BİTMƏYƏN HÖKMDARLIQ
Bəhlul hər halda xoşbəxt idi ki, hansısa
sözünü elə ağıllı kimi, hansısa
köntöy deyişini özünü gicliyə qoyaraq dilə
gətirirdi, öz ürəyi də yükdən
qurtulurdı, adamlara da təsəlli olurdu. Vay o gündən
ki, qəlbindəki sözü nə o, nə bu şəkildə
deməyə imkanın olmaya, sən də hamı kimi
çalınan tütəyə oynamaq məcburiyyətində
qalasan.
Bəhlul tarixən yaşamış bir insan
olmasaydı belə, yəqin ki, xalq arzusu Bəhlulu
yaradacaqdı. Necə ki, ən müxtəlif xalqların
dastanında, nağılında, rəvayətlərində
belə surətlər var. Ancaq insanlar belə qəhrəmanların
həmişə yalnız bir ədəbi surət olaraq deyil,
elə gerçək mübarizlər kimi
varlığını umur. Bəhlulsa olmuşdu,
yaşamışdı, xalqın arzuladığı
ölçülərə uyğun bir şəxsiyyət
idi. Olanısa bir az da qabarıqlaşdırmaq və onu
qonşu xalqlardan hər birinin özünə doğru çəkməsi
anlaşılandır.
Qaynaqların sorağınca, "Bəhlul" qəhrəmanımızın
adı deyil, təxəllüsüdür və
çoxları onun əsl adından xəbərsizdir. Necə
ki sadə insanlar, bu sahəyə yaxından aşina olmayanlar
məşhur Şərq şairlərinin, o sıradan Azərbaycanın
əski söz ustalarının da əksərini adı ilə
yox, təxəllüsü ilə tanıyır.
Bəhlulun gerçək adı Vəhəb ibn
Əmru olub.
"Bəhlul" sözü
"üzüaçıq, "xoşsima", "zirək"
anlamındadır. "Bəhlul" kəlməsi həm də
məcaziləşərək farscada, elə türkcədə
də "hazırcavab", "haqqı deyən" mənasında
işlədilir. "Filankəs bəhlul adamdır" deyəndə
istilah olaraq bu şəxsin danəndə, ya divanə deyil, məhz
haqq tərəfdarı, söz altında qalmayan adam olması
düşünülür.
Bəhlulun tarixi şəxsiyyət olmasının dəlilləri
və təfərrüatları ilə bağlı fars və
ərəbdilli məxəzlərdə rast gəlinən
bilgilərin izlənilməsi bu qeyri-adi şəxsiyyətin
surətinin ayrı-ayrı cizgilərini daha aydın təsəvvür
etməyə imkan yaradır.
Bəhlulun İmam Sadiqin şagirdlərindən
olduğu rəvayət edilir. İmam Sadiq, yəni on iki şiə
imamının altıncısı olan Cəfər ibn Məhəmməd
(hicri qəməri 83-148 - miladi: 702-765) şiələrə
34 il - hicri tarixlə 114-148-ci illərdə (miladi: 732-765)
imamlıq etdi. Daha çox elmi fəaliyyətlə məşğul
olduğu, ətrafındakı tələbə və rəvayətçilərinin
miqdarının 4000 nəfərdən çox olduğu təsdiqlənir.
Hicri 699-767-ci illər arası (miladi: 699-1366) Kufədə
yaşamış, İslam hüququna - fiqhə aid dörd
böyük məktəbdən biri sayılan hənəfi məktəbinin
banisi, zəmanəsinin böyük alimi Əbu Hənifə
Nüman bin Sabit İmam Sadiqi "müsəlmanlar arasında
ən elmli şəxs" adlandırırdı.
Bəhlulun İmam Sadiqin şagirdi olması məsələsinin
dəqiqləşdirilməsini hələ bir kənara qoyaraq
bu məqamın üstündə dayanmağa dəyər ki,
mənbələrdə Bəhlulun məhz belə nüfuzlu,
həm də kamil alimin yetişdirməsi kimi qələmə
verilməsi ilə onun mükəmməl təhsil görməsi
qabardılır.
İmam Sadiq kufəli idi və onun minlərlə
öyrəncisi arasında başqa şəhərlərdən
və ölkələrdən gələnlər də az
olmamışdı. Yəqin, Bəhlulun bəzən kufəli
kimi təqdim olunması da onun təhsil aldığı yerlərdən
birinin məhz həmin şəhər olmasıdır. Bəhlulun
İslam hüququ sahəsində bilginliyinə işarə edən
bir başqa ipucu da budur ki, ona vaxtilə təklif olunmuş
yüksək vəzifələrdən biri də
Bağdadın qazi ül-qüzzatı - baş qazisi
kürsüsü imiş. Bəhlul dövründə bu, yetərincə
yüksək hüquqi vəzifə idi. Xəlifə tərəfindən
təyin edilən, şəriət qanunları əsasında
ədaləti bərqərar edən baş hakim deməkdi,
başqa sözlə, Bağdad məhkəməsinin sədri.
Mənbələrdə bu da göstərilir ki, Bəhlul
tanıdığımız hərdən divanə, hərdən
danəndə kimi məşhurlaşmazdan öncə əyan-əşraf
zümrəsindən olan hörmətli bir şəxsmiş,
ona dəfələrlə başqa yüksək vəzifələr
də təklif edilibmiş.
