Peşə təhsili üzrə
prioritetlər: əhatəlilik və keyfiyyət
Azərbaycanda peşə təhsilinin inkişafı
ümumi təhsilin inkişafı ilə bağlı
mühüm hədəflərdən biridir. Bu çərçivədə
peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin
artırılması qarşıya məqsəd kimi qoyulub. Son
illərdə də peşə təhsilinin əhatəliliyinə
dair bir çox hədəfə artıq nail olunub. Bu tədris
ilində peşə təhsil müəssisələrinə
25 minə yaxın tələbə qəbul edilib. Bu da son on
ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək
təxminən 28 min tələbənin peşə təhsil
müəssisələrinə cəlb edilməsi
planlaşdırılır.
Peşə Təhsili üzrə Dövlət
Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın
son dərəcə çox olduğu bir dövrdə peşə
seçimi getdikcə çətinləşir. Peşəni
doğru seçmək üçün həm ailə, həm
də məktəblərin daha məlumatlı olması
üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə
peşəyönümlü işləri məktəblərdə
daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara
və şagirdlərə peşələr haqqında məlumat
daha əlçatan olmalıdır. Valideynlər
övladlarına seçim etməyə şərait
yaratmalıdır. İndiki dövrdə şagirdlər
texnologiyaya yönəldikləri üçün valideyn və
müəllimlər bu prosesdə iştirak etməsələr
də, internetdən ixtisaslar haqqında məlumat əldə
edə bilirlər. Peşə təhsili müəssisələrindən
istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni
zamanda, görsünlər: "Məsələn,
qaynaqçı işinin əhəmiyyətini bəzən
başa düşmürük. Ancaq ətrafımıza baxanda
hər sahədə qaynaq işinin yerini görmək olur.
Şagirdlərə peşələrin əhəmiyyətini
göstərə bilmədiyimiz üçün cəmiyyət
olaraq bunu daha geniş şəkildə təqdim etməliyik.
Uğur hekayələrini cəmiyyətə çatdırmaq
da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə
maraq varsa və sevərək işləyirsənsə, həyatda
uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb,
həm də cəmiyyət tərəfindən dəstəklənməlidir.
Təhsil müəssisələrində doğru sistemli
maarifləndirmə və peşəyönümlü işlər,
ailələrdə isə övladlara peşələr
haqqında məlumat vermək düzgün seçim etməyə
kömək edir. Gənclər daha çox ürəklərinin
səsini dinləyərək düşüncələrinə
əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait
yaradılmalıdır".
O vurğulayıb ki, peşə təhsilində həyata
keçirilən islahatların əsas qaynağı ölkəmizin
sosial və iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir.
"2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi
inkişaf Strategiyasında" konkret olaraq peşə təhsili
ilə bağlı hədəflər müəyyən edilib.
Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini
və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə
2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə
28 min tələbənin cəlb olunması hədəfi
qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15
faiz artım müşahidə edilib. Məsələn,
2024-cü ildə peşə təhsili müəssisələrinə
25 minə yaxın tələbə qəbul olunub ki, bu da son
illərin ən yüksək göstəricisidir. Bundan əlavə,
peşə təhsilinin infrastrukturunun genişləndirilməsi
də strateji hədəflərdən biridir. Yeni, müasir
peşə təhsili verə bilən müəssisələrin
sayı artdıqca, ora müraciət edənlərin sayı
da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə,
Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr
açılıb. Hər bir yeni müəssisə tələbə
sayında artıma səbəb olur. Məsələn, Bərdədə
açılışdan sonra tələbə müraciətləri
10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya
müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin
artırılmasına və keyfiyyətin yüksəlməsinə
xidmət edir. Bu müəssisələrdə tələbəyönümlü
mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə
praktiki biliklərin əldə olunmasına şərait
yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda
STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər
tələbələrə iş yerinə yaxın mühitdə
təhsil almaq imkanı verir. Keyfiyyət də islahatların əsas
istiqamətlərindəndir. Son 5-6 ildə təhsil
proqramlarının yenilənməsi və yeni proqramların
hazırlanması ilə bağlı əhəmiyyətli
addımlar atılıb. Bu müddət ərzində 100-ə
yaxın yeni proqram hazırlanıb. Bunda məqsəd təhsil
proqramlarının əmək bazarının tələblərinə
cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən
çox dərslik tələbələrə təqdim edilib.
Peşə təhsilində müxtəlif ixtisaslar olduğu
üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən
həm ümumtəhsil, həm də ixtisas dərslikləri
mütəmadi nəşr olunaraq müəssisələrə
göndərilir".
