Parisi
"tutmağın" ən yaxşı yolu
VƏ YA CƏLİL QURBANLININ DƏRS
VƏSAİTİ HANSI İMKANLARI ORTAYA QOYUR?!
Təcrübəli pedaqoq və mütərcim Cəlil
Qurbanlı Biləsuvar şəhər Ə.Eynullayev adına
4 nömrəli tam orta məktəbində fransız və
ingilis dillərini tədris edir. Fransız dilindən bədii
tərcümələr edir, "Hikmət çələngi:
fəlsəfi sitatlar antologiyası" və "Fəlsəfi
fikirlər" tərcümə kitablarının müəllifidir.
Bu yaxınlarda onun "Fransız dilinin qrammatikası"
adlı dərs vəsaiti işıq üzü görüb.
Cəlil müəllim otuz ildən çoxdur ki, ədəbi
və elmi mərkəzdən kənarda, Biləsuvar rayonunda
pedaqoji fəaliyyətlə məşğuldur. Bölgədə
yaşamasına baxmayaraq, tərcümə fəaliyyətindən
və yaradıcılığından qalmır.
Cəlil Qurbanlının möhtəşəm
işlərindən biri onun fransız dili ilə bağlı
dərsliyi araya-ərsəyə gətirməsidir. Müəllif
bu dərs vəsaitini yazarkən Azərbaycan, fransız və
rus dillərində olan kitablara müraciət edib, internet
resurslarından faydalanıb. Kitabın elmi redaktoru professor
Çəmən Babaxanova, rəyçisi professor Fikrət
Cahangirovdur. Mütəxəssislərin fikri belədir ki, Cəlil
Qurbanlının "Fransız dilinin qrammatikası"
(Bakı, Zəkaprint, 2024) kitabı Azərbaycan
auditoriyasında fransız dilinin müasir tələblər səviyyəsində
tədrisinə mühüm töhfədir. Kitab orta və ali
məktəblərdə, həmçinin fərdi qaydada
fransiz dilini öyrənənlər üçün nəzərdə
tutulub. İlk səhifəsi fransız əlifbası ilə
açılan dərsliyin girişində qeyd olunur ki, dərs
vəsaitində dilin strukturu, bu strukturu yaradan qrammatik
kateqoriyalar və qrammatik formalar öyrənilir. Fransız
dilinin morfologiyasında iki növ forma - sintetik (sadə) və
analitik (mürəkkəb) formalar nəzərdən
keçirilir. Dərsliyi zənginləşdirən
mühüm cəhət leksik morfemlərin, söz
yaradıcılığı üsullarının, işlək
isim suffiksləri və prefikslərinin, işlək sifət
düzəldən suffikslər və prefikslərin nümunələrlə
təqdim olunması, müqayisələr aparılması, əlavələrin
təqdim edilməsidir.
Fransız dilində nitq hissələri isim (nom), artikl
(article), sifət (adjectif), say (adjectif numeral), əvəzlik
(pronom), feil (verbe), zərf (adverbe), sözönü
(preposition), bağlayıcı (conjonetion) və nida
(interjection) şəklində təqdim olunur ki, bu da Azərbaycan
dilindəki qaydalardan fərqlənir. Müəllif bu fərqli
cəhətləri nəzərə alaraq, fransiz dilini öyrənən
Azərbaycan oxucularına nitq hissələrinin lüğətlər
və izahlarla təchiz edilmiş təqdimatlarını verir.
İsimlərin təsnifatı, qrammatik (cins), kəmiyyət,
müəyyənlik və eyri-müəyyənlik
kateqoriyaları, sintaktik funksiyaları öyrənilir,
quruluşca (sadə, düzəltmə, mürəkkəb)
növləri verilir. Artikl bəhsində müəyyən və
qeyri-müəyyən artikllər, inkar formada olan və
xüsusi isimlərin qarşısında verilən artikllərin
işlənilməsi qaydaları nəzərdən
keçirilir. Sifətin cins, milliyət, rəng, kəmiyyət,
keyfiyyət bildirən kateqoriyaları
araşdırılır, suffikslə işlənən sifətlərə
aydınlıq gətirilir, adi, müqayisə və
üstünlük dərəcələri, quruluşca
növləri göstərilir. Say, əvəzlik, feil bəhslərində
fərqli təqdimatlar verilir. Məsələn, fransız dilindəki
şəxs, mənsubiyyət, işarə, nisbi, sual və
qeyri-müəyyən əvəzliklər Azərbaycan dilinin
ifadə edə bildiyi nümunələr şəklində təhlil
olunur. Müqayisəli təhlillər və təqdimatlar
müəllifin əlavə izahatları ilə verilir.
Zərf, bağlayıcı, nida bəhslərində
aparılan müqayisəli təhlillər bir mühüm cəhətə
diqqət çəkir. Əslində, ümumi ədəbi
dil qaydaları dialektlərin cəmindən formalaşır.
Azərbaycan dilində ədəbi dil qaydaları ciddi şəkildə
qorunduğundan dialektal ifadələr dili
ağırlaşdıran halda deyil, zənginləşdirən
şəkildə qəbul edilir. Fransız dilindən fərqli
olaraq, Azərbaycan dilinin resurs imkanlarına dialektlərlə
yanaşı, türk dillərindən alınan sözlər
də daxildir. Dilin resurs imkanları sintaktik baxımdan daha
maraqlı görünür. Cümlədə sözlərin
sırası, inversiya, söz birləşmələri ədəbi
dilə xətər yetirmədən işlədilə bilər.
Haqqında söhbət açdığımız dərs vəsaiti
fransız dilinin bu imkanlarını Azərbaycan oxucusuna
çatdırmaq baxımından nəzərdən
keçirilməlidir.
Bu dərs vəsaiti fransız dilini öyrənənlərə
mövcud qaydaları öz ana dili ilə müqayisəli təhlil
etməyə, əlaqələr qurmağa, nitqini daha da təkmilləşdirməyə
xidmət edir. Dərs vəsaitində fransız dilini mükəmməl
öyrənmək üçün daha çox diqqət
yetirməli məqamlara üstünlük verilir. "Feillərin
təsrif cədvəli" bölməsi kitabın
böyük bir hissəsini (197-252-ci səhifələri) əhatə
edir. Bu cədvəl dərs vəsaitindən müstəqil
şəkildə faydalanmağa və fransız dilini fərdi
qaydada öyrənməyə, daha mürəkkəb hissələri
kimsənin köməyi olmadan mənimsəməyə xidmət
edir. Oxucuya yardımçı olan digər cəhət isə
dərs vəsaitinin sinonimlər və antonimlər lüğətləri
ilə təchiz olunmasıdır. "Əlavələr"
bölməsində "Sinonimlər" (Les Syninymes) hissəsində
eyni və oxşar məzmunlu sözlərin əlifba
sırası ilə izahlı cədvəli (253-271-ci səhifələr)
verilib. Məsələn dilimizə alınma söz kimi daxil
olmuş direktor (directeur) ifadəsinin fransız dilində chef,
dirigent, principal, proviseur, gouvernant və patron şəkilləri
mövcuddur. Yaxud səhv (faute) sözü defaut və erreur
şəklində də işlənilir. Fransız dilini
öyrənənlər üçün 271-284-cü səhifələrdə
verilmiş "Antonimlər" (Les Antoniymes) lüğətinin
də dəyəri böyükdür. Antonimlər lüğəti
fikri daha dolğun şəkildə ifadə etmək
üçün köməkçi vasitədir. Azərbaycan
dilindən fərqli olaraq, fransız dilində antonimlər bir
neçə şəkildə ifadə olunur. Məsələn,
mədəniyyət (culture) və mədəni (culturel)
sözləri eyni köklüdür, lakin onların antonimi
ignorance (cəhalət) və grossier (kobud)
formalarındadır. Dili mükəmməl bilmək
üçün belə incə məqamlardan xəbərdar
olmaq vacibdir.
Sonda bir məqama da toxunmaq istəyirəm. Hər
hansı bir xalqı yaxşı tanımaq üçün
birinci növbədə, onun dilini müəkəmməl bilmək
lazımdır. Dostunun da, düşməninin də dilini biləndə
onları yaxşı tanıyırsan və özünü də
onlara yaxşı-yaxşı tanıdırsan. XIX yüzillikdə
fransızların Azərbaycana olan maraqları, səyyahların
bu torpaqlara üz tutması ilk növbədə ədəbiyyatımızın
diqqət mərkəzində olub. Mirzə Fətəli
Axundovun ruhu şad olsun, onun komediyasında dərvişin
Parisi partlatması ideyası nə qədər gülməli
alınsa da, tarixi ənənələrə söykənir.
İyirmi birinci yüzillikdə Azərbaycanın Parisə
öz mənəviyyatı ilə hakim olması gənclərimizin
bu xalqın dilini mükəmməl bilməsiylə
başlayır. Cəlil Qurbanlının müəllifi
olduğu "Fransız dilinin qrammatikası" dərs vəsaiti
Azərbaycan gəncinə məhz bu fürsəti verir.
Uğurlu olsun!
Bilal ALARLI (HÜSEYNOV),
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.12.