Bəhlulu iqtidarın hansısa pilləsində
görmək məramının səbəbləri müxtəlif
ola bilər. Birincisi savadlı, mütəfəkkir, qətiyyətli,
iradəli insandı, buna görə. İkincisi, söz yox, Xəlifə
Harun ər-Rəşidlə yaxınlığının da
burada təsiri varmış. Mənbələrə görə,
o, Harun sarayına sərbəst giriş-çıxış
ixtiyarı olan şəxsmiş. Həmdullah Mustoufi Qəzvininin
hicri 730-cu ildə (miladi:1330) və mötəbər
qaynaqlardan hesab edilən "Tarix-e qozide"
("Seçilmiş tarixçələr") əsərində
Bəhlul Harunun əmisi oğlu imiş. Başqa bir rəvayətə
görə isə, Bəhlul Harunun anabir
qardaşıymış.
Harunla Bəhlulun qohumluq münasibətlərinin
olması inamını qüvvətləndirən əsas cəhətlərdən
biri də onun xəlifə ilə özünü ifrat ərköyün
aparmasıdır. Bunca sərbəstlyi yalnız xəlifənin
Bəhlulun ağlına, fərasətinə sonsuz ehtiramı,
yaxud onu bir təlxək, başdanxarab kimi qəbul edərək
"qoy nə danışır-danışsın, zərərsiz
adamdır" qənaəti kimi yozmaq çətindir.
Müxtəlif tarixi vəsiqələrin təsdiqincə,
Harun həm də kifayət qədər emosional, özündən
çıxanda hətta ən yaxın saydıqları ilə
qəddar rəftar etməyə qadir adammış. Bərməkilərin
aqibəti - bir xətasına görə öz süd
qardaşını nəsillikcə məhv etmək barədə
ani qərarı bu çılğınlığın
aşkar göstəricisidir. Bəhlulasa səbirlə
dözürmüş.
Görkəmli İran alimləri zümrəsindən
olan Əbdülhüseyn Zərrinkub "İslamdan sonrakı
İran tarixi" əsərində mənbələrin məlumatları
əsasında hicri 188-ci ildə (miladi: 804), Harun ər-Rəşidin
Kufə şəhərinə səfəri əsnasında Bəhlulun
onu qarşılayaraq tövsiyələr verməsindən bəhs
edir.
Bəhlul - Əlağa Ağayev
Xəlifə ilə yaxın münasibətləri,
bağlılıqları isə olmayanın ona
yaxınlaşa bilməsi belə sadəcə çətin
deyil, mümkünsüz olardı.
Bəhlula ardıcıl olaraq vəzifələr təklif
edilməsinin ayrı bir səbəbi də bu ola bilər ki,
onun ağzını bu fəndlə yummağa cəhd
edirmişlər. İstənilən vəzifə sənin sərbəstliyinin
çərçivələrini daraldır axı! Bəhlulsa,
belə anlaşılır ki, sadəcə azad ruhlu bir insan
deyil, həm də müxalif düşüncəli,
etirazçı təbiətə malik insanmış. Ona
görə də illər öncə Bəhlul haqda
ayrı-ayrı İran xalqları arasında dolaşan rəvayətləri
toplayaraq Tehranda "Qesseha-ye Bəhlul-e aqil" -
"Müdrik Bəhlulun hekayətləri" adlı
kitabına yazdığı geniş müqəddimədə
təzkirələrə əsaslanaraq ifadə etdiyi bu fikirlə
razıyam ki, Bəhlul özünə eyni vaxtda həm səfeh
və fəsih (aydın, səlis nitqli), həm laübalı
və zəkalı adam olmaq obrazını məqsədli
şəkildə, cürbəcür vəzifə təkliflərindən
qurtularaq könlü istədiyi şəkildə davranmaq girəvəsi
qazanmaqçün seçibmiş.
Bəhlulun, belə görünür ki, Haruna tam ərki
çatırmış və xəlifə ilə münasibətlərinin
istiliyi ona eyni anda iki missiyanı yerinə yetirmək macalı
verirmiş.
Bir yandan ildırımötürənmiş,
aşağıdan, xalqdan gələn sözü yuxarılara
çatdırır, hansısa məsələlərin həllinə
nail olurmuş və müəyyən fəsadlara da gətirib
çıxara biləcək narazılıqların
qarşısını alır, o narahat məqamlar şişməmişdən,
alışmamışdan söndürürmüş, deməli,
böyük ölçüdə elə Harunu da
qoruyurmuş, digər tərəfdən də, xalqla hakimiyyətin
körpüsüymüş, aşağıların
yuxarılara gedib çatması müşkül olan səsini,
dərdini ümvanına yetirə, bir qisminə əncam da
çəkə bilirmiş. Əlbəttə, saysız Bəhlul
rəvayətləri onu olduğundan da daha qadir, daha məğrur,
daha ötkəm edib. Bu da təbiidir. Çünki xalqın
onun dərdlərinə çarə edən, el içindən
çıxaraq mizan-tərəzini ədalətlə tənzimləyən
qisasçıya daim ehtiyacı olub. Rəvayətlərdəki
Bəhlul bir növ Şərqin Robin Qududur. Xalqa Ağ
Atlı Oğlan da gərəkdir. Ancaq o, nağıldır, Bəhlul
isə gerçək. Nağıldakı qəhrəman əlacsızlıqdan
Allaha dua edib yardımı ondan istəmək kimidir. Ancaq
Qaçaq Nəbi, Qaçaq Kərəm artıq yerdəki
xilaskarlardır ki, onlara daha gerçəkçi ümidlər
bağlamaq olur. Bəhlulu da el-oba lap onun
yaşadığı çağlar geridə qalandan sonra da
elə sağ kimi həm də ona görə qavrayıb ki, o
olmasa da, başqa bir Bəhlulun lap yaxında olmasını,
baş qaldırmasını, dada çatmasını həmişə
bütün varlığıyla istəyib.
