"Ünsiyyətdə səmimiliyi
həmişə qorumağa çalışmışam"
Yeni il deyə-deyə artıq bir ayını yola
saldıq. Qayğılarımızla, öhdəliklərimizlə,
məsuliyyətimizlə yanaşı, narahatlığın
ab-havasını da yaşayırıq. Nəsillər
arasındakı fikir ayrılığında hərə
özünə görə haqlıdır. Yaşlı nəslin
sürdüyü ömrün qayda-qanunları yenilərə
o qədər əcaib görünür ki, bəzən
mübahisəyə qədər gedib çatır. Amma
olacağa çarə yoxdur. Yer öz məhvərində
fırlanmaqda, cəmiyyət inkişafında, texnologiya
qaçaqaçda, informasiya bolluğu aşıb-daşmaqda.
Hamı fürsətdən yararlanmağa
çalışır, bəzən haqlını haqsız
çıxarırlar, dünyada sıxlığı bəhanə
edərək pandemiya adlı ölümlə insanları
qırırlar və daha nələr, nələr... Amma bir
düşünən varmı ki, axı bu dünyanı xəlq
edən Tanrı hamıya yer ayırıb? Onun mizan-tərəzisinə
əl uzatmaq olarmı? Heç düşünən varmı
ki, biz bu dünyadan nə istəyirik? Bax, elə bu sualı
oxucularımızın görüşünə gələn
müsahibimizə ünvanlayanda
qəribə bir cavab aldım: "Biz bu dünyanı
çox incidirik..."
Bu şənbənin qonağını lap çoxdan
tanıyıram. Həm bir tamaşaçı kimi, həm bir əməkdaş
kimi. Və onunla görüşə gəldiyim məkan mənə
çox uzaqlarda qalan qaynar bir həyatı xatırlatsa da, zaman artıq o
deyildi. Müsahibim isə tələbə ikən daxil
olduğu qapılar arxasında pillə-pıllə qalxan telejurnalist,
Respublikanın Əməkdar artisti və bu gün Azərbaycan
Televiziyasında Mədəniyyət telekanalının
direktoru Dilarə Səlimdir.
- Haqqınızda kiçik bir araşdırma aparakən
öyrəndim ki, atanız jurnalist olmaq istəyinizə
"Bu, qız işi deyil" deyərək qarşı
çıxıb...
- Hətta onu da dedi ki, əlində mikrofon
küçə-küçə gəzməyinə icazə
verə bilmərəm. Atam ya həkim, ya da müəllim
olmağımı istəyirdi, mənim isə heç birinə
həvəsim yox idi. Dillərə marağım olduğundan
indiki Azərbaycan Dillər Universitetinə üz tutdum. Həmin
il ilk açılan Alman dili tərcüməçisi
fakültəsinə daxil oldum və həmin fakültənin
ilk buraxılışı bizim kurs oldu. Yuxarı kursda təhsilimizi
davam etdirmək üçün bizi Almaniyaya göndərirdilər
ki, buna yenə də atam razılıq vermədi. Elə həmin
ərəfədə dövlət televiziyasında müsabiqə
elan olundu və o, fikrimi yayındırmaq üçün dedi ki, jurnalist olmaq istəyirdin, get
qatıl müsabiqəyə. Mən də getdim, lakin bilmədim
ki, bu gəliş taleyimi birdəfəlik televiziyaya
bağlayacaq.
- Televiziyaya gəlişiniz 90-cı illərin əvvəllərinə
təsadüf edir. O zaman ölkədə çox gərgin
vaxtlar idi. Tamaşaçı sizi əsas diktor kimi
tanıdı, daha sonra telejurnalist kimi də gördü,
müəllif proqramının aparıcısı kimi də...
- Qəliz sual oldu, lakin bir cümlə ilə belə
deyə bilərəm - jurnalist zamanı əks etdirən
insandır. Yaxşı olardı ki, o, zamanını daha
dürüst, qərəzsiz göstərə bilsin, obyektivlik
deyilən bir nüansı həmişə öndə
saxlasın. Bir də jurnalistin mütləqdir ki,
özünün mövqeyi olsun, haqq-ədalət prinsipinə
önəm versin və təbii ki ünvanına - mükəmməl
qələm sahibidir desinlər. Jurnalist söz sahibi olan bir
insandır, ona görə də hər adın
qarşısında bu kəlməni işlətmək
olmaz.
