Orta məktəblərdə
"Media savadlılığı"nın tədrisi
müzakirə olunur
Orta məktəblərdə media
savadlılığı haqqında fənn keçilə bilər.
Elm və Təhsil Nazirliyi Medianın İnkişafı
Agentliyi ilə birgə media savadlılığının
artırılması sahəsində orta məktəblərlə
iş aparılmasını müzakirə edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və
kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib
ki, media savadlılığı haqqında ayrıca fənn və
ya məşğələlərin orta məktəblərin tədris
proqramına əlavə edilməsi müzakirə edilir. Bu barədə
qurumlar arasında dəfələrlə görüşlər
keçirilib. Media savadlılığı digər fənlərlə
inteqrasiya edilmiş formada da keçilə bilər.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə
görə, "Media savadlılığı" fənninin
bir çox ölkələrin orta məktəblərində
tədris olunması, informasiya dövründə şagirdlərin
tənqidi düşüncə və məlumatı dərk
etmə bacarıqlarını inkişaf etdirmək
üçün atılan vacib addımlardan biridir. Orta məktəb
səviyyəsində bu fənnin olmaması təhsil sistemində
ciddi bir boşluq yaradır və gənclərin informasiya
mühitində şüurlu şəkildə hərəkət
etməsi üçün tələb olunan əsas
bacarıqları mənimsəmələrinə mane olur:
"Media savadlılığı" fənni şagirdlərə
media məzmununu düzgün dərk etmək, qiymətləndirmək
və informasiya mənbələrini tənqidi analiz etmək
bacarıqlarını aşılayır. Müasir dövrdə
media yalnız informasiya çatdırmır, eyni zamanda ictimai
rəyin formalaşmasında, qərarların verilməsində
və sosial davranışların istiqamətləndirilməsində
mühüm rol oynayır. Media platformalarının sürətlə
inkişaf etdiyi və məlumat bolluğu
yaşandığı bir dövrdə insanlar yanlış, manipulyativ
və ya saxta məlumatlarla üzləşir. Bu xüsusilə
sosial şəbəkələrin dominant olduğu cəmiyyətlərdə
daha qabarıq görünür. Məhz bu səbəbdən
"Media savadlılığı" fənni şagirdlərə
aşağıdakı bacarıqları qazandırır".
O bildirib ki, şagirdlər verilən informasiyanı
kor-koranə qəbul etmədən, onu müxtəlif aspektlərdən
dəyərləndirməyi və mənbənin
etibarlılığını yoxlamağı öyrənir.
Media savadlılığı şagirdlərin "feyk xəbərlər",
manipulyasiya edilmiş görüntü və məlumatlara
qarşı daha ayıq-sayıq olmasını təmin edir.
Şagirdlər media vasitəsilə onlara ötürülən
fikirləri qəbul etməzdən əvvəl məntiqi və
faktlara əsaslanan şəkildə öz fikirlərini
formalaşdırmağı öyrənir. Texnologiya və
informasiya ilə düzgün ünsiyyət: Şagirdlər rəqəmsal
alətlərdən və informasiyadan məqsədyönlü
istifadə etməyi öyrənir, bu da onların təhsil və
gələcək peşəkar həyatında
üstünlük qazanmalarına şərait yaradır.
Ekspert qeyd edib ki, dünya təcrübəsinə
baxsaq, "Media savadlılığı" artıq bir
çox ölkələrdə orta məktəb tədrisinin
ayrılmaz bir hissəsinə çevrilib. K.Əsədov
bildirib ki, Finlandiya, İsveç və Niderland kimi ölkələrdə
media savadlılığı proqramları məktəblərdə
məcburi şəkildə tədris olunur: "Məsələn,
Finlandiyada bu fənn uşaqlara erkən yaşlardan tənqidi
düşüncə və informasiya dəyərləndirmə
bacarığı qazandırmaq məqsədi
daşıyır. ABŞ-də isə bir çox
ştatların məktəblərində media
savadlılığı dərsləri xüsusi layihələr
və təhsil standartları çərçivəsində
tətbiq olunur".
Onun dediyinə görə, bu ölkələrdə
keçirilən araşdırmalar göstərir ki, media savadlılığı
təhsili alan şagirdlər sosial mediada və internetdə
yayılan yanlış məlumatları daha tez müəyyən
edir və daha məlumatlı qərarlar qəbul edirlər:
"Son illər Azərbaycanda sosial media platformalarının
istifadəsi xeyli artıb. Statistika göstərir ki, ölkə
əhalisinin 79%-i sosial şəbəkələrdən istifadə
edir. Bu platformalarda yayılan məlumatların böyük bir
qismi dəqiq mənbələrə əsaslanmır və bəzən
manipulyasiya məqsədilə hazırlanır. Bu halda,
xüsusilə yeniyetmələr və gənclər
arasında saxta məlumatlara inanma, radikal və ya təhlükəli
kontentlərə məruz qalma ehtimalı daha yüksəkdir.
Məhz bu səbəbdən orta məktəb təhsilində
media savadlılığı fənninin tədris olunması
vacibdir".
