Vyanada Sehirli
xalça kolleksiyasının təqdimatı keçirilib
Vyana şəhərində
fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzində Avstriyanın dünyada məşhur zərgərlik
brendi “Freywille”nin Qarabağ xalçalarına aid
naxışlar əsasında yaratdığı “Sehrli
xalça” kolleksiyasının təqdimatı keçirilib.
Milli Xalça Muzeyindən bildirilib ki, tədbirdə
çıxış edən mərkəzinin direktoru Leyla
Qasımova Azərbaycanın ən qədim xalq sənəti
növü olan milli xalçaların Avstriyanın məşhur
zərgərlik brendinin yeni kolleksiya üçün ilham mənbəyi
olmasından məmnunluq ifadə edib. O, kolleksiyanın Azərbaycan
Mədəniyyət Mərkəzində təqdimatını
yüksək qiymətləndirib.
Ölkəmizin Avstriyadakı səfiri Rövşən
Sadıqbəyli Azərbaycan və Avstriya qurumları
arasında uğurlu əməkdaşlıq nəticəsində
yaranan bu kolleksiyanın mədəniyyətimizin, xüsusilə
də Qarabağ xalçaçılıq ənənəsinin
dünyada tanıdılmasına verdiyi töhfədən bəhs
edib.
“Freywille” şirkətinin rəhbəri Fridrix Ville Azərbaycan
Milli Xalça Muzeyi ilə “Freywille” zərgərlik evi
arasındakı əməkdaşlığı yüksək
dəyərləndirib: “1951-ci ildə təsis edilən
“Freywille” şirkəti dünyanın bir sıra məşhur
muzeyləri ilə əməkdaşlıq edib. Zərgərlik
evinin mütəxəssisləri bu muzeylərdə qorunub
saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol
Qogen kimi dahi rəssamların əsərlərindən
ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.
Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq
nəticəsində isə “Freywille” brendi ilk dəfə zərgərlik
məmulatlarının dizaynında Azərbaycan xalça
naxışlarından və motivlərindən istifadə
edir”.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə
Məlikova bu unikal kolleksiyanın rəhbərlik etdiyi muzeylə
“Freywille” arasında imzalanan Anlaşma Memorandumuna əsasən
hazırlandığını bildirib. O, ötən il
dekabrın 5-də ilk dəfə Azərbaycan Milli Xalça
Muzeyində kolleksiyanın təqdimatının yüksək
səviyyədə baş tutduğunu diqqətə
çatdırıb. Ə.Məlikova milli mədəni irsimizə
xüsusi rəğbət və sevgidən yaranan “Sehrli
xalça” kolleksiyasının 6 aya yaxın müddətdə
hazırlandığını deyib: “Müasir incəsənət
və zərgərlik texnologiyası ilə
xalqımızın zəngin tarixini özündə birləşdirən
kolleksiya Qarabağın məşhur xovsuz xalçası vərninin
orijinal naxışlarından ilhamlanaraq yaradılıb.
Xalçanın əsas özəlliyi üzərində
stilizə edilmiş həndəsi əjdaha motivlərinin
olmasıdır. Xalq inancına görə, mühafizəkar əjdahalar
suyu, bolluq və bərəkəti təmsil edirdi. Onu hətta
evin, ailənin qoruyucusu sayırdılar”.
Əminə xanım bildirib ki, bu kolleksiya xalça sənətimizi
daha geniş kütlələr arasında tanıdacaq və bu
sokral bəzək elementlərinin milli-mədəni irsimizin bir
hissəsi olmasını bir daha təsdiqləyəcək.
“Freywille”nin peşəkar dizaynerlərindən Alice
Tipse bu unikal muzeydə kəşf etdikləri nümunələrin
zərgərlikdə növbəti sənət əsəri
yaratmaq üçün möhtəşəm ilham
qaynağı olduğunu diqqətə çatdırıb.
Yeni kolleksiyanı sənətkarlığın, tarix və
incəsənətin möhtəşəm harmoniyası kimi dəyərləndirib.
O, kolleksiyanın yaradılması prosesindən maraqlı məqamları
təqdimat vasitəsilə qonaqlara nümayiş etdirib.
Tədbirin bədii hissəsində tanınmış
pianoçu Abuzər Manafzadə və kamança ustası
Ruhulla Əziz çıxış ediblər.
Daha sonra qonaqlar “Sehrli xalça” zərgərlik
kolleksiyası ilə, həmçinin Azərbaycan Milli
Xalça Muzeyinin kolleksiyasından olan vərni
xalçaları tanış olublar.
Burada xüsusi stenddə vərni
xalçasının naxışları əsasında
hazırlanan muzeyin promo məhsulları da təqdim edilib.
Sonda tədbir iştirakçıları arasında
lotereya oyunu keçirilib və 3 qalib seçilərək onlara
“Freywille” tərəfindən hədiyyələr
bağışlanıb.