Cəmiyyətin inkişafında gənclərin
rolu
“Bizim xalqımızın gələcəyi gənclərdir.
Gənclər isə gərək həm fiziki cəhətdən
sağlam olsunlar, həm də yüksək şüura,
yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə,
yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə
sıx bağlıdır”.
Ulu öndər Heydər Əliyev
Azərbaycanda 2 fevral tarixi hər il Gənclər
Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin
1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən,
fevralın 2-si Azərbaycan Gəncləri Günü elan
edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və
Şərqi Avropa ölkələri arasında ilk dəfə
Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə
başlanılıb. Azərbaycan bu sahədə də bir
çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda
Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin
işləri üzrə nazirlərin ümumdünya konfransının
(1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT
Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə
12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Azərbaycan
gəncliyi Ulu öndər Heydər Əliyevin onlara ən
böyük hədiyyəsi olan bu günün təsis edilməsinin
27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları
kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.
Dahi şəxsiyyət, Ulu öndər Heydər
Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla təsis
olunan əlamətdar gün gənclərimizin cəmiyyətdəki
roluna verilən yüksək qiymətdir. Ümummilli lider tərəfindən
təməli qoyulmuş və bu gün davam etdirilən
dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin
mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda
tərbiyəsi, gənclərin hərtərəfli
inkişafı və ölkə həyatında fəal
iştirakı üçün mühüm zəmin
yaradır.
Əsası Ulu öndər tərəfindən qoyulan
dövlət gənclər siyasəti uğurla davam etdirilir.
Azərbaycan gəncliyinə həmişə böyük diqqət
və qayğı ilə yanaşan, onların problemlərinin
həlli istiqamətində həyata keçirilən tədbirlərə
xüsusi önəm verən, bu siyasəti müasir müstəqil
Azərbaycan dövlətinin fəaliyyətinin ən
mühüm istiqamətlərindən biri kimi dəyərləndirən
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin
inkişafında dərin izlər buraxıb. Ümummilli lider
gənclər sahəsində dövlət siyasətinin
uğurla həyata keçirilməsi məqsədilə bu sahənin
zəruri qanunvericilik bazasının
formalaşdırılmasını təmin edib. Gənclərin
sosial, iqtisadi və digər problemlərinin həllinə
yönələn, onların öz qabiliyyətlərinin
inkişaf etdirmələrinə kömək edən fərman
və sərəncamlar, qanunlar və Dövlət
proqramları gənc nəslin mütəşəkkil qüvvə
kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə,
faydalı məşğulluğunun təmin olunmasına
müsbət təsir göstərib. Ümummilli lider aydın
strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin
enerji və imkanlarını milli maraqlarımızın
müdafiəsinə səfərbər etdi, onların vətənpərvər
ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il
fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin
Birinci Forumunda Ümummilli lider gənclər
qarşısında mühüm tarixi vəzifələr
müəyyənləşdirdi.
Ümummilli liderin gənclərə etimadı bu
gün təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanda gənclər
siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır.
Ölkə rəhbərliyi Ümummilli liderin gənclər
siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik
tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial
müdafiəyə ehtiyacı olanların problemlərinin həlli
istiqamətində görülən işlər, gənclər
təşkilatlarının formalaşması və
inkişafı üçün yaradılan şərait və
imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin
inkişaf istiqamətini mövcud ənənələr əsasında
daha da təkmilləşdirildi. Gənclər ilə
bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il
“Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu
yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə
“Gənclər üçün Prezident Mükafatı” təsis
olundu, Azərbaycan gənclərinin İnkişaf
Strategiyası təsdiqləndi. Gənclər siyasətində
milli və dövlətçilik maraqlarının prioritet
olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində
həlledici rol oynadı.