...Onsuz da xalq arasında daim diri olan Bəhlulun Azərbaycanda
yeni zaman içərisində bir təvəllüd tarixi də
1910-cu ilə təsadüf etdi. Bu, qocaman və qocalmaz mizah qəhrəmanının
bir kitab səhifələrindən Azərbaycana əvvəlinci
gəlişi, oxucularla ilk görüşü idi. 1910-cu ildə
Əlabbas Müznib bir dəstə lətifəni toplayaraq
Bakıda "Şeyx Bəhlul" adlı ayrıca
kitabça nəşr etdirmişdi. Bəhlulun elə həmin
çağlarda növbəti doğuşu 1913-cü ildə,
yenə Bakıda baş verdi. Hüseyn Ərəblinskinin
şagirdlərindən olan, 1906-cı ildən taleyini Azərbaycan
səhnəsi ilə bağlamış aktyor Əhməd bəy
Məlikov-Qəmərlinski (1880-1952) İsa bəy Aşurbəyovun
"Kaspi" mətbəəsində ikipərdəli məzhəkəsini
ayrıca kitabça halında buraxdırdı. Kitab elə əsərin
qəhrəmanının adıyla ünvanlanmışdı
və yüngülvari əlavəsi vardı: "Bəhlul
Danəndə və yaxud kişinin sözü bir olar". Bəhlul
Danəndənin el içində car olan lətifələri əsasında
qələmə alınmış pyesdə yalnız həmin
lətifələr hazır şəkildə iqtibas edilmir, həm
də o lətifələrdəki ayrı-ayrı məzəli
məqamlardan bəhrələnərək Bəhlulvari
gülməli hadisələr nəql edilirdi.
Min ildən də qabaq Danəndə Bəhlul
şahları, onların vecsiz məmurlarını
cırnadırdısa, indi, XX yüzilin
başlanğıcında Qəmərlinskinin qələmi ilə
təzə həyat qazanaraq hətərən-pətərən
cızmaqaralayan əldəqayırma şaircikləri bizləyirdi:
"Molla Cəbi: - Siz kimsiniz?
Şeyx Bəhlul: - Mən mənəm, siz kimsiniz?
Molla Cəbi: - Mən şairəm.
Şeyx Bəhlul: - Mən də mairəm.
Molla Cəbi: - Mair nədir?
Şeyx Bəhlul: - Bəs şair nədir?
Molla Cəbi: - Şair şeir deyir.
Şeyx Bəhlul: - Mair də meir deyir".
O kitabdan 2 il əvvəlsə Abdulla Şaiq "Bir
saatlıq xəlifə" adlı pyes yazmışdı.
Daha əvvəl yazılmış olsa da, Şaiqin əsərindən
əvvəl Qəmərlinskinin kitabını
xatırlatmağım səbəbsiz deyil. Əvvələn,
Şaiqin yazdığı pyes elə həmin vaxt üzə
çıxarılmamışdı və onun bu əsəri
məhz 1911-də qələmə aldığını da
sonralar biləcəyik. İkincisi də, hələ o əsərdə
Bəhlul ayrıca surət kimi yox idi. Lakin Şaiq arxivini
araşdırdıqca bəlli oldu ki, onun Bəhlula
marağı köhnədən varmış, ötəri bir
həvəs də deyilmiş. Çünki illər
keçdikcə Abdulla Şaiq Bəhlul əyyamlarına aid
yazısına dönə-dönə qayıtdı, hər dəfə
mətni bir az da cilaladı, nəticədə bu pyes onun
yaradıcılığındakı ən cazibəli əsərlərdən
birinə çevrildi. Şaiqin növbəti əlgəzdirmələrindən
sonra bir qədər də dolğunlaşmış və
1920-ci illərin lap əvvəllərində Tənqid-Təbliğ
Teatrı tərəfindən tamaşaya qoyulanda da "Bir
saatlıq xəlifə" hələ Bəhlulsuzdu. 1950-ci
illərin başlanğıcında Şaiq pyesə yenidən
qayıdır və onu əsaslı şəkildə işləyir.
Bir çox şeirlər, mahnılar artırır, təzə
surətlər gətirir və əlavə edilən obrazlardan
biri də Bəhlul Danəndə idi. Bəhlul dönüb
olur artıq adı da dəyişdirilərək "Bir saat xəlifəlik"
olmuş pyesdə baş surət.
Şaiqin arxivində "Bir saatlıq xəlifə"
və "Bir saat xəlifəlik" pyesinin müxtəlif
illərdə qələmə alınmış 5 əlyazması
var. Vərəqlədikcə onu da görürsən ki,
Abdulla Şaiq bu əsəri yazarkən yalnız el rəvayətlərinə
arxalanmayıb, müxtəlif tarixi mənbələri də
qaldırıb, həm məxəzləri, həm tarixçi
alimlərin araşdırmalarını mütaliə edib,
alimanə yanaşaraq salnamələrdə hər rastına
çıxan məlumatları deyil, onların ən
ağlabatanlarını istifadə edib.
