Akademik musiqimiz üçün
ağrılı ehtimallar
VƏ YA ƏCƏL ZƏNGİNDƏN
ÖNCƏKİ HƏYƏCAN SİQNALI
Ömrümüz boyunca, zaman-zaman, istəsək də,
istəməsək də, "lazım olanlar"la "vacib
olanlar" arasındakı yarı dumanlı yolda tərəddüdlərimiz
bizi girinc edir. Həyatımızın gündəlik
axışı fiziki varlığımızın
"lazım olanlar"a yönəlməsini istəyir, amma o
çılğın axışın içərisində
unuduruq ki, əslində ruhumuzu formalaşdıran və dərinləşdirənlər
"vacib olanlar"dır. Lazım və vacib
arasındakı o incə cizginin alt qatında cismani ilə mənəvinin
bir savaşı gedir əslində. Bir səngərdə -
funksional baxımdan ehtiyac piramidasının alt qatında
"lazım"lar, digər səngərdə isə
yalnız ehtiyacımızı deyil, həm də bizi
formalaşdıran, düşüncə və
duyğularımızı zənginləşdirən, daha
yüksək mənəvi, mədəni, estetik, ruhani dəyərlərə
xidmət edən "vaciblər"... Və ikinciyə, adətən,
"Ordan-burdan" eşitdiyimiz "nolsun?!"vari
reaksiyamız da hazır, üst ayaqda olur çox vaxt...
Haqqında söhbət açacağım -
hazırda az qala formal mövcudluq mərhələsinə
geriləyən akademik musiqi, o cümlədən də
aqoniyaya yaxın dönəmində olan balet sənətinin
vacibliyi mövzusunun hansı reaksiyaları tətikləyəcəyini
bəribaşdan təxmin edirəm. Elə əvvəldəncə,
mərhum aktyor Səməndər Rzayevin "Hidayət müəllim"
kimi söylədiyi və kino tariximizdə dipdiri qalan məşhur
cümləsini təkrarlamağa ehtiyac duydum: "Bu kino ki
var, çox qəliz məsələdir: həm qəlizdir, həm
də ki vacib!" Bu fikri akademik musiqi sənətimizin
bugünkü durumuna şamil etməyimizə nə mane ola bilər?
Bəzən "elit sənət" adlandırılıb
kütləvi olanın qatı kölgəsində "gizlədilən"
opera, simfonik musiqi, balet kimi yüksək sənət növləri
əslində bizi insan edən duyğuların ən saf təzahürüdür.
Bu gün, cəmiyyət olaraq, onları unudulmağa məhkum
qılıb gözdən qırağa, könüldən
irağa sürgün etmək meylimizlə, milli tarixi musiqi ənənələrimizlə
vəhdətdə ucalan bu yüksək sənət növlərinə
arxa çevirməklə, həm də ciddi sənətin
ruhuna ögey münasibət sərgiləmiş oluruq.
Bu dramatik məqamdaca simfonik orkestrlərin
vazkeçilməz zərb sədası olan "orkestr
boşqabları"nın (digər adıyla "cymbal")
bir-birinə möhkəm vurulmasından ortaya çıxan
vahiməli melodiya ilə qulaqlarımız cingildəsin:
dövlətin ali rəhbərliyi bir azca, hətta ötəri
belə qayğı-himayə əlini bu sahədən çəksə,
ölkədə akademik sənət növləri və
kollektivləri adına nə varsa, hamısı dərhal, lap
ertəsi gündəncə tənəzzülə üz qoyar!
Biganəliyimiz, yarıtmazlığımız, zövqsüz
faydaçıllığımızla bu sahənin
amansızcasına axırına çıxarıq! Allah
özü bunu bizə rəva bilməsin!
