Xalq rəssamı
Sirus Mirzəzadənin fərdi
sərgisi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində
Xalq rəssamı, müasir təsviri sənətin
tanınmış nümayəndələrindən olan Sirus
Mirzəzadənin “Xəyalların qanadlarında” adlı fərdi
sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət
Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı
ilə reallaşan sərgidə rəssamın 100-ə
yaxın rəngkarlıq və qrafika əsəri, eləcə
də müəllifi olduğu monumental rəngkarlıq
nümunələrinin fotoşəkilləri nümayiş
etdirilib.
Sirus Mirzəzadə həm monumental, həm də dəzgah
rəngkarlığı, eləcə də qrafika sahələrində
özünəməxsus bədii irs yaratmış, milli rəssamlıq
məktəbinə böyük töhfələr vermiş sənətkarlardandır.
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbi və Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin
məzunu olan rəssam 1970-ci illərdən özünəməxsus
yaradıcılıq yoluna başlamışdı. Onun ənənə
və müasirlik üzərində qurulan əsərləri
seçilən dəst-xəttə malik olmaqla özündə
rəssamın poetik düşüncə tərzini,
dünyaya fəlsəfi münasibətini, gözəlliyə
vurğunluğunu və bu kimi bədii xüsusiyyətləri
əks etdirir.
Xalq rəssamının bədii fəaliyyətinin
aparıcı istiqamətini təşkil edən monumental
boyakarlıq sahəsi - Bakı, eləcə də digər
şəhər və rayonlarda yerləşən binaları bəzəyən
freska, mozaika və vitrajların fotoşəkilləri sərginin
bir hissəsini təşkil edir və rəssamın
çoxşaxəli yaradıcılığı haqqında
dolğun təsəvvür yaradır.
Qeyd edək ki, sərgi martın 1-dək davam edəcək.
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.11.