"Qərbi Azərbaycana
qayıdışın mədəni əsaslarının da
formalaşdırılmasına
çalışmalıyıq"
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət
komitəsi sədrinin müavini Günay Əfəndiyeva Qərbi
Azərbaycana qayıdışın müxtəlif sahələrdə
olduğu kimi, mədəni əsaslarının da
formalaşdırılması ilə bağlı AZƏRTAC-a
müsahibə verib. Müsahibəni təqdim edirik.
- Günay xanım, bu yaxınlarda Ermənistanın
ilk prezidenti Levon Ter-Petrosyanın azərbaycanlılara
qarşı törətdikləri etnik təmizləmə və
soyqırımı faktlarını etiraf etdiyi videosu
yayımlandı. Bu haqda nə deyə bilərsiniz?
- Qərbi Azərbaycanda yaşayan soydaşlarımız
XX əsrdə etnik mənsubiyyətlərinə görə
erməni vəhşilikləri nəticəsində mərhələli
şəkildə deportasiyaya məruz qalaraq, öz dədə-baba
yurdlarından dörd dəfə didərgin
salınmışlar. Bu torpaqlardakı mədəni irsimizin
bir çox tarixi nümunələri də ermənilər tərəfindən
qarət edilmiş, dağıdılmış və ya mənimsənilmiş,
qədim toponimlərimiz çirkin erməni adları ilə əvəz
olunmuşdur. Azərbaycanlıların bu torpaqların əzəli
sakinləri olduqlarını sübut edən izləri,
xalqımıza aid etnik nişanələri yox etmək
üçün məqsədyönlü şəkildə
kütləvi vandallıq aktları törədilmişdir.
Torpaqlarımızın 30 illik işğal dövründə
Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi
Azərbaycandakı mədəni irsimizin məhv edilməsi son
bir əsrdə Ermənistanda dövlət siyasəti səviyyəsində
gerçəkləşdirilmişdir.
Tarixdən yaxşı məlumdur ki, İrəvan
xanlığı Azərbaycan xanlıqlarından biri idi.
Türkmənçay müqaviləsi nəticəsində
İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə
daxil edildi və ermənilərin oraya köçürülməsinə
başlanıldı. Bununla da tarixi hadisələrin gedişatında
yeni bir mərhələ açıldı.
XIX əsrin sonlarında milli ideologiyaya çevrilən
qatı erməni irqçiliyi bütün ətraf
coğrafiyada yaşayan xalqlara, o cümlədən erməni
xalqının özünə ciddi problemlər gətirmişdir.
Osmanlı imperiyasının ərazilərində yaradılmış
"Qınçaq", "Daşnaksütyun" və bu
kimi digər partiya və hərəkatlar böyük
imperiyaların maddi-mənəvi dəstəyini alaraq, erməni
əhalisinin beynini zəhərləmiş, bu da
acınacaqlı mənfi nəticələr doğurmuşdur.
O vaxta qədər yüksək həyat səviyyəsində
yüz illərlə sülh və rifah içərisində
yaşayan erməni əhalisi öz dövlətinə
kütləvi şəkildə xəyanət etdi. Yüz ildən
artıq zaman keçməsinə baxmayaraq, milli-mənəvi
məhdudiyyətdən doğan bu irqçiliyin nə dərəcədə
yayıldığının indi də canlı şahidiyik. Təsadüfi
deyil ki, erməni irqçiliyini faşizmə gətirib
çıxaran siyasi liderlər və yaxud xaricdəki erməni
lobbisi bu ideologiyadan, ilk növbədə, öz şəxsi mənafeləri
və siyasi maraqları üçün istifadə edirlər.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son
günlərdə bir çox mətbuat orqanlarında
yayımlanmış müsahibəsi erməni irqçi
faşizminin, erməni nasizminin əyani təzahür
formalarından biridir.
Bilirsiniz, həyatda ədalət gec də olsa, həmişə
öz yerini tapır. Yalan, böhtan üzə
çıxır. Ermənistanın vaxtilə birinci şəxsi
olmuş Ter-Petrosyanın Qərbi azərbaycanlılara
qarşı etnik təmizləmə siyasətini açıq
şəkildə etiraf etməsi artıq Ermənistanın
özü-özünü ifşa etməsi deməkdir. Bu
açıqlama ilə Ermənistanın təcavüzkar siyasəti
bir daha təsdiqlənir. Bu, yalnız Ermənistanın
dövlət idarəetməsindəki keçmiş bir liderin
deyil, ümumilikdə erməni siyasətinin, onun
ideologiyasının təzahürüdür.
Ter-Petrosyanın həmin açıqlaması erməni
millətçiliyinin, qeyri-insani münasibətinin nə qədər
dərinləşdiyini göstərir və bu, həm regional,
həm də qlobal miqyasda geniş nəticələrə səbəb
ola bilər. Ona görə də düşünürəm
ki, Ermənistan Azərbaycan ilə münasibətlərini
normallaşdırmaq və bunun davamı olaraq hansısa qlobal
layihələrdə iştirak etmək istəyirsə, onda
onların rəsmiləri öz keçmişləri ilə
bağlı səmimi olmalı, törətdikləri etnik təmizləmə
və cinayətləri rəsmən tanımalıdırlar.
Digər tərəfdən, Prezident İlham
Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati
binasının açılışında söylədiyi
kimi, adətən qədim şəhərlərin tarixi abidələri,
tarixi mərkəzləri olur. Necə ki, Bakıda, Gəncədə,
Naxçıvanda, Şəkidə, Qəbələdə və
digər qədim şəhərlərdə var. Bəs niyə
İrəvanda tarixi mərkəz yoxdur? Çünki o mərkəzlər
Azərbaycan xalqının tarixi mirası idi və ermənilər
bu mirası məhv ediblər. Şəhərsalma adı
altında bütün tarixi abidələrimiz, o cümlədən
İrəvan qalası və Sərdar xanın sarayı da
dağıdılıb, məhv edilib.
İrəvanda salamat qalan və yeganə Azərbaycan
abidəsi olan Göy Məscidi hazırda Ermənistan rəsmiləri
xaricdən gələn qonaqlara “İran məscidi” kimi təqdim
edirlər. Hətta Ermənistan bu məscidin İranın
tarixi abidəsi kimi UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsinə
çalışırdı. Maraqlıdır, necə olur ki,
1799-cu ildə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən
tikdirilən və Azərbaycan memarlığının incilərindən
biri olan göy türklərin “Göy məscidi”
başqasının abidəsi kimi təqdim edilir?
- Qərbi Azərbaycana mənəvi qayıdış
siyasəti ilə bağlı nə deyə bilərsiniz?
- Bu, tarix faktlara əsaslanır. Coğrafi mövqe,
tarixi miqrasiya reallıqları, toponimika və bir çox digər
əlamətlər Azərbaycanın bu yerlərə, onun
tarixi və mədəni irsinə haqqını aşkar şəkildə
təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim
işimiz bu tarix üzərində qurulmalıdır. Necə
ki, Qarabağ münaqişəsi ilə bağlı təhrif
edilmiş təsəvvürü tamamilə dəyişdirə
bildik. Canımızla, qanımızla öz
torpaqlarımızı geri qaytardıq. Eləcə də Qərbi
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq üçün
çalışmalıyıq və
çalışırıq. Prezidentin bu sahədəki
yorulmaz fəaliyyəti göz qabağındadır.
Əlimizdə əsasımız, tarixi
sübutlarımız var ki, həqiqətən də Qərbi
Azərbaycan bizim dədə-baba torpağımızdır və
azərbaycanlılar oradan dəfələrlə deportasiya
olunub, amansızcasına, qəddarcasına etnik təmizləmə
siyasətinə məruz qalıblar. Biz bu materialları bir
çox dünya dillərinə tərcümə etməli,
onların əsasında kitablar hazırlayıb nəşr
etməliyik. Nüfuzlu elmi institutlar, universitetlər, beyin mərkəzləri
ilə birgə tədbirlər, konfranslar, simpoziumlar
keçirməliyik. Siyasətçilərlə, siyasi ekspertlərlə,
beynəlxalq səviyyəli hüquqşünaslarla bu məsələləri
müzakirə etməliyik. İnsanların məruz
qaldıqları zülmü, qaçqınlıq və didərginlik
həyatını real şəraitdə təqdim etməliyik.
Bu sahədə xeyli iş görülüb, ancaq problemin
vacibliyi və mürəkkəbliyi müqabilində bu
azdır.
Biz yalnız öz daxilimizdə deyil, dünya
miqyasında haqqımızı daha artıq bir enerji və qətiyyətlə
müdafiə etməliyik. Yəni, özümüz deyib,
özümüz eşitməməliyik. Başımıza gətirilən
faciələr və ədalətsizliklər beynəlxalq səviyyədə,
müxtəlif dillərdə və ölkələrdə
eşidilməlidir. Bu məqsədlə hər birimiz həmin
məsələlərin geniş təbliği və beynəlxalq
ictimaiyyətə çatdırılması istiqamətində,
dediyim kimi, daha fəal və sistemli iş aparmalıyıq.
Xatırlayırsınız, 2021-ci ildə Aşıq
Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində
qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən
Sərəncam imzalandı. Mən o zaman Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun rəhbəri idim. Həmin il Türk
dünyasının görkəmli şəxsiyyətlərinin
– Yunus Əmrənin, Jambul Jabayevin və Aşıq Ələsgərin
yer aldığı “Üç ozan bir arada” poçt
markasını çap etdirdik və o, dövriyyəyə
buraxıldı, üzv ölkələrimizə göndərildi.
Biz bir layihə çərçivəsində Türk
dünyasının böyük el sənətkarlarını
bir araya gətirdik. Digər tərəfdən də Qərbi
Azərbaycanın irsinin tarixi Göyçə
mahalının yetirməsi Aşıq Ələsgərin
timsalında daha geniş coğrafiyada tanıdılmasına
çalışdıq.
Artıq Qərbi Azərbaycan torpaqlarına mənəvi
qayıdışın təməli qoyulub. Prezidentin
imzaladığı Sərəncam əsasında Bakıda
Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Dövlətimizin başçısı ötən il
sentyabrın 30-da abidənin
açılışındakı
çıxışında bildirdi ki, gün gələcək
biz Aşıq Ələsgərin ermənilər tərəfindən
dağıdılmış abidəsini bərpa edəcəyik
və Ağkilsə kəndində buna oxşar mərasim
keçirəcəyik. Biz 30 il Şuşa, bütün
Qarabağ ilə bağlı bu cür arzumuzu bildirirdik. Sonu nə
oldu? Arzumuz yerinə yetdi.
Mən ötən il dekabrın 5-də Qərbi Azərbaycan
İcmasının “Qayıdış hüququ – Ermənistandan
zorla çıxarılan azərbaycanlılar
üçün ədalətin təmin edilməsi”
mövzusunda II beynəlxalq konfransda iştirak etdim. Tədbirə
51 ölkədən 100-dən çox nümayəndə
qatılmışdı. Dünyanın müxtəlif ölkələrindən
gələn mütəxəssislər, siyasət və elm
adamları Qərbi Azərbaycanın tarixindən, maddi və
mənəvi irsindən danışdılar. Konfransda
babalarımızın yadigarları - İrəvan xanı Sərdar
xanın nəslinin nümayəndələri də iştirak
etdilər. O insanlar canlı tarixdirlər, canlı
sübutdurlar. Bu cür tədbirlər tarixi həqiqətlərimizi
beynəlxalq auditoriya ilə paylaşmaq baxımından, əlbəttə,
çox vacib əhəmiyyət daşıyır.
- Qərbi Azərbaycanın maddi-mənəvi irsinin
qorunması sahəsində nə kimi işlər aparıla
bilər?
- Qərbi Azərbaycanın mədəni irsi bizim milli
kimliyimizin, tarixi yaddaşımızın, adət-ənənələrimizin,
gələcək nəsillərə miras
qoyacağımız dəyərlərimizin ayrılmaz
parçasıdır. Düşünürəm ki, Qərbi
Azərbaycana qayıdışın müxtəlif sahələrdə
olduğu kimi, mədəni əsaslarının da
formalaşdırılmasına
çalışmalıyıq.
İrəvanda Azərbaycanın tarixi-mədəni irs
nümunələri, dini abidələri, o cümlədən
Sərdar (Abbas Mirzə), Dəmirbulaq, Təpəbaşı,
Rəcəb Paşa, Hacı Novruzəli bəy, Hacı Cəfər
bəy, Xudabəndə və digər məscidlərimiz,
İrəvan qalası, Sərdar Xan sarayı, Aşıq
Ələsgərin Göyçə mahalının Ağkilsə
kəndindəki qəbirüstü abidəsi və digərləri
ermənilər tərəfindən tamamilə
dağıdılıb. Düşünürəm ki, həmin
abidələrlə bağlı məlumatların dünya
ictimaiyyətinə çatdırılması bizim
üçün prioritet məsələyə çevrilməlidir.
Məsələn, müasir texnologiyaların imkanlarından
faydalanaraq virtual muzeylər yarada bilərik.
Digər tərəfdən, biz bu sahədə
çalışan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
etməliyik. Çünki burada söhbət maddi-mənəvi
irsin dağıdılmasından, eləcə də kollektiv
yaddaşın məhv edilməsindən gedir.
Yenə də bu sahədə Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunda çalışdığım
dövrdən təcrübəmi bölüşərək
deyə bilərəm ki, 2022-2023-cü illərdə
“Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk
Dünyasının Mədəni İrsi” adlı
genişmiqyaslı layihə gerçəkləşdirdik.
Osmanlı dövlətinin Yıldız kolleksiyası
dünyanın ən zəngin fotoarxivlərindən biridir.
Layihə çərçivəsində Yıldız
Sarayından Türk dünyasının qədim şəhərlərinə
- Səmərqənd, Buxara, Kokand, Xivə, Türküstan,
İstanbul, Konya, Aşqabad, Bakı və həmçinin
İrəvana aid fotoşəkilləri bir kitabda toplayaraq beynəlxalq
ictimaiyyətə təqdim etdik.
2023-cü ilin əvvəlində İstanbulda Milli
Saraylar Dolmabağça İncəsənət
Qalereyasında həmin kitabda yer alan fotoşəkillərdən
ibarət möhtəşəm sərgi təşkil etdik.
Daha sonra bu sərgini 2023-cü ilin noyabrında Türk Dövlətləri
Təşkilatının 10-cu yubiley Zirvəsi çərçivəsində
Astanada Türk dövlətlərinin xarici işlər nazirlərinin,
beynəlxalq təşkilatların rəhbərlərinin və
digər rəsmilərin iştirakı ilə keçirdik.
Bunları nə üçün deyirəm? Çünki bu
cür tədbirlər irsimizin üzə
çıxarılması və təbliği, eyni zamanda,
tarixi faktların beynəlxalq aləmdə
tanıdılması deməkdir. Bir deputat və ümumiyyətlə,
bir azərbaycanlı kimi bundan sonra da maddi-mənəvi
irsimizin qorunmasına, təbliğinə töhfə vermək
naminə hər zaman əlimdən gələni etməyə
hazıram.
- Bu il yanvarın 7-də Prezident İlham Əliyev
yerli televiziya kanallarına müsahibə verdi, Ermənistan və
Qərbi Azərbaycan məsələlərinə toxundu. Bəs
siz bu məsələlərinin gələcəyini necə
görürsünüz?
- Gələcəyə çox böyük ümid və
inamla baxıram. Prezident İlham Əliyev müsahibəsində
də bildirdi ki, Zəngəzur dəhlizi
açılmalıdır və açılacaq. İkinci
variant yoxdur. Ermənistanın baş naziri yaxşı
olardı ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrini
qəbul etsin, onların tələblərini dinləsin. Bu da
sülh üçün çox vacib addım olardı. Ermənistan
sübut etməlidir ki, həqiqətən də Azərbaycan
ilə sülh şəraitində yaşamağa
hazırdır. Yəni, gələcəkdə nə vaxtsa Azərbaycana
qarşı heç bir ərazi iddiası olmayacaq. Ermənistan
bunu həm konstitusiyasında, həm bəyannamələrində,
həm də qonşularla dinc münasibətlərində
göstərməlidir. Bu, Ermənistanın yeganə
çıxış yoludur.
525-ci qəzet .- 2025.- 5 fevral(¹21).- S.8.