Dəryadan Dənizə atəşin
salamlar
BİR TƏSADÜFÜN BİR ÖMÜRLÜK
ƏKS-SƏDASI
Universitetdə təhsil alan, düşüncələrindəki
cavabsız qalan (qeyri-müəyyən qalan da deyə bilərsiniz
- ixtiyar sizindir) sualların cavabını çox vaxt
auditoriyada dinlədiyi mühazirələrdə deyil, şeirdə,
sözdə, ən çarəsiz gündə də qeybətdə
tapan, adamdan çox sözə inanan, sözə etibar edən
bir dəstə tələbə qızın qəzet
redaksiyasına getməyi təsadüf ola bilməzdi.
Onları oraya gətirən sözün, şeirin havası
idi. Şair ürəyində çağlayan sözün
özünə macəra axtarması, sözə qiymət verən
adam, ən azından söhbət yoldaşı sorağında
olması niyə də təsadüf sayılsın ki...
İllər öncə tələbə qızlar
bir-birinə qoşulub, öz sevimli rəfiqələrinin, yəni
mənim yazılarımı redaksiya əməkdaşlarına
təqdim etməyə, xalqın ən tələbkar təbəqəsi
olan bədii ədəbiyyat xiridarlarının mühakiməsinə
vermək arzusunda olduqlarını bildirməyə gəlmişdilər...
O vaxtdan bu vaxta çox isti-soyuq yellər əsib, o
görüşün üstündən neçə-neçə
yel qanadlı illər keçib. Uzaq 1996-cı ildə tələbə
dostlarım Rövşanə, Ülkər və Sona ilə dərsdən
çıxıb, Bakı Dövlət Universitetinin
yaxınlığındakı "Azərbaycan" nəşriyyatının
əzəmətli binasının üst mərtəbəsində,
göyün yeddinci qatında yerləşən "Ədəbiyyat
qəzeti"nin redaksiyasına gəlmişdik. Redaksiyada
heç kəsi tanımayan gənc qızların bu mübarək
ziyarətinin şöhrət axtarışı ilə deyil, sözünü
və düşüncələrini bölüşə biləcəyi
insan axtarışı ilə bağlı olduğuna
inanmağınızı çox istəyirəm. Bunu da deyim
ki, o vaxta, yəni həyəcanla "Ədəbiyyat qəzeti"nin
redaksiyasına gəlib çıxana qədər mənim
yazılarım bir neçə dəfə və bir neçə
yerdə çap olunmuşdu. Hətta televiziyanın çox
populyar olan "Ozan" verilişinin
tamaşaçıları da Arzu Nehrəmli adında bir
şairin varlığından xəbərdar olmuşdular.
Ancaq özümü şair kimi təsdiqləmək və
tanıtmaq üçün bunlar ilk addımlar,
idmançı dili ilə desək (nəzərə alın
ki, mənim idmançı karyeram da var, tələbə
olanda universitetin basketbol komandasının hücumçusu
idim), "isinmə məşqləri" idi. Şeirlərimin
"Ədəbiyyat qəzeti"ndə nəşr
olunması ədəbi ictimaiyyətin məni tanıya bilməsi
istiqamətində atacağım daha qətiyyətli və
daha ciddi addım, yəni "qol vurmaq" olacaqdı.
Görünür, həyəcanım da bundan irəli gəlirdi...
Di gəl ki, redaksiyada gözlədiyimiz ciddiyyətlə
qarşılanmadıq. Biz mənim iki ümumi dəftər
dolu şeirlərimi imzası tanınan təcrübəli bir
yazıçıya təqdim etmək, müdrik ağsaqqal
fikri eşitmək, ustad məsləhəti almaq ümidində
idik. Ancaq yazıları qiymətləndirmək
üçün bizi qəzetin göy gözlü,
sarışın saçlı, bəstə boylu gənc və
elə mənim kimi təcrübəsiz bir əməkdaşının
üstünə göndərdilər. Nə deyirsiniz deyin,
şeir havasında yaşayan dörd tələbə
qızın hələ imzasını az adamın
tanıdığı bir cavan oğlanın üstünə
göndərilməsində nəsə bir zarafat, incə bir
oyun var idi. Biz o vaxt bunun fərqində ola bilməzdik.
Beləcə, indi 60 yaşa gəlib çatan
tanınmış şair, görkəmli publisist və məşhur
dənizçi Faiq Balabəyli ilə
tanışlığım məzəli və gözlənilməz
təsadüfdən başladı.
