. Polad Bülbüloğlu tablonu görəndə
soruşdu ki, "Bəs "papa" hanı?"
Bülbülün təsvirini göstərəndən sonra
tez telefonunu çıxarıb şəklini çəkdi. Fərhad
Xəlilov da ona dedi ki, Polad, şəklini çəkmək
lazım deyil, alıb "papa"nın muzeyinə aparmaq
lazımdır.
- Tablonun qiyməti nə qədərdir?
- Muzey mərkəzində sərgi zamanı nazir
müavini məndən əsərin qiymətini soruşanda on
min manat dedim. Cavabı eşidib xeyli təəccübləndi
ki, niyə belə ucuz qiymət qoyursan? Bu əsərə on
min çox azdır. Vəsiyyət eləmişəm ki,
sağlığımda tablonu alan tapılmasa, məndən
sonra bir muzeyə bağışlasınlar.
- Sizcə, bu gün ölkəmizdə rəssamlar
yalnız rəsmlərinin hesabına dolana bilərmi?
- O vaxt bir dostum nəvəsini yanıma gətirirdi.
Uşaq özü də istedadlı idi. Bir müddət məşğul
olandan sonra dostumdan soruşdum ki, bəs sən onu niyə filan
rəssamın yanına qoymursan? O həm yaxşı müəllimdir,
həm əhatəsi, əlaqələri çoxdur. Sabah
uşağın sərgisini də keçirər, lazım gəlsə,
xaricə də çıxaracaq. Dedi yox e, uşaq səni istəyir.
Beləcə mənim yanımda davam elədi. İndi həmin
oğlan Amerikada yaşayır. Sonradan onu babasından xəbər
alanda dedi ki, rəssamlığı atıb, tamam başqa
işlə məşğuldur. Niyəsini soruşanda cavab
verdi ki, o vaxt bizim söhbətimizi eşidib. Dedi, baba, mən
Fikrət İbrahimli kimi rəssam olmaq istəyirəm, sizin
dediyiniz o rəssam kimi yox. Bilirəm ki, Fikrət İbrahimli
kimi çəksəm, pulum olmayacaq, ona görə də davam
etməsəm yaxşıdır.
Bu nümunəni boşuna çəkmədim. Əlbəttə
ki, indi də yaxşı yaşayan rəssamlar var. Ümumiyyətlə,
rəssamlıq sənəti elitarlığını daim
qoruyur. Sovet dövründə isə rəssamdan yaxşı
yaşayan yox idi. Təsəvvür edin, o vaxt bir sifarişin
puluna Bayıldan ev almışam. Sovet vaxtı xeyli sifarişlərimiz
olurdu. İki əsəri götürəndən sonra
üçüncüyə çəkinirdik ki, deyəcəklər
"xalturşikdir". Yadımdadır, o vaxt Rəssamlar
İttifaqına bircə ərizə yazmışdım, mənə
nə qədər rəng, kətan vermişdilər. İndi
Rəssamlar İttifaqının eləcə adı qalıb.
Tək işləri sərgi təşkil etməkdir, vəssalam.
- Küskünlüyünüz hiss olunur.
- Düzü, onlardan artıq heç nə ummuram.
- Övladlarınızdan sizin yolununuzu davam etdirən
varmı?
- Qızım xalçaçı rəssamdır,
oğlum isə iqtisadçıdır. Ancaq oğlumun da
yaxşı rəsmləri var.
- Qardaşınız Altay da rəssam olub.
- Rəhmətlik Altay yaşca məndən kiçik
idi. Olduqca gülərüz, mehriban xarakteri vardı. O da
Əzim Əzimzadəni bitirmişdi. Doxsanıncı illərdə
qardaşımgil briqada düzəldib evlərdə təmir
işləri görürdülər. Bir ara mən də
onlara qoşulmaq istədim. Razı olmadı. Dedi hesab elə
ki, payını mən gətirəcəyəm, sən otur
işlə. Mənə tez-tez kətan, rəng gətirirdi.
Novxanıda iki mərtəbə bağ evi vardı,
üçüncü mərtəbəsini artırıb mənə
emalatxana eləmişdi ki, rahat işləyim. Evin sonbeşiyi
olsa da, özünü mənə həsr eləmişdi.
- Novxanının adını çəkdiniz,
yadıma bir məqam düşdü. Sizin
yaradıcılğınızda Abşeron mövzüsu əsas
motivlərdən biridir. Baxmayaraq ki, özünüz
Neftçalada doğulub böyümüsünüz.