Əsərin təməlində dayanan bu xətdir ki,
Harun ər-Rəşid öz şakərincə günlərin
birində yenə təğyir-i libas olur, onu ətrafdakıların
tanımayacağı bir geyimdə camaat arasına
çıxır. Şəhəri gəzib-dolaşarkən təsadüfən
bir cavan oğlanla tuş düşür. Əbül-Həsən
ibn Səid adlı həmin gənc yeni tanış olduğu
bu adama ürəyindəki arzusunu açıb söyləyir
ki, kaş mənə haçansa qismət olaydı, heç
olmasa bircə saat xəlifəyə dönüb
hökmranlıq taxtında oturaydım. Elə həmin
görüşün ertəsi Harun ər-Rəşid
rastlaşdığı cavanın bu arzusunu həyata
keçirməkçün addımlar atır.
1958-ci il iyun ayının 7-də Azərbaycan səhnəsi
Zəfər Nemətovun parlaq rejissorluğu ilə gözəl
bir tamaşanı qazanır. İlk dəfə idi ki, Azərbaycan
insanı yüzillər boyu haqqında eşitdiyi Bəhlul Danəndəni
bütün məziyyətləri ilə, repertuarda daimi yer
tutacaq iri səhnə əsərində, artıq
"canlı" olaraq görürdü. Ona görə
Şaiqin Bəhlulunu Azərbaycanın birinci dəfə bu
biçimdə gördüyünü vurğulayırıq
ki, həmin pyes yalnız paytaxtda nümayiş etdirilmirdi,
respublika boyu səfərə çıxmışdı, Bəhlul
Danəndə qarğı atını rayon səhnələrində
də çapırdı, məzəli, müdrik sözlərini
söyləyib daha çox ürəklərə girirdi. Pyesdə
onun dilindən bu nəğmə də səslənirdi:
Bizim ədalət ordusu, əxlaq, səadət ordusu,
Zalımlara cəza verən hünər, cəsarət
ordusu,
Elmi, alimləri sevən bilik, məhəbbət ordusu,
Vəhşiliyə nifrət edir bu insaniyyət ordusu.
Abdulla Şaiqin cildlərini açsanız, "Bir
saat xəlifəlik" pyesinin orada əksini tapmış mətnində
indi söylədiyim nəğmənin misralarını
görməyəcəksiniz. Bu sətirləri mən Abdulla
Şaiqin əlyazmasından - onun arxivindən oxumuşam. Həmin
bənd vaxtilə pyesin teatra təqdim olunan mətninə
artırılıbmış, tamaşa gedişində də
bu nəğmə səslənirmiş, özüm də eşitmişəm.
Bəhlulun da, yan-yörəsindəkilərin də səsləri
və o yapışıqlı, təsirli səslərə
qovuşan zərbülməsəlləşmiş ifadələri
indi də qulağımdadır. Yox, Bəhlul Danəndə
kimi mən zaman içərisində səyahət edənlərdən
deyiləm ki, gah IX-X, gah XV yüzillərdə, gah da XIX-XX əsrlərdə
olaraq onu dinləmiş olum. Gerçəkdən eşitdiyim və
unuda bilmədiyim səsləri deyirəm, xüsusən də
o səslər arasındakı birini - Harun ər-Rəşidin
səsini. 1960-cı illərin ortaları idi, məktəbli
idim, ibtidai sinifdə oxuyurdum və ənənəvi olaraq yay
aylarında, teatr mövsümü tamamlanınca rayonlara
qastrol səfərlərinə çıxan Gənc
Tamaşaçılar Teatrı Kürdəmir rayonuna gəlmişdi
və burada bir neşə gün qaldılar. Kürdəmirdə
yay klubunun səhnəsində xeyli tamaşalar verdilər və
göstərdikləri əsərlərdən biri də
Abdulla Şaiqin "Bir saat xəlifəlik" pyesi idi. Bəhlul
Danəndəni də ilk dəfə yaxından onda
gördüm.
Bəhlul - Əlağa Ağayev idi. O, qarğı
atını çapırdı, məzəli səhnələr
cərəyan edirdi və mən də, yaşıdlarım
da, elə böyüklər də heyranlıqla
baxırdıq. Amma yadımda o nüfuzedici səs həmişəlik
qaldı. Çox illər sonra tanış olacağım və
Azərbaycan teatr tarixinin bütün dövrlərinin ən
üstün sənətkarlarından biri kimi dəyərləndirdiyim
Yusif Vəliyevin səsi. Səhnədə var-gəl edən
Harun ər-Rəşidin qatranlı, zəhmli, hökmlü səsi
gəlirdi. "Bərməkilər nəslini qətlə
yetirmək haqqında əmr verərkən bunları yaddan
çıxarmışam. Görünür, bunlar nəsillərinin
intiqamını almaq üçün mənə qəsd etməyə
hazırlaşırlar" - bu, Yusif Vəliyevin səsi idi. Xəlifə
Harun ər-Rəşidə çevrilmiş böyük aktyor
Yusif Vəliyevin həmin səsi əslində sizin hər
birinizin hafizəsində artıq başqa bir məqamda
qalmaqdadır. "Nəsimi" filmində Teymurlənglə
məğrur şair qarşı-qarşıya dayanıb,
Yusif Vəliyev Teymurləngdir. Cəmi bir neçə dəqiqə
ərzində görünür və keir. Amma o duruş, o əzəmət,
səsdəki o təlqinedici güc səndə elə təəssürat
yaradır ki, sanki Teymurləngə həsr edilmiş
bütöv bir filmə baxmısan. Teymurləngin əsl surətini
o səslə artıq dolğunluğu ilə hiss edirsən.
