Qorqudşünaslığa
mühüm töhfələr vermiş alim
Misilsiz ədəbi abidəmiz olan "Kitabi-Dədə
Qoruqd"un dərindən öyrənilməsi,
Qorqudşünaslığın bir elm kimi təkmilləşməsində
görkəmli alimlərimizdən
Ş.Cəmşidov, S.Əlizadə, F.Zeynalov,
T.Hacıyev, A.Nəbiyev, K.Abdulla, K.Allahyarov, K.V.Nərimanoğlu,
O.Əliyev, B.Abdullayev, E.Əlibəyzadə, N.Cəfərov və
başqalarının böyük xidmətləri var. Bu sahədə
fədakarlıqla çalışmış və uğurlar
qazanmış alimlərimizdən biri də Flora Əlimirzəyeva-Mustafayevadır.
O, bütün elmi fəaliyyətini "Kitabi-Dədə
Qorqud" dastanının alman dilinə tərcüməsi və
tədqiqi məsələlərinin
araşdırılmasına həsr edib.
Bu yaxınlarda 80 illiyi tamam olan Flora xanım, 1945-ci il
yanvarın 13-də Qazaxda ziyalı ailəsində anadan olub.
1966-cı ildə M.F.Axundov adına APDİ-ni (indiki Azərbaycan
Dillər Universitetinə) Alman-Azərbaycan dilləri müəllimi
ixtisası üzrə əla qiymətlərlə bitirib və
həmin ildən D.Bünyadzadə adına AXTİ-nin (indiki
UNEC) "Xarici dillər" kafedrasında müəllim kimi fəaliyyətə
başlayıb.
Ədəbiyyata böyük sevgisi, "Kitabi-Dədə
Qorqud" dünyasına hələ kiçik
yaşlarında, anası və müəllimi Fatma xanım Vəkilovadan
eşitdiyi Oğuz hekayələri ilə başlanan
marağı gənc Floranı bu qədim eposu daha dərindən
öyrənməyə, elmi yaradıcılıqla məşğul
olmağa sövq edir. O, aspiranturaya daxil olmağı qərara
alır. Sənədlərini indiki BDU-ya təqdim edir və
aspirantura şöbəsinə (qiyabi) qəbul olunur. Bir
neçə il (1973-1977-ci illər) görkəmli
yazıçı, ədəbiyyatşünas alim,
böyük ziyalı Mir Cəlal Paşayevin rəhbərlik
etdiyi "Azərbaycan ədəbiyyatı tarixi"
kafedrasının aspirantı olur. Namizədlik
dissertasiyasına mövzu seçərkən elmi rəhbəri
professor Vaqif Vəliyevə "Kitabi-Dədə Qorqud"u
alman dilində H.F.fon Dits tədqiqatında, ilk qaynaqdan
araşdırmaq istədiyini bildirir. Mövzu kafedrada təsdiq
olunur. Lakin mövzu Böyük Elmi Şurada müzakirə
olunarkən görkəmli alimlər Məmməd Arif və Məmməd
Cəfər Cəfərov etirazlarını bildirirlər.
Namizədlik dissertasiyası həcmində işlənməsi
üçün materialın azlığı, yalnız on səhifəlik
elmi məqalə yazıla biləcəyi əsas gətirilərək
mövzu təsdiq olunmur, onun dəyişdirilməsi tövsiyə
edilir. Növbəti Şurada cəsarətli
çıxışı ilə öz müddəalarını
əsaslandıran dissertantı Mir Cəlal Paşayev qətiyyətlə
müdafiə edir: "Gəlin, mane olmayaq, gənc tədqiqatçıya
imkan yaradaq, o bu işin öhdəsindən gələcəyinə
çox əmindir" - deyərək mövzunun təsdiqlənməsini
vacib bilir (Mir Cəlal Paşayevin alicənablığını,
bu xeyirxahlığını, ona inanaraq mənəvi dayaq
olmasını Flora xanım həmişə böyük minnətdarlıqla
xatırlayırdı).
Mövzu ilə bağlı tədqiqata başlayan gənc
alim, iki ildən artıq bir müddətdə Almaniyada -
Berlin, Halle, Bonn, Köln, Maqdeburq şəhərlərində,
xüsusilə Drezden kitabxanasında, Dits fondunda
araşdırmalar aparır. Azərbaycan
folklorşünaslığı tarixində ilk dəfə
"Kitabi-Dədə Qorqud"un daha bir əlyazmasının
olduğunu aşkar edir. Araşdırmanın gedişində
o, fon Ditsin "Kitabi-Dədə Qorqud"a aid, alman dilində
yazdığı araşdırmanı orijinaldan tədqiq
etmiş, faktik materiallar əsasında onun özündə
dastanın ayrıca bir əlyazmasının olduğunu
sübuta yetirmişdi. Bunun Ditsin Şərqə aid 400-dən
artıq şəxsi əlyazmaları toplusu içərisində
saxlandığını, 61 saylı nüsxə olduğunu
müəyyənləşdirmişdi.