- Əvvəla, deyim ki, kolorit fərqi olsa da,
Neftçala ilə Abşeron arasında müəyyən
oxşarlıqlar var. Həm də mən gözümü
açıb Səttarı, Toğrulu görmüşəm,
bu gün çəkdiklərim həm də onlardan
eşitdiklərimə əsaslanır. Üstəlik,
özüm də Bakıya köçəndən sonra uzun
illər İçərişəhərdə
yaşamışam. İçərişəhərdə
yaşayıb, Bakını hiss etməmək mümkün
deyil. Neftçalaya gəldikdə isə mənim ora dair xeyli
işlərim var. Xüsusilə də
yaradıcılığımın ilk illərində.
- Sizin üçün birinci rəng gəlir, yoxsa
kompozisiya?
- Əsas kompozisiyanı qurmaqdır. Bundan sonra içərisini
doldurmağa nə var ki? Kompozisiyanı işləyə-işləyə
rəng gözünün önünə gəlir. Bəzən
olur ki, əsərə bir rənglə başlayıb,
başqa rənglə bitirirsən.
- Daha çox realizmə yaxınsınız sanki.
- Əslində, mənim də abstrakt işlərim
var. Sadəcə elə mövzular olur ki, onları abstrakt
işləmək olmur. Xüsusilə də söhbət
tarixi mövzulardan, şəxsiyyətlərdən gedirsə.
Bu yaxınlarda abstrakt işlərdən ibarət bir sərgiyə
getmişdim. Onlarla işin içərisində cəmi bir-iki
əsərin qarşısında dayandım, vəssalam.
Müəlliflərin də çoxu gənc rəssamlar idi.
Bu gün onların getmək istədiyi yolu Avropa çoxdan
keçib. Abstrakt işləməyin də öz qayda-qanunu
var axı. Üstəlik, abstrakt işləyənlərin
çoxu kompüterdə çəkir. Ora-bura baxa-baxa əsər
işləməyin nə mənası var?
- Ruhunuza ən yaxın hesab etdiyiniz rəssamlar kimlərdir?
- Modilyaninin portretləri və Van Qoqun yaxmaları.
Sevdiyim rəssamlar çoxdur, ancaq bu iki rəssamın
adını xüsusilə qeyd edərdim.
- Toğrul Nərimanbəyovun tələbəsi
olmusunuz. Müəlliminizi necə
xatırlayırsınız?
- Bəli, Toğrul Nərimanbəyovun dərs dediyi
birinci qrup biz olmuşuq. Burada çox dərs demədi, cəmi
iki il çəkdi. Sonra qızı Əsməri institutdan kəsdilər.
O da Əsməri oxumağa Tiflisə apardı. Özü də
inciyib institutdan çıxdı.
Toğrul müəllim mənə çox dəstək
olub. Tələbə vaxtı emalatxanasının
açarlarını vermişdi ki, orada rahat işləyim.
Sizə bir əhvalat danışım. Deməli, bir gün
Toğrul müəllim mənə dedi ki, al bu kətanı, rəngi,
get hazırlaş. Fransada ikimizin sərgisi olacaq. Ancaq bunu
doğma qardaşına da demə. Düzdür, doğma
qardaşlarıma demədim, ancaq özümə qardaş
bildiyim çox yaxın rəssam dostuma dedim. Ondan sonra
Toğrul günlərlə emalatxanaya mənim arxamca gəlir.
Qardaşım Altaydan soruşanda ki, Fikrət hanı? Altay
cavab verir ki, bəs neçə gündür səhər-axşam
içkili gəlib yatır. Toğrul dərhal soruşur ki,
kiminlə? Qardaşım cavab verir ki, filankəslə. O da
deyir, axı mən Fikrətə dedim ki, sərgini heç
kimə demə.
Çox sonralar həmin dostdan niyə belə etdiyini
soruşanda dedi ki, sən Sovetin dövründə Parisə
gedəcəkdin. Sonra bura qayıdanda bəs biz kim
olacaqdıq? Paxıllıq... Mən uzun müddət Səttarın
yanına gedib gəlmişəm. Bircə dəfə də
olsun onun dilindən "filankəs pis rəssamdır"
sözünü eşitmədim. Həmişə deyirdi ki, rəssam
xrustal deyil ki, birinə pis deyək, o birinə yaxşı. Hər
kəs ürəyindən gəldiyi kimi çəkir.
- Bağışladınız həmin adamı?
- Rəhmətə getməzdən qabaq məni
çağırıb dedi ki, bağışla. Dedim, axı,
belə şeyi necə bağışlayım? Əgər sən
o şansı əlimdən almasaydın, mənim bütün
taleyim dəyişəcəkdi. Bəlkə də bu gün
başqa adam olacaqdım...
Aytac SAHƏD