Folklorumuzda ilan kultu: şər, yoxsa
xeyir?
İnsanın həyatına təsir gücünə
malik ilahi qüvvəyə ilk inancı heyvan, bitki kultu kimi təzahür
edib. İnsan soyunun əcdadını ararkən bitki və
heyvanların özünə bənzər və fərqli
xüsusiyyətlərini aşkar edərək onlarda müqəddəs
ruhun varlığına inanıb, beləliklə, bəşər
tarixində totemizmin, daha sonralar isə animizmin inanc və bədii
mətn sistemlərində bu günə qədər qorunan
özəl plastı yaranıb. Xüsusilə türk
xalqları içərisində ağac kultu və qurd totemi
olduqca güclüdür. Lakin ədəbiyyatşünaslıq
və folkorşünaslıqda ağac kultu və qurd totemi
geniş tədqiq olunduğundan biz bu araşdırmada daha az
diqqət yetirilmiş ilan kultundan söz açacağıq.
Azərbaycan nağıl və əsatirlərinin obraz
strukturunda önəmli yer tutan ilan obrazı qədim türklərin
mühüm kultlarından biridir. Kamil Vəliyev "Elin
yaddaşı, dilin yaddaşı" kitabında yazır:
"Şumer və Elamda aparılmış qazıntılarda
buynuzlu ilan heykəlləri, müqəddəs ağacı
qoruyan ilan, qapı gözətçisi olan ilan heykəlləri
tapılmışdır. Deməli, ilanın əsas vəzifəsi
qoruyuculuq olmