Hacı
Zeynalabdin Tağıyev haqqında kitab təqdim edilib
Yanvarın 30-da “Libraff” kitab mağazasında Milli Azərbaycan
Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru Fərhad Cabbarovun məşhur sahibkar,
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr
olunmuş “Səxavət dünyasının sərvəri”
monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirin
əvvəlində çıxış edən müəllif
kitabın ərsəyə gəlməsi, araşdırmalar nəticəsində
aşkarladığı yeni, maraqlı faktlar haqqında
danışıb. O, qeyd edib ki, yeni kitab Azərbaycan, Gürcüstan,
Rusiya və Türkiyənin 9 arxivində qorunan sənədlər,
dövri mətbuat materialları əsasında yazılıb
və bəzi faktlar ilk dəfə oxuculara təqdim olunur. Təqdimat
mərasimində çıxış edən muzeyin direktoru,
akademik Nailə Vəlixanlı, professorlar Ədalət Tahirzadə
və Solmaz- Rüstəmova-Tohidi,
jurnalist-araşdırmaçı Rahib Azəri yeni kitabın
məziyyətləri haqqında danışaraq, əsərin
təkcə H.Z.Tağıyevin fəaliyyətini öyrənmək
üçün deyil, həm də o dövr Azərbaycan
tarixi haqqında dolğun təsəvvür yaratmaq
üçün önəmini vurğuladılar.
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.11.