HƏLƏ BİTMƏMİŞ
SÖHBƏT
Onu tanıyan azdır, amma sözləri az qala
hamının yaddaşında onillərdir ki, bir nəğmənin
məhrəm sədalarında yaşamaqdadır. Şair
Şeyda Əziz əslən Dərəçiçək
mahalından idi. 1889-1957-ci illər arasında ömür
sürdü, uzun olmayan həyatının narahatlıqları
çox oldu, amma insanlara adını, xatirəsini yaşadacaq
bulaq suyu kimi saf şeirləri də yadigar qaldı.
"Mən arifəm, işarədən qananam, Kəlməni
başlayıb sözə gələndə". İndi
sözümü başlamaq istərkən yaddan
çıxmış Şeyda Əzizin bu misraları hafizəmdə
dolaşır, çünki niyyətim elə söz
içində insana mətləb qandırmaqda vacib olan bir
işarəcik haqqındadır.
Bu işarə bizə kənardan gəlmədir və
mahiyyəti etibarilə dilimizin təbiətinə yaddır.
Lakin dünyada nə tərtəmiz, cılxa öz sözlərindən
ibarət dil var, nə də bizim dil bu baxımdan
istisnadır.
Əsrlər boyunca minlərlə əcnəbi kəlmə
dilimizə təşrif gətirdiyindən və onların da
böyük hissəsi zaman keçdikcə bizimkiləşərək
istifadədə az qala doğma sözlərimiz qədər
gündəlikləşdiyindən, həmin əcnəbi
sözlərin bir qisminin təbiətinə uyğun olaraq
apostrof hadisəsi də dilimizə köç edib.
Ona görə də XX əsrin ortalarından etibarən
vaxtaşırı olaraq əlifbamızda "qalsın, ya
qalmasın" mübahisələri doğurmuş apostrofdan
biz bu gün sadəcə bir işarə kimi deyil, məhz
haqqında ciddi və həssaslıqla düşünülməli
özünəməxsus dil hadisəsi kimi bəhs etməliyik.
Sözlər dilin şəhərində gəzib-dolaşan,
öz həyatını yaşayan insanlar kimidir.
Yazımızdakı işarələrsə həm bu şəhərdəki
insanlara, həm də maşınlar üçün hərəkəti
tənzimləyən nəqliyyat işıqlarına, yol
nişanlarına bənzəyir.
Lakin apostrof yazıdakı digər vacib, heç kimin
də atılması barədə qara-qura fikirlər
ağlına gəlməyən nöqtə, vergül,
qoşa nöqtə, üç nöqtə, sual, nida işarələrindən
fərqli olaraq, yalnız işarə deyil, həm də müəyyən
mənada hərfdir, özü də sadəcə hərf deyil,
çoxfunksiyalılığa malik olan, bir neçə hərfin
yükünü daşımağı bacaran önəmli dil
elementidir.
Hərflə durğu işarələri
arasındaymış kimi olan, amma hər halda daha çox hərflərə
yaxın apostrofu elə həmin səbəbdən də adətən
əlifbanın sonunda yerləşdiriblər. Adına işarə
deyilsə də, mahiyyətindəki hərflilik siqlətinə
görə sonuncu pillədə qərar tutsa da, hərflər
cərgəsinə qatılıb.
Apostrofun varlığı təqribən 1000-ə
yaxın sözümüzün taleyi ilə
bağlıdır. Onlardan təqribən 950-si VII-VIII
yüzillərdən başlayaraq dilimizə varid olmuş ərəb-fars
kəlmələridir.
Həmin aşağı-yuxarı 950 sözün
üçdəikisi XIX əsrin sonu, XX əsrin əvvəllərinədək
dövriyyədə olsa da, indi fəal şəkildə
mövcud olanlarının miqdarı 30 civarındadır.
Ehtimal budur ki (və həmin güman da dil proseslərinin
izlənilməsinin məntiqindən yaranan qənaətdir),
hazırda işlənməkdə olan və apostrof istəyən
ərəb-fars mənşəli kəlmələrin əksəri
asta-asta ana dilimizdən qaynaqlanan ya əski, ya yeni
yaradılacaq sözlərlə əvəzlənəcək.
Lakin həmin 900-dən çox söz canlı dilimizdən,
nitqimizdən çıxsa da, klassik ədəbiyyatımız
öz yerindədir və həmin sözlər də əski
şeirimizin qoynunda ömrünü davam etdirir.
Biz də bu 950 rəqəmini İzzəddin Həsənoğludan
başlayaraq ta Sabir, Cavid, Vahid kimi şairlərimizədək
olan 8 əsrdən uzun bir dövrdə yaranmış ədəbi
mirasımızı təhlil edərək müəyyənləşdirmişik.
Demək olar ki, həmin iri vaxt kəsiyi boyunca
yazıb-yaratmış bütün böyük şairlərimizin
"Divan"larını və məsnəvilərini
araşdırmaya cəlb etdiyimizdən bu tədqiqatdan kənarda
qalan söz ustalarının irsi içərisindən uzaq
başı 10-15 əlavə söz tapıla bilər ki, bu da
bütövlükdə bizim gəldiyimiz nəticələri əsaslı
şəkildə dəyişməz.