İlk tanışlığın davamı da zarafat
kimi gəldi. Bir neçə gündən sonra şeirlərim
qəzetdə çap edildi. Ancaq şeirlərin müəllifi
kimi üç qızın - mənim, Sonanın və Ülkərin
bir yerdə çəkdirdiyimiz şəkil verilmişdi. Qəzetə
şəkli mən gətirmişdim. Yazılarım çap
olunacağı halda mənim şəklim kollektiv şəkildən
"kəsilib" səhifəyə tək qoyulmalı idi. Sən
demə, şeirlərin müəllifinin, yəni Arzu Nehrəmlinin
şəkildəki üç qızdan hansı olduğu gənc
əməkdaşın yadında qalmayıbmış və o
da işini ehtiyatla görərək yanlışlığa
yol verməmək üçün mətbəəyə
üçümüzün şəklini "optavoy"
göndəribmiş... Yenə sağ olsun durnanı
gözündən vuran göy gözlü Faiq: üç tələbə
qızın şəklini ədəbiyyat aləminə bir
yerdə təqdim etməklə savab yiyəsi oldu!..
...Şeir dəftərlərimi geri almaq
üçün redaksiyaya gələndə Faiq təntənəli
şəkildə bəyan elədi ki, dəftərlərdəki
şeirlərin hamısını diqqətlə oxuyub və
bu şeirlər onu möhkəm "tutub". Şeirlərim
onu necə "tutmuşdusa", mənə şeirlər
kitabımı nəşr etdirməyi tövsiyə elədi və
o vaxt heç anlayışım olmayan nəşriyyat məsələlərində
cani-dildən yardımçı olacağını dedi. Dedi
və haqq üçün, sözünün üstündə
durdu. Beləliklə, 1997-ci ildə Faiqin təşəbbüsü
ilə "Əbədi sevgi" adlı ilk kitabım
dünyaya gəldi. Bu kitabın dünyaya gəlişi Faiqlə
ailə dostluğumuzun da təməlinə çevrildi...
Onu da deyim ki, əsl peşəsi dənizçilik
olan, gəmi kapitanı vəzifəsində
çalışan, yaradıcılığından dəniz
dalğalarının səsi duyulan Faiqlə təməlində
şeir, ədəbiyyat, kitab olan tanışlığımız
mənim başqa bir dənizçi şairlə də
ünsiyyətimdə xüsusi rol oynadı. 1990-cı illərdə
həmyerlim Hüseyn Sözlünün - Hüseyn Dədənin
rəhbərlik elədiyi dənizçilik müəssisəsinə
aid gəmidə keçirilən ədəbi
görüşlər, şeir-sənət müzakirələri
qarşımda yeni tanışlıq üfüqləri
açdı, bu görüşlər zamanı qəlbimə
yaxın olan insanlarla tanış oldum. İndi mən bu
yazını yaza-yaza o dalğalı xatirələrimin
içindən unudulmaz rəfiqəm, mərhum Fərqanənin
doğma səsini eşidirəm...
Fəxr edirəm ki, həyatın və dənizin
tufanlı dalğaları üstündən keçə-keçə
ömrünün müdriklik çağına çatan Faiq
Balabəyli indi ədəbi mühitimizdə sözü
ötən, sözünə və şəxsiyyətinə
qiymət verilən dəyərli insanlardandır. Faiqi bu mərtəbəyə
yüksəldən isə onun şair kimi də, insan kimi də
torpağa bağlılığı, torpaq qədər
müqəddəs olan dəyərlərdən uzaq
düşməməsidir. Torpağa və dəyərlərə
bağlılıq onun içindəki və şeirlərindəki
ümidin də bərəkət dolu münbit mənbəyidir.
Dənizçinin yuxusuna,
Torpaq ətri girər hər gün.
Yanıb-sönən mayaklarda,
"Ümid" adlı bir közərti,
Görər hər gün...
Faiqin şeirlərini oxuyanda bir daha əmin olursan ki, həyatın
ən sərt yoxuşlarında, ən təlatümlü
keşməkeşlərində, ən ağır
sınaqlarında insanın içindəki ümidin közərtisini
sönməyə qoymayan, insanı inamla yaşadan əbədi
bir işıq var və o işığı özünü
Vətənə, torpağa, düzlüyə,
insanlığa fəda etməyə qadir olan qəhrəmanlar
sönməyə qoymur, nəsillərdən nəsillərə
ötürürlər. Bu dünya həmin fədakar
insanlardan, Ağ atlı oğlanlardan heç zaman xali olmayıb.
Torpağın üstünə qatı qaranlıq
çökəndə bir qəhrəman ağ atına minib
qaranlığı, zülməti və zülmü yenir,
insanı qaranlıqdan qurtarır, aydınlığa
çıxardır. Faiq Balabəylinin şeirlərinin
mayası xalqın Ağ atlı oğlan inancından gəlir.
