Repressiya və
ədəbiyyat
Azərbaycan Milli Elmlər Akademiyası-80
(Əvvəli ötən sayımızda)
Repressiya ədəbi şəxsiyyətlər üzərində
sayıqlığını qoruyub saxladıqca sənətkar
köksündən kükrəyən yaralı mövzulardan
da, qan püskürür, inilti-sızıltı qopur, Vətənin
vəsfi, gözəlliyin, təbiətin tərənnümü,
insanlığın, xeyirxahlığın, mərdliyin, qəhrəmanlığın
öygüsü arxa plana keçirdi. Milli ruhlu şair,
yazıçı, sənət adamı repressiv təhdidlərin
basqısı altında xalqın bədii-estetik
zövqünü oxşayan əsl sənət əsərləri
yarada bilməz. Türk ədəbiyyatına, mədəniyyətinə
sevgi bəsləyənlərə, Türkiyə mətbuatında
şeirlər dərc etdirən müəlliflərə
qarşı məhdudiyyətlərin tətbiq edilməsi,
yasaq qoyulması təəssüf ki, get-gedə ölkədə
adi hal alırdı.
Türkiyədə şeirinin çap olunmasına
görə ölkədən sürgün edilən şairlərdən
biri də Almas İldırımdır (1907-1952). Onu
sürgünə aparan yolların tarixi 1927-ci ilin
ortalarından başlayır. Həmin ilin birinci
yarısına qədər o, Bakı Dövlət Universiteti
Şərq fakültəsinin Ədəbiyyat
("Slovesnostğ") şöbəsinə daxil olmuş,
yerli mətbuat orqanlarında əsərləri dərc
edilmişdir. Lakin 1927-ci ildə yazdığı və bir
"dostu" tərəfindən İstanbula göndərilərək
əvvəlcə "Həyat" (1927, № 34), sonra isə
M.Ə.Rəsulzadənin sahibi və baş mühərriri
olduğu "Yeni Qafqasiya" jurnalında ("1927, 31 temmuz
(iyul) № 21) çaplanan və Türkiyə heca
poeziyasının görkəmli nümayəndəsi Faruk
Nafiz bəyə (1898-1973) ithaf etdiyi "Dağlar"
qoşması 20 yaşlı gənc Almas
İldırımın karyerasında, həyat yolunda, taleyində
dəhşətli bir ildırım kimi çaxdı:
Toprağın cəvahir, daşların almas,
Şamlıqlar geyinmiş ipəkdən libas,
Bəzən bilməm neçin saxlıyorsun yas,
Quzğundan əsərkən yellər, a dağlar.
(Elmas Yıldırım. Dağlar // - İstanbul: Yeni Qafqasiya
dərgisi, 1927, 31 temmuz (iyul) № 21, s.313-314).
Şair vətən, sürgün və mühacirət
yaradıcılığında bu mövzuya dönə-dönə
toxunmuş, poeziyasında doğma yurdun "zümrüd
gözlü yamaclarında" güllər, lalələr
bitirən, daşı, torpağı cəvahirə, almasa bərabər
tutulan Azərbaycan dağlarının mükəmməl
obrazını yaratmışdır. Əzəmət, güc,
qüdrət rəmzi olan dağlar da, bəzən
için-için ağlayır, gizlincə yas saxlayır.
Şair "günahını" ədəbiyyat cəmiyyətində
səmimi etiraf etsə də, proletar tənqidçilər iki
məqamı İldırıma bağışlaya bilmirdilər.
Birincisi, şeir İstanbulda niyə məhz sovet rejiminin
qatı düşməni olan Məhəmməd Əmin Rəsulzadənin
dərgisində nəşr olunub? İkincisi, vətəni,
onun qüdrətini, sərvətini təcəssüm etdirən
dağlar haqqında yazılmış "Çəkilmiş
qəlbinə əskidən min dağ", "Zirvəndə
oynaşan rüzgarlar acı" və b. misralar Azərbaycanın
sovet rejiminin işğalı altında inlədiyinə
işarə deyilmi?
Süleyman Rüstəmin uzaqgörənliklə Almas
İldırıma əsəbi tonda söylədiyi "sizdən
proletar şairi çıxmaz" - qənaəti
özünü doğrultdu. Həqiqətən də
İldırım təqiblərdən, izlənmələrdən
yaxa qurtarmaq üçün çox çalışsa da,
bolşevik məfkurəli proletar şairi ola bilmədi.
