Böyük
coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi
bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
saylarımızda)
İkinci Dünya müharibəsi illərində
nasistlər Fransadan və digər işğal etdikləri
ölkələrdən qiymətli sənət əsərlərini,
dahi rəssamların yaratdığı tabloları qarət
etmişdilər və onlar Reyxin rəhbər xadimlərinin
şəxsi kolleksiyalarına daxil olmuşdu. Almaniya məğlub
olduqdan sonra qarətçilərin də ələ
keçirdikləri yenidən qarət olundu. Sovet işğal
komendantlığının oradan gətirdiyi çox sayda qiymətli
rəsm əsərləri Moskvanın Puşkin adına
muzeyində saxlanılmaqda davam edir.
Hər bir xəlq öz taixindən xəbər verən
əsərlərə, artefaktlara sahib olmalıdır. Bu,
yalnız ədalətin bərqərar olmasının bariz
nümunəsi olardı. Təəssüf ki, ədalətin də
zəfəri baş vermədiyindən, yaxındakı meyvələrə
əli çatmadığından Tantalın düçar
olduğu əzabları yada salır.
Qərbin Cənubi Asiya ilə ticarəti
Portəgizlilərin Cənubi-Şərqi Asiyadakı
ticarətdə dominantlıq etmək cəhdləri həmişə
o qədər də uğurlu olmurdu. Portuqaliya imperiyası elə
də böyük deyildi. Magellan dünya ətrafına səyahəti
vaxtı Filippin adalarında sahilə çıxandan sonra
inanırdı ki, İspaniya Filippinə nəzarəti ələ
keçirə biləcəkdir. Magellanın burada
öldürülməsinə baxmayaraq, İspaniya bu vəzifəni
həyata keçirməyi bacardı və bu ölkə
İspaniyanın Sakit okeandakı ticarətinin başlıca
bazasına çevrildi. İspan gəmiləri ipəyi və
dəbdəbəyə xidmət edən digər malları
Meksikaya daşıyırdılar ki, oradan Meksika mədənlərində
istehsal edilən gümüş yükü ilə
qayıtsınlar.
Portəgiz imperiyası üçün Asiyanın cənub
sahillərində ilk təhlükə, buraya hollandların və
ingilislərin gəlməsi ilə əlaqədar idi. Onlar portəgizlilərə
nisbətən daha yaxşı maliyyələşmişdilər.
Hollandlar Malakkadakı portəgiz fortunu tutdular və sonra
onları tədricən ədviyyat ticarətindən
uzaqlaşdırdılar.
Amerikaların avropalılar tərəfindən məskunlaşması
XVI əsrdə İspaniya və Portuqaliya Amerikalarda
iri müstəqil imperiyalar qurdular. Portuqaliya Braziliyadakı
müstəmləkəsindən yaxşı gəlir
götürürdü. İspanlar isə Cənubi
Amerikanın materik torpaqlarında nəhəng imperiya
yaratdılar. Lakin İspaniyanın kommersiya qüdrəti
sürətlə tənəzzül etməyə
başladı. Buna səbəb gümüş mədənlərində
istehsalın azalması və İspaniya monarxiyasında
yoxsulluğun meydana gəlməsi idi. Portəgizlilərin və
ispanların amerikan imperiyaları hollandların, ingilislərin
və fransızların çağırışları ilə
üzləşməli oldu. Axırıncı xalqlar Yeni
Dünyada özlərinin müstəmləkə
imperiyalarını yaratmaq imkanlarını axtarırdılar.
Fransızların və ingilislərin hər ikisinin
Yeni Dünyadakı müstəmləkə imperiyaları Vest
İndiaların böyük hissəsindən ibarət idi. Bu
tropik adalarda ingilislər və fransızlar plantasiya
iqtisadiyyatını inkişaf etdirirdilər, onlarda afrikalı
qullar işləyirdi. Onlar tütün, pambıq, kofe və
şəkər istehsal edirdilər. Bütün bu məhsullara
isə Avropada artan qaydada tələbat var idi.
"Şəkər fabrikaları" sənaye
sektorunda xüsusilə mühüm rol oynayırdı. XVIII əsrin
son iki dekadasında Britaniyanın Yamaykadakı müstəmləkəsi
hər il 50 min ton şəkər istehsal edirdi. Orada 200 min
qaradərili qul işləyirdi. Santo Daminqodakı (indiki Haiti)
fransız müstəmləkəsində 500 min qul eyni vaxtda
üç min plantasiyada işləyirdi. Bu müstəmləkə
ildə 100 min ton şəkər istehsal edirdi. Lakin qullarla qəddarcasına
rəftar edilməsi hesabına onların arasında
ölüm faizi yüksək idi.
