UNEC İnklüziv Təhsil Mərkəzi:
imkanlar genişlənir, fəaliyyət təkmilləşir
Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) qış imtahan sessiyası uğurla yekunlaşıb.
Sessiya dövründə 3039 qrupda 773 fənn üzrə
yazılı və test üsulu ilə imtahanlar təşkil
olunub. İmtahanlarda 64 nəfər əlilliyi olan tələbə
də iştirak edərək, öz bilik və bacarıqlarını
sınayıb. Əlilliyi olan tələbələrin imtahan
verməsi üçün UNEC İnklüziv Təhsil Mərkəzi
tərəfindən zəruri şəraiti yaradıb. Mərkəzin
direktoru Sevinc Məhsimova, eləcə də əməkdaşların
dəstəyi ilə görmə məhdudiyyətli tələbələrin
imtahanları şifahi formada keçirilib. İmtahanlar
zamanı tələbələrin hər birinin ehtiyaclarına
uyğun olaraq, uyğunlaşmış proqramlar və metodlar
tətbiq olunub ki, bu da onların daha rahat şəkildə
imtahan vermələrini təmin edib.
UNEC İnklüziv Təhsil Mərkəzi 2015-ci ilin
iyulundan rəsmi olaraq fəaliyyət göstərir. Əsas
missiyası əlilliyi olan tələbələr, müəllimlər
və heyətə xüsusi diqqət yetirməklə UNEC
icmasının bütün üzvləri üçün
inklüziv və dəstəkləyici mühit yaratmaqdır.
Müxtəliflik və əlçatanlıq inkişaf edən
təhsil müəssisəsinin vacib komponentləridir və
biz hər bir fərdin unikal qabiliyyət və perspektivlərinə
dəyər verən, hörmət edən atmosferi inkişaf
etdirməyə çalışılır.
S.Məhsimova deyir ki, inklüziv təhsil cəmiyyətdəki
mövqe, status, dil və dinindən, irqindən asılı
olmayaraq, hər kəs üçün yaradılan bərabər
təhsil imkanıdır. İnklüziv təhsil əlilliyi
olan və ya olmayan bütün gənclərin bərabər təhsil
almaq hüquqlarını təmin edir. Azərbaycanda
inklüziv təhsilə keçid addımlarının
icrasına 2005-ci ildən başlanılıb. İnklüziv
şəraitin yaradılması və sağlamlıq
imkanları məhdud olan tələbələr
üçün ali təhsil səviyyəsinin əlçatanlılığının
yüksəldilməsi məqsədilə 2013-cü ildə Azərbaycan
Dövlət İqtisadi Universiteti Xəzər Universitetinin
koordinatoru olduğu "Əlilliyi olan şəxslərin Azərbaycan
ali təhsil müəssisələrinə
inteqrasiyasının təməlinin qoyulması" TEMPUS
layihəsinə tərəfdaş olaraq qoşulub və
2014-cü ildən mərkəzin qurulmasına
başlanılıb: "İnklüziv Təhsil Mərkəzi
əlilliyin maneə kimi deyil, insan müxtəlifliyinin aspekti
kimi göründüyü, kampus mədəniyyətimizi zənginləşdirən
və biliklərin inkişafına töhfə verən gələcəyi
nəzərdə tutur. Biz əlilliyi olan tələbələrin,
müəllimlərin və işçilərin akademik,
peşəkar və şəxsən inkişaf edə biləcəyi,
onların unikal töhfələrinin tanındığı və
qeyd edildiyi bir kampus yaratmağa çalışılıb.
Bizim mərkəzin əsas məqsədi sağlamlıq
imkanları məhdud olan tələbələrin təhsil
imkanlarının artırılmasından və təhsilə
tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəzdə
görmə məhdudiyyəti olan tələbələr
üçün Brayl əlifbasında çap edən printer,
müxtəlif yazıdan audioformata çevirən kompüter
proqramları və sair var. Tələbələr istədikləri
vaxt gəlib Mərkəzdə dərslərinə və
imtahanlara hazırlaşa bilirlər. Mərkəzdə
xüsusi qayğıya ehtiyacı olan tələbələrə
həm Brayl formatında, həm audio formatda tədris
materialları təqdim edirik. Onlara əlavə dərslər
keçirilir, imtahan prosesində müxtəlif səbəblərdən
iştirak edə bilməyən tələbələr
üçün imtahanlar təşkil olunur. Bunun
üçün mərkəz bütün lazımi
avadanlıqlarla təchiz olunub".