"Dağlar"ın "Yeni Qafqasiya"da təcəllası
şairin həyatını zindana çevirir, onun
açıq-aşkar təqibini sürətləndirir. O,
1927-ci ildə yazdığı "Neçin" şeirində
qələm dostlarına, həssas oxucularına açıq
bəyan edir:
"Bilməm öz yurdunu sevən bir şair,
Neçin də bir cani kimi izlənir?" (Almas İldırım.Neçin
/ Boğulmayan bir səs // - Bakı: Avrasiya Press - 2007, s. 172).
A.İldırım incidici və
düşündürücü sualının cavabını
əslində özü birinci misrada
xatırlatmışdır. Şübhəsiz ki, onun "bir
cani kimi izlən"ilməsinin əsas səbəbi
"öz yurdunu sevən bir şair", milli ruhlu bir
ziyalı, istila ilə barışmaz mövqedə dayanan
düşüncə adamı olmasıdır. Əsassız təqib
olunduğuna, incidildiyinə görə inandığı,
arxalandığı dostlardan dəstək umur. Lakin dağlara
bənzətdiyi, arxalandığı dostlarının
çoxu şairdən üz döndərir. Dağıstana
sürgün edilərkən vəfalı "Dağlara
vida" deyir:
Döndü həp düşmən oldu, dost deyilən
hər nə var,
Barı sən dostluğunda möhkəm dayan, a
dağlar. (Almas İldırım. Dağlara vida / Boğulmayan
bir səs // - Bakı: Avrasiya Press - 2007, s. 150).
Dövrün, mühitin amansız təzyiqi, təpkisi
hətta dağların da dostluqda möhkəmliyinə skeptik
duyğular oyadır. Amma Almas İldırım dağlarla
dostluğunda möhkəmdir, etibarlıdır. Onun dağlara
həsr etdiyi çoxsaylı şeirləri bənzərsiz, təkrarsız,
emosional, poetik düşüncələrin
daşıyıcısıdır. Hətta şeirlərindən
birində "Bu dağlarçün mən əzəldən
bir şair doğulmuşam" - qənaətini xüsusi
vurğulayır.
A.İldırım 1927-ci ildə Bakı Universitetindən
xaric olunur və zorla sürgünə göndərilərkən
Siyəzənin Qızılburun dəmir yol stansiyasında
"Of, Bakı... bu ayrılıq mana ölümdən
ağır" - harayının əks olunduğu
"Dağlara vida" şeirini qələmə alır. Cəsarətli
düşüncələr bu şeirin misralarında
çırpınır, kükrəyir. Sözün
birbaşa mənasında İldırım dağlarla dərdləşməyi
bacarır. Ən əziz adama etibar edə bilmədiyi
sözü, sirri o dağlara üz tutub deyə bilir:
Nə düşər yurdu batmış
bir igidin payına?
Ya şərəfli istiqlal, ya qızıl qan, a
dağlar!.. (Elmas Yıldırım. Dağlara veda / Hazardan -
Hazara. Envar Aras // - TC Elazığ: Manas - 2007, s. 321).
"Yurdu batmış", işğal olunmuş,
ölkəsi əsarətdə inləyən, soyulan, tapdanan
igid elə Almas İldırımın özüdür, onunla
eyni ağrı-acıların daşıyıcısı olan
milli düşüncə sahibləridir,
ildırımların mənsub olduğu millətdir. Şair
istilaya qarşı barışmaz mövqeyini sərgiləyərək
"Ya şərəfli istiqlal, ya qızıl qan" - deyə
vətəni işğala məruz qalmış igidləri
açıq üsyana, azadlıq mübarizəsinə səsləyir.
Almas İldırımın Dağıstandan sonra
1931-ci ildə Türküstana sürgün olunması
haqqında qərar qəbul edilir. Dağıstandakı sərbəstlikdən
fərqli olaraq şairin Aşqabaddan kənara
çıxmağa ixtiyarı yox idi. Sürgünün əsas
səbəbini Bakı buxtasından gəmi ilə
uzaqlaşarkən yazdığı "Əlvida,
Bakı" şeirində çox dəqiq göstərmişdir:
Günahım - "Can!" dedim sənə,
qovuldum,
Acımadın bu qurbana, əlvida... (Elmas
Yıldırım. Dağlara veda / Hazardan - Hazara. Envar Aras // -
TC Elazığ: Manas - 2007, s. 325).
İldırım sürgünə gedərkən
iyirmi dörd yaşının tamam olduğunu bildirir, Çəmbərəkəndin,
Qız qalasının gözdən itdiyini xatırladır və
Bakıya üz tutaraq: "Bəlkə də dönmədim
sana, əlvida..." - deyir. Şairin öz taleyi, gələcəyi
haqqında uzaqgörənliklə, ilahi bir fəhmlə
söylədiyi bu düşüncələr təəssüf
ki, doğru çıxdı...
Almas İldırım Aşqabadda da az vaxt içərisində
ədəbi mühitə adaptasiya olunur, yerli camaata
qaynayıb-qarışır. Ənənəsinə sadiq
qalaraq ilk şeirini 1931-ci ildə Aşqabad
yaxınlığındakı "Kopet dağları"na həsr
edir. "Gəlmiş hüzuruna əsir bir şair" - deyə
dağlarla dərdləşmə, sıxıntı və
nigarançılığı həzin bir
pıçıltı ilə söyləniş bu şeirdə
də öz əksini tapmışdır.
Almas İldırım Aşqabadda nəşr olunan
"Zəhmət" qəzetində "Çadra
qurbanı", "Amu dərya",
"Saraylar yıxılarkən", "Qorkiyə" və
s. əsərlərini çap etdirmişdir.
O, Şamaxıdan sürgün olunmuş bir ailənin
qızı - Zivər xanımla tanış olur, gənclər
bir-birini böyük məhəbbətlə sevir. 1932-ci ilin 1
may günü İldırım bəy və Zivər
xanım ailə qururlar. 1933-cü il mart ayının 1-də
bu xoşbəxt cütlüyün ilk oğul övladı
dünyaya gəlir. Adını didərgin
salındıqları böyük vətənin şərəfinə
Azər qoyurlar...
Ədəbi-mədəni sahədə səmərəli
fəaliyyətinə baxmayaraq, Almas İldırımın əleyhinə
təbliğat işlərinin
qızışdırılmasına start verilir. O,
müsavatçılarla sıx əlaqədə
günahlandırılır, əsərləri sərt tənqidə
məruz qalır. Şair "Zəhmət" qəzetinin
1932-ci il 27 aprel sayında "Öz haqqımda" adlı
yazı çap etdirir. Yazıda deyilir: "...bən
gözümü açıb bu mühiti görən və
islah olunmaq qabiliyyətinə malik bir gənc şairəm".
Bunu "Azərnəşr" nəzərə alaraq
"Dağlar səslənirkən" adlı
kitabçamı proletar yazıçılarının
göstərişi ilə çap etmişdir. Hətta 30-cu
ildə, haman kitabça çap olunmadan əvvəl Azərbaycan
proletar yazıçılarının bir
yığıncağında Mehdi Hüseynzadə
yoldaşın məruzəsi ilə təhlil və tənqiddən
keçərək nəticədə bəni bir
cığırdaş (poputçik) adlandırmaqla son
zamanlardakı fəaliyyətimə yekun vurulmaqla bənim tədricən
proletar ədəbiyyatına doğru gəldiyim dəxi qeyd
olunmuşdur.
Buna baxmayaraq, Azərbaycan proletar
yazıçılarının pleniumunda S.Rüstəmin yenə
də 25-ci ildə yazdığım "Sevdiyim" adlı
bir şeirə əsaslanaraq bugünkü ədəbi fəaliyyətimə
göz yumaraq bəni sinfi düşmən şairi
adlandırması yersiz olsa gərəkdir.
S.Rüstəm bilməlidir ki, o zaman o özü də
haman təsirlərdən qurtarmamışdı və yenə
də bilməlidir ki, illər çox sürətli hər
bir şey öz əski halında buraxmayan illərdir. O
zamandan 7 il keçir... bəndə o təsirlərdən əsər
belə qalmamışdır" (Almas İldırım.
Öz haqqında / - Aşqabad: Zəhmət qəz., 1932, 27
aprel).