- Ömrünüzün 35 ili televiziya ilə
bağlıdır. Bu müddət ərzində çox
şey dəyişib - efir də, verilişlər də,
aparıcılar da, yaradıcı heyət də, lap texnika da.
Dəyişməyən bircə ad qalıb - televiziya...
- Televiziya tarixi yazan, onu əks etdirən bir vasitədir.
Televiziya günümüzü canlandıran, onu
tamaşaçıya təqdim edən və sonunda yenə də
hər gördüyümüzü öz yaddaş tarixində
qoruyan bir aynadır. Televiziya gələcək nəsillər
üçün bir salnamədir. Mənim aləmimdə
televiziya böyük bir sənətdir və bizim cəmiyyətə
təqdim etdiyimiz nə varsa, məhz bu sənətə xidmət
edir. Televiziyanın obyektindən yalnız obyektivlik
saçmalıdır ki, yazdığımız tarixdən gələcək
utanmasın.
- Deyir, televiziya güzgüdür. Amma bu aynada əyri
görünən verilişlər də var...
- Televiziya cəmiyyəti əks etdirir. Ad çəkmək
istəmirəm, lakin çox kanallardan gileylənirlər ki,
bayağı, səviyyədən uzaq, bir-birini təkrarlayan
verilişlərlə efirləri doldurublar. Amma bunun
qarşı tərəfi də var axı, onu da demək
lazımdır. Belə verilişlərə baxan
tamaşaçını niyə unuduruq? Bu verilişlərin
geniş tamaşaçı auditoriyası var, yəni cəmiyyət
özü bunu istəyir. Telekanal da baxış sayını
görür və deyir ki, niyə reytinqdən geri qalım?
Beləcə, tamaşaçıya onun istədiyini verir və
gündəmdə qalır. Heç uzağa getməyək, həyatımızın
yaşam tərzinə çevrilən sosial şəbəkələrə
nəzər salaq. Qalmaqallı bir paylaşımla bir mədəniyyət
xəbərinin baxış sayını müqayisə edək.
Nəticəni siz də bilirsiniz, biz də. Müasir
tamaşaçı şou, qalmaqal, səs-küylü
verilişlərə daha üstünlük verir. O
tamaşaçını mədəniyyət kanalı, maarifləndirici
verilişlər heç maraqlandırmır. Uzağı
iki-üç dəqiqə baxan kimi kanalı dərhal dəyişəcək.
- Amma tamaşaçıya bu verilişləri
televiziya təqdim edir, bunu inkar etmək olmaz axı...
- Sizə bir fakt deyim, indi televiziyanın auditoriyası
böyük deyil, cəmiyyət birmənalı şəkildə
sosial şəbəkələrdədir. Bütün məlumatlar,
xəbərlər orada var, üstəlik, qalmaqal, hay-küy və
istədikləri şou. Açıb baxırlar və bu,
tamaşaçı üçün uzun-uzadı televiziyaya
baxmaqdan daha rahatdır. Müasir dünyada televiziyanın
sosial şəbəkə ilə rəqabəti mümkün
deyil. Biz televiziyaya sənət kimi baxırıq. Sənət
isə tələskənliyi, qalmaqalı, ajiotajı sevmir.
Amma zaman bir yerdə dayanmır, sürətlə
qaçır və cəmiyyət də bu axından heç
cürə geri qalmaq istəmir. Açıq deyək ki, bu gün əksər telekanallar
tamaşaçının istədiyini ona verir. Amma əslində
televiziya ekranın o tayındakı toplumun səviyyəsinə
enməli deyil, onu özünün dayandığı mərtəbəyə
çatdırmağı bacarmalıdır. Bununla belə,
bütün kanallarda maraqlı verilişlər var, amma onun
tamaşaçısını barmaqla saymaq olar. Gəlin
günahı televiziyada axtarmayaq, çünki necə deyərlər,
medalın iki üzü var. Televiziyanın tərbiyəvi əhəmiyyəti
sovet epoxasında qaldı, bu gün isə "tərbiyəni"
"TikTok"lar, "İnstaqram"lar və daha nələr
verir. Düşünməyə vadar edən mövzu olsa da, hələ
ki günümüzün reallığı budur.
- Telejurnalist Dilarə Səlim danışdı, amma
siz müəllif proqramlarının aparıcısı da
olmusunuz...