Tədqiqat işini uğurla tamamlayaraq 1984-cü ildə
"Azərbaycan folkloru alman dilində" mövzusunda namizədlik
dissertasiyası müdafiə edir, filologiya elmləri namizədi
alimlik dərəcəsi alır.
Alim "Kitabi-Dədə Qorqud" dastanının
Almaniyada tərcüməsi və tədqiqi problemləri ilə
bağlı araşdırmalarını sistemli şəkildə
davam etdirib, 2008-ci ildə "Kitabi-Dədə Qorqud"
dastanlarının alman dilində tərcümə və tədqiqi"
adlı doktorluq dissertasiyası müdafiə edərək,
filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Flora xanım yüzə yaxın elmi-metodik məqalənin,
on monoqrafiya, kitab və dərs vəsaitinin müəllifidir.
"Kitabi-Dədə Qorqud dastanının tərcümə
sənətkarlığı", "Kitabi-Dədə
Qorqud" dastanları Alman filoloji fikrində" adlı
monoqrafiyaları elmi dəyəri, qorqudşünaslığa
gətirdikləri yenilikləri ilə diqqəti cəlb edib.
"Kitabi-Dədə Qorqud" dastanının tərcümə
sənətkarlığı" monoqrafiyası 1999-cu ildə
Azərbaycan Avropa Ədəbi-Mədəni Əlaqələr
Mərkəzinin diplomuna layiq görülüb.
"Kitabi-Dədə Qorqud" dastanları Alman
filoloji fikrində" monoqrafiyası da bu sahədə ilk tədqiqat
əsəridir. Monoqrafiyada alman şərqşünaslarının,
tanınmış alimlərin əsərləri tarixilik
prinsipi və müqayisəli araşdırma üsulu ilə nəzərdən
keçirilib, abidənin bu dilə tərcümə tarixinin mərhələləri
elmi cəhətdən düzgün müəyyənləşdirilib.
Kitaba ön söz yazmış filologiya elmləri doktoru,
professor K.Allahyarov monoqrafiyanı
qorqudşünaslığın uğuru kimi dəyərləndirib.
Professor "Kitabi-Dədə Qorqud" dastanlarının
üzə çıxarılması, ilk tədqiqatı, tərcümə
edilməsi, dünya xalqlarına tanıdılmasında alman
alimlərinin xidmətlərinin layiqincə qiymətləndirilməsini
çağdaş filoloji fikrimizin qarşısında duran əsas
vəzifələrdən biri hesab edərək yazıb:
"Bu baxımdan "Kitabi-Dədə
Qorqud" dastanları Alman filoloji fikrində" adlı
monoqrafiya son dövrlər ədəbiyyatşünaslığımızın
təqdirəlayiq hadisələrindən
sayılmalıdır. Qorqudşünaslığa dərindən
bələd olması və alman dilini ana dili kimi bilməsi sayəsində
müəllif alman qorqudşünaslığını
dünya qorqudşünaslığı kontekstində hərtərəfli
təhlil obyektinə çevrilməyə nail olmuşdur. Təqdirəlayiq
haldır ki, alman qorqudşünaslığına minnətdarlıq
hissi alimin elmi sayıqlığını və obyektivliyini zəiflədə
bilmir. Məhz bunun nəticəsində "Kitabi-Dədə
Qorqud"un alman dilinə tərcümə və tədqiqləri
bütün məziyyət və qüsurları ilə birlikdə
təqdim olunur və alman
qorqudşünaslığının tam mənzərəsi
yaradılır".
Flora xanımın elmi əsərləri, eləcə
də "Kitabi-Dədə Qorqud dastanının tərcümə
sənətkarlığı", "Kitabi-Dədə
Qorqud" dastanları Alman filoloji fikrində"
monoqrafiyaları qorqudşünaslıqda öz layiqli yerini
tutmuş, elmi dəyərini almış
araşdırmalardır.
O hələ gənc yaşlarından bədii
yaradıcılıqla da məşğul olub. Həyatının
müxtəlif mərhələlərində qələmə
aldığı şeirlərini uzun müddətdən sonra
"Kövrək duyğular" adlı kitabda toplayaraq
çap etdirib. 2011-ci ildə işıq üzü
görmüş kitabda milli şeir, dastan
yaradıcılığından süzülüb gələn
ənənələrə söykənən poeziya nümunələri
toplanıb. Müəllifin saf, kövrək duyğular
üstündə köklənmiş şeirlərinin
mövzu dairəsi genişdir. Onun poetik qəhrəmanı
ali, nəsib hisslərlə yaşayır, aydın ictimai məqama,
zəngin mənəvi aləmə, sevən qəlbə
malikdir. Azadlıq, müstəqillik, haqq, ədalət, milli
qürur, ləyaqət, vətənpərvərlik kimi ictimai
idealların və mənəvi-əxlaqi keyfiyyətlərin
daşıyıcısıdır. O, doğma yurdunu sonsuz məhəbbətlə
sevən bir Vətən övladıdır:
Sənin kimi müqəddəs ölkə varmı,
görəsən?