Böyük dilşünas akademik N.Y.Marrın tələbəsi
olmuş görkəmli filoloq Əkrəm Cəfər sonralar ədəbiyyatşünaslıq
və şərqşünaslıq istiqamətində daha
çox fəaliyyət göstərsə də, yolunu
dilçi kimi başlamışdı və Azərbaycan rus
qrafikası əsasında düzəldilmiş yeni əlifbasına
keçəndən sonra ilk dəfə nəşr edilən
"Orfoqrafiya lüğəti"nin yaranmasında bilavasitə
iştirak edənlərdən idi. Nəşrin müəllifləri
kitaba yazdıqları müqəddimədə lüğətin
təkmilləşdirilməsində iştirak edənlər
sırasında Şəmsəddin Abbasov, Məmmədağa
Şirəliyev, Səttar Axundov, Hacı Əliyevlə
yanaşı Əkrəm Cəfərovun da adını qeyd
edirlər.
1950-ci illərin ortalarında orfoqrafiya
qaydalarımızda yeni dəyişikliklər edilməsi ilə
bağlı təşəbbüslər və hərəkətlər
artan dövrdə Əkrəm Cəfər həmin
gedişatı diqqət və həyəcanla izləyənlərdən
idi. Söz yox, o, ayrı-ayrı müzakirələrə
qatılır, sanballı sözünü də söyləyirmiş.
Bunu mənə vaxtilə özü danışırdı.
Lakin arxivində qalan bir əlyazması onun bu yöndəki
düşüncə və baxışlarını artıq əyani
şəkildə əks etdirməkdədir. "Orfoqrafiyamız
və əlifbamız haqqında" adlı və o vaxt
"Kommunist" qəzetində dərc olunmaq
üçün hazırladığı həmin qeydlərində
Əkrəm Cəfər öncə diqqəti orfoqrafiyada
islahatlar məsələsinə cəlb edərək bunun
yalnız ən zəruri hallarda edilməsinin
mümkünlüyünü, həm də köklü deyil,
konkret detallarla bağlı və ehtiyatla
aparılmasını vurğulayır: "1954-cü ilin
axırlarında akademik Obnorski (XX əsrin əvvəllərində
Peterburq Universitetində məşhur dilçi və
tarixçi A.A.Şaxmatovdan
[1864-1920] dərs almış Sergey Petroviç Obnorski [1888-1962]
ən mötəbər rus və sovet linqvistlərindən
sayılır, qiymətli tədqiqlərindən savayı, rus
dilinin 17 cildlik akademik lüğətinin əsas
yaradıcılarından idi - R.H.) bir məqaləsində
yazmışdı: "Nəzərə almaq lazımdır
ki, orfoqrafiyanı tez-tez islah etmək fayda deyil, ziyan gətirir".
Təcrübəmiz akademikin mülahizəsini təsdiq edir.
Ziyalılarımızın və məktəblilərimizin
imla işində zəifliyi, savad işində geriliyi bir də
bizdə olmuş keçmiş orfoqrafik islahat işlərindəki
nöqsanlarla izah olunur. İslahat öz-özlüyündə
yaxşı şeydir, irəliyə doğru hərəkətdir.
Lakin onun həyata keçirilməsi üçün ciddi elmi
hazırlıq görülməsə, bu hərəkət mədəni
inkişafımızı irəliyə deyil, geriyə çəkə
bilər".
Daha sonra isə Əkrəm Cəfər həmin
yazısında bilavasitə iştirakçısı və
müşahidəçisi olduğu 1940-cı illərə
aid orfoqrafiya müzakirələrini, ardınca 1954-cü ildə
bu istiqamətdəki yeni cəhdləri xatırlayır,
qabartdığı yaxşı və yaman tərəflər
sırasında apostrofu ləğv etmək
çağırışlarını mənfi
qarşılayırdı: "1940-cı ildə biz
imlamızı dəyişdirdik. Bu, lazımdımı?
Lazımdı. Çünki o zaman biz yeni əlifbaya
keçirdik. Bu münasibətlə orfoqrafiyamız ətrafında
bir neçə ay müzakirələr getdi. Partiyanın Mərkəzi
Komitəsində, Xalq Komissarları Sovetində, Azərbaycan
Elmlər Akademiyasında, "Kommunist" qəzetinin Stalin
adına klubunda, müxtəlif mətbuat orqanlarında dəfələrlə
imla məsələləri üzrə mübahisələr,
müzakirələr təşkil edildi. Bunların nəticəsində
indiki orfoqrafiya qaydaları və lüğəti
yaradıldı (Azərbaycan Respublikası Xalq Komissarları
Sovetinin 1940-cı ildəki 2921 saylı "Azərbaycan
dilinin orfoqrafiyası" adlı qərarı nəzərdə
tutulur - R.H.). Həmin orfoqrafiya bəzi xırda istisnalar nəzərə
alınmazsa, əsas etibarilə bugünə qədər
yazı mədəniyyətimizdə tətbiq olunmaqdadır.
Deyə bilərik ki, onda köklü islahatlar tələb edən
böyük nöqsanlar da yoxdur. Buna baxmayaraq, 1954-cü ildə
onun bəzi qaydalarını dəyişdirmək istədilər.
Məsələn, yaxşı tədqiq etmədən, elmi
yollarla əsaslandırmadan apostrofu atmaq, "-stan" şəkilçisində
samitlə bitən kökdən sonra saiti atmaq və s.
"yeniliklər" yaratmaq istədilər. Bu "yeni
qaydalar" da təsdiq edildi, amma həyata keçirilmədi.
Bununla da sübut edildi ki, bu cürə "islahat" bizə
lazım deyil, praktikada o, ancaq ziyan gətirə bilər. Bunun
ziyanlı olduğunu mətbuatımız və birinci növbədə
"Kommunist" qəzeti və onun təcrübəli
işçiləri qabaqcadan gördülər, bu əsassız
"yenilikləri" haqlı olaraq qəbul etmədilər.
Bunu qəbul edib həyata tətbiq etsəydilər,
orfoqrafiyamızda yenə bir sıra hərc-mərclik əmələ
gələcəkdi. Bu ziyandan yazımızı qorumuş olan
"Kommunist" qəzeti redaksiyasına biz ancaq təşəkkür
etməliyik".
Dilimizi tarixin çətin sınaqlarında yad dillərin
bəd təsirlərindən hifz edən, bir sıra hallarda isə
ərazilərimizi qəsb etmişlərin eyni
işğalı öz lisanları vasitəsilə dilimizə
də tətbiq etmək niyyətlərinin
qarşısının alınmasına əsas səbəb
dilimizin mahiyyətində nəbz kimi vuran müqavimət
hissidir.
Bu duyğunu dil və millət təəssübü
çəkən hər kəs elə dilin özündən əxz
etməlidir.
Əkrəm Cəfərin bu yadigar
yazısındakı təşəkkür hissəsini təsadüfən
saxlamıram. Həqiqətən, sovet dönəmində həmin
qəzet ən çox sayda buraxılan gündəlik nəşr
olmaqdan əlavə, həm də dilimizin
saflığının, dürüst ifadəsinin keşiyində
dayanan əsgər kimiydi. Çünki həmin redaksiyada həmişə
Azərbaycanın ən nüfuzlu ədib və jurnalistləri,
həm qələmcə, həm şəxsiyyətcə
güclü yaradıcıları fəaliyyət göstərmişlər.
Bunu da unutmayaq ki, sovet dönəmində ən birinci siyasi qəzetin
qəbul edilmiş qərarın əksinə olaraq
yanlış saydığı qaydaları yazıda tətbiq
etməməsi sadəcə müqavimət deyil, zamanına və
şəraitinə görə hətta siyasi dikbaşlıq
idi.
Bu gün isə gerçəkliyimizdə dil
normalarına doğru riayətin əsas aparıcı qüvvəsi
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-dır ki,
imla məsələləri ilə bütün həssas
müzakirələrə o kollektivi həmişə yaxından
cəlb etmək vacibdir.
Bu əhvalatı xatırlatmaqda qabartmaq istədiyim digər
məqam da odur ki, orfoqrafiyamızla bağlı qəbul
edilmiş məqbul sayılmayan qərarların işləməməsi
və geriyə çağırılması təcrübəsi
əvvəllərdə də olub və oxşar hallarda gələcəkdə
ola biləcəyi də istisna edilməməlidir.
Klassik ədəbiyyatımızsız biz bir xalq olaraq
yoxuq. Var olduğumuz müddətcə bu söz sərvəti
bizi müşayiət edəcək və hamımıza azərbaycanlı
olmağın dərslərini verəcək, ruhumuzu öz ahənginə
kökləyəcək, düşüncəmizi, dilimizi,
nitqimizi, yazımızı səmtləndirəcək. Biz
klassik ədəbiyyatımıza tabeyik. Və bu, sevgi kimi
könüllü, doğma bir asılılıqdır.
Özümüz onunla aramızda ixtilaflar, maneələr,
anlaşılmazlıqlar yaratdıqca itirən o yox, biz
olacağıq, tədricən özlüyümüzdən, əslimizdən,
kökümüzdən aralanmaq təhlükəsi artacaq.
Ancaq başqa bir təhlükə də var.
Biz burada - Azərbaycan Respublikasında vətəndaşımız
olan digər milli azlıqlarla birlikdə 10 milyondan çoxuq.
İranda - Güney Azərbaycanda isə artıq 40
milyonu keçmişik.
Bizi bir edən, eyni edən, sərhədlərin ən
qapalı çağlarında da aramızda heç bir
ayırıcı məsafə yoxmuş kimi yaxın edən ən
mühüm ortaq dəyərlərdən biri, bəlkə də
ən birincisi bədii sözümüz, ədəbi dilimiz,
milli ədəbiyyatımızdır.
Həmin 40 milyondan çoxun əski ədəbi
dilimiz kimi qəbul etdiyi klassik ədəbiyyatımız,
müasir ədəbi dil kimi tanıdığı Quzey Azərbaycanda
XX əsr boyunca mükəmməl bir hala gətirilmiş,
cilalanmış, qaydaları-qanunları tənzimlənmiş
yazı dilimizdir.
Ona görə də rəsmi ədəbi dilimiz və
ona birbaşa bağlı orfoqrafiyamızın üstündə
naşı eksperimentlər etdikcə biz bir tərəfdən
klassik ədəbiyyatımızla bugünkü və gələcək
insanlarımız arasında dərinə işləyən
çatlar salacağıq, o biri yandan da Cənubi Azərbaycandakı
40 milyondan artıq soydaşımıza daha da
yaxınlaşmaq əvəzinə onlardan daha çox
uzaqlaşmağa üz qoyacağıq, onlardan daha çox fərqlənməyə
başlayacağıq.
Onsuz da bir parçalayıcı faciəmiz artıq
var və ondan qurtulmaq bundan sonra hətta mümkünsüz
kimi görünür.
Cənubdakı bacı-qardaşımız ərəb
əlifbası ilə yazıb-pozur, biz latınla.
Bir millətin iki minillikdə 4 dəfə əlifba dəyişməsi
böyük milli dərddir: əvvəlcə əski türk
yazısından ərəb əlifbasına keçmişik,
sonra ərəb əlifbasından latın qrafikasına, oradan
kirilə, ardınca yenə latına. Amma bundan da qat-qat
ağır dərd bir millətin bu gün də bir hissəsinin
bir, digər hissəsinin ayrı bir əlifba işlətməsi
gerçəkliyidir.
Apostrof o iki əlifbanı bir-birinə
yaxınlaşdıran, oradakı tələffüzlə
buradakı oxunu müştərək edə bilən vacib körpülərdəndir.
Onlar ərəb əlifbasını işlətdiklərindən,
yazılarında ayn hərfi və həmzə olduğundan
hansı sözü necə oxumağı, vurğunu harada
qoymağı rahatca müəyyənləşdirirlər.
Biz isə apostrofsuz bu imkandan məhrum oluruq.
Xüsusən klassik ədəbiyyatımızı düzgün
oxuya (və hətta müəyyən məqamlarda
apostrofsuzluğun yaratdığı alatoranda bəzi kəlmələrin
mənasını da doğru anlaya bilməkçün) bu
işarə bizə lazımdır.
Azərbaycan dilinə ərəb və farscadan
keçmiş və yazımızda apostrof tələb edən
900-dən artıq sözün vaxt gedişində ələnərək
müasir dilimizin gündəlik danışıq və
yazı dövriyyəsində iki-üç faizi
qalmışsa da, bu tarixən baş vermiş təbii
arıtlanma prosesi apostrofdan istifadəyə "yox" deməkçün
əsas sayıla bilməz. Hətta ola bilər ki, müəyyən
vaxtdan sonra biz nə "mə`na", nə "mə`zuniyyət",
nə "vüs`ət", nə "mə`dən", nə "sə`y", nə
"rə`y"... sözlərini işlədək.
Dil getdikcə təmizlənir, saflaşır və
işlək qatdan çıxan apostroflu əcnəbi sözlərin
yerini ya dilimizin daxili imkanları və sözyaratma
üsullarına müvafiq olaraq təzə yaranan uğurlu
sözlər tutur, ya da əski türkcəmizdən
hansısa uyğun söz bugünə gətirilir.
Lakin məhz klassik ədəbiyyatımızın
varlığı, ondan daimi istifadəmiz, 900-dən artıq
apostrofla yazılan sözün solmaz söz incilərimizdəki
diriliyi hökm edir ki, apostrof qalsın.
Məhəmməd Füzuli bizim taleyimizə
Tanrıdan yazılıb. Ondan imtinamız, ondan
ayrılmamız mümkünsüzdür. Yüzillərdir
Füzulini oxuyuruq, bizdən sonra da yüzillər boyu oxuyub
zövq alacaqlar.
Lakin Füzulinin apostrofları
götürülmüş bir şeirini bu gün Azərbaycanda
neçə nəfər düz oxuya bilər?
Bircə bu işarənin yazımızdan gedişiylə
hətta dilin ritmi, musiqisi, vurğusu, ahəngi dəyişir.
Apostrofun dilimizdə birbaşa yerinə yetirməli
olduğu funksiyadan savayı onun yerinə yetirə biləcəyi
ayrı bir vəzifə, verə biləcəyi digər fayda
da unudulmamalıdır. Xarici ad və soyadlar, əcnəbi
müəlliflərin yazımızda hal şəkilçiləri
əlavə edərək işlədirkən bəzən həmin
ad, yaxud soyadın dəqiq qavranılmasında çətinliklər
əmələ gəlir. Tutalım, "Braunun əsəri",
yaxud "Levinin fikri" yazılanda oxucu bu soyadlarla ilk dəfə
qarşılaşırsa, heç vəchlə əminliklə
müəyyən edə bilməz ki, burada yiyəlik hal şəkilçisi
"Braun", ya "Brau", ikinci halda "Levi", ya
"Levin" sözlərinə artırılıb. Səhv
başa düşmək bir yana, bu qəbil iradədən
asılı olmayaraq baş verən xətalar hansısa vacib
yazı və ciddi sənədlərdə soyadın təhriflə
təkrarlanmasına gətirib çıxarar ki, belə qələtlərin
sonra yarada biləcəyi mümkün inciklik, narazılıq,
hiddət və sairənin yüz cür ssenarisi ağla gəlir.
Heç xarici adları bir kənara qoyaq. Zahirən sanki nabələd
olmadığımız öz dilimizdə də oxşar
qüsuru təkrarlamaq ehtimalı həmişə var və
burada da bizi yenə apostrof xilas etmək gücündədir.
Söz məsəli, bizlərdə Məti ad da var, Mətin də.
Yiyəlik hal şəkilçisi birləşdiriləndə
oxucu hansı meyarla müəyyən etsin ki, söhbət bu
adlardan hansından gedir. Və ya görün bir cümlə
içərisində bu iki ad yanaşı gələrək
yiyəlik hal şəkilçisi qəbul etsə, hansı
qatmaqarışıqlıq və dil pintiliyi yaranar: "Bu
işdə Eldarın, Aslanın, Mətinin və Mətinin əli
var". Yazan öz aləmində bilir ki, burada söhbət Mətidən
və Mətindən gedir, bəs zavallı oxucu bu tapmacadan nə
təhər baş çıxarsın? "Məti`nin",
"Mətin`in" yazanda isə hər şey yoluna
düşür.
Odur ki, apostrofdan əcnəbi ad və soyadlarda (həm
də yalnız Avropa mənşəlilərdə deyil, elə
Şərq dilləriylə gələnlərdə də) hal
şəkilçilərindən öncə qoyulan
ayırıcı işarə kimi istifadə etmək məqsədəuyğun,
hətta zəruridir. Dünyanın bir sıra müasir və
aparıcı dillərində də bu məntiqli və gərəkli
təcrübədən yararlanırlar.
Yazımızda naşılıq ucbatından,
dilçi olmayanların, ya dilçilikdə piyadaların səriştəsizliyi,
yaxud da dilimizə məqsədli şəkildə qəsd
törədənlərin hökmü ilə
çıxarılmış apostrof qaytarıldıqdan sonra
qeyd etdiyimiz hallarda ondan istifadə edilməsi, sözsüz ki,
xeyir verərdi.
Apostrofdan düşünülməmiş imtinanın
doğru olmamasının ən üzdəki dəlillərindən
biri də odur ki, Avropa dillərinin bir çoxunda bu işarə
var, uğurla istifadə edilir və mahiyyəti etibarilə bu,
beynəlxalq, universal bir dil elementidir. Avropa dilləri ilə
müqayisədə isə apostrofun bizim dilimizdəki yeri daha
görünən, vəzifələri daha çoxdur. Məsələn,
apostrof ingilis dilində yiyəlik halı ifadə edə bilir,
fransızcada müəyyən fonetik qaydalara görə
buraxılmış "a", "e", "i" saitlərini
əvəzləyir, alman dilində vurğusuz saiti əvəzləyir,
danışıq dilinin özəlliklərini
çatdırır, nitqin sürətini göstərir. Ancaq
Azərbaycan türkcəsində, həm klassik, həm də
müasir dilimizdə apostrofun daşıdığı vəzifələr
digər dillərlə müqayisədə daha çox, daha
geniş və daha əvəzedilməzdir.
Birincisi, apostrof saitlə samit arasında qoyularaq saitin
uzadılması zəruriyyətinə işarə edir. Təbii,
bunların hamısı gəlmə sözlərdir və
tarixi gedişatda o sıradan olan bir çox sözlər fəal
dil dövriyyəsindən çıxaraq dilin işlək
olmayan, ya az işlək qatına keçib. Ancaq elə bu
gün də işlənənləri az deyil. Digər tərəfdənsə,
bizim əski ədəbiyyatımız var axı! Köhnə
nəsil həmin sözlərin işlək zamanından
düzgün tələffüzünü elə
yazısız da, şifahi olaraq da xatırlayırdı,
kitabda-dəftərdə isə bəzən lap mənasını
dəqiq bilmədiyi o sözləri apostrofun sayəsində
dürüst tələffüz edirdi. Müasir nəsil, ərəb-fars
dillərindən daha az xəbərdar olanlar vaxtilə
apostroflu olmuş, indi apostrofsuz qalmış sözlərin
çoxunu dilə səhv gətirir. "Məna", "məbəd",
"mömin", "əla", "rəna" sözləri
hər gün dilimizdədir. Onları "məəna",
"məəbəd", "möömin", "əəla",
"rəəna" kimi tələffüz etməsək, məna
çıxmaz, vurğunun da yeri dəyişər, bunlar
başqa anlaşılmaz sözə, ya hərflər
yığınına çevrilər. İki "ə",
iki "ö" yazmırıq, amma apostrofu da dəfn
etmişik. Bəs necə olsun?! Sənin dilini bilməyən və
kitabla öyrənmək istəyən ingilis açıb
baxacaq dilçilik kitablarına, öyrənəcək ki, bu
dildə təbiətən uzun sait yoxdur, ona görə də
qarşısına çıxan "tərif"
sözünü vurğunu sona qoyaraq, "ə"ni
uzatmadan, elə yazıldığı kimi oxuyacaq. Amma
küçəyə çıxıb eşidəcək ki,
burada camaat bir-birinə "tərif" demir, "təərif"
deyir. Ona görə gərək hökmən işarəni gətirək
qoyaq yerinə ki, dil onu bu kökə salmışların əzabından
qurtulsun: "mə`na", "rə`na","tə`xir",
"tə`sir"... yazaq.
İkincisi, əksinə olur - yəni apostrof samitlə
sait arasında gəlir, ayırıcı vəzifə
daşıyır. Belə sözlərin dilimizin dibinə
çökənləri çöküb, amma "sürət"
elə əvvəlki sürətlə işlənməkdədir,
"cürət" də, "ənam" da digər bir
çox bu sözlər də həmin sayaq. Klassik şeirimizdə bu qəbil
sözlər yüzlərlədir. Yaxşı, tutalım,
"məsul" yazılanda məşhur söz olduğundan
da əksəriyyət bu kəlməni elə köhnə
yaddaşla "məs`ul" oxuyacaq, bəs təzə
çap olunmuş klassik poeziyaya aid kitabda bir şeirdə
qarşısına mənasını lüğətsiz
anlamadığı "ləmə", "mələbə",
"ilələbəd"... sözləri çıxanda
neyləyəcək? Axı bu sözlərdə apostrof
qoyulmasa, bu kəlmələr
"ləm`ə", "məl`əbə",
"iləl`əbəd" kimi yazılmasa, müasir Azərbaycan
oxucusu həmin kəlmələri öz dilinin səs və
vurğu yatımına uyğun tələffüz edəcək
və dərhal vəzn pozulacaq. Apostrof olanda isə sözlərin
heç mənasını bilmədən də düz
oxuyacaq. Yaxud həmin samitlə sait arasında apostrofun gəldiyi
daha bir yetərincə məşhur söz: "nəş`ə".
Apostrofsuz yazılanda bu söz ləzzətdən, zövqdən
əvvəl oxuyanın yadına tiryəki salacaq (Hərçənd
tiryəkilərçün nəşənin də öz nəş`əsi
var). Hələ mən onu demirəm ki, apostrof
qoyulmadığından indi çoxları bu sözdəki
vurğunun, ayırıcılığın da yerini taydəyişik
salır, "nəş-ə" deyil, daha çox "nə-şə"
kimi tələffüz edir.
Üçüncüsü, dilimizdə indi də bol
olan bir çox təkhecalı sözlərin arasında, bir
qisim də tək və çoxhecalı sözlərin sonunda
işlənən apostrofdur ki, indi onun da yoxluğu hər an
narahatlıq oyadır.
Apostrofun gərəksizliyini iddia edən və dilin
tarixi, təbiəti, tələblərindən yetərincə
agah olmayan, amma hətta elmi dərəcələr
daşıyan bir paralar apostrof həmlələr əsnasında
bəyan edirdilər ki, guya bu qəbildən olan bir çox
sözləri xalq artıq öz dilimizin səs ahənginə
uyğunlaşdıraraq deyir, həmin səbəbə görə
də apostrofdan qurtulmağı həyat özü təklif
edir. Belələri "lə`1"i guya artıq
hamının "ləl", "sə`y"i hər kəsin
"səy" kimi tələffüz etdiyini nümunə gətirirdilər.
Əvvələn, heç də hamı yox, dili yaxşı
bilməyənlər, sözün əsl mənasından bixəbərlər
o sözləri və o kəlmələri
apostrofsuz işlədə bilər. Savadlı adam, ana dilinin
oturuşmuş qaydalarına riayət edən şəxs
"bə`d"i heç vaxt "bəd", "və`z"i
əsla "vəz" kimi deməz. Çünki dərhal məna
dəyişir. "Bə`d" - "sonra"dırsa, "bəd",
sözlərlə belə rəftara yaraşan dəqiq
anlamı verən fərqli sözdür - "pis" deməkdir,
"çalışqan" anlamlı "sə`y"i bir
adama aid edib onu sevindirərsənsə, həmin sözü
apostrofsuz işlədərək "səy" söyləyərsən,
ona "dəli", "axmaq" dediyinçün qanı
qaralar.
Açın Nəsiminin, Xətainin, Füzulinin və
bir qatar başqa ölməzlərimizin
"Divan"larını, bu cür sözlərin olduğu
şeirləri (yeri gəlmişkən, başına oyun
açılmış sözlərdən biri də elə bu
"şe`r"dir. Zorla sözün ortasına "i"
dürtmüş, sözü saxtalaşdırmış, onun
kökünə zidd hərəkət etmişik). Köhnə
şairlərimizin əruzda yazdığı o şeirlərin
hansında (orfoqrafiya qaydalarını və orfoqrafiya
lüğətini Azərbaycan Respublikasının Nazirlər
Kabineti təsdiq etdiyindən mən orada nəşr edilən
və rəsmən qəbul edilmiş kimi yazmağa məcburam.
Ancaq bilirəm ki, səhvdir, bilirəm ki, belə olmaz və səhv
olduğunu bilə-bilə o yolu getmək də elə qəbahətdir
ki, gərək son verilə) "rəy" yazaraq "rəəy",
"səy" yazıb "səəy", "ləl"
yazıb "ləəl" kimi oxumasanız, mütləq
şeir şeirlikdən çıxacaq, vəzn şikəst
olacaq.
"E`lan"ı kim "elan" oxuyur ki?! Hamı
"eelan" deyir. Eyni şəkildə vurğunu sona ataraq
"etiraz" demirik, "eetiraz" söyləyirik. Eyni
şəkildə Azərbaycanın minlərlə
Etibarını heç kim vurğunu axıra qoyaraq
çağırmır, "Eetibar" səslənir. Elə
isə özümüzü dağa-daşa salmağa, hər
şeyi aydınca görə-görə düz olmayan yolla
getməyə nə ehtiyac?! Elə dediyimiz kimi də apostrofu
yerinə qoyaraq yazaq.
Üçüncü qisim apostroflu sözlər
sırasında tək və çoxhecalı sözlərin
sonunda işlənənləri göstərdik - "qət`",
"nəf `", sün`"... kimi. Sonunda qoyulmalı olub
arxa çevrilən bircə sözün apostrofsuzluğunun
yaratdığı məna
çarpaşıqlığını
açıqlayınca lazımınca düşünülmədən
atılmış addımların nə qədər
ziyanlı olduğu bir daha aşkarlanır. Hüquq
terminologiyamızda (söz açılmışkən, bu sahədə
ciddi terminoloji islahata zərurət duyulmaqdadır. Sadə vətəndaşları
bir kənara qoyaq, təcrübəli hüquqçuların
özlərinin belə başını şişirdən, mənası
dumanlı ərəb-fars kəlmələri ilə dolmuş
hüquq dilimizə əsaslı şəkildə əl gəzdirmək,
nimdaşlaşmış və yöndəmsiz "icra
icraatı" qismindən olan silsilə çürük kəlmələrdən
azad olmaq gərəkdir) "qətimkan" deyilən bir ifadə
var. Əhali, onlardan əvvəlsə hüquqçular
arasında sorğu aparılsa, mütləq əksəriyyət
bu sözbirləşməsinin nə demək olduğunu anlada
bilməyəcək, çünki bu cür apostrofsuz şəkildə
anlanılması da çətindir. Əslində bu, bir izafət
tərkibidir, düzü - "qət`-i imkan". Yəni həbs,
azad hərəkət imkanının kəsilməsi. Əksəriyyətsə
bunu "qəti imkan tədbiri" kimi dərk edir, o cümlədən
bir çox hüquqçular da. Ümumiyyətlə, bu,
dilimizdə ömrünü bitirən, atılmalı, dəyişdirilməli
terminlərdəndir, ancaq o, başqa mövzudur, indiki halda məqsədim
diqqəti sonunda apostrof olan, indi sadəcə "qət"
kimi yazılan kəlməyə cəmləməkdir. Dilimizdə "qət etmək",
yəni hansısa məsafənin sonuna çatmaq
anlamındakı deyim də var, "qərara almaq" mənasında
işlənən "qət etmək" ifadəsi də. O "qət"lər
apostrofsuzdur, ancaq "kəsmək" mənalı "qət"
apostroflu.
Axırında apostrof qoyulan "mürəbbə"
sözü bəndlərinin sayı 5 ilə 7 arasında olan
dördlüklərdən ibarət şeir şəklidirsə,
apostrofsuz "mürəbbə" müxtəlif meyvələrin
şəkər qatılaraq qaynadılmasından hazırlanan
şirniyyatdır. O, ayrı, bu, ayrı.
Beləcə, bircə apostrofla məna kökündən
dəyişirsə və belə sözlərimiz
çoxdursa, apostrofu gərəksiz kimi qırağa atmağa
DİLİMİZ heç kəsə hüquq verməz!
Dördüncüsü, apostrofun dilimizdəki
birbaşa mənadəqiqləşdirici funksiyasıdır.
Bir çoxu klassik ədəbi nümunələrdə rast gəlinən,
amma bir qismi elə çağdaş dilimizdə işlənən
50 civarında söz var ki, ərəb əlifbasında
yazılmazsa və indiki halda latın qrafikası ilə
göstərilərsə, əsl anlamını üstündəki
apostrof aydın edə bilir. "Dəf `"
qarşısını almaqdır, "dəf"i isə
çalırlar. Sonu apostroflu "şər`" "şəriət"dir,
ortası apostroflusu "şə`" "tük",
"qıl", "saç"dır, apostrofsuzu -
"şər" isə fitnə, birinə atılan
böhtandır! "Bəzən"mək bir ayrı mənadır,
"bə`zən" tam ayrı məna, müqəddəs
Kitabımız "Qur`an" ayrı, "quran"-tikən
ayrı. Apostrofsuz "şən" şadlıq edir, apostroflu
"şə`n" isə ad-san, şöhrət, əzəmət
vəd edir. "Də`va" da var, "dəva" da, "tən"
də var, "tə`n" də, "mə`lul" da var,
"məlul" da, "a`c" da var, "ac" da, "mən`"
də var, "mən" də, "mə`dəni" də
var, yəni yerin altından çıxarılmış qiymətli
filiz, "mədəni" də var ki, bu, tərbiyəvi,
savadlı insana yaraşan rəftardır ki, dilimizə və
onun apostrofuna da məhz belə münasibət bəsləmək
imandandır!
Kiçik bir hissəsini sadaladığımız,
apostrofla mənası dəqiqləşən belə sözlərin
misralarına səpildiyi klassik irs nümunələri apostrof
aradan götürüləndən sonra cild-cild kitablarda nəşr
edilib. Açın o kitabları, qoyun apostrofu ləğv
etmiş guya başbilənlərin qarşısına, düz
oxuya bilməyəcəklər, mənaları
qatmaqarışıq salacaqlar. Akademik yazıda emosional kimi təsir
buraxa biləcək bu sözləri hissə qapılaraq deyil,
elə elm faktı kimi yazıram. Dilçilik elmi həm də
statistika, müqayisələr, müşahidələr, təhlillər
deməkdir, doğru nəticələr məhz bu
araşdırma vasitələri və alətləri ilə əldə
edilir. Apostrofla mənası və vurğusu dəqiqləşən,
əks təqdirdə eyni söz kimi qavranılan belə kəlmələrin
daxil olduğu şeir parçalarını bütün
ölkə üzrə təhsil müəssisələrində
öyrəncilərə və müəllimlərə
paylayaraq eksperiment keçirilsə, o imtahandan şagird və
tələbələri bir kənara qoyun, heç ən
bilikli müəllimlər müvəffəqiyyətlə
çıxa bilməyəcək. Ona görə yox ki,
bisavaddırlar, ona görə ki, apostrof qoyulmayanda omonimləşən
sözlərin mənasını düzgün anlamağa bir
çox hallarda heç kontekst də kömək göstərə
bilmir. Bu, aksiomdur, təcrübədə də rəsmən
yoxlanılması mümkündür. Elə isə bu cür
acınacaqlı hallar doğuran apostrof ləğvetməsinin
adı sadəcə "yaxşı düşünülmədən
atılmış addım" qoyulmamalı, ən vacib milli dəyər
olan dilə vurulan zərbə sayılaraq hüquqi məsuliyyət
müəyyən edən hərəkət kimi tövsif edilməlidir.