Britaniya Şimali Amerikası
İspaniya, Şimali Amerikanın hamısını
özünün okeanın o tayındakı amerikan
imperiyasının bir hissəsi olduğunu iddia etməsinə
baxmayaraq, digər millətlər bu iddiaya əsasən məhəl
qoymurdular. Bu sahədə britaniyalılar və hollandlar
xüsusilə fərqlənirdilər. Şimali Amerikanın ərazisində
hamıdan əvvəl ilk dəfə hollandlar məskunlaşmışdılar.
Onların fəallığı, hollandların öz xidmətinə
götürdüyü ingilis tədqiqatçısı Henri
Hadsonun (ruslar bunu Qudzon kimi tələffüz edirlər)
çayı kəşf etməsi ilə başlandı.
Hollandlar bir neçə il ərzində materikdəki Nyu
Niderland adlandırdıqları koloniyalarını
yaratdılar. İngilislərin və fransızların onlarla
müharibə aparması nəticəsində holland kommersiya
imperiyası tənəzzülə uğradı. 1664-cü
ildə ingilislər Nyu Niderlandı tutdular və onu Nyu York
(York İngiltərədə inzibati qraflığın
adı idi) adlandırdılar.
Həmin vaxtdan ingilislər Şimali Amerikada öz
koloniyalarını yaratdılar. İngilislərin Amerikada ilk
dəfə məskunlaşdığı yer Ceymstaun (həmin
dövrdəki İngiltərə kralı olan şotland I
Ceymsin şərəfinə) idi, koloniya müasir Virciniyada
yerləşirdi.
1607-ci ildə koloniyanın əsasını qoymuş
kapitan Con Smit hindulara əsir düşməsini və hindu
başçısını 12 yaşlı qızı
Pokahontasın xahişi ilə onu ölümdən xilas etməsini
öz kitabında geniş əks etdirir. İngilislər burada
hindular kimi tütün yetişdirməklə məşğul
olurdular.
Avropalıların ən böyük qüsuru ondan
ibarət idi ki, onlar yeni əraziləri kəşf etdikdən
az sonra yerli xalqlara adam olmayan hesab edir, onlardan ötəri
işləmək üçün hinduların yararlı olmadıqlarını
güman edirdilər. Bəziləri isə onları təbii cəhətdən
normal insanlar tək və avropalıların pozğunluğuna
məruz qalmamış kimi qəbul edirdilər. Təəssüf
ki, belə münasibət bəsləyənlər, irqi fərqliliyi
əsas götürüb, hindulara qeyri-insani münasibət
göstərənlərdən xeyli azdır. Hətta
irqçi qrup inanırdı ki, hinduları özlərinin
xristian dininə keçirəcəklər, həm də
avropalılar yerli xalqlara uğurla ağalıq edəcəklər.
Və buna görə onlar afrikalıları və hinduları
xristian Avropasının inancına və Avropa sivilizasiyasına
cəlb etməyə cəhd edirdilər.
Lakin sonralar hinduların bu dəyişikliyə mənfi
münasibət bəslədiyini görüb, avropalılar
onları sıxışdırmağa, təqib etməyə
və axırıncı tədbir kimi qırmağa
başladılar. Onlar hinduları tarixən
yaşadıqları yerlərdən qovurdu. Vinçester
tüfənginin icadı ilə Şimali Amerikadakı
avropalılar sayı milyonlarla ölçülən
bizonları qırdılar. Bizon əti isə hinduların əsas
qidası idi. Ərzaq mənbəyinin məhv edilməsi, ondan
faydalanan insanların da ratsionunun kasıblamasına, hətta
ödənilməməsinə səbəb olur. Vinçester
hinduları məhv etməkdə də əvəz olunmayan
silah növü idi. Sonralar ingilislər bunu qiyam
qaldırmış sudanlıların da qırğını
üçün tətbiq etmişdilər.
XIX əsrin ikinci yarısı yeni amerikan sakinlərinin
qəddarlıqlarının biabırçı səhnəsinə
çevrildi. Sağ qalan hindular öz qəbilələrinin
qalığı kimi rezervasiyalarda yaşamalı oldu. Qitənin
bu aborigen xalqı öz torpağında yeni məskunlaşanlar
üçün qurban verilmə hədəfi oldu və bu az
saylı xalq qırılmaqla, böyük faciələrlə
üzləşməli oldu.
Britaniya Şimali Amerikası sonralar 13 iri koloniyadan ibarət
oldu. Onlar sıx əhaliyə malik idi və həmçinin
ardıcıl olaraq yaxşı inkişaf edirdi. Şimali
Amerikadakı və Vest İndiadakı Britaniya koloniyaları
merkantelizm ideyalarından geniş istifadə edirdilər. Bu
sistem nəzəri cəhətdən ana ölkə
(metropoliya) üçün ticarətdə əlverişli
tarazlığa nail olmaq yolunu açırdı.
