"Mən ümidlilər
qrupundanam, inanıram ki, yaxşı olacaq"
AKTYOR RASİM CƏFƏR: "DEDİM Kİ,
MƏBLƏĞ MƏN DEYƏNDƏN AŞAĞIDIRSA,
BİR DƏ MƏNİ NARAHAT ETMƏYİN"
Əməkdar artist Rasim Cəfər müxtəlif illərdə
Azərbaycan Dövlət Pantomim və Yuğ teatrlarında fəaliyyət
göstərib. Hazırda Azərbaycan Dövlət Gənc
Tamaşaçılar teatrında çalışır.
40-dan çox serial və filmdə, o cümlədən
"Əlvida, Şmidt!", "Olimpia", "Suğra və
oğulları", "Mən burdayam, İlahi" filmlərində
və "Ata ocağı", "Mən, Lalə, bir də
Şerlok Holms" seriallarında rol alıb.
Aktyor Rasim Cəfər ilə müsahibəni təqdim
edirik.
- Həm Pantomim, həm Yuğ, həm də Gənc
Tamaşaçılar teatrında fəaliyyət göstərmisiniz.
Üç teatr da spesifkasına görə bir-birindən fərqlənir.
Tamaşalarda olubmu ki, hansı səhnədə olduğunuzu
unudub iki teatrın aktyoru kimi davranasınız?
- 2003-cü ilə qədər Pantomim teatrında
işləmişəm. Daha sonra Gənc
Tamaşaçılar Teatrında və Yuğ Teatrında fəaliyyətə
başladım. Hər üç teatrın spesifkası
ayrı-ayrı olsa da, aktyorun inkişafı üçün
üçü də böyük məktəbdir. Pantomimadan
çıxandan sonra uzun müddət klassik teatr
tamaşalarında oynayanda bacardıqca hərəkətlərimi
sıxmağa çalışırdım. Çünki
Pantomimada hərəkətlər daha qabarıq olurdu. Gənc
Tamaşaçılar Teatrında rejissorlar irad tuturdular ki, iri
oyna. Həm də kino sahəsində olmağı daha
çox istəyirdim, sənədlərimi kino rejissorluğu
ixtisasına vermişdim. Hərəkətlərimi sıxaraq
kino oyun tərzini öyrənməyə
çalışırdım, özümü bir növ kinoya
hazırlayırdım. Sonra artıq şüurlu surətdə
hər teatrın öz tərzinə
uyğunlaşmağı bacardım.
- Amma deyirlər, kino və teatr aktyoru bir-birindən fərqlənir.
- Kinoda ilk böyük rolum 2007-ci ildə olub. O vaxta qədər
mütəmadi kastlara gedirdim və heç vaxtda çəkilmirdim.
Artıq kinoda çəkilməyə başlayandan sonra
anladım ki, kino aktyoru, teatr aktyoru deyə bir bölmə
yoxdur. Bəziləri deyirlər ki, kino aktyoru teatrda oynaya bilmir
və ya tərsinə. Bu, yanlış düşüncədir.
Sadəcə aktyorun təcrübəsi olmalıdır ki,
harda olduğunu ayırd edə bilsin. Mənim
üçün kino aktyoru, teatr aktyoru deyə bir bölgü
yoxdur, peşəkar aktyor var.
- Əliabbas Qədirovdan, Bəxtiyar Xanızadədən,
Vaqif İbrahimoğludan öyrəndiyiniz ən böyük dərs
nədir?
- Aktyor kimi yetişməyimdə hər
üçünün rolu böyükdür. Əliabbas Qədirov
mənə səhnəni, aktyorluğun ilkin əlifbasını
öyrədib, əlimdən tutub səhnəyə
çıxardıb. Bəxtiyar Xanızadə mənə bədənimi,
Vaqif İbrahimoğlu isə ruhumu tanıtdı. Amma
üçünün də mənə öyrətdiyi ən
önəmli dərs sənətə sevgi və məsuliyyətdir.