- Burada mən bir vacib məqamı mütləq
vurğulamalıyam. Mənim televiziyadakı fəaliyyətim
diktorluqla başlayıb və nə yaxşı ki, bu, belə
olub, çünki çox böyük məktəb keçə
bildim. Çox təəssüflənirəm ki, indiki
aparıcıların heç birinin mənim
gördüyüm klassik məktəbi yoxdur. Nə
yaxşı ki, mən Rafiq Hüseynov, Roza Tağıyeva,
Tamilla Ələkbərova, Natavan Hacıyeva, Şərqiyyə
Hüseynova kimi ustadları görə bildim, onlardan öyrəndim.
Mən televiziyaya elə bir dövrdə gəldim ki, diktorluq
vardı, lakin artıq yavaş-yavaş
aparıcılığa keçid başlayırdı.
Keçdiyim məktəbin bünövrəsi bir
aparıcı kimi fəaliyyətimə böyük kömək
oldu. Aparıcının geniş
dünyagörüşü, mütaliəsi, təhsili
olması mütləqdir. Dünyada hadisələr elə
sürətlə cərəyan edir və dəyişir ki, əgər
aparıcısansa, daima onlardan xəbərdar olmağa
borclusan. El arasında belə bir məsəl var ki, filankəs
hər yerdən xəbər verir, bax, aparıcı belə
olmalıdır. Televiziyada bir əvvəldən çəkilmiş
verilişlər var, bir də canlı. Əsl
aparıcılıq bacarığı və keyfiyyətləri
məhz canlı verilişlərdə özünü
büruzə verir. Canlı veriliş isə ekstraordinar vəziyyətdən
sığortalanmayıb və bu situasiyadan məharətlə
çıxmağı bacarandır aparıcı. İstər
xəbərlər olsun, istər analitik, bədii, əyləncəli
proqramlar olsun, aparıcı birmənalı şəkildə
bunların hamısına hazır və məlumatlı
olmalıdır. Bu, mənim düşüncəmdir.
- Sirr deyil ki, AzTV-nin qızıl dövrü olub, bu,
sizə də tanışdır. Hər gün daxil
olduğunuz bu məkanda yəqin ki, bəzən nostalji hisslər
oyanır...
- Olur... Bilirziniz, daha çox nələri
xatırlayıram? Burada elə korifeylər, elə sənət
fədailəri olub ki... Onlar artıq həyatda yoxdular, lakin
onlarla olan müsahibələrim, söhbətlərim,
ünsiyyətim üçün çox darıxıram. Səmimi
deyirəm, o insanlarla ünsiyyətin əhəmiyyətini, dəyərini
mən indi dərk edirəm. Amma
müasir dövrlə ayaqlaşmaq üçün,
müasir televiziyanı təqdim etmək üçün,
üstəlik, tamaşaçını cəlb etmək
üçün biz daha çox sabaha yönlənməliyik,
gənclərin nəbzini tutmağı bacarmalıyıq.
İki qızım var - biri 25, o biri 26 yaşında.
Baxışlar, təsəvvürlər o qədər fərqlidir
ki, mən onlarla eyni dalğada ola bilməyim üçün
maraq dairələrinin içində olmağa
çalışıram. Televiziya isə mənim sənətimdir,
peşəmdir və mütləq şəkildə burada
zamanla ayaqlaşmağım vacibdir.
- Söhbətimizin məcrasını bir qədər
açıq və səmimi istiqamətə tərəf
yönləndirsəm, yəqin ki, etiraz etməzsiniz...
- Ümumiyyətlə, ünsiyyətdə səmimiliyi
həmişə qorumağa çalışmışam.
Yerində açıq danışmağa da qapalı biri
deyiləm.
- Televiziya elə bir qurumdur ki, ora rəhbərlik etmək
üçün sırf peşəkarlıq, təcrübə,
səriştə gərəkdir.
Çalışdığınız illərin böyük
hissəsi yeddi rəhbərin dövrünə təsadüf
edib. Təbii ki, onların arasında mükəmməl
televiziyaçı olub...
- Əlbəttə, mərhum Elşad Quliyev... O,
televiziyanın əlifbasını əvvəldən sona qədər
ardıcıl, yerli-yerində bilən, bütün sahələrə
düzgün istiqamət verən bir televiziyaşünas və
rəhbər olub. Söhbətimizə açıq və səmimi
davam ediriksə, o zaman cavabıma bir əlavə etmək istərdim.
Heç kəs bunu yararlanmaq, yaxud gəlişi gözəl
fikir kimi qəbul etməsin. Amma mən bu gün yenə də
müasir dövr televiziyasında yeniliklərə çox
açıq, peşəkar bir sədrin rəhbərlik etdiyi
qurumda çalışıram. Mən yalnız göz
önündə olan bir faktı vurğulamaq istəyirəm.