Ölkə başçısının 2007-ci il 16
aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil üzrə Dövlət Proqramı” və
"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair Dövlət Proqramı” bütün təbəqədən
olan gənclərin xaricdə təhsilinə geniş imkanlar
yaradıb. Bu proqram çərçivəsində minlərlə
gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında
oxuyur. Azərbaycanda gənclərin məşğulluğunun
təmin olunması da diqqət mərkəzindədir. Heydər
Əliyev Fondu tərəfindən gənclərin istedad və
bacarıqlarının üzə çıxarılması
istiqamətində həyata keçirilən layihələr
yetişməkdə olan nəslin gələcəyinin
etibarlı təminatıdır. Fond rəhbərliyinin təşəbbüsü
ilə xaricdə və ölkəmizdə reallaşan layihələr
Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin
fəallığının artırılmasında və
onların fəaliyyətlərinin əlaqələndirilməsində
mühüm rol oynayır. Bu ali diqqət və
qayğını daim öz üzərində hiss edən Azərbaycan
gəncliyi göstərilən etimadı layiqincə
doğrultmağa çalışır. Bu yüksək
münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin
təminatçısı olan gənclər bütöv və
müstəqil dövlətimiz naminə bütün güclərini
səfərbər edir, Vətənin inkişafı
üçün səylə çalışır, dövlətimizin
uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Ölkə gənclər siyasətində idmanın
inkişafı və onun kütləviliyinin
artırılmasına da xüsusi diqqət yetirilir. Dövlətimizin
diqqəti nəticəsində Azərbaycan dünyanın
qabaqcıl idman ölkələrindən birinə
çevrilib. Hazırda respublikamızda 45-dən çox
Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi,
ölkəmizin nüfuzlu beynəlxalq idman
yarışlarına ev sahibliyi etməsi,
idmançılarımızın Olimpiya Oyunları və
dünya çempionatlarında uğurlu
çıxışları buna əyani sübutdur.
Gənclərimiz göstərilən diqqət və
qayğını yüksək dəyərləndirməklə
yanaşı, məsuliyyətini də dərk edir və
dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin
uğurla həyata keçirilməsinə,
respublikamızın dinamik inkişaf edən qüdrətli
dövlətə çevrilməsi prosesinə töhfəsini
verməyə çalışır. 2011-ci il 7 iyul tarixli Sərəncam
ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli
Fərmanı ilə Gənclər və İdman Nazirliyi
yanında Gənclər Fondunun yaradılması təməli
Ümummilli lider tərəfindən qoyulmuş gənclər
siyasətinin elmi-nəzəri əsaslara
bağlılığının və
davamlılığının əyani sübutudur. Hazırda
elmin və texnologiyanın sürətli inkişafı,
postneft dövrünün başlanması Azərbaycan dövlətinin
də gənclərlə bağlı zamanın tələblərinə
uyğun siyasət yürütməsini zəruri edib. Gənclərin
intellektual, fiziki və mənəvi inkişafını,
ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
fəal iştirakını təmin etmək məqsədilə
2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası”nın təsdiq
edilməsi haqqında Sərəncam imzalanıb. Gənclərlə
bağlı bütün məsələlərin geniş əhatə
olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda
gənclər siyasətinin daha səmərəli həyata
keçirilməsinə nail olmaq, cəmiyyətin bütün
sahələrində gənclərin fəal iştirakına
şərait yaratmaq, onların yaradıcı və innovativ
potensialının üzə çıxarılmasını
dəstəkləmək, gənclərin təhsil və məşğulluq
məsələlərinə diqqəti artırmaq, müasir
informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə etmək, ölkədə könüllülük
hərəkatını inkişaf etdirməkdir.
Azərbaycan gənclərinin potensialının, fəallığının,
məsələlərə yeni baxışlarının cəmiyyət
üçün çox lazımlı olduğunu diqqətə
alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan
Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan
edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin
davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan
Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı
ilə Azərbaycan könüllülərinin V həmrəylik
forumu keçirilib. Forumda qeyd olunub ki, 2022-ci ildə ölkə
başçısının könüllülüyün təşviqi
ilə bağlı müvafiq tapşırıqlarına
uyğun olaraq reallaşdırılan 500-ə yaxın layihədə
on minlərlə gənc iştirak edib. Layihələr ölkəmizin
65 şəhər və rayonunu əhatə edib. 2022-ci il həm
də “Qayıdış Könüllüləri”
proqramının start verilməsi ilə yadda qalıb.