Onun dediyinə görə, peşə təhsili
sistemində ən çox tələbat olan ixtisaslar sənaye,
turizm, xidmət sektoru və IT sahələridir. Bir çox
hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim
hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi
artırmağa çalışırıq. Yeni müəssisələr
istifadəyə verildikcə, onların kadr potensialını
gücləndirmək məqsədilə təlimlər və
təkmilləşdirmə prosesləri davam edir. Məsələn,
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin
iştirakı ilə kurikulum təsdiq olunub və həmin
müəssisələrdə çalışan müəllimlər
uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda,
turizm və xidmət sahələrində müəllimlərimiz
Türkiyədə təlimlərə qatılıblar.
2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə
təlimlər keçirdik, bu təlimlər əsasən IT və
sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu
elan edildikcə, həmin sahələrdə müəllimlərimizin
inkişafına da diqqət yetiririk: "Bu gün ən vacib
olanı gələcəkdə əmək bazarında
hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən
müəyyənləşdirərək kadr
hazırlığını ona uyğun qurulmasıdır. Bu
məqsədlə peşə təhsili proqramlarını hazırlayarkən
mövcud əmək bazarındakı boşluqları və gələcək
iqtisadi hədəfləri nəzərə alırıq".
Ceyhun Kərəmov bildirib ki, azad edilmiş ərazilərdə
peşə təhsilinin bərpası və inkişafı
istiqamətində konkret tədbirlər həyata
keçirilir. Hazırda Füzuli şəhərində
peşə təhsili müəssisələri inşa olunur:
"Bu il Şuşada da peşə təhsil müəssisələrinin
yenidən qurulması və əsaslı təmir işlərinə
başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə
peşə təhsili müəssisələrinin layihələndirmə
işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".
Azad edilmiş ərazilərdə peşə təhsilinin
bərpası və inkişafı istiqamətində konkret tədbirlər
həyata keçirilir. Hazırda Füzuli şəhərində
peşə təhsili müəssisələri inşa olunur:
"Bu il Şuşada da peşə təhsil müəssisələrinin
yenidən qurulması və əsaslı təmir işlərinə
başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə
peşə təhsili müəssisələrinin layihələndirmə
işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".
Mütəxəssis qeyd edib ki, bu gün Azərbaycanda
təxminən 50 faizə yaxın peşə təhsili müəssisələrində
məcburi köçkün ailələri yaşayırlar.
Hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə
təhsili müəssisələrinin layihələndirilməsi
və tikinti işləri davam edir: "Birinci Qarabağ
müharibəsi dövründə məcburi
köçkün vətəndaşlarımız bir sıra
təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı.
2020-ci ildə şanlı qələbəmizdən sonra həmin
vətəndaşlarımız öz doğma yurdlarına
qayıtdıqca yeni təhsil müəssisələri
üçün müasir infrastrukturun yaradılması və
daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi
davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə,
Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda
da yeni peşə təhsil müəssisələri
tikilib".
Peşə Təhsili üzrə Dövlət
Agentliyinin direktor müavini Kənan Mirzəyev deyib ki,
müvafiq dövlət qurumlarının
hazırladığı statistik hesabatlardan görürük
ki, adətən, regionlarda orta məktəbi bitirən məzunların
əksəriyyəti təhsilini davam etdirmir. Nəticədə
bir neçə ildən sonra peşəsi olmayan böyük
ordu yaranır. Bu isə dövlətin üzərinə
böyük məsuliyyət qoyur, onda həmin şəxslərin
məşğulluğunun təmini ilə bağlı öhdəlik
yaradır. Ölkədə müasir təminatlı, beynəlxalq
standartlara cavab verən 8 peşə təhsili müəssisəsi
tikilməlidir. Artıq onlardan bəziləri tikilib istifadəyə
verilib. 2026-cı ilə qədər bəziləri də
tikilib istifadəyə veriləcək: "Sevindirici hal odur
ki, 8 müəssisənin 6-sı regionların payına
düşür. Bu da Elm və Təhsil Nazirliyinin region gənclərinin
peşə təhsilinə cəlbi ilə bağlı
apardığı strategiyaya uyğundur".
Agentliyin direktor müavininin sözlərinə görə,
Salyan, Qax, Quba, Tovuz rayonlarında da peşə təhsili
müəssisələri tikilib istifadəyə veriləcək:
"Bilirik ki, peşə təhsilinin keyfiyyətli tədrisi
üçün infrastruktur, maddi-texniki baza mühüm şərtlərdir.
Cəlilabad rayonunda peşə təhsili müəssisəsi
2022-ci ildə tikilib istifadəyə verilib. Həmin vaxt orada
400-ə yaxın tələbə var idi, amma cari tədris
ilində tələbələrin sayı 980 nəfərə
yaxınlaşıb".
Kənan Mirzəyev qeyd edib ki, Peşə Təhsili
üzrə Dövlət Agentliyinin prioritetlərindən biri
2026-cı ilin sonuna qədər 15 təhsil proqramının
yenilənməsi və tədris olunmasıdır.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.11.