Bununla bağlı mövzular zehnimi zaman-zaman məşğul
edərkən təsadüfən (təsadüf də təvafüqdür
əslində...) bu günlərdə oxudum ki, Azərbaycanın
Xalq artistlərindən birinin son günlərdə təqdim
etdiyi "portret mahnı"sında Gürcüstan simfonik
orkestrinin müşayiətindən istifadə edilib. Buyurun, vəziyyətimizə
bir də buradan baxın... Aydın məsələdir ki, bizim
simfonik orkestrlərimiz hazırda lazımi tələblərə
cavab versə də, onlara olan münasibətimiz yetərli
deyil, yoxsa elə bu müşayiət özümüzdə
olardı, ta burdan durub basa-basa dağlar aşıb çaylar
keçməyə dəyməzdi. Axı Azərbaycan Dövlət
Simfonik Orkestrinin yaranmasının əsrdən artıq
yaşı və möhtəşəm uğurları, ənənələri
var. 1920-ci ildə Azərbaycan peşəkar musiqi sənətinin
bir çox ilklərinə imza atan dahi bəstəkar
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə
yaradılıb. Azərbaycan akademik musiqi sənətinin bir
çox sahəsini təkbaşına çiyinlərinə
alıb tarixin zirvəsinə qaldıran Üzeyir bəy bəlkə
də hazırkı durumu və bizdəki münasibəti
görsəydi, yenə də mətbuat tariximizin növbəti
möhtəşəm satirik felyetonlarını yazardı...
Onun zamanında da nəinki akademik sənət sahələrinə,
elə milli mətbuata, mədəniyyətə və
Cümhuriyyətə də "nəmə lazım?"
ritorikası ilə yanaşıb ancaq "aşağı
ehtiyac pərdələrində gəzişən"
güruhun qarşısına çıxan, gələcəyi
aydınlatmaq üçün çalışan milli
aydınlarımız vardı və yaxşı ki,
vardı... O aydınlar 1906-cı ildə "Molla Nəsrəddin"
qiyafəsində görünmüşdülər həmin
güruhün gözlərinə: "Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım! O kəsləri
deyib gəlmişəm ki, mənim söhbətimi
xoşlamayıb, bəzi bəhanələrlə məndən
qaçıb gedirlər, məsələn, fala
baxdırmağa, it boğuşdurmağa, dərviş
nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri
bu növ vacib əməllərə".
"O kəslər"ə nəinki ciddi akademik
musiqi, heç milli mətbuat da lazım deyildi. Hələ
ondan bir qərinə əvvəl Allahın kəsdiyi o kəslər
görkəmli maarifçi, "muradı xalqın
gözünü açmaq" olan Zərdabini "Gavur Həsən",
"Şapkalı Həsən" kimi ayamalarla küçələrdə
hədələyir, təqib və təhqir edirdilər...
Xoşbəxtlikdən, bizim klassik aydınlar elə bir maarifpərvər
ruha və ləyaqətə malik idilər ki, heç bir təqibdən
çəkinməyərək o dəhşətli
"nolsun", "nəmə lazım"
ritorikasının qarşısına... İndi mürəbbəli
pürrəngi çayla kompüterin klaviaturasına (misal
üçün, mənim kimi) tıqqıldadıb ölkənin
ən oxunan qəzetində dərc olunmağa bənzər
yanı yoxdur bu vəziyyətin: 100 il əvvəl yox yerdən
nələrsə yaradıb bəzən hətta canı,
ömrü bahasına xalqı maarifləndirərək millət
yaratmağa yönələn müstəsna cəsarət
işi idi bunlar...
1908-ci il... Elə ilin beləcə qış fəslində
"müsəlman dilində əvvəlinci dəfə
opera" - "Leyli və Məcnun" ariyaları ilə
Şərq Bakısında yer yerindən oynamışdı.
Və zaman o zaman idi ki, keçən əsrin
Bakısının küçələrində
"mütrüflərin" qənimləri - qoçular
dolu naqanlarla dolaşırdılar... Belə məqamda Məcnunun
atasının ariyasına qoşulub "Nə seyrdəsən,
sənə tələb nə? Bu naleyi-zarinə səbəb nə?"
deyib məndən soruşursunuzsa, əslində "Mən, nə
hacət ki, qılım şərh sənə hali-dilim,
Dili-zarimdə nə kim var, bilirsən, bilirəm". Hər
şey gün kimi açıqca əyan-bəyan ortadadır...