Fransız Şimali Amerikası
Amerikanın şimalını (Kanadanı)
fransızlar kəşf etdiklərindən, burada öz
imperiyalarını qurdular. Fransız tədqiqatçısı
Jan Kartye 1534-cü ildə Müqəddəs Lourens (Lavrenti)
çayını kəşf etmişdi və Kanadanın
fransız torpaqları olduğu iddiasını irəli
sürmüşdü. Fransızlar 1608-ci ildə ilk dəfə
Kvebekdə koloniya yaratdılar.
Fransız Şimali Amerikası geniş ticarət
zonasına çevrilmişdi, burada xəzlər, dəri,
balıq və ağac materialı olduqca bol idi. Lakin fransız
hökuməti yeni ərazini məskunlaşmaq
üçün onu adamlarla və pulla lazımınca təmin
edə bilmirdi. Fransız koloniyalarının əhalisi
çox seyrək idi, yalnız 15 min nəfər fransız
kanadalısı var idi. Onlar da ovçular, xəz
heyvanlarını tutmaq üçün tələ quranlar,
missionerlər və tədqiqatçılar idi. 1713-cü ildəki
Utrext sülh müqaviləsi bağlandıqdan sonra
fransızlar özlərinin Amerika torpaqlarını ingilislərə
verməyə başladılar. Yeddi illik müharibə
(1756-1763-cü illər) nəticəsində ingilislər
general Vulfun komandanlığı altında fransızları məğlub
etdiyi üçün, onlar öz Kanada torpaqlarını
1863-cü ildə özünün Britaniya rəqibinə təslim
etdi. Yeddi illik müharibənin ilk illərində Britaniya
hökumətində xarici işlər naziri olmuş və
hökumətin antifransız siyasətində fəallığı
ilə seçilən Böyük Uilyam Pittin (1708-1778-ci illər)
Kanadanın Bitaniyaya keçməsinə nail olmaqda xidmətləri
olduqca böyük idi. Britaniyanın Şimali Amerikadakı
koloniyalarının şimalında yerləşən
Kanadanı əvvəlcə öz müstəmləkəsinə,
sonralar isə dominionuna çevirmişdi.
Şimali Amerikada hinduların qırılması və
qulların istismarı
Avropalıların Amerikalardakı kolonizasiyası
tarixi hinduların qırğını kimi yeni sakinlərlə
yerli xalqlar arasında baş verən biabırçı hadisələrlə
doludur. "Hindu qırğını" bir definitsiya kimi
zaman sərhədlərini adlayıb, sonralar daha geniş mənada
işləməyə başladı. Bu əraziyə gəlmiş
avropalı sakinlər isə özlərini müdafiə etmək
üçün, bu kəlmədən yerli amerikanların
onlara hücumunu təsvir etməkdən ötəri istifadə
edirlər. Bunu da bütünlüklə inkar etmək
mümkün olmasa da, hinduların kütləvi sürətdə
və uzun müddət ərzində qırğının həyata
keçirilməsi buraya gəlib, yeni məskunlaşmış
avropalıların adına yazılmalıdır. Hinduları
məhz yeni sakinlər rəhmsizcəsinə
qırmağı özlərinin igidliyi hesab edirdilər.
Birləşmiş Ştatlar ordusu hindu
xalqlarını öz hökumətinə tabe etmək
üçün çox sayda kampaniyalar aparırdılar,
onlar bunu 1860-cı illərdən amerikan Qərbində
başlamışdılar. Yerli milis qüvvələri və
ordu çox yerdə hinduları amansızcasına
qırırdı. Hindu qırğınlarında nə qədər
adam öldürüldüyünü müəyyən etmək
də çətindir, çünki bu statistika hindulara yad
olduğu kimi, onu aparmaq da ABŞ dövləti
üçün ifşa edilməməkdən ötəri
vacib deyildi. Bu eybəcər iş, əslində, 1511-ci ildəki
ilk kontaktdan başlayaraq, 1890-cı ilə qədər davam
etmişdir.
Təkcə bir Kaliforniya fəlakətində
1846-1873-cü illərdə ən azı 9400-dən 16 minə
qədər hindu, hindu olmayanlar tərəfindən
öldürülmüşdü. Ümumiyyətlə, 3200
qırğın hadisəsi baş vermişdi. Müstəmləkə
ərazilərindəki ayrı-ayrı qanlı hadisələrdə
öldürülən hinduların sayı onlardan, yüzlərdən
başlayıb, minlərlə nəfərə qədər
çatır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.14.