Üç balaca adam Ömür
rapsodiyaları
Esse
Məhəlləmizin qarşısında enli bir yol
var. Çox enli. Adama elə gəlir, Bakının
bütün maşınları sığar o yola. Səs-küyü,
uzun, bezdirici tıxacları, tozu-torpağı... İki
gün öncə yolboyu işıq dirəklərinə
asılan çilçıraqları sökdülər.
Bayram üçün asmışdılar - keçən ilin
sonlarına yaxın. Bu hadisə hər il gözlərimin
qarşısında baş verir. Gecə saatlarında balaca
krana oxşayan maşın gəlir. İçində də
üç nəfər balaca adam. Bəli, o adamlar balaca olur.
Bu, nə bənzətmədir, nə şişirtmə, nə
də kiçiltmə. O adamların boyu, həqiqətən,
balacadır. Onlar hətta krana oxşayan maşının
kuzovundan belə nərdivanla düşürlər. Sonra bir nəfər
maşının kran hissəsinə dırmaşır. Digəri
rulda oturub onu aşağı-yuxarı
qaldırıb-salır. Yerdə qalan bir nəfər isə mənim
kimi olanlara şahidlik edir.
Hər ilin bu günlərində pəncərənin
qarşısında oturub küçəyə baxıram.
Onları gözləyirəm. Heç
yanıldığım olmayıb. Dəqiq tarixi də bilmirəm
heç. Amma həmişə mən yerimi rahatlayıb
küçəyə zilləndiyim gecə gəlirlər. Mənim
pəncərəmdən səkkiz işıq dirəyi
görünür. Onlara çilçıraq
asılmasını aram-aram izləyirəm. Bu da, haradasa, bir
saata yaxın vaxt alır. O bir saatda tapdığım dinclik, rahatlıq
hissini izah edəcək söz yoxdur. Həmin vaxt dünyada hər
şey yaxşıya doğru gedir. Mən bilirəm ki,
dünyada heç nə heç vaxt əbədi yaxşı
olmayacaq. Amma həmin o bir saat ərzində nələrinsə
yaxşıya doğru getdiyini hiss edirəm. Ürəyimdə
qəribə bir arxayınlıq baş qaldırır. O
üç balaca adam dünyanın ən yaxşı
adamları olur. O üç balaca adam dünyanı
yaxşıya doğru dəyişdirən qəhrəmanlara
oxşayır. O üç balaca adam həmin saatda mənim
gözümdə nəhəng divə dönür.
Mənə elə gəlir, həmin o üç
balaca adam üşümür. Onlar ərincək
görünmürlər. Onlar hər il eyni işi görməkdən
bezmirlər, yorulmurlar, tükənmirlər. Buna görə
heç maaş da almırlar. Dünyanı yaxşıya
doğru dəyişməyin qiyməti nə qədərdir
ki?
O üç balaca adamın balaca uşaqları var.
Onlar məktəbdə fəxrlə deyirlər: "Bizim
atamız şəhərdə bayram
çilçıraqları asır. Bizim atamızı
hamı çox istəyir. Hamı bizim atamızın yolunu
gözləyir, onu görüncə sevinir..."
Onlar da ataları kimi şəhər qəhrəmanı
olmaq istəyir. O üç balaca adamın uşaqları dərslərini
hamıdan yaxşı oxuyur - özlərini atalarına
sübut eləmək üçün.
O üç balaca adam həmin gecə evə çox
gec gedir. Evdə hamı yatmış olur... Barmaqlarının
ucunda evə girən o üç balaca adam həmin gecə ən
rahat, ən dərin, ən şirin yuxunu yatırlar - ən
vacib missiyanı tamamlamış kimi.
Mən özümü həmin o üç balaca
adamın yerinə qoya bilirəm. Onların hiss etdiyini hiss edə
bilirəm. Onlar həmin gün işə lap səhər tezdən
gedirlər. Çünki həmin gecə
qarşılarında ilin ən vacib
tapşırığı var: Bakını bayram
çilçıraqları ilə bəzəmək,
Bakıya sevinc gətirmək, Bakıya bayram ab-havası gətirmək.
Amma mənə maraqlıdır, görəsən, gecənin
bir aləmi çilçıraqları işıq dirəklərinə
asan zaman heç ağıllarına gəlirmi ki, indi
onları kimsə izləyir? Kimsə sırf bu günü, bu
saatı, bu anı gözləyir? Pəncərə
qarşısında yerini rahatlayıb bir saat-saat yarım bu
işə tamaşa edir. Ya nə vaxtsa kran işıq dirəyinin
ən yuxarısına qalxanda üzbəüz binanın
üçüncü-dördüncü mərtəbəsində
işıq gələn pəncərənin
qarşısında kiminsə oturub onlara tamaşa etdiyini
görüblərmi heç?
Məncə, yox. Çünki əgər görsələr,
gəlib o çilçıraqları sökməzdilər.
Əlləri gəlməzdi. Ayaqları yeriməzdi.
Hər il yanvarın ikinci ongünlüyü məhəlləmiz
qaranlığa qərq olur. Dirəklərdəki
sarımtıl işıqların gücü çatmır
bu qaranlığa. Həmin gecə hava dumanlı, tutqun olur. Elə
bilirəm, həmin çilçıraqları sökən o
üç balaca adam bütün aydınlığı da
özləri ilə aparır. Eyni səliqə, eyni təmkin,
eyni rahatlıq hiss olunur yenə də. Yenə də o
üç balaca adam və yenə də kuzovlu maşın.
Yenə o kuzovlu maşının içərisindən
işıq dirəklərinin başına doğru uzanan kran,
o kranın içində balaca adamlardan biri və o kranı
idarə edən başqa bir balaca adam.
Günündən, saatından asılı olmayaraq
indi onların gəlişi gözlənilməz olur. Həmin
vaxt o üç balaca adam dünyadakı ən günahkar
adama çevrilir. Bütün sevincləri, bütün
xoşbəxtlikləri, bütün gülüşləri təmkinlə
söküb çıxarırlar Bakının sinəsindən.
Heç narahat da deyillər. İlahi, o üç balaca adam
necə qəddar görünür. Adama elə gəlir, bu
saat şəhərin bütün pəncərələrindən
bir əl uzanacaq onlara sarı. Ya yalvaracaqlar, ya
qışqıracaqlar, ya etiraz edəcəklər. O
üç balaca adamdan rəhm istəyəcəklər. Mərhəmət
umacaqlar. Amma heç biri olmur. O üç balaca adam
üçün yeni ilin ilk və ən vacib
tapşırığıdır bu: işığı
özləri ilə aparmaq.
Həmin o üç balaca adamın balaca
uşaqları həmin gün məktəbə getmirlər.
Onlar qorxurlar ki, məktəbdə hamının atalarından
zəhləsi getdiyini hiss edərlər. Qorxurlar ki,
atalarının bircə gecənin içində Bakı boyda
şəhəri qaranlığa qərq etməsini onlardan
soruşarlar. Cavab verə bilməzlər. Utanarlar.
Sıxılarlar.
O üç balaca adam həmin gecə də evə
hamıdan gec gedirlər. Evdə hamının yatmasına
şükür edir o üç balaca adam. Amma yenə də ən
dərin, ən rahat, ən şirin yuxunu yatırlar.
Çünki hələ qarşıda ilin ən vacib
tapşırığı var: şəhəri yenidən bəzəmək,
şəhərə yenidən bayram ab-havasını gətirmək
- bir də ilin sonunda...
Nihat Pir
525-ci qəzet .- 2025.-
1 fevral(№19).-S.15.