Amma indi mənim işim "dili-zarim"dəkini yazıb
bildirəndən və heç nədən hər şey
yaradan babalarımızın bizə bəxş etdiyi mənəvi-mədəni
mirasa daxil olan nələr varsa, bunların qorunub inkişaf
etdirilməsi, gələcək nəsillərə
çatdırılması ilə bağlı elə həmin
operanın "Sən söylə, mən eyləyim sərəncam"
ariyasındakı kimi işıqlı, mütləq ümidə
söykənməkdir...
Müasir dövrün insanı "tezbazar" əsrində,
"fastfud" çağında istisnasız hər şeyi
inanılmaz sürətlə istehlak edərək
yaşayır. Zamanın tələbi ilə diqqəti modern
texnologiyaya və səthi zövqlərə yönəlir. Bu
qaçaqaç içərisində akademik sənətin
sakitlik, dərinlik, təmkin tələb edən təbiəti
hərdən dayanmağımızı, dinləməyimizi,
eynən hindu-şamanların dediyi kimi, ruhumuzun qabaqda
qaçan bədənimizin sürəti ilə ayaqlaşması
üçün yavaşlamağımızı istəyir.
Simfonik musiqi özündə topladığı rəngarəng
melodiyaların minor-majoru ilə bəzən süni şəkildə
dramatikləşdirdiyimiz ömrümüzün notlarına təfəkkürlə
nəzər salmağımıza, həqiqi olanı
düşünməyimizə vəsilə olur. Həyatın
bəzən ağır ləpirlərlə üzərimizdən
keçdiyi vaxtda isə balet varoluşun mədəni
qütbündəki incəlik və gözəlliyin
balerinaların xəfif barmaqucu addımları,
duruşları ilə parallel mədəni dünyadakı zərifliyin
misilsizliyini bizə xatırladır. Balet xoreoqrafik dilin zəngin
ifadəsi ilə tamaşaçıya hərəkət və
musiqinin harmoniya içində birləşdiyi bir
dünyanın qapısını aralayır, burada hər bir
jest və addım yeni bir hekayə danışır. Və bu
hekayənin bəzən özümüzün
"roman"ından daha dəyərli hissəsini
yavaşlayaraq, ruhən dinc şəkildə olduqda anlaya
bilirik. Buna görə də akademik sənətin bəxş
etdiyi o ruhi sükunətdən qaçırıq.
Çünki dərinlərdə özümüzün bəsit
əyləncələr, məqsədsiz və kütləvi
yaşam "zövqi-səfası" ardınca qaçan
versiyalarımızla üzləşmək istəmirik.
Akademik sənətlər arxa plana atıldıqca, biz də bu
məsələlərin maddi və mənəvi həllinə
birbaşa rəsmi aidiyyəti və cavabdehliyi olan
qurumların bəstəboy məsuliyyətindən törəyən
çatışmazlıqları bəhanə bilib
"süni kütləvi mədəniyyət qələbəliyi"nin
içərisinə qarışırıq...
Formal mövcud olan akademik sənət sahələrimizin
içərisində "Qız qalası"ndan başlayan,
"İldırımlı yollarla" keçən "Babək"
kimi ötən əsrin 40-cı illərindən bəri tarix
səhnəsində görünən Azərbaycan baletinin vəziyyəti
bu gün xüsusilə aqonikdir: təxminən, zədələnmiş
ayaqları qan içərisində olan sənət fədaisi
bir balerinanın baş barmaq uclarına qalxıb zahirən
çox zərif, amma son dərəcə mürəkkəb və
zəhmətli "puant"lı balet elementinə bənzəyir...