İndiyə qədər heç bir televiziya rəhbəri hər
həftə tamaşaçı qarşısına analitik
informasiya proqramı ilə çıxmayıb. Rövşən
Məmmədov kabinetdən studiyaya doğru getməyi bacaran həm
cəsarətli, peşəkar jurnalist, həm humanist insan, həm
də zamanın nəbzini tuta bilən bir rəhbərdir.
- İstər çəkiliş zamanı, istər
canlı yayımlar fors majordan sığortalanmayıb...
- Nə qədər istəsəniz olur...
Yaradıcı heyət buna hər an hazırlıqlı
olmalıdır desək də, yenə də belə situasiyada
ani də olsa, çaşqınlıq olur. Canlı efirdəsən,
birdən lampa partlayır, dəvət etdiyin qonaq son anda gəlmir
və s. Bütün bunları tamaşaçıya hiss etdirmədən
çıxış yolunu tapmalısan. Canlı efirin
özü aparıcı üçün bir məktəbdir.
Çəkiliş zamanı baş verən hadisələrdən
birini danışım. Kinostudiyada milyonçu Musa
Nağıyev haqqında "Yük" adlı film çəkilirdi.
Ordan reportaj hazırlamağa getdik. Atın yanında
dayanıb bir əlimlə onu sığallayırdım, o biri
əlimdə mikrofon danışırdım. Görürəm
ki, operator qarşı tərəfdən mənə işarələr
edir. Çevriləndə gördüm ki, at əlimi
ağzına salıb yaxşıca çeynəyir əlimdə
əlcək olduğundan bunu hiss etməmişdim. Əslində
belə gözlənilməzliklərin olması
yaxşıdır, yaddaşda özünə yer edən belə
xatirələr üçün sonralar darıxırıq.
- Beş il qürbətdə
yaşamısınız, Vətəndən ayrı...
- Bu, ailə vəziyyətilə əlaqədar oldu və
mən getməyə məcbur idim. Qızlar məktəbə
orada getdi və mən həmin müddətdə işsiz
qaldım. Amma nə yaxşı ki, mənim yağlı boyalarla
rəsm çəkmək kimi bir hobbim var və qürbətdə
bu, köməyimə gəlsə də, Vətənsiz
özümə yer tapa bilmirdim.
O vaxtlarda Puşkini tez-tez xatırlayırdım, Vətənini
ən çox tənqid edən şair olub. Onun yaxşı
bir deyimi var, şüar kimi yadımda saxlamışam: "Vətənini
ölkəsində tənqid edən onu sevən, kənarda tənqid
edən isə Vətəni sevməyən insandır".
Qürbətdə Vətənim haqqında xoşagəlməyən
kəlmə eşidəndə, o danışan dilləri kəsməyə
belə, hazır idim. Vətənimə çox bağlı
olmuşam hər zaman, qürbətdə isə onu həqiqətən
sevməyi öyrəndim.
- Bu Vətənin içində 30 il Vətənsiz
yaşayanlar oldu, lakin uzun yolun sonu qələbə ilə
başa çatdı...
- O zaman "Mədəniyyət xəbərləri"nin
baş redaktoru idim. Hər saniyə qulağımız səsdə
idi. Şuşanın azad olunması xəbərini eşidəndə
hönkür-hönkür ağladım. Qızım
qaçaraq gəldi ki, sənə nə olub? Bircə onu dedim
ki, Şuşanı aldıq. O mənə çox qəribə
baxışlarla baxdı və anladım ki, bu hissi duymaq
üçün o itkilərinn ağrı-acısını
içdən yaşamaq lazımdır. İllərin
dözümü, səbri sonda sözünü dedi.
- Söz vaxtına çəkər, ötən ilin
bu vədəsində sizinlə müsahibə
üçün əlaqə saxladıq. Dediniz ki, söz deyib
danışmaq üçün iş görmək
lazımdır, mənə vaxt verin ki, yeni
yaradıcılıq işlərimizlə qarşınıza
çıxaq. Artıq deməyə sözünüz var...
- Düşünürəm ki, var... Mədəniyyət
kanalının özünün spesifik
tamaşaçıları var. Bu auditoriya digər
tamaşaçıdan tamam fərqlidir. Sözlərim
heç kəsin xətrinə dəyməsin, Mədəniyyət
telekanalının tamaşaçısı daha çox
mütaliəyə, ciddi musiqiyə önəm verən, incəsənətə
böyük marağı olan insanlardır. Məhz bu
tamaşaçı kanaldakı dəyişikliyi hiss edər.
