Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə
müsabiqə keçirilir
Mədəniyyət
Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə
birgə “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və
musiqi nəzəriyyəsi sahələrində
musiqişünaslıq üzrə” respublika müsabiqəsi
keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin
keçirilməsində əsas məqsəd Azərbaycan
peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir
Hacıbəylinin zəngin irsi ilə bağlı yüksək
elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin
aşkar edilməsidir.
Müsabiqədə yalnız ali professional
musiqişünaslıq təhsili olan şəxslər
(yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər.
Müsabiqəyə heç bir yerdə nəşr
olunmamış, 2 - 4 çap vərəqi həcmində yeni
elmi-tədqiqat işləri təqdim edilməlidir.
Müsabiqədə birinci yerin qalibinə 3000 manat,
ikinci yerin sahibinə 2000 manat, üçüncü yerə
layiq görülən namizədə isə 1000 manat pul
mükafatı təqdim olunacaq.
Müsabiqə təqdim olunmuş elmi işlər
oktyabrın 1-dək Azərbaycan Bəstəkarlar
İttifaqında qəbul olunacaq və ittifaq tərəfindən
müəyyən edilmiş münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək.