"Nemezis" qayıdır?
Əsasən Daşnaksütyun partiyasına mənsub
erməni terrorçularının Azərbaycan Cümhuriyyəti
və Osmanlı imperatorluğunun
görkəmli siyasətçi və dövlət xadimlərini
sui-qəsd yolu ilə fiziki cəhətdən məhv etmək
məqsədi daşıyan bədnam "Nemezis" əməliyyatı
adını yunan (burada da Afina ilə ənənəvi dostluq
işə yarayıb) mifologiyasında intiqam ilahəsi kimi tanınan
Nemezidanın adından götürüb.
Qisas əməliyyatı ideyasını
Daşnaksütyun partiyasının 1919-cu ilin sentyabr-oktyabr
aylarında İrəvanda baş tutan IX qurultayında
keçmiş Osmanlı təbəəsi, "Qisas
duası", "Türklər və biz",
"Türkçülük Ankaradan
Bakıya qədər. Türk istiqaməti", "Məhəbbət
və nifrət nəğmələri" kimi "intiqamçı əsərlər"
müəllifi, həmin dövrdə ABŞ-da yaşayan
Şaan Natali (Akop Ter-Akopyan) ortaya atmışdı. Ümumi
siyahıya 600 nəfər, "təcili şəkildə
aradan götürülmələri" tələb
olunanların siyahısına isə 43 nəfər daxil
edilmişdi. 1-ci yerdə İttihad və Tərəqqi
hökumətinin baş naziri, Triumvirat üzvü Tələt
Paşanın adı dayanırdı.
Yeri gəlmişkən, Şaan Natalinin fikrincə, ermənilər
uzun tarixləri boyu türklər üzərində yeganə
qələbəni XX əsrdə qazanıblar. Bu da indi Ermənistan
Respublikası adlanan ərazinin min bir vəhşiliklə,
qılınc və od gücünə yerli əhalidən - Azərbaycan
türklərindən "təmizlənməsi" idi. Sərsəm
fikirlərlə dolu "Türklər və biz" əsərinin
müəllifi belə düşünür ki, əgər ermənilər
"yersiz insanpərvərlik, xristian şəfqəti və
humanizm göstərməyib" hər yerdə Zəngibasardakı
kimi hərəkət etsəydilər, Anadoluda da "türk
məsələsini" eyni uğurla çözə bilərdilər.
Şaan Natalini, Dronu, Soqomon Telyeryanı və digər başkəsənləri
özlərinə kumir, ideya atası sayan Levon Ter-Petrosyan,
Koçaryan, Serjik Sarqsyan, Paşinyan kimi
günümüzün "erməni liderləri" də
onların cəfəng fikirlərindən ruhlanaraq Qərbi Azərbaycanda
və tarixi Qarabağ regionunda etnik təmizlik işləri
aparmaq həvəsinə düşmüşdülər.
Müvəqqəti uğur qazansalar da, bədnam niyyətin
sonu böyük fiasko və Erablurda minlərlə yeni qəbirlə
nəticələndi. Nisbətən kiçik miqyaslı əl
buyruqçuları, "yerli əhəmiyyətli"
müharibə caniləri isə indi Bakıda, məhkəmə
önündə dayanıblar. Qara əməllərini davam
etdirsələr, hələlik İrəvanda daldalanan "iri
balıqların" da günün birində eyni aqibəti
yaşayacağı yəqin ki, zaman məsələsidir.
Bu məlum həqiqətləri niyə
xatırladım?
Dünən erməni xəbər saytlarında oxudum
ki, "onlarla Arsax və erməni ictimai təşkilatları,
tanınmış ictimai xadimlər bir araya gələrək
"Arsax naminə birlik" adlı təşkilat
yaradıblar. Qurumun təsis yığıncağı
yanvarın 19-da İrəvanda keçirilib.
Qall tayfalarından birinin başçısı Brennin
2500 il (ermənilər belə şeyləri sevirlər) bundan əvvəl
dediyi kimi "Vae Victis!" - yəni "Vay məğlubların
halına!" Acınacaqlı məğlubiyyətə
uğrayan, amma reallıqla barışmaq əvəzinə
revanş xülyası ilə yaşayan qonşularımız
istədikləri qədər dərnək, cəmiyyət,
qurum və quruluş yarada bilərlər. Hər gün
yığıncaq, müşavirə, iclas, mitinq, brifinq
keçirə bilərlər. Saytlarda "Arsax prezidenti ordu
günü münasibəti ilə Erablur panteonunu ziyarət
etdi" tipli gülünc və düşük xəbərlər
yaya bilərlər. 11 min nəfər dezertirlə tarixə
düşən Ermənistan ordusunu istədikləri qədər
vəsf edə bilərlər. Öz işləridir.
Frunzik Mkrtıçyanın sözü olmasın,
adam heç bilmir ki, "bunlar haraları ilə fikirləşirlər?"
Deməli, təsis bəyannaməsində yazılır:
"İndiki son dərəcə mürəkkəb vəziyyətdə
Arsaxın və Arsax xalqının taleyi üçün məsuliyyət
hissini bölüşərək biz, aşağıda imza edən
təşkilat və şəxslər ümumi məqsədlərimiz
yolunda əlbir və əlaqəli fəaliyyət göstərmək
üçün "Arsax naminə birliyin" üzvləri
arasında əməkdaşlıq haqqında
aşağıdakı Memorandumu qəbul edirik".
Ardınca isə hamımıza yaxşı bəlli
olan sayıqlamalar gəlir. 150 min nəfərlik Arsax
xalqının (hərçənd Azərbaycan Ordusunun
ildırım sürətli antiterror əməliyyatından
sonra mütəşəkkil şəkildə aradan
çıxanda sərhədçilərimiz 100500 baş civarında olduqlarının dəqiq
uçotunu aparmışdı. Bu 50 min yeni arsaxlı haradan
çıxdı?) Arsaxa kollektiv şəkildə ləyaqətli
qayıdışının və tarixi vətəndə təyini-müqəddərat
hüququnun təmin edilməsi, Arsax xalqına qarşı
cinayət işləyənlərin fərdi və institutsional
məsuliyyətə cəlb olunması, "işğal
altındakı Arsaxın" tarix-mədəniyyət abidələrinin
mühafizəsi və bu qəbildən olan digər xəyalplov
ürünləri...
Təbii ki, özünə hörmət qoyan ictimai
yığnaq kimi "Arsax naminə birliyin" də həmin
vəzifələri yerinə yetirmək üçün fəaliyyət
"prinsipləri" müəyyən olunub. Burada diqqətimi
sayca üçüncü prinsip cəlb etdi: "Hər bir
üzv birlik çərçivəsindəki fəaliyyətindən
başqa siyasi baxış və hərəkətlərində
tam sərbəstdir".
Əcəba, "hərəkət" deyəndə
nə nəzərdə tutulur? "Arsax naminə birlik"
öz üzvlərinə "hərəkət sərbəstliyi"
verəndə onların nə iş görəcəklərini
düşünür, yaxud planlaşdırır? Terror,
diversiya, casusluq, sərhəd pozuculuğu, kiber cinayətkarlıq,
siyasi qətllər, şantaj, qarayaxma kampaniyası, Kim, Xloe və
Kortni Qardaşyan bacılarının yardımı ilə
senator və konqresmen ovu?
Bəlkə bu yeni "Nemezis"in anonsudur?
"Nemezis" yenidən xortlayır?
Belə çıxmasın ki, "Arsax naminə
birliyin" bəyanat, yaxud prinsiplərindən əndişəyə
düşmüşük. Sadəcə olaraq insan yorulur,
bezir. Xüsusilə Ermənistan ordusu gününün qeyd
edildiyi 28 yanvarda bütün günü ekran və efirdə,
saytlarda yüz dəfələrlə təkrarlanan,
şiti-şoru çıxarılan "qisas",
"intiqam", "revanş", "düşməni diz
çökdürmək", "dəhşətli cəza
silahı hazırlamaq", "itirilmiş torpaqları
qaytarmaq" və s. çağırışları
adamın ürəyini bulandırır.
Ordumuz Qarabağı təzədən itirmək
üçün minlərlə şəhid bahasına azad etməyib.
"Böyük qayıdış" hər hansı
başqa qayıdışı, xüsusən də
düşməncəsinə, bəd niyyətlə həyata
keçiriləcək "qayıdışı" tam
istisna edir. Barbarların xaraba qoyduğu Qarabağı yenidən
cənnətə çevirən xalq onu göz-bəbəyi
kimi qorumağa qadirdir.
Yəni doğrudanmı "neçə min illik tarixə
malik olan qədim xalq" belə sadə həqiqətləri
başa düşməyəcək qədər ağılsızdır?
Bu yerdə Usta Zeynalla Muğdusi Akopun məşhur
dialoqunu xatırlamamaq olmur. Allah Mirzə Cəlilə rəhmət
eləsin!
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.6.