Şübhə yoxdur ki, bizim daha əvvəlki əsrlərdə
də, Nizami, Xaqani əyyamlarında da, ondan əsrlər
öncə də anadilli əruzlu şeirimiz olub. Lakin XIII
yüzildən etibarən milli poeziyamızda farsca və ərəbcə
yazmaq şakəri səngiməyə, əsrdən-əsrə
türkdilli şeirimiz daha geniş qol-qanad açmağa
başlayır.
Beşincisi apostrofun bir qisim sözləri gücləndirmə,
şiddətləndirmə məziyyətidir. Bizim son yüz
ildən artıq müddətdə yaranmağa
başlamış yeni dövr poeziyamız da bir xəzinədir,
misilsiz örnəkləri var. Ancaq bizim daimi və haqlı
iftixar qaynağımız daha çox XIII-XIX əsrlərdə,
XX yüzilin ilk onilliklərində qələmə
alınmış, "klassik" deyərək yalnız
zamanını yox, həm də ali keyfiyyətini
düşündüyümüz söz sərvətimizdir.
Apostrofsuzluq yeni nəsillərlə o irs arasındakı rabitəni
xeyli dərəcə sadəcə zəiflətmir, həqiqəti
adı ilə deyək - qırır, silir, heydən salır.
Klassik şeirdə "tü`əm", "fə`al",
"tü`əman", "əşi`əriz" və digər
belə kəlmələrə çox rast gələcəksiniz.
Həbibi, Kişvəri, Əmani, Füzuli uzaqdadır, Seyid
Əzim, Sabir, Hadi ki yaxındadır. Belə sözlər
onlarda da çoxdur, bunlarda da. İndi həmin şairlərin
kitabları 10, 20 il, 30-40 il əvvəlkindən fərqli
olaraq apostrofsuz əlifbamızla nəşr edilir. Sözlərin
tələffüzünü gücləndirən, təşdidləndirən
apostrofsuz həmin şeirlər oxunarkən vəzn pozulur - bu,
öz yerində, amma daha artıq - misralara, beytlərə
ayrı bir siqlət verən həmin tələffüz
gücləndirməsi itdiyindən (şairsə bir sıra
hallarda belə sözləri məqsədli şəkildə,
mənanı daha da qüvvətləndirməkçün
seçir) səslənişdəki musiqililik, təsirlilik də
yoxa çıxır.
Altıncısı, apostrof dilin səs aləmi,
vurğu şəbəkəsi, ahəng mühiti ilə
birbaşa bağlıdır. Orta çağ musiqiçiləri,
başda Səfiəddin Urməvi olmaqla, öz
musiqişünaslıq risalələrinə "İqa"
adı qoyduqları fəsli hökmən daxil edərdilər.
Çünki bu, musiqinin təməlində duran şərtdir.
İqa - ritmdir və ritmsiz nə musiqi var, nə şeir, nə
də ümumən, insanın özü. Musiqinin də,
şeirin də, insanın da və əlbəttə ki, dilin də
diriliyi ahəng, vurğu, ritmdir.
Xəlil ibn Əhməd Fərahidinin icadı olan əruz
vəzni də ahəng, vurğu, ritm ifadə edən bəhrlər,
təfilələr üzərində qurulub. Əruz elmi
klassik poetikanın riyazi dəqiqliyə söykənən
mühüm qanadıdır. Əruzda yazıb-yaratmış
köhnə şairlərimiz əruz dairələrinə də,
bəhrlərə də mükəmməl bələd idilər.
Ancaq XIX-XX yüzillərdə əruzda yazmış bir qisim
şairlər də olub ki, əruzun nəzəri əsaslarını
bilmədən, elə onun musiqisini tutaraq yazıblar, bu, onlarda
gözəl də alınıb, oxuyanın heç
ağlına gəlməyib ki, bu qələm sahibi yazarkən
heç təfilələr sırasını
düşünməyib.
Lakin biz gərək apostrofu düşünək.
Çünki indi klassik şeiri mütaliə edənlərin
yüzdədoxsanı əruzun bəhrlərindən bixəbərdir.
Klassik şeirimizsə ayn hərfli və həmzəli
sözlərlə ləbələb olduğundan onları
apostrofsuz düz oxumaq, ahəngi pozmamaq, vəzni qırmamaq,
vurğu yanlışlığına yol verməmək
mümkünsüzdür.
Apostrofun yoxluğu əruzlu şeirimizin lətif
musiqisinin, xoş ahənginin indinin insanlarının
qulaqlarına çatması yolunda əngələ
çevrilən qalın divar hesab edilə bilər.
Ümumi sayı 900-dən çox olan, 1000-ə
yaxınlaşan və apostrofla verilməli sözlərin
hamısı kənardangəlmə, başqa dillərin bətnindən
çıxan olsa da, onların böyük bir hissəsi
dilimizdə vətəndaşlıq qazanıb, hətta mənaları
bu gün anlaşılmayanları da şeirimizə elə
qaynayıb-qarışıb ki, onları daha heç vəchlə
ədəbiyyat tariximizdən poza bilmərik.
Pozusuz yazılara, fəlsəfəsi ilə tarix olana
isə həmişə həssaslıqla və ağılla
yanaşmaq, onlara münasibətdə səhv hərəkətlərdən
qaçmaq, hansı səbəblərdənsə
yanlış qərarlar qəbul edəndə də, belə
qüsurlu və zərərli cəhdlərin nəticələrinin
dərinə işləməsini gözləmədən
doğru yola qayıtmaq borcdur. Dərd bitməyincə, söz
bitməz...
29 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 5 fevral(¹21).- S.10-11.