Doğulanda beşiyim, öləndə kəfənimsən!
Varlığım varlığına ərmağan
olsun sənin,
Gündən-günə çiçəklən, qoy
kor olsun düşmənin!
Səninlə fəxr edirəm, sən mənim ruhum,
canım,
Gözümün işığısan, anam Azərbaycanım!
Vətənini, xalqını ürəkdən sevən
Flora xanım Odlar Yurdunun mübarizələrlə dolu
şanlı, şərəfli tarixindən ilham alan, onunla fəxr
edən, daim ürəyində Qarabağ təəssübü
ilə yaşamış fədakar bir insan olub. Şeirlərində
"Qalx ayağa, Vətən oğlu, qalx ayağa Vətən
qızı, bir cəbhədə yumruq olaq, Qarabağı əsarətdən
qurtaraq" - deyərək həmvətənlərini
mübarizəyə, intiqama səsləyib.
Qarabağımızın düşmən tapdağından
azad olunduğu, Azərbaycanın öz ərazi
bütövlüyünə qovuşduğu günləri
görmək ona nəsib olmasa da, Flora xanım hər zaman qədim
oğuz igidlərinin varislərinin, xalqın, Azərbaycan
dövlətinin, Ali Baş Komandanın bir yumruq kimi birləşərək
Zəfər qazanacağına, Vətənin
bütövlüyünün təmin olunacağına ürəkdən
inanırdı. Qarabağ həsrəti ilə
dünyasını dəyişmiş
ziyalılarımızın, o cümlədən Flora
xanımın da indi ruhu şaddır, çünki onların
fədakarlıqla xidmət etdikləri Vətənin müqəddəs
torpaqları işğaldan təmizlənib.
Flora Əlimirzəyeva-Mustafayeva pedaqoji fəaliyyəti
ilə də xalqına xidmət edib, onun gələcəyi
olan gənclərin təlim-tərbiyəsi naminə əzmlə
çalışıb. O, tələbələrə alman
dilini dərindən öyrətməklə kifayətlənməyib,
həm də onları Azərbaycan dövləti və xalq
qarşısında öz məsuliyyətini, vətəndaşlıq
borcunu dərk edən, azərbaycançılıq
ideyalarına sadiq olan kamil şəxsiyyət, müstəqil
və yaradıcı düşünən gənclər kimi
formalaşdırmağa çalışıb. Müsahibələrindən
birində Flora xanım məhz auditoriyada, tələbələrin
arasında özünü daha rahat hiss etdiyini söyləyib:
"Bəzən aylarla gecələr səhərə kimi elmi
yaradıcılıqla məşğul olmuşam. Nə qədər
yorğun olsam da, auditoriyada bunu hiss etməmişəm. Dərs
dediyim hər gün həvəslə işləmişəm.
Pedaqoji fəaliyyətim həyatımın
dayağıdır, mənəvi ehtiyacımdır. Tələbələrim
isə həyatımın ən qiymətli xəzinəsidir".
Bu amalla o, əlli ildən artıq pedaqoji fəaliyyət
göstərmiş, həyatının son günlərinə
qədər çox sevdiyi müəllim peşəsindən,
dəyərli həmkarlarından, auditoriyadan, tələbələrindən
ayrılmamışdı. Hər zaman şəxsi nümunəsi
ilə müəllim adını uca tutmuş, öz peşəsinə
məsuliyyəti, təşəbbüskarlığı ilə
seçilmişdi.
Flora xanım 1987-ci ildən 2000-ci ilədək uzun illər
çalışdığı "Xarici dillər"
kafedrasına rəhbərlik edib. Onun kafedra müdiri kimi vəzifəsini
yerinə yetirdiyi illər ərzində xarici dillərin tədrisinin
məzmun və metodlarının təkmilləşdirilməsi,
tələbələrin yüksək səviyyədə təhsil
alması, onların yaradıcılıq potensialının
inkişafı üçün mühüm işlər
görülüb. Tədrisin keyfiyyətinin yüksəldilməsinə
nail olmaq üçün kafedraya peşəkar kadrlar,
pedaqoqlar cəlb olunub, yardımçı dərs vəsaitləri,
lüğətlər çap edilib. Semestr
imtahanlarının kompüter vasitəsilə keçirilməsinin
ilk təşəbbüskarı da "Xarici dillər"
kafedrası sayılır. Flora xanımın səmərəli
pedaqoji fəaliyyəti, peşəkarlığı,
ziyalılığı ona universitet kollektivinin, tələbələrin
dərin hörmət və rəğbətini
qazandırıb.
Onun bir alim, pedaqoq, vətəndaş ziyalı kimi elm
və təhsil sahəsindəki xidmətləri heç vaxt
unudulmayacaq. Xatirəsi onu yaxından tanıyanların, sevənlərinin,
həmkarlarının, elm ziyası bəxş etdiyi tələbələrinin
yaddaşında daim yaşayacaq.
Rəfayət ƏLİMİRZƏYEVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 4 fevral(№20).- S.14.