Moskvada
Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub
Moskvada, Dövlət Kreml Sarayında görkəmli Azərbaycan
müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın
Xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yubileyi
münasibətilə “Yeddi not” adlı konsert təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın
və Rusiyanın tanınmış siyasi və mədəniyyət
xadimləri, Polad Bülbüloğlu
yaradıcılığının pərəstişkarları
iştirak ediblər. Yubilyarı təbrik etmək
üçün səhnəyə Rusiyanın Xalq artistləri
Lev Leşenko, Sergey Bezrukov, Azərbaycanın Xalq artistləri
Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Elçin Əzizov,
Dinara Əliyeva, Özbəkistanın Xalq artisti Fərrux
Zakirov, Azərbaycan Dövlət Rəqs Ansamblı, dirijor
Murtuza Bülbülün rəhbərliyi ilə Akademik
Böyük Konsert Orkestri, O.Lundstrem adına Rusiya Caz Musiqisi
Orkestri, Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun
birinci müavini Mixail Qusman, Rusiya Prezidentinin Beynəlxalq Mədəni
Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoy və başqaları çıxıblar.
Çıxışlarda qeyd olunub ki, Polad
Bülbüloğlu təkcə müğənni və bəstəkar
deyil, bütöv bir dövrün simvoludur. Onun
mahnıları nəsilləri birləşdirən, milli
musiqimizi zənginləşdirən bir mirasdır. Kreml
Sarayında keçirilən bu möhtəşəm yubiley
konserti bir daha göstərdi ki, Polad Bülbüloğlunun sənəti
zamanın sınağından çıxaraq bu gün də
sevilir. O, öz unikal yaradıcılığı və bitməyən
enerjisi ilə insanları ruhlandırmağa davam edir.
Polad Bülbüloğlu tamaşaçıları
uzun illərdir dinləyicilərin qəlbini fəth edən
melodik mahnıları və bənzərsiz ifa tərzi ilə
sevindirib. Səhnədən bəstəkarın “Qarabağ”,
“Mənim Azərbaycanım”, “Liderin ürəyi”, “Gəl, ey səhər”,
“Zəng et” və digər mahnıları səslənib.
Hər bir mahnı tamaşaçıların sürəkli
alqışları ilə qarşılanıb. Polad
Bülbüloğlunun əvəzolunmaz ifası və məlahətli
səsi illər öncəki kimi güclü səslənib və
bir daha həqiqi istedadın zamanın təsirinə məruz
qalmadığını sübut edib. Bəstəkarın
dostları və məşhur səhnə adamları sənətkarı
səhnədən təbrik edərək onunla birlikdə
oxuyublar.
Azərbaycan Dövlət Rəqs Ansamblının
ifasında “Uzundərə”, “Cəngi”, “Sarı gəlin” rəqsləri
gecəyə xüsusi ab-hava qatıb.
Gecənin sonunda tamaşaçıların gur
alqışları altında sənətkara çiçək
dəstələri təqdim olunub. Azərbaycan sənətçisinin
konserti Moskvanın mədəni həyatında mühüm
hadisələrdən birinə çevrilib və Polad
Bülbüloğlu musiqisinin təkcə Azərbaycan
üçün deyil, dünya musiqi mədəniyyəti
üçün də dəyərli bir irs olduğunu göstərib.