"Əminə Dilbazinin portreti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi,
sənətşünas Sevinc Əliyevadır. Sevinc xanımla
Xalq rəssamı Mikayıl Abdullayevin "Əminə
Dilbazinin portreti" əsərindən
danışmışıq.
Müasir Azərbaycan təsviri sənətinin
görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan
Dövlət və Beynəlxalq
Cəvahirləl Nehr mükafatı laureatı, professor, pedaqoq
Mikayıl Abdullayev 1921-ci ildə Bakı şəhərində
anadan olub. İlk rəssamlıq təhsilini Azərbaycan Rəssamlıq
Texnikumunda alan Mikayıl Abdullayev burada Əzim Əzimzadənin
tələbəsi olub. Hələ tələbəlik illərindən
müstəqil sərgilərdə iştirak edən gənc rəssamın
nümayiş olunan əsərləri böyük rəğbətlə
qarşılanıb. Rəssamlıq Texnikumunu bitirən gənc
təhsilini davam etdirmək üçün Moskvaya gedərək
V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
institutuna daxil olub. İkinci Dünya müharibəsi illərində
təhsilini yarımçıq qoyaraq Bakıya dönən
M.Abdullayev əksər gənc rəssamlar kimi müharibə
illərində təbliğat plakatlarının
yaradılmasında iştirak edib və 1944-cü ildə təsilini
başa vurmaq üçün yenidən instituta
qayıdıb.
Mikayıl Abdullayevin yaradıcılığında
portret janrı xüsusi yer tutur. Onun portretlər
qalereyasını Üzeyir Hacıbəyov, Rəsul Rza, Mirzə
Fətəli Axundov, Molla Pənah Vaqif, Aşıq Ələsgər,
Fərhad Bədəlbəyli, İmadəddin Nəsimi,
Əli İbn Sina kimi şəxsiyyətlərin obrazları bəzəyir.
- Sevinc xanım, bu əsər Mikayıl Abdullayev
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Rəssamın portretləri arasında önəmli
yer tutan əsərlərindən biri də baletmeyster və pedaqoq, Xalq artisti
"Əminə Dilbazinin portreti"dir. Tablo 1954-cü ildə
kətan üzərində yağlı boya ilə
yaradılıb. Əsərin təhlilinə keçməzdən
öncə rəssamlığımızda rəqsə
yanaşma ilə bağlı bir neçə məqamı
vurğulamaq istərdim. Rəqs sənəti
xalqımızın adət-ənənələrini, tarixi
kökünü, milli geyimlərimizi özündə əks
etdirən sərvətimizdir. Təbii olaraq bu sənət və
onun nümayəndələri daim rəssamlarımızın,
heykəltaraşlarımızın diqqət mərkəzində
olub. Əminə xanım Dilbazinin Fəxri xiyabanda möhtəşəm
məzarüstü abidəsi Xalq rəssamı, görkəmli
tişə ustası Ömər Eldarovun əsəridir. Xalq rəssamı
Böyükağa Mirzəzadənin
yaradıcılığında da biz rəqqasələrin təkrarolunmaz
obrazlarına rast gəlirik. Böyükağa Mirzəzadə
"Balerina R.Axundovanın portreti", "Rəqqasə Roza
Cəlilova", "Rəqqasələr" kimi bir-birindən
zəngin və maraqlı əsərlər yaradıb. Son dövrlər
tarixi qələbəmiz, torpaqlarımızın
işğaldan azad olunması təsviri sənətimizə təsirsiz
ötüşməyib. Rəssamlarımız - Əşrəf
Heybətov, Arif Hüseynov, Elşən Hacıyev, Vüqar
Əli bir-birindən gözəl, qələbə əhval-ruhiyyəli
əsərlər yaradıblar və bu əsərlərdə
rəqqaslar, xüsusilə birlik, güc simvolu olan Yallı rəqsi
öz əksini tapır.
- "Əminə Dilbazinin portreti"nin
kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Kompozisiyanın əsasını milli geyimdə rəqs
edən, tamaşaçıya gözəl təbəssümlə
baxan əfsanəvi rəqqasənin tünd qəhvəyi fonda
təsviri təşkil edir. Əminə xanımın geyiminin
axıcılığı, milli geyimlərimizin gözəl
ornament və bəzəkləri, aksesurlar, həmçinin rəssamın
yüksək ustalıqla vurğuladığı rəqqasənin
əl hərəkətləri, üz cizgiləri tabloya
dinamiklik, canlılıq, ekspressiya gətirir. Rəssamın rəqqasəni
şən əhval-ruhiyyədə, yüksək peşəkarlıqla
obrazın daxili aləminə nüfuz edərək təsvir
etməsi rəqqasənin səhnədə hər şeyi
unudaraq sənətin sehrinə düşməsinə işarədir.
- Bəs əsərin rəng həlli necədir?
- Əsərin koloritini əsasən tünd qəhvəyi
fon, sarı-qırmızı rənglərin vəhdəti təşkil
edir. Rəssamın seçdiyi rənglərdən uğurla
istifadəsi portretin təbii, daha gerçək
görüntüsunü yaradır. Tünd qəhvəyi və
qara fon, xəfif narıncı, qırmızı rənglərin
vəhdəti portretin emosional, vizual balansını təmin
edir və bu rənglərlə sanki rəssam Əminə
xanımın mülayim, mehriban xarakterinə işarə edir.
Əsərdə tünd fona paralel olaraq açıq üz
tonları arasında yaranan güclü kontrast fiquru diqqət
mərkəzində saxlayır.
- Tablo hazırda harada saxlanılır.
- Əsər Rüstəm Mustafayev adına Azərbaycan
Milli incəsənət muzeyində qorunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Mikayıl Abdullayev o rəssamlardandır ki, portret
yaradarkən məqsədi təkcə zahiri bənzərliyi
göstərmək deyil, paralel olaraq qəhrəmanının
daxili aləmini, ruh halını göstərməyə
çalışır. Bu portretdə də rəssam Əminə
xanımı nikbin, qürurlu, rəqs sənətinin çoxəsirlik
ənənələrini qoruyub yaşatmaqda müstəsna xidməti
olan bir xoreoqraf kimi təsvir edir. Tablo vasitəsilə rəssam
bizə sevdiyi işlə məşğul olan insanın
gözəlliyini göstərməyə
çalışıb.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.12.