Yeni layihələrimiz var və onların davamı gəlir.
Bir neçə nümunə çəkim.
Kanalımızın canlı tamaşaları var. Yəni
birbaşa teatrda gedən tamaşalara canlı olaraq
qoşuluruq və efirdə nümayiş etdiririk. Bu
bağlantını əksər böyük teatrlarla
qurmuşuq, hətta uşaqları belə,
unutmamışıq. Layihəyə bölgə
teatrlarını da daxil etmişik, bu, onların bir növ
paytaxt tamaşaçısı ilə ünsiyyəti deməkdir.
Daha sonra musiqi alətlərimizlə bağlı kiçik
çarxlar hazırlayırıq. Bizim elə qədim alətlərimiz
var ki, əksəriyyət onu tanımır və çarxlar
vasitəsilə onları tamaçaşıya təqdim
edirik. Belə çarxları milli rəqslərimiz
üçün də hazırlamışıq, onların
yaranma tarixi, ifaçıları haqda qısa məlumatlar
burada öz əksini tapır. "Bir də belə baxaq"
adlı maraqlı bir layihəmiz var. Sosial şəbəkədə
diqqətimizi çəkən bir görüntüdən
sonra həmin gənclərlə əlaqə saxladıq. Filmlərimizdəki
məşhur hissələrdən kiçik parçaları,
dillərdə məsələ çevrilən fikirləri
onlar ingilis dilinə birə-bir tərcümə edərək
özləri səsləndirir. Nəticədə
gördük ki, bu, tamaşaçının çox
xoşuna gəldi. "Müasir Azərbaycan filmləri"
rubrikasını açmışıq. Gənc
rejissorların yeni işlərini bu rubrikada təqdim edirik ki,
tamaşaçı onları tanısın. Mənim
üçün ən əhəmiyyətli bir layihədən
mütləq danışmalıyam. Yəqin ki, sizi də
xatırlayırsınız, bizim köhnə televiziya
tamaşalarımız olub. Təəssüf ki, vaxtında
onlar düzgün saxlanılmadıqları üçün o
tamaşaların vəziyyəti qənaətbəxş
deyildi. Hazırda onların üzərində işləyərək
bərpa etməyə çalışırıq ki, bu
gözəl sənət əsərlərini yaşadaq və
yenidən televiziyaya qaytaraq. "Göz həkimi",
"Mehmanxana sahibəsi", "Atayevlər ailəsi",
"Ordan-burdan", "Yaşıl eynəkli adam",
"Evləri köndələn yar", "Ötən ilin
son gecəsi", "Səni axtarıram" trilogiyası
böyük tamaşaçı rəğbəti qazanmaqla
yanaşı, korifey sənətkarların yer
aldığı unikal teletamaşalardır.
Sadaladığım bu tamaşaların bir neçəsi
artıq efirə gedib və bu prosesi öz gücümüz
daxilində davam edirik. Amma bir gileyim var ki, cizgi filmlərimiz
çox azdır. Azərbaycan cizgi filmlərindən əlimizdə
olanlar kifayət deyil. Ona görə də balacaların
qarşısına istədiyimiz kimi çıxa bilmirik.
Başqa kanallarda olmasa da, biz onlar üçün
"Nağıl vaxtı" deyilən uşaq saatı
ayırmışıq və hər axşam onların
görüşünə gəlirik. Bu istiqamətdə edə
biləcəklərimiz haqqında düşünürük.
Bir il ərzində az da olsa, yeniliklər etməyə
çalışdıq, tamaşaçıdan xoş rəylər
də eşitdik. Ümid edirəm ki, Mədəniyyət
kanalının kiçik, lakin elit tamaşaçısı
zamanla ətrafına geniş ziyalı kütləsini cəm
edə biləcək.
SÖZARDI: Tanış binadakı otağa daxil olanda
ilk gözümə dəyən divardakı rəsmlər oldu
və düşündüm ki, mədəniyyəti təbliğ
edən bir insanın zövqünə uyğun
yanaşmadır. Lakin söhbət əsnasında bu rəsmlərin
öz əl işi olduğunu biləndə,
düşündüm ki, hər kəs öz yerində olanda,
bu, bir uyğunluğun zərif harmoniyası deməkdir.
Tamilla M-ZADƏ