Mərkəzin Loqotipi Azərbaycan Dövlət
İqtisad Universitetinin İnklüziv Təhsil Mərkəzini
simvolizə etmək üçün dizayn edilib. Loqotipdə
beş rəngdən istifadə olunub. Universitetin korporativ rəngləri
olan iki rəng loqonun yuxarı və aşağı künclərində
yerləşən dairələrdə yer alır. Bu rənglər
universitetin kimliyini və vizual tərzini əks etdirir. Loqotipin
ortasında mavi, qırmızı və yaşıl rənglərdən
istifadə edilib. Bu rənglər Azərbaycan
bayrağından ilham alaraq, inklüzivlik, bərabərlik və
birliyi simvollaşdırır. Mavi, qırmızı və
yaşıl xətlər, fərqli fərdlərin bir araya gəlməsi
və qarşılıqlı hörmətin, həmçinin
təhsildə bərabər imkanların vacibliyini
nümayiş etdirir. Loqotipin altında isə universitetin
korporativ rənglərinə uyğun olaraq "Azərbaycan
Dövlət İqtisad Universiteti İnklüziv Təhsil Mərkəzi"
yazısı yerləşir. Bu mərkəzin öz məqsədini
və fəaliyyət sahəsini aydın şəkildə
ifadə edir və universitetin inklüziv təhsil sahəsindəki
öhdəliyini vurğulayır.
S.Məhsimovanın dediyinə görə,
İnklüziv Təhsil Mərkəzində əlilliyi olan
şəxslərin səlahiyyətlərini artırmaq
üçün bir sıra hərtərəfli xidmətlər
və dəstək göstərilir: "Bizim xüsusi peşəkar
komandamız tələbələr və işçilərin
unikal ehtiyaclarını anlamaq və fərdi
yaşayış planları yaratmaq üçün onlarla
sıx əməkdaşlıq edir. Biz universitet həyatının
bütün aspektlərində, o cümlədən sinifdə
tədris, kampus imkanları, rəqəmsal resurslar və dərsdənkənar
fəaliyyətlərdə əlçatanlığın tərəfdarıyıq.
Biz təhsilə bərabər çıxışı təmin
edən və akademik uğur üçün bərabər
şərait yaradan müvafiq yaşayış yerlərini həyata
keçirmək üçün tələbələr və
fakültə ilə əməkdaşlıq edirik. Mərkəzdə
UNEC icmasının üzvlərinin əlilliklə
bağlı mövzular, dəstək təşkilatları və
müxtəlif resurslar haqqında məlumat tapa biləcəyi
hərtərəfli resurs mərkəzi fəaliyyət
göstərir. Tələbələr, müəllimlər və
işçilər arasında əlilliklə bağlı
problemlərə qarşı anlayış və həssaslığı
artırmaq üçün seminarlar, təlim sessiyaları və
maarifləndirmə kampaniyaları keçiririk.
İnklüziv Təhsil Mərkəzi kampusda universal əlçatanlığı
təşviq etmək üçün universitet rəhbərliyi,
professor-müəllim heyəti və tələbələrlə
əməkdaşlıq edir. Biz fiziki məkanların, rəqəmsal
platformaların və xidmətlərin inklüziv və
hamı üçün əlçatan olması
üçün nəzərdə tutulduğuna əmin olaraq,
əlçatanlıq təlimatlarını davamlı olaraq
qiymətləndirir və yeniləyirik. Biz məxfiliyin
qorunmasının və xidmətlərimizi axtaran şəxslərə
hörmət etməyin vacibliyini anlayırıq. Mərkəzlə
bütün qarşılıqlı əlaqələr məxfidir
və biz fərdlərin mühakimə qorxusu olmadan öz
ehtiyaclarını açıq şəkildə müzakirə
edə biləcəyi təhlükəsiz və dəstəkləyici
mühit yaratmağa çalışırıq. Hər bir fərq
bir dəyərdir. İşarət dili eşitmə
qüsurlu insanlar üçün ən vacib ünsiyyət
vasitələrindən biridir. Cəmiyyətimizin hər bir
üzvünün bərabər hüquqlara malik olması və
öz potensialını reallaşdırması
üçün bu sahənin inkişafı xüsusi əhəmiyyət
kəsb edir".
