Tale əkizləri
VAQİF MUSTAFAZADƏ VƏ YAN YOHANSSON
Bu yazı həm azərbaycanca, həm də
İsveç dilində dərc olunacaq. Qəsdim
caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif
Mustafazadəni İsveç əhlinə, onun tale əkizi -
isveçli cazmen, bəstəkar, aranjimançı Yan
Yohanssonu bizim musiqisevərlərə tanıtmaqdır.
Niyə onları tale əkizləri
saydığımı deməzdən əvvəl cazın bir
sehrindən söz açmaq istəyirəm. Caz mənə
küləyi xatırladır: bəzən həzin
düşüncələrinlə birgə səni kəpənək
qanadında xatirələrin isti qucağına aparan titrək
meh olur, bəzən də xəzan yarpağını sonu
bilinməyən ünvanlara uçuran fırtına. Caz
çarəsizlikdə haraya gələn ümidin səsidir!
Lui Armstronqun ifasında "Dallas Blues" bluz
mahnısını dinləyin: qüssə içində
sevinc boy verir...
...Fikrim Amerikanın pambıq tarlalarında bluz oxuyan
qullara gedir. Görən, o mahnıları oxuyanda hansı hissləri
keçirirdilər? Ağıllarına gələrdimi o kədərli
bluzlar sonra caz musiqisinə çevrilib dünyaya yayılacaq,
milyonların qəlbini fəth edəcək?
...Mustafazadənin musiqisini təsvir etməyimi istəsəniz,
belə deyərdim: Yay səhəri üzü Xəzərə
günəşin doğuşuna baxırsan, kürəyini
ilıq gilavar oxşayır, bütün hüceyrələrinlə
duyursan onu, bir də doğulursan sanki. Qəfil tanış səs
gəlir, çoxdan Tanrı dərgahına
köçmüş ananın məhrəm səsinə bənzəyir.
Sevinib heyrətlə səsə çevrilirsən - gilavar
indi də üzünə sığal çəkir. Ana nəvazişi
kimi... Arxa planda Mustafazadənin "Səhər"
kompozisiyası.
Yan Yohanssonun ifalarını yutubda tapıb dinləyin,
məsələn, "Utanmiradan baxış" ("Visa
fr?n Utanmyra") əsərini. Sonra bu mənzərəni təsəvvür
edin: İsveçin yüz min gölündən biri - dörd
yandan meşəylə dövrələnmiş göl.
Əksi suya düşən yarpaqların ləpələrdə
titrəyişinə tamaşa edirsən. Meşəylə
gölün ünsiyyəti iki sevgilinin söhbətinə də
oxşayır, qoynundakı körpəyə layla çalan
ananın pıçıltısına da. Yohanssonun
"İsveçcə caz"ı ("Jazz p? svenska") o
layla-söhbəti müşayiət edir.
İndi bu iki caz ustasını niyə tale əkizi
adlandırmağıma keçək.
Tale onları 1966-cı ildə Tallin şəhərində
keçirilən caz festivalında bir araya gətirir. Bu, Stalin
repressiyasından sonra yumşalma ("Ottopel")
dövrünü yaşayan Sovet İttifaqına xarici
musiqiçilərin ayaq açmasına imkan yaranan vaxtlar idi.
26 yaşlı Vaqif Mustafazadə Tallin-66 caz
festivalının laureatı adını qazanır. Yan
Yohansson da öz triosu ilə uğurla iştirak edir. Məhz o
tanışlıqdan sonra Yohansson Mustafazadə haqda bu sözləri
deyir: "Onun musiqisi həm son dərəcə müasirdir, həm
də nəsillər boyu şairlərin tərənnüm
etdiyi əsrarəngiz Qafqaz melodiyalarının sehrini əks
etdirir. Sanki Şəhrizadın 1002-ci gecədə
danışdığı bir nağıl kimidir!" Bu
sözlər Mustafazadənin Bakıdakı ev-muzeyində
divardan asılan lövhədə yazılıb. Sonralar
Mustafazadə dünyanın məşhur cazmenləri ilə
yanaşı, Yan Yohanssonla ünsiyyətin də onun
yaradıcılığına böyük təsir göstərdiyini
etiraf edir.
Onları tale əkizi edən ən başlıca cəhət
əsərlərində klassik cazı xalq musiqisi və ənənəvi
ritmlərlə birləşdirmək
bacarığıdır.
Mustafazadə cazla muğamın sintezindən yeni
üslub - caz-muğam yaratdı. O, bütün əsərlərində
- həm kompozisiyalarda, həm də improvizasiyalarda Azərbaycan
xalq musiqisindən, xüsusən də muğamdan bəhrələnib.
"Bayatı-Şiraz" muğamından ilhamlanan
eyniadlı kompozisiyası Azərbaycan cazının şah əsərlərindəndir.
Yohansson isə İsveç xalq musiqisini caz
versiyalarında aranjiman etməklə tanınıb və
Avropanın digər xalq mahnıları üzərində də
improvizasiyalar edib. Onun 1964-cü ildə çıxan "Jazz
p? svenska" ("İsveçcə caz") albomu
İsveçin ən çox satılan caz albomudur. Albomda
"Polska fr?n Medelpad" və "Polska efter Höök
Olle" kimi polyak xalq musiqisi ritmləri üzərində
yazılan əsərlər də yer alıb. Daha sonra o,
"Jazz p? ryska" ("Rusca caz", 1967) və "Jazz p?
ungerska" ("Macarca caz", 1968) albomlarını da
yazdırır.
1960-cı illər nəslinin bu iki virtuoz caz ustası
bir müddət vətəndən kənarda yaşamalı
olublar. Ömrün Kopenhagen illərində Yohansson iki albom
yazdırıb. Mustafazadə isə Tiflisdə
yaşadığı dövrdə "Qafqaz" caz-triosunu
yaradıb.
Onlar şəxsi həyatlarındakı
oxşarlıqlarla da tale əkiziydilər. Hər ikisinin həyat
yoldaşının adı Elza idi. Hərəsinin iki
övladı var, bu övladlar da indi məşhur
musiqiçidirlər. Yohanssonun oğulları Anders və Yens
rok musiqisi sahəsində tanınırlar. Mustafazadənin
qızları isə pianoçudurlar: Lalə Parisdəki Grand
Operada çalışır, Əzizə isə atası kimi
ömrünü caza həsr edib, onu "Caziza"
çağırır, caz ilahəsi adlandırırlar.
Tale əkizləri yaradıcılığın zirvəsində,
gənc yaşlarında vəfat ediblər. Yan Yohansson 1968-ci
ildə, 37 yaşında avtomobil qəzasında həlak olub.
Vaqif Mustafazadə isə 1979-cu ildə, 39 yaşında
Daşkənd səhnəsində, qızı Əzizəyə
həsr etdiyi "Əzizəni gözləyərkən"
kompozisiyasını ifa edərkən ürək tutmasından
dünyasını dəyişib.
...Qısa ömürlərinə baxmayaraq, onlar
bütün əbədiyaşar klassik əsərlər kimi həmişə
müasir qalacaq musiqilər yaradıblar.
Helsinqborq, İsveç
Fevral 2025
Vahid QAZİ
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.10.