Və Harun ər-Rəşidi ilk dəfə səhnədə
görəndə məhz Yusif Vəliyevin səsi məni
birbaşa hadisələrin baş verdiyi dövrün qoynuna -
Bəhlul Danəndə əyyamlarına aparmışdı,
nağılvari aləmin sakininə çevrilmişdim.
Bu maraqlı pyesin Şaiq arxivində qalan nüsxələri
və müxtəlif onillərə aid həmin əlyazmalar
üzərindəki işləmələr
yazıçının əsərlə mütəmadi
bağlılığını göstərirsə də, mətnlə
əlaqədar görülmüş işlərin tam mənzərəsini
büruzə vermir. Həmin qeydlərə baxdıqca
anlayıram ki, dövrlə bağlı, xilafətin həyatı
ilə əlaqədar, onların Azərbaycanla münasibətləri
haqqında Şaiq pyesdə əks etdirdiklərindən lap
çox bilirmiş, lazım gələrsə pyesə bir, ya
iki pərdə də artırmaq, tamaşaçını
"daha sonra nə olacaq" intizarı ilə təsirində
saxlayacaq macəralı lövhələr əlavə etmək
imkanındaymış. Şaiqin ərəb əlifbasında,
səliqəli xətti ilə üzvü olduğu SSRİ Ali
Sovetinin deputatlarına verilən dəftərçənin
bircə vərəqində əks olunan mənbələrdən
konspektləşdirmələri bu ehtimala söykək dura bilər:
"Harun Reydə anadan olmuş (Rey indiki Tehranın orta əsrlərdəki
adıdır - R.H.), 22 yaşında xilafətə
çatmışdı. Fəzl ibn Yəhya Bərməki
Harundan 7 gün əvvəl anadan olmuşdu. Fəzlin anası
Haruna süd vermiş. Fəzl Haruna beyət etməyənlərin
hamısını ona beyət etməyə razı
salmışdı. Harunun oğlanları Məhəmməd
Əmin və Abdullah Məmun idi ki, əmlakını onlara vəsiyyət
etmişdi. Oğlanlarına mehriban yaşamağı,
müharibə etməməyi, qan tökməkdən çəkinməyi
tapşırmışdı. Harunun Qasım adlı bir
oğlu da vardı. Əbdülməlik ibn Haşimi
Qasımı saxlayır və mühafizə edirdi. Eşidəndə
ki Harun Əmin və Məmunu vəliəhd etdi və onlara
vilayətlər verdi, xəlifəyə məktub yazdı.
Rica etdi ki, Qasım da sənin oğlundur, onu da öz ənamından
binəsib etmə. Əbdülməlikin məktubunu
aldıqdan sonra Harun bəzi cəzirə və vilayətləri
Qasım üçün ayıraraq ona "Mötəsəmən"
ləqəbi verdi.
Harun Bəhlulun camaat arasında olmasını, əhalinin
vəziyyəti və rəftarından yaxşı xəbərdar
olduğunu bildiyindən və heç bir sözü də
gizlətmədən açıq, riyasız söylədiyindən
onu özünə çox yaxın buraxmışdı və
dediklərinə qulaq asırdı. Bəhlulun məcazi
danışdığını bildiyindən onun hətta
başqalarına mənasız kimi gələn söhbətlərinə
diqqət edərmiş.
Rəşidin Əbbasə adlı bir gözəl
bacısı da vardı. Bir zaman Harun ər-Rəşidin
qadını Zibeydə idi".
Həmin Zibeydənin türk olduğu, şeirlər də
yazdığı qaynaqlarda zikr edilməkdədir və Salman
Mümtazın tərtib etdiyi orta əsrlərdə
yaşamış qadın şairlər sırasında onun da
adı keçir.
...Hakimiyyətlər, taxt-tac gəldi-gedərdir. Amma bəhlulluq
- söz, düşüncə yaşarıdır. Bəhlul lətifələri
sırasında beləsi də var ki, Harun ər-Rəşid
bir gün ondan xəbər alır: "Deyirlər ki, məclislərdə
məni sən həmişə zülmkar bir xəlifə kimi
qələmə verirsən?" Bəhlul dərhal etiraz edir
ki, yalan sözdür, ya xəlifə, özünüz
bilirsiniz ki, mən həmişə elə söz
danışıram ya qəribə olsun, ya da təzə.
Heç kəsin eşitmədiyi, bilmədiyi söz olsun.
Sizin zülmkar olduğunuz hamının bildiyi,
danışdığı köhnə və məlum bir
şeydir. Burada təzə nə var ki, mən də
danışam. Harun ər-Rəşid hirslənir ki, yenə mənimlə
dil-dil ötürsən. Görünür, canına
yazığın gəlmir. Bunun axırını mən
yaxşı görmürəm. Yoxsa sən mənimlə xilafət
davası çəkirsən?