Ağ atlı oğlan torpağa və insana
bağlılıq, sabaha inam, gələcəyə ümid ilə
min illərdir xalqın yaddaşının dərinliyindən
bizə doğru yol gəlir. Bizdən sonra da yoluna davam edəcək...
Ağ atlı oğlan keçər
Gecənin qarasından.
Qurtum-qurtum hey içər
Ömrünün yarısından,
içər yağış suyunu...
Yağış suyu havaya sərinlik, torpağa bərəkət,
ürəklərə ümid gətirdiyi kimi, Faiqin şeirinə
də həzinlik və səmimilik gətirir. İnsanın
içindəki dərdə qarışır, gözündən
tökülüb təkcə yanaqlarını deyil,
içini, qəlbinin dərinliklərini yuyur:
Bu, su deyil, dərddir ki,
Duyar baxışlarıyla
Ovuclayıb bu dərdi
Yuyar göz yaşlarıyla,
Yuyar yağış suyunu...
Faiqin bu şeirini oxuya-oxuya yenə dalğaların
üstündə ədəbiyyatın, sənətin
ocağı başına
yığışdığımız ilk görüşlərimizi,
bir də Fərqanənin mənə həsr elədiyi şeiri
xatırlayıram. Həmin görüşlərin təsirilə
Fərqanə mənə təsəlli üçün
"Ağla, gəlin!" şeirini yazmışdı. Dinləyənlərin
və oxuyanların marağını özünə çəkən
bu şeirə az sonra Hüseyn Sözlü kövrək bir
mahnı bəstələdi və həmin mahnı müharibədə
əzizini itirmiş cavan gəlinlərin dərdinə ortaq, kədərli
ailələrin ürəklərinə təsəlli
oldu...
Faiq Balabəylinin 60 illik yubileyini təbrik etmək
üçün yaddaşımı səfərbər edib
kağıza köçürdüyüm bu yazını Azərbaycan
tarixinin əlamətdar bir bayramı - Zəfər Günü
ərəfəsində yazıram. Bu bayramın hamımız
üçün misilsiz dəyəri var. Ən böyük dəyəri
də budur ki, Vətən uğrunda canından keçən
şəhidlərimizin müqəddəs qanı yerdə
qalmadı, onların, uğrunda canlarını fəda etdikləri
Azərbaycan torpağı düşmən
işğalından azad edildi. Bu əziz bayramın mənim
üçün fərqli mənası bununla
bağlıdır ki, canını Vətənin
azadlığı uğrunda fəda edən qəhrəmanımın
- həyat yoldaşım, hərbi təyyarəçi Yusif Vəliyevin
yarıda qırılmış ömrünün
üfüqündə yeni bir günəş doğdu:
şanlı Zəfərimiz elan edildiyi gün ilk nəvəmiz
dünyaya gəldi. Yeri gəlmişkən, ayağı
düşərli Zəfər qızın - nəvəm Dəryanın
Dəniz başda olmaqla Faiqin nəvələrinə atəşin
əsgər salamları var!..
Faiq Balabəylinin yubileyinə həsr etdiyim yazıda
bayram sevincimi səxavətlə bölüşməyim də
səbəbsiz və yersiz deyil. Qəhrəman əsgərlərimizə,
onların cəsur komandirlərinə ruh yüksəkliyi, qələbəmizə
töhfə verən, Vətən uğrunda döyüşən
sözlərin sırasında Faiqin də sözü var.
Özü də Cəlilabad ləhcəsində:
Bu sazağın üz qarsıyır istisi
somsoyuqdur Kəlbəcərdə İstisu.
Bulud olur yanan qəlbin tüstüsü
Vur də, komandir, vur!
Nə müddətdir sapsarıdır
yaşılım
tez əmr ver, düşmənimlə savaşım.
Qoy vurulum, torpağıma qarışım
Vur də, komandir, vur!
Qocalardan qoca tarixin yanında boyu çox qısa olan
ömrümüzün xoş təsadüflərindəndir
ki, Faiq Balabəylinin 60 yaşını qalib ölkənin vətəndaşları
kimi qeyd edirik.
60 illik uzun və eniş-yoxuşlu yolun, demək olar
ki, yarısını gözlərimin önündə qət
eləyən qədim dostum, yubileyin mübarək! Diləyim
budur ki, tale bir də şairlərimizə təsəlli
şeirləri yazdırmasın. Şeirimizdən,
sözümüzdən güllə səsi,
ölüb-öldürmək nidası, ağı göynərtisi
gəlməsin. Şeirimizin, sənətimizin mövzusu insana,
insanlığa, torpağa, Vətənə sevgi və gözəlliklər
olsun!
Arzu NEHRƏMLİ
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.15.