2022-ci ilin Qarabağın incisi olan mədəniyyət
paytaxtımız Şuşada Diaspor Gənclərinin III Yay,
Şuşa və Bakı Gənclər İncəsənət
Düşərgələrinin keçirilməsi, orada
müxtəlif ölkələrdən çoxsaylı gənclərin
iştirakı onların təşkilatlanması və diaspor
fəaliyyətinin davamlılığının təmin
olunmasında əhəmiyyəti böyükdür. Xaricdə
yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin
nümayəndələrinin “Şuşa İli”ndə qədim
şəhərdə vahid platforma ətrafında bir araya gəlməsini
və ölkəmizlə daha yaxından tanış edilməsi
müsbət hadisə kimi qiymətləndirmək olar. Sosial həyatın
bütün sferalarında gənclər əksəriyyət təşkil
edir. Bu, dövlətimizin gənc kadrların irəli çəkilməsi
ilə bağlı qarşıya qoyduğu vəzifənin
reallaşmasının nəticəsidir. Azərbaycan gənclərinin
hərtərəfli inkişafına ən yüksək səviyyədə
diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu
il tarixli Sərəncamı ilə “Yüksəliş”
müsabiqəsinin təsis edilməsini göstərmək
olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi
və idarəçilik keyfiyyətləri yüksək olan
perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi,
dəstəklənməsi və ölkədə kadr
ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan
Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi
ilə bağlı əlavə tədbirlər haqqında”
2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın
şəhər və rayonlarında yaşayan gənc vətəndaşların
dövlət gənclər siyasətinin tələblərinə
uyğun şəkildə hərtərəfli
inkişafının təmin olunması, habelə Ulu öndər
Heydər Əliyevin dövlətçilik fəlsəfəsini,
azərbaycançılıq məfkurəsini gənc nəslin
daha dərindən mənimsəməsi işinə töhfə
verilməsi məqsədilə şəhər və
rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin
İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin
yaradılması işi uğurla davam etdirilir.
Azərbaycan gəncləri üçün ən həlledici
sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də
başlayan və noyabrın 10-dək davam edən Vətən
müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun
sıralarında Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə
yazdılar. Məhz onların rəşadəti sayəsində
qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan
ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan
xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına
qovuşdu. Qürurverici və sevindirici haldır ki, gənclərimiz
Vətən uğrunda döyüşlərlə
yanaşı, arxa cəbhədə də yüksək fəallıq
göstərib, ölkəmizlə bağlı həqiqətlərin,
işğalçı Ermənistanın əzəli
torpaqlarımızda törətdikləri vandallıq
aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər.
Şaxtaya, soyuğa, qara baxmayaraq, Laçın-Xankəndi
yolunda etiraz aksiyasına qatılan
iştirakçıların böyük əksəriyyətini
gənclər təşkil edirdi. Bütün Azərbaycanın
ürəyi Laçın yolunda döyünürdü. Onlar
böyük əhvali-ruhiyyə ilə öz haqlı tələblərini
dünyaya bəyan edirdilər. Könüllü gənclər
və ekoloqlarımız etiraz aksiyasında Azərbaycan ərazilərində
faydalı qazıntı yataqlarının qanunsuz
istismarının dayandırılmasını,
“Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin
keçirilməsinə icazə verilməsini tələb
edirdilər. Aksiyaya qoşulan könüllü gənclərimizin
sayı gün keçdikcə daha da artırdı. Dövlətimizin
Azərbaycan könüllülərinə, gənclərə
böyük motivasiya verib, qürur və fəxr hissi
yaşadıb. Xalqımız gecə-gündüz
şaxtalı-qarlı havada orada öz haqlarını tələb
edən gənclərlə fəxr edir.
2022-ci il Qoşulmama Hərəkatının Gənclər
Şəbəkəsi ilk beynəlxalq sammitini keçirib.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi
dövründə irəli sürdüyü iki əsas təşəbbüsdən
biri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin
təsis olunması idi və bu, bir ilk olub.
Azərbaycanda gənc nəslin problemlərinin həlli,
onların cəmiyyət həyatında iştirakının
təmin olunması üçün həyata keçirilən
bütün zəruri tədbirlər Azərbaycan gəncliyini
daha işıqlı sabaha aparacaq. Bu yolda dövlətimiz gənclərə
böyük dəstək verir.
Bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində
inamla çalışırlar. İndi gənclərimiz,
idmançılarımız beynəlxalq tədbirlərdə
və yarışlarda iştirak edərkən tamamilə
başqa bir həvəslə çıxış edirlər
və bizim müzəffər xalq olmağımızın həqiqətini
bir daha təsdiqləyirlər.
Kamran Quliyev
Binəqədi rayonu üzrə gənclər və
idman sektorunun müdiri
525-ci qəzet .- 2025- 4 fevral(¹20).- S.6.