S.Məhsimova qeyd edib ki, UNEC-in əməkdaşları
daim öz fəaliyyətini təkmilləşdirən, beynəlxalq
təcrübəni öyrənən mütəxəssislərdir.
Onlar xarici ölkələrdə inklüziv təhsil sahəsində
də keçirilən təlimlərdə iştirak edirlər.
İnklüziv Təhsil Mərkəzi bu istiqamətdə daim
araşdırmalar aparır və öndə gedən xarici təşkilatların
təcrübələrini universitetdə tətbiq etmək
üçün şərait yaradır. Mütəmadi olaraq
dünyanın müxtəlif ölkələrinin təşkilatları
ilə əməkdaşlıq qurulur. Böyük Britaniya,
Türkiyə, İrlandiya, Almaniya, Birləşmiş Ərəb
Əmirlikləri, Makedoniya, Polşa, Belarus, Ukrayna və Rusiya
kimi ölkələrin universitetləri ilə əməkdaşlığımız
var. Rusiyanın inklüziv təhsil sahəsində
aparıcı universiteti olan Moskva Dövlət Humanitar və
İqtisad Universiteti ilə ikili diplom proqramları tətbiq
olunur. Xüsusi qayğıya ehtiyacı olan tələbələr,
eyni zamanda, Erasmus proqramları çərçivəsində
xarici universitetlərdə təhsil alırlar:
"İşimiz inklüziv təhsil imkanları yaratmaqla
bitmir. Biz ali təhsil aldıqdan sonra gənclərin sosial həyata
davam etməsində onlara dəstək göstərmək,
onları imkan daxilində işlə təmin etməyə
çalışırıq. Belə ki, ölkənin bir
neçə qurumu bizim əlilliyi olan məzunlarımızı
işə qəbul edib. UNEC İnklüziv Təhsil Mərkəzi
ölkənin bir çox təşkilatı ilə birgə
müxtəlif layihələr həyata keçirir. Bu
geniş fəaliyyətdə, təbii ki, bizə hər
addımda kömək edən könüllü tələbələri
qeyd etməliyəm. Könüllülər hər zaman
yanımızda, hər tədbirdəvə işdə bizə
dəstək olur və əlilliyi olan tələbələrin
cəmiyyətə inteqrasiya olmasında böyük rol
oynayırlar".
Mərkəzin direktoru əlavə edib ki, fəaliyyətlərinin
növbəti mərhələlərində dövlət
qurumları, digər tədris müəssisələri və
qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
gücləndirilməsi, maarifləndirici təlimlər və
görüşlərin təşkil edilməsi nəzərdə
tutulur: "UNEC İnklüziv Təhsil Mərkəzi fəaliyyətə
başladıqdan bu günə kimi bir sıra uğurlu layihələrə
imza atıb. Layihələr dedikdə, bütövlükdə
inklüziv cəmiyyəti əhatə edəcək geniş və
davamlı işlər nəzərdə tutulur. Mərkəz
olaraq hansısa layihəyə başlayan zaman davamlılıq
prinsipinin qorunmasına xüsusi diqqətlə
yanaşırıq. Çünki sosial xidmətlər sahəsində
hər hansı addım atılan zaman, məsələn,
inklüziv cəmiyyət nümayəndələrinin karyera
sahəsində işlə təmininin faizini artırmaq istəyiriksə,
təşkil olunan məzun yarmarkaları mütəmadi olaraq
davam etməlidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.15.