Mahnı Teatrında Tofiq
Quliyevin mahnıları səslənib
Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında görkəmli bəstəkar, Xalq artisti Tofiq
Quliyevin mahnılarından ibarət konsert proqramı təqdim
olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə bəstəkarın
ən populyar mahnıları teatrın instrumental
ansamblının müşayiəti ilə solistlərin
ifasında səsləndirilib. Ansamblın bədii rəhbəri
Mirxalid Salayevdir.
Teatrın solistləri bəstəkarın əbədiyaşar
mahnılarını ifa edərək konsertə gələnlərə
nostalji, eyni zamanda, xoş anlar bəxş ediblər. Bir-birindən
maraqlı ifalar Tofiq Quliev musiqisinin əsrarəngizliyini bir
daha nümayiş etdirmiş olub.
Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətində
estrada-caz musiqisinin təməlini qoyaraq, yeni səhifə
açmış korifey sənətkardır. O, Azərbaycan
professional musiqi ənənələrinin Üzeyir Hacıbəyli
tərəfindən əsası qoyulmuş istiqamətinin
davamçısı olmaqla bərabər, yeni bir musiqi-mədəni
janrın – estrada və caz musiqisinin, ilk Azərbaycan Dövlət
Caz Orkestrinin yaradıcısıdır. Beş musiqili komediya ,
valslar, fortepiano üçün prelüd, variasiyalar, eyni
zamanda, bir çox kino musiqilərinin müəllifi olan
görkəmli bəstəkar estrada musiqisinin əvəzsiz sənətkarı
kimi də tanınıb. Bəstəkarın lirik, şux,
nikbin və oynaq çalarlı mahnıları əbədiyaşardır.
Bu gün böyük bəstəkar aramızda olmasa da, onun
mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə
daim eşidilir. Görkəmli bəstəkarın
mahnıları hələ neçə-neçə qərinələr
sonra da sevgi və maraqla dinləniləcək.
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.10.