- Bir vaxtlar sizi baş rollarda görmürdük. Amma
birdən-birə bir neçə filmdə baş rol
aldınız, tez-tez filmlərə çəkilməyə
başladınız, hətta baş rol
aldığınız filmlərdən biri -
"Mövsümün sonu" festivalda qalib gəldi. Kimin kəşfi
ilə yaradıcılığınızda dönüş
yarandı?
- 1996-cı ildən bütün kastlara gedirdim, amma
seçilmirdim. Gah deyirdilər fransıza oxşayırsan, səndə
azərbaycanlı obrazı yoxdur, gah deyirdilər baş qəhrəman
obrazını sənə verə bilmərik. Amma ilk dəfə
məni baş rola "Ev" filmi ilə Asif Rüstəmov gətirdi.
Bu film mənim üçün kino sektoruna vizit kartı oldu.
Daha sonra tez-tez dəvətlər almağa başladım,
Rusiyada, İranda filmlərə çəkildim. İndi demək
olar ki, bu günə qədər çəkildiyim filmlərin
70 faizində baş roldayam.
- Vaxtilə sizi bəyənməyib filmlərinə dəvət
etməyənlər bu gün sizi dəvət edəndə necə
reaksiya verirsiniz?
- Bir filmin kastinq seçimləri keçirilirdi, sona mən
və bir başqa oğlan qalmışdı. Məni
çağırdılar ki, baş qəhrəmanı
tamaşaçılara sevdirməliyik, səni isə
tamaşaşıya sevdirə bilmərik və buna görə
səni seçə bilmərik. Sonra filmə baxdım,
inanın, çəkilmədim deyə heç təəssüflənmədim.
Heç nə itirməmişdim. Amma "səni
tamaşaçıya sevdirə bilmərik" cümləsi
mənə çox təsir eləmişdi. Bundan sonra
qarşıma hədəf qoydum ki, vaxt gələcək ən
yaxşı kino aktyorlarından biri olacağam. Daha sonra həmin
filmdə başqa rola dəvət elədilər, dedim
yaxşı. Maddi tərəfin deyəndə dedim yox, mən
o qiymətə gəlmirəm. Bildirdim ki, məbləğ mən
deyəndən aşağıdırsa, xahiş edirəm, bir
də məni narahat etməyin.
- Qisas?
- Yox, qisas deyildi, sadəcə hirslənmişdim. Sözlərindən
elə çıxdı ki, biz səni baş rola çəkmədik,
heç olmasa, gəl bu rolda oyna. Bu isə mənə
yaxşı təsir eləmədi, sanki mənə
yazıqları gəldi, amma qəbul eləmədim. Ona
görə yüksək məbləğ dedim, bilirdim ki, həmin
qiymətə görə çağırmayacaqlar. İndi də
bu fənddən istifadə edirəm, hər hansı ssenari
xoşuma gəlməyəndə elə bir şey deyirəm
ki, artıq məni çağırmırlar (Gülür).
Amma sonradan çox təkliflər aldım, vaxtilə məni
fransıza oxşadıb filmlərinə çağırmayanlar,
indi azərbaycanlı qəhrəmanı oynamaq
üçün çağırırılar.
- Həyat yoldaşınız ssenaristdir. Birlikdə
film ərsəyə gətirməyi
düşünürsünüzmü?
- Bir ara istədim, öz pulumla kiçik bir serial
çəkək. Tizerini çəkdik. Ssenari müəllifi
həyat yoldaşımla Nicat Dadaşov idi. Amma istədiyim
maddi vəsaiti tapa bilmədim deyə alınmadı. Kanallar
çox az pul təklif edirdi, həmin məbləğlə
çəkiliş edə bilməzdim. Həm də
özüm aktyoram deyə istəmirdim ki, gedim başqa
aktyorları az məbləğlə çəkilişə
dəvət edim. Əgər qarşımdakı 5 manata
çəkilirdisə, mən ona 5 manat verməli idim, daha az
verə bilməzdim. Yalvar-yaxarla iş görmək
yaxşı şey deyil. Niyə görə kiməsə deməliyəm
ki, mənə görə qiymətdə bir az
aşağı düş. Axı onun əziyyətinin dəyəri
var. Özüm kimlərinsə xətrinə az pula, hətta
pulsuz belə çəkilmişəm. Amma bunu heç kimə
təklif etmədim. Amma alınsa, istəyərəm ki, nə
vaxtsa bir film çəkim.