Bəhlul gülümsəyir: "Əsla! Mənə
"dəli" desələr də, hələ o qədər
divanələşməmişəm bu fikrə düşəm,
Allah eləməsin, yazıq deyiləm?"
Harun ər-Rəşid təəccüblənir:
"Elə niyə?" Bəhlul qayıdır ki, mən
indiyəcən iki xəlifə yola salmışam.
İnşallah, bundan sonra, yəqin, iki-üç xəlifənin
də gedişinə şahid olaram. Ancaq o rəhmətlik xəlifələrin
heç biri Bəhlulun ölümünü görməyib.
Bu Bəhlul sözü dodaq qaçıran bir lətifənin
qanadında əsrlər adlayaraq bizə çatıb və o
lətifə əslində Bəhlulun özünün
söylədiyindən də artıq bir həqiqəti
çatdırır - Bəhlulun ölümünü görmək
nəinki xəlifələrə, xilafət zamanlarından
indiyədək ötən əsrlər ərzində də
kimsəyə qismət deyilmiş...
..."Türk ədəbiyyatı
ensiklopediyası" Behlül-i Dana (Bilgin Bəhlul) deyə təqdim
etdiyi bu düşüncə dahisinin "kufəli bir sufi
olduğunu", ömrünün böyük bir hissəsini
Harun ər-Rəşid dönəmində Bağdadda
keçirdiyini bildirir və ardınca da gözlənilmədən
XVI-XVII yüzillərdə yaşamış olması
ehtimalını ortaya qoyur.
Ən azı elə Fəriddədin Əttarın,
Yunis İmrənin, Mövlana Cəlaləddin Ruminin, Sədi
Şirazinin Bəhlulun adını çəkməsi onun XIII
yüzildən xeyli əvvəllər
yaşadığını nişan verməkdədir, hələ
digər tutarlı sübutları bir qırağa qoyuruq.
Orta çağda Şərq şəhərlərində
Abbasilər dövründə belə bir vəzifə
varmış - möhtəsib. Bu vəzifəni daşıyan
məmur əhalinin din və əxlaq işlərinə nəzarət
edərmiş. Bir növ o dövrün insan haqları üzrə
müvəkkili - ombudsmanı. Elə bu gün də bir para
Şərq ölkələrində insan haqları üzrə
müvəkkili həmin qədim deyimi bərpa edərək
"möhtəsib" adlandırırlar. Fəlsəfəsinə
dalınarsa, elə Bəhlul Danəndə kimi şəxsiyyətlərin
dünyaya gəlişindəki məna rəsmən etibar edilmədən,
Pərvərdigarın iradəsi ilə bu vəzifəni
daşımaqdır. Bu vəzifə Bəhlulun da alın
yazısı idi. Həm də bu görəv Bəhlul Danəndə
xislətinə o qədər yaraşır ki, lətifələrdən
biri xəlifənin əli ilə onu həmin vəzifəyə
gətirir.
Xəlifə Bəhlula tapşırır ki, sənə
bugündən bu məsul vəzifəni verirəm, hər
gün bazara baş çəkərsən, qayda-qanun
yaradarsan, qoymazsan kimsə bir başqasını aldatsın,
çəkiyə, haqq-hesaba nəzarət edərsən.
Bəhlul bazara gəlcəyin bunu sezir ki, qəssab
üç girvənkə ət istəyən
uşağı çəkidə aldadaraq yarım girvənkəni
kəsdi. Uşaq heç nə hiss eləmədən əti
götürüb gedir, elə bu arada tindən bir ac köpək
çıxaraq qəssabın piştaxtasına
yaxınlaşır, bir budu qaparaq götürülür. Qəssab
ha yüyürür, itə necə çatasıdır ki!
Bəhlul bunu görüncə dinməz-söyləməz
qayıdıb gəlir evinə, daha bazara işə
çıxmır. Xəlifəyə xəbər
çatdırırlar ki, bəs sən Bəhlula etimad göstərib
o cür yüksək vəzifə verdin, o isə
etinasızlıq göstərir, neçə gündür
heç işə çıxmır, evində oturub. Harun
buyurur ki, təcili onu hüzuruma gətirin. Hökmlə dillənir
ki, axı sənə vəzifə verdim, iş
tapşırdım, niyə saymazlıq edirsən,
hökmü yerinə yetirmirsən?
Bəhlul çiynini çəkir ki,
"başın haqqı, getməyinə getdim, gördüm
orda mənə ehtiyac yoxdur. Elə mənsiz də orda
qayda-qanun yaradan, haqqı pozulanın haqqını qaytaran
var".
Hardasan, ay Bəhlul?!
Hardadır o it?..
Bu bayatını XX yüzilin Bəhlul Danəndələrindən
biri - unudulmaz Xudu Məmmədov yazıb. Özü
haqqında yazıb. Həm də Bəhlul Danəndə
haqqında yazıb.
Söyüdə barsız demə,
Hər təkə yarsız demə.
Kədər acı güldürər,
Gülənə arsız demə.
Böyük dərdlərə gülməyi bacaran
bütün qəmli arsızlar haqqında yazıb...
...Bir neçə il öncə Türkiyədə Bəhlul
Danəndə haqqında bir roman yazılıb. Hayrettin
İvginin "Dəli görünüşlü
ağıllı Bəhlul Danəndə" əsəri.