Və bilirik ki, sənət nümayişindən çox can
çəkişməsini xatırladan bu tərzlə, "o
zədəli ayaqlarla" çox uzağa getmək
mümkün deyil... Belə candərdi, sadəcə
mövcudluq xətrinə var olan "sənət sevgisi
performansları" ilə növbəti möhtəşəm
"Yeddi gözəl", "Məhəbbət əfsanəsi"
yaranmayacağı hamımıza bəllidir... 2000-ci illərdən
sonra göydən düşən tək-tük "Sehrli
alma"nın sevinci ilə "Ümid valsı" oynamaqla
yoluna düşəcək işlər deyillər bunlar. Burada
mütləq dövlətin, ali rəhbərliyin diqqət və
qayğısının müvafiq qurumlar və cavabdeh məmurlar
tərəfindən daha fəal, bəhrəli şəkildə
həyata keçirilməsi vacibdir... Yeri gəlmişkən,
Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin
qorunması və düzgün, əhatəli təbliği ilə
bağlı uğurlu platformasını, bu unikal sənətimizin
layiq olduğu yüksək səviyyədən enməsinin,
xudmani "auditoriyalar"a məhkum qalmasının
qarşısını alan məqsədyönlü xəttini
örnək kimi mütləq xatırlamalıyıq. Bu
misilsiz örnəkdən ilhamlanaraq aidiyyəti strukturlar tərəfindən
akademik sənət cameəsinə xüsusi diqqət və
qayğıyla yanaşılsa, "Min bir gecə"
danışılacaq xarüqələrin yenidən
yaradılması mümkündür...
Yazının əvvəlində qeyd olunan
"lazım, yoxsa vacib" kriteriyasından yanaşsaq,
heç keçən əsrin əvvəllərindəki
"bəzi kəslərə" də millətin mənəvi
yüksəlişinə, estetik zövqünün
formalaşmasına yol açan nələrsə lazım
deyildi. Lazım kriteriyasına qalsaydı, "it
boğuşdurub xoruz döyüşdürən" o kəslərə
heç Cümhuriyyət də gərək deyildi onda.
Cümhuriyyət qurucularımız - o azman tarixi şəxsiyyətlərimiz
həmin dövləti qurmasaydılar, çar boyunduruğunda
yaşayıb poçt qutularının dibində məzlum
şəkildə məktub keşiyi çəkəcəkdik,
uzaqbaşı "Tarixi-Nadir"i yarıya qədər
oxuyub, Həsən bəy demiş, "Allahdan buyruq,
ağzımıza quyruq" deyib duracaqdıq. Haramıza
yaraşacaqdı akademik musiqi dinləyib milli "qəzetələrdən"
yazılar oxumaq? Fəqət, şükür ki, "müsəlmanların
millət təəssübü çəkən kəsləri
elə ondaca dərin, əsaslı narahatlıqla haray
qoparırdılar: "Bir gözünüzü açıb
dünyaya tamaşa edin və fikirləşin: Tələf
olmaqmı istəyirsiniz?"... Hələ onda o parlaq millət
təəssübkeşləri bilirdilər ki, tələf
olmaq təkcə fiziki baxımdan deyil, mədəniyyətinə,
dilinə, tarixinə, mənəvi irsinə sahib
çıxmayanda da baş verir... Onlardan sonrakı
böyük şəxsiyyətlərimiz, xüsusən Heydər
Əliyev kimi nəhəng dövlət adamı təhsilin, sənətin,
musiqinin inkişafını bir vəzifə kimi qəbul edir və
vurğulayırdılar ki, mədəniyyətin
inkişafı üçün teatr da, opera da, kino da, balet də,
simfonik musiqi də lazımdan da ötə - vacibdir.
Ümumən modern bəşər nəslinin həyatın
rutin axışında və maddiyyat axtarışında
olduğu, artıq mənəvi və estetik zənginlikləri
arxa plana keçirdiyi müasir çağımızda -
yalnız gözlə görünən və hər kəsə
"lazım" olanlardan iraqdakına - akademik sənətə
- ruhumuzu, düşüncə və zövqümüzü
formalaşdıran o əsl "vacib" olanlara sahib
çıxmaq ən önəmli missiyalardandır.
Çünki milli və bəşəri aspektdə gerçək
mənəvi kimliyimiz məhz ciddi mədəni irsin və
yüksək akademik sənətin qorunub inkişaf etdirilməsinə
bağlıdır.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.9.