- Bir qrup kino adamı Azərbaycanda kino və serial
sektorunun inkişaf etmədiyini bildirdiyi halda, bir qrup da bu sahədə
kifayət qədər inkişafı müşahidə edir.
Siz hansı qrupdansınız?
- Mən ümidlilər qrupundanam, inanıram ki,
yaxşı olacaq (Gülür).
- Onda belə çıxır ki, indi vəziyyət
yaxşı deyil deyə nəyinsə nə vaxtsa
yaxşı olacağına inanırsınız.
- Yaxşı vəziyyətdə deyil demək
doğru olmaz. Yaxşı filmlərimiz var. Amma yetəri qədər
çox deyil. Sadəcə daha çox olsa, yaxşı olar.
Filmlərimizin daha geniş sərhədlərə
çıxmasını istəyərdim. Düzdür,
festivallarda iştirak edirik, amma nadir hallarda olur. Bunun bir ənənə
halını alması yaxşı olardı. Kino yoxdur deyə
bilmərik, amma istədiyimiz səviyyədə deyil. Sadəcə
bizdə hər şey maddiyyatın üzərində qurulub və
kino da maddiyyat tələb edən sahədir.
"Tağıyev: Neft" filminə baxanda çox sevindim, o
film iki stereotipi sındırdı. Azərbaycanlı
tamaşaçılar kommersiya filmlərindən başqa filmlərə
getmirlər, amma "Tağıyev: Neft" filminə bilet
tapılmırdı. Bir də deyirlər, kino sahəsində
kadr yoxdur. Amma həmin filmdə rəssam işindən
tutmuş mismar vuranına qədər bütün heyət
özümüzünkü idi. Bizdə kadr var, sadəcə
imkan şərait və maddiyyat lazımdır ki,
ortalığa iş çıxarda bilək.
- Müsahibələrinizin birində demişdiniz ki,
"Əlvida, Şmidt!" filmindəki obrazınızı
real oynamaq üçün taksidən istifadə edərək
bir müddət sürücüləri müşahidə
etmisiniz. Bəs "Mən burdayam, İlahi" filmində necə?
Bir qazinin dərin duyğularını, hisslərini necə
duya bildiniz?
- Daha çox qazilərin videolarına, müsahibələrinə,
döyüş haqqında xatirələrinə
baxırdım və onlar danışanda
davranışlarına fikir verirdim, hansı hissləri
keçirdiklərini anlamağa çalışırdım.
Bir də bütün insanlar əslində eynidir, sizdə olan
rənglər məndə də var, məndə olan rənglər
də sizdə var. Sadəcə sizdə olan rənglərin bəzisi
daha tünddür, tonlar fərqlidir. Aktyor sənəti də
həmin düzgün rəngləri tapmaqdır. Deyə bilmərik
ki, bir insanda məhz ağ rəng var, digərində isə
qara. Yox, sadəcə ağ sizdə çoxdursa, qara da
başqasında çoxdur. Mən də qazinin hansı rənglərdən
daha çox istifadə etdiyini anlamağa
çalışırdım. Hisslərimizi biz idarə edirik,
bəzilərini boğub öldürürük, amma yox olmur.
Aktyorluq da lazım olan hissi qıcıqlandırıb
oyatmaqdır, dirçəltməkdir. "Mən burdayam,
İlahi" filmində də qızını itirmiş ata,
dostlarını müharibədə itirmiş qazini
anlamağa çalışırdım. Baxdığım
videolarda, görüşdüyüm adamlarda daha çox
davranışlara və gözlərə adaptasiya olurdum.