"Zəhmət" qəzetinin məsul redaktoru C.Xəlilovun
təkidi ilə Almas İldırımın yazdığı
etiraf məktubu Bakıdan gələn tənqid selinin
qarşısını kəsməkdə gücsüz idi.
Ədəbiyyat funksionerləri şairin etirafından sonra daha
da qızışırlar. "Gənc işçi",
"Zəhmət" qəzetlərində əleyhinə
ifşaedici materiallar dərc olunur. Almas İldırım
mühacirətə getmək üçün yollar aramağa
başlayır. Nəhayət həyat yoldaşı Zivər
xanımla və üç ay yarımlıq körpəsi Azərlə
1933-cü ilin iyun ayının 19-da gizlincə Aşqabadı
tərk edir.
Almas İldırımın altı illik
üzücü, əzablı sürgündən sonra məşəqqətli
mühacirət həyatı başlayır, ailəsi və
körpə oğlu ilə əvvəlcə İrana, müəyyən
müddətdən sonra isə Türkiyəyə üz
tutur...
"Kim məni saldı bilməm dayanılmaz bu dərdə,
Nerdə mənim öz yuvam, öz elim,
günüm nerdə?" (Elmas Yıldırım.
Yaralı olmasaydı / Hazardan - Hazara. Envar Aras // - TC
Elazığ: Manas - 2007, s. 456).
- deyən vətənpərvər şairin həyatda
yaşadığı yurd, ev-ocaq həsrəti, düşmən
hiyləsi, namərd tələsi və bütün
bunların verdiyi mənəvi iztirablar, ağrı-acılar,
sızıltılar həssas və sevgi dolu qəlbindən
misralara süzülərək hüznlü,
düşündürücü hayqırış
simfoniyasına çevrilirdi.
lll
Sovet rejiminin humanitar sahə üzərində
çoxyönlü və müxtəlif kalibrli repressiv
hücumlarının apogeyi, pik nöqtəsi şübhəsiz
ki, 1937-ci ildir. Fəlakət və faciə
dalğasının təsir radiusu sabiq Sovetlər Birliyinin ən
ucqar kəndlərini, aullarını belə əhatə
etmiş, insan talelərinə, sənətkar ömrünə,
öz mənfur izini buraxmış, damğasını
vurmuşdur.
Ədəbiyyatşünaslıq sahəsində həyata
keçirilən irimiqyaslı elmi-tədqiqat işlərinə,
zəruri təşkilati islahatlara baxmayaraq, 1937-ci ilin
repressiyaları Dil və Ədəbiyyat İnstitutunun
kollektivindən də yan keçmədi. Ağır cəza tədbirlərinin
ilk dalğası Dil və Ədəbiyyat İnstitutunun
direktor müavini vəzifəsini icra edən, elmi katib Hənəfi
Zeynallını hədəfə aldı.
Hənəfi Baba
oğlu Zeynallı (1896-1937). Bakıda anadan olmuş, 6
yaşında yetim qalmış, ana himayəsində
böyüyərək əvvəlcə 7-ci Rusi və müsəlmai
məktəbini, sonra isə Alekseyev adına 3-cü Ali-ibtidai
məktəbi bitirmişdir. 1915-ci ildə Bakı Sənaye Məktəbinə
daxil olmuşdur. 1917-ci il 1 yanvar tarixində Hənəfi
Zeynallı dostu Cəfər Cabbarlıya yazırdı:
"Sevgili qardaşım, Cəfər! O gün sənin ilə
görüşdük. Lakin vaxt əl vermədim ki, sənin
öz həyatından, dərslərindən ədəbiyyatda
cəhd üçün işlədiyindən hali olum.
Bakıda ... çox qalmadım. Fəqət bu fikir ilə mən
də, aradım. Narahat oldum ki, sən neyləyirsən... Sən...
əzizim... bənövşələrdən birisən. Həvəsini
daha artır. Gələcəkdə bizim millətdə də
səni Tofiq Fikrət, Namiq Kamal kimi, ingilislərin Şekspiri,
almanların Hötesi kimi görmək istəyirəm. Afaq
fikirlərini aç, başqa əsərlərdən oxu.
Mütaliədə bir şey tapdıqda, sən
başkasını yaradarsan. Bəlkə ondan daha qüvvətli
yazarsan. Özündən muğayat ol! Şair və ədib
millətə lazımdır!.. 1/1-1917".
(Ardı var)
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.13.