Gərək bizdə də Bəhlul surəti ədəbiyyatda
yerini tapa. Vaxtilə Nurəddin Seyidovun tərtibində Bəhlul
Danəndə lətifələri dəfələrlə nəşr
edilib. İndi isə bütün bəlli Bəhlul lətifələrini
bir kitaba yığıb buraxmaq olar. Amma bilmirəm nəyə
görəsə haçandır Bəhlulu yada
salmırıq. Məgər elə
ağıllanmışıq ki, ona daha ehtiyacımız
qalmayıb?
...Yenə söz içində söz gizli, söz
içində mətləb örtülü daha bir Bəhlul
lətifəsi. Günlərin birində rastlaşırlar. O tərəfdən
hökmdar gəlirmiş, bu tərəfdən
tövşüyə-tövşüyə Bəhlul.
Hökmdar soruşur ki, "Bəhlul, xeyir ola, hardan gəlirsən?"
Deyir: "Cəhənnəmdən". Gülür
hökmdar, deyir: "Cəhənnəmdə nə
edirdin?" Cavabı Bəhlulun əvvəlki sözündən
də "gülməli" olur: "Getmişdim od
dalınca, köz lazım idi, ocaq qalayacam". Hökmdar
rişxəndlə dillənir: "Baxıram əliboşsan,
deyəsən, od verməyiblər sənə". Deyir:
"Yox, vermədilər, dedilər, od yoxdur". Hökmdar
qayıdır ki, necə yəni od yoxdur? Axı məlumdur ki,
cəhənnəmdə qır qazanları qaynayır,
sağ-sol hər yan atəşdir..." Bəhlul
razılaşmır: "Yox, orda mənə dedilər ki, cəhənnəmdə
od olmur. Cəhənnəmə odu hər kəs gələndə
özü ilə gətirir".
Budur Bəhlul! Budur Bəhlul sözünün nüvəsindəki
həqiqət.
...Bəhlulla bağlı hansısa əhvalatlar, onun
hansısa lətifələri bu danəndə insanı qəlbinə
yaxın tutan xalqların hansındasa var, hansındasa yoxdur.
Amma Bəhlul Danəndənin qarşısına toz-torpaq topalarını
düzərək onları müdrik sözlər kimi
satması haqqındakı lətifə Bəhlulu sevən
xalqların, Bəhlulu özününkü bilən ellərin
təqribən hamısında təkrarlanır. Məhz bu təkrarlanma
da məndə belə düşüncə yaradıb ki, bu
hadisə elə həqiqətən baş verib.
Günlərin birində görürlər ki, Bəhlul
Danəndə əyləşib yol qırağında.
Qarşısında üç topa toz. "Satıram"
deyir və həm də çox baha qiymət qoyub. Bir nəfər
çox təəccüblənir, maraqlanır,
yaxınlaşıb soruşur: "Bu nədi belə od qiymətinə
satırsan?" Deyir: "Bunlar hikmətli sözlərdir,
satıram". Maraq götürür bu adamı. Deyilən məbləği
çıxarıb verir: "Neynək, alıram, ver
birini".
- Götür, bu topa oldu sənin.
- Yaxşı, nə deməkdir bu?
- O deməkdir ki, kül olsun o adamın başına,
hər gün bir nəfərin öldüyünü görə-görə
özünün də bir gün öləcəyini
düşünmür, bəd əməlindən, rəzalətindən
əl götürmür.
- Yaxşı, ver o biri topanı da.
- Bu kül də olsun o adamın başına ki,
dünyadan gedənlərin özüylə heç nə
aparmadığını görə-görə, bilə-bilə
yenə gözü dünya malından doymur.
Həmin adam fikirləşir ki, almağına
almışam, qoy üçüncüsünü də
götürüm, yenə əlini atır cibinə,
çıxarır pulunu verir, deyir: "Aç söylə
görək bunun mənası nədir". Bəhlul
qayıdır: "Bu kül də o adamın başına
olsun ki, topladığı hansısa mal, dövlət, sərvət
əlindən çıxanda başlayır zarımağa.
Halbuki o malı, dövləti, sərvəti təzədən
geri qaytara bilər, təzədən toplaya bilər. Amma o adam
fərqində olmur ki, onun üstündə daha çox əsməli
olduğu, qədrini daha artıq bilməli olduğu ayrı
bir vacib sərvəti var. Ömrün bihudə yerə sərf
etdiyi günləri".
Bu lətifəni hər dəfə xəyalımdan
keçirəndə sanki canlı Bəhlulu görürəm.
Yol kənarında əyləşib, qarşısında
toz-torpaq topaları və yorğun, qəmli gözləri ilə
keçib-gedənlərə bic-bic baxır.
Və o lətifə dolayısınca çox zaman
bunu da düşünürəm ki, daha məntiqli
olmazdımı ki, o toz-torpaq topaları əvəzində
kağız burumları düzülmüş olaydı.
Üstündə Bəhlulun satdığı həmin
müdrik deyişlərin yazıldığı vərəqparələr.
Ancaq dərhal bunu da düşünürəm - Bəhlul pəncərəni
hər halda bizdən daha geniş açırdı, həqiqətlərin
təkini bizdən daha dəqiq görürdü ki,
kağız yox, məhz torpaq düzmüşdü
qarşısına. Torpağı söz adı ilə
satırdı. Çünki Bəhlulun nəzərində
söz diri idi, torpağa bağlı canlı bir varlıq idi,
insan kimi, ağac kimi, çiçək kimi torpağa
bağlı varlıq.
Və insan kimi, ağac kimi, çiçək kimi,
söz də Bəhlulun nəzərində torpaqdan güc
alırmış, torpağın üstündə dikəlirmiş,
günlərin birində yenə torpağa qovuşurmuş,
yenə sabahların hansındasa torpaqdan təzədən
güc alaraq torpaq üzərində dikəlirmiş.
Bəhlulun bütün sözləri, ondan yadigar qalan
hikmətlərin hamısı belədir və onların
köhnəlməzliyinin, həmişə təzə
qalmasının gizlinci də məhz burdadır. Bəhlul hikmətlərinin
hər biri torpaqdan qüvvət alan ağac, çiçək
kimidir. Hər yaz gələndə təzədən
puçur-puçur tumurcuqlayan ağac kimi, hər bahar gələndə
təzədən qönçə-qönçə
açılan çiçək kimi. Ona görə də Bəhlul
sözü nə qədər ki ağaclar tumurcuqlayır, nə
qədər ki çiçəklər açılır, nə
qədər ki insan var, həmişə təravətli olacaq,
təzə olacaq, köhnəlməz olacaq.
...Günlərin birində Bəhlulun evini
yağmalayıblarmış. Baxırlar ki, evinin
oğurlanmasından xəbər tutunca Bəhlul
çıxdı küçəyə, başladı
yüyürməyə. Amma oğru gedən tərəfə
deyil, ayrı bir səmtə qaçır.
Qışqırışırlar ki, Bəhlul, neynirsən?
Oğru tamam ayrı bir tərəfə qaçdı, sən
başqa səmtə yüyürürsən. Deyir, yox, mən
elə lazım olan tərəfə qaçıram, yolum qəbiristanlığadır.
Onsuz da geci-tezi var, hara getsə, qayıdıb ora gələcək.
Qəbiristanlıq, sükut evi, gec-tez hər kəsə
nəsib olacaq bu son mənzil Bəhlul Danəndənin
neçə-neçə lətifəsindən keçir və
hərəsində də bir hikmət.
Harun ər-Rəşid yol keçirmiş. Yan-yörəsindəkilər
nişan verirlər ki, baxın, Bəhlul orda, məzarların
arasında yatır. Deyir, gedin onu oyadın,
çağırın gəlsin bura. Bəhlulu
qaldırırlar, başlayır deyinməyə ki, məni niyə
yuxumdan oyatdınız, gül kimi yuxu görürdüm,
yuxuda padşah olmuşdum, çıxmışdım taxta.
Yuxudan oyatdınız, o cürə yuxum yarımçıq
qaldı.
Deyinə-deyinə gəlib çatır Harun ər-Rəşidin
yanına. Xəlifə soruşur ki, ay Bəhlul, burda neynirsən,
sən oturub-durmağa adam tapmamısan ki, gəlib qəbirlərin
arasına girmisən?
Cavab verir ki, elə oturub-durmalı ən yaxşı
adamlar hamısı burdadır. O biri adamlarla oturub-durursan, sonra
dalınca danışırlar, qeybət edirlər. Burda mənim
dalımca danışacaq, qeybət edəcək bircə adam
yoxdur.
Xəlifə canıyananlıqla deyir ki, axı bura
vahiməli yerdir, qorxarsan.
Bəhlul razılaşmır: "Əksinə, ən
vahiməsiz, ən qorxu-hürküsüz yer elə
buradır. Qəbiristanlıqdakılardan mənə
ömründə ziyan gəlməz. Zərər gəlsə-gəlsə,
elə diri adamlardan gələr. Özü də gül kimi
yuxu görürdüm, adamların gəlib
yarımçıq qoydu. Yuxuda padşah olmuşdum, taxtda
oturmuşdum. Xəlifə istehza ilə: "Yuxudur da, nə
olsun oyadanda, yuxudakı padşahlığın nə səmərəsi",
- deyir.
Bəhlul yenə razılaşmır: "Yox, baxma! Mənim
yuxudakı padşahlığım sənin xəlifəliyindən
də üstündür.
- Nə təhər üstün ola bilər axı?
- Əvvəl-axır hamı öləcək.
İndi sən xəlifəsən, oturmusan taxtda. Hamı sənin
əmrinə müntəzir. Amma gün gələcək,
başını qoyacaqsan, ayrılacaqsan bu dünyadan. Daha həmin
yuxudan heç vaxt oyana bilməyəcəksən. Mən
yuxuda padşah idim, sizinkilər oyatdı. Hərçənd
padşahlığım əlimdən getdi, amma həyatım
ki qaldı. Sənsə ölüm yuxusundan heç vaxt oyana
bilməyəcəksən. Xəlifəliyin də,
hökmdarlığın da o gedən gedəcək. İndi təsəvvür
elə, müqayisə elə. Sənin
hökmdarlığın üstündür, yoxsa mənim
hökmdarlığım?
Haqlı idi Bəhlul. Onun hökmdarlığı
bütün başqa hökmdarlıqlardan həmişə
üstün olacaq. Çünki Bəhlulun
hökmdarlığı düşüncənin
hökmdarlığı idi, zəkanın
hökmdarlığı idi. Bitməyən hakimiyyət! Bəhlulun
hökmdarlığı sözün
hökmdarlığıdır. Elə hökmdarlıq ki,
heç vaxt sonu olmur!
27 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.10-11.