İnsanın davranışları onu daha çox büruzə
verir. Bu, Pantomim teatrından gəlmə xüsusiyyətdir. Bəxtiyar
müəllim həmişə bizə deyərdi ki, insan
boş-boşuna heç bir plastik hərəkət eləmir,
onun oturuşunda belə bir məna var. Vaqif İbrahimoğlunun
bir sözü var idi, ssenarini oxuyursan, başlayırsan onu
analiz etməyə, sənin üçün şüurlu
şəkildə hər şey aydın olandan sonra səhv etmək
imkanın olmur. Özünü rahat burax, intuisiyan səni idarə
edəcək.
- Bir az da son zamanlar gündəmi zəbt edən və
baş rol aldığınız "Mən, Lalə, bir də
Şerlok Holms" serialından danışaq.
- Əvvəl-əvvəl serialda rol almağım nəzərdə
tutulmamışdı. Mənə öncə ikinci rejissor kimi
təklif gəldi. Ssenarini oxudum, çox xoşuma gəldi və
razılaşdım. Başladıq kastlara. Uzun müddət
uşaq axtardıq, Saida Haqverdiyevanın rəhbəri
olduğu "Oyuq" teatrına müraciət etdik,
obrazların çoxunu ordan tapdıq, amma əsas qəhrəmanları
tapa bilmirdik. Nəhayət, baş obrazları da tapdıq.
Bütün personajları seçmişdik, bircə Şerlok
Holms obrazını tapa bilmirdik, variantlar var idi, amma seçməkdə
çətinlik çəkirdik. Axırda mənə dedilər
ki, bəlkə elə sən özün oynayasan. Əvvəlcə
çox tərəddüd elədim, çünki həm
rejissor, həm də aktyor kimi işləmək çox
çətin olacaqdı. Axırda saqqızımı
oğurladılar, mən də razı oldum. Amma iş prosesində
fərqinə vardım ki, həqiqətən çətin
imiş, amma nəticəsi uğurlu oldu.
Bu proyektin çətin tərəfi bütün
yükün uşaqların üzərində olması idi.
Ssenari uşaqlara köklənmişdi, hər gün
onların çəkilişi var idi deyə bezirdilər,
yorulurdular. Amma zövq verən bir iş oldu. Həqiqətən
bu seriala ehtiyac var idi. Belə deyim, sözün əsl mənasında
biz uşaqları unutmuşuq. Onlar üçün nə film
çəkilir, nə serial. Əvvəllər telekanallarda
uşaq redaksiyaları var idi, indi isə mən bilən
heç birində yoxdur. Hətta animasiya filmlərini də
uşaqlar üçün yox, böyüklər
üçün çəkirlər. Sonra da şikayətlənirik
ki, uşaqlar bütün günü yutuba, TikToka baxır.
Axı onlar da nəyəsə baxmalıdır. Yaxşı
olardı ki, uşaqlar üçün belə serialların
davamı olsun. Azərbaycanlı uşaq yetişdirmək
üçün bu, mütləqdir. Müstəqillik
dövründən bu günə qədər uşaqlar
üçün bir film çəkilib - "Dərs".
Başqası yoxdur. Bu, məcburiyyət halını
almalıdır, dövlət proqramında olmalıdır.
Əgər ölkədə beş film çəkilirsə,
mütləq biri uşaq filmi olmalıdır. Kanallarda uşaq
redaksiyaları olmalıdır. Mən qızımı
kinoteatra bilmirəm nəyə aparım, hamısı əcnəbi
filmlərdir. Əminəm ki, azərbaycanlılar
uşaqlarına rahatlıqla pul xərcləyirlər, özləri
yeməsələr belə, uşaqlarına yedizdirirlər.
Buna görə biznes adamları bunu nəzərə
almalıdırlar. Əgər uşaqlar üçün filmlərə
pul buraxsalar, yaxşı gəlir götürə bilərlər.
Ləman İLKİN