K.Əsədova görə, Azərbaycanda şagirdlərin
tənqidi düşüncə və informasiya emalı
bacarıqları təhsil sistemində kifayət qədər
inkişaf etdirilmir. Orta məktəb proqramında bu
bacarıqları dəstəkləyən dərslər və
fəaliyyətlər çox azdır. Mövcud tədris
proqramlarında şagirdlər əsasən nəzəri
biliklər öyrənir, lakin onları müasir informasiya cəmiyyətinin
çağırışlarına hazırlayacaq fənlər
və metodlar yoxdur. "Media savadlılığı" fənni
isə bu boşluğu dolduraraq şagirdlərin müasir
dünyada rəqabətədavamlı fərd kimi yetişməsinə
töhfə verə bilər: "Media
savadlılığı" fənninin orta məktəblərdə
tədris olunmamasının əsas səbəblərindən
biri bu sahədə maarifləndirmə və strategiyanın
olmamasıdır. Təhsil proqramlarının yenilənməsi
prosesi çox vaxt klassik və ənənəvi yanaşmalar
üzərində qurulur. Media savadlılığı isə
nisbətən yeni anlayışdır və bu fənnin tədrisi
üçün həm xüsusi proqramlar, həm də müəllim
hazırlığı tələb olunur. Müasir
dövrün tələblərinə cavab vermək
üçün təhsil proqramına belə bir yeniliyin daxil
edilməsi zəruridir".
Kamran Əsədov qeyd edib ki, bu fənnin tədrisi
üçün pedaqoji heyətin də hazır olması əsas
amillərdən biridir. Hazırda təhsil sistemində media
savadlılığı üzrə ixtisaslaşmış
müəllimlərin sayı çox azdır və bu sahədə
peşəkar təlimlərə ciddi ehtiyac var. Eyni zamanda, fənnin
kurikuluma daxil edilməsi üçün təhsil siyasətində
prioritetlərin müəyyənləşdirilməsi və
müasir çağırışlara uyğun adaptasiya
lazımdır: "Media savadlılığı" fənninin
orta məktəblərdə tədris olunması Azərbaycanda
təhsil və cəmiyyət üçün zəruridir.
İnformasiya və rəqəmsallaşma əsrində gənclərin
saxta məlumatlardan qorunması, tənqidi düşüncə
bacarığının inkişaf etdirilməsi və
şüurlu qərarlar qəbul etməsi üçün bu
fənnin tədrisi vacibdir. Bu istiqamətdə dünya təcrübəsindən
yararlanaraq ölkəmizdə də media
savadlılığı proqramları hazırlanmalı və
pedaqoji heyət təlimləndirilməlidir. Bu, təhsil
sistemimizin müasir dünyaya uyğunlaşmasına, gələcək
nəsillərin daha şüurlu, məlumatlı və cəmiyyətə
faydalı vətəndaşlar kimi formalaşmasına kömək
edəcək".
Təhsil eksperti Elmin Nurinin dediyinə görə,
media savadlılığı demək, jurnalistika, sözün
birbaşa mənasındakı media kimi
anlaşılmamalıdır. Bu predmet informasiya xaosunda, hər
gün milyardlarla informasiyaların axın etdiyi dövrdə
onunla necə davranmaq və təsirləri haqqında bilgiləri
başa düşülməlidir: "İstər UNESCO-nun sənədlərində,
istərsə də dünyada təhsillə bağlı gələcək
strateji hədəflərdə bir neçə prioritet istiqamətlər
var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda
müasir dünya və gələcək naminə səriştələrin
formalaşması, onların şəxsiyyətyönümlü
insan kimi yetişdirilməsilə bağlı bir neçə
istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir:
mədəniyyətlərarası kommunikasiya, rəqəmsal
bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik.
Bunların hamısı orta məktəblərdə tədrisi
vacib olan və təhsildə səriştə
meyarının inkişafına gətirib çıxaran
şərtlərdir. Bizim təhsil sistemində isə bunlar
arasından sadəcə rəqəmsal bacarıqların tədrisi
tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media
savadlılığının tədrisidir. Təsadüfi
deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində
media savadlılığı təhslinin çox vacib
olduğu vurğulanır. Media savadlılığını
informasiya axını və mənbələri ilə
qarşılıqlı əlaqə qurma, axtarış aparma,
təhlil etmə, tənqidi qiymətləndirmə və media
mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik.
Görün, media savadlılığı özündə nə
qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində
media təhsilinin əsas funksiyası insan
hüquqlarının dəstəklənməsi, şagirdlərin
sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi
göstərilir".
O qeyd edib ki, media dedikdə sadəcə informasiya ilə
işləyən kəsimi nəzərdə
tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər
kəs media subyektidir. Şagird gələcəkdə
milyonlarla informasiya axınında özünü şəxsiyyət
kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq
əhəmiyyəti olmayan fənlər heç kimə lazım
deyil. Azərbaycanda gələcəyin fənləri məhz
bunlardır, media savadlılığıdır. Avropada
artıq tətbiq edilir: "XXI əsrdə media təhsili
dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə
yanaşı, şagirddə kritik düşüncə,
yaradıcı və kommunikativ bacarıqların inkişafı
media mətnlərinin təhlili kimi bacarıqların
formalaşması nəzərdə tutulur. Media
savadlılığının fənn olaraq məktəblərdə
tətbiqi gələcək üçün şəxsiyyətin
yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda
olması nəinki vacibdir, biz hətta bunda gecikmişik.
Doğrudur, resurs və kadr çatışmazlığı
var. Amma rəqəmsal bacarıqların tətbiqinə
başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi
istiqamətində müəyyən addımlar
atılmalıdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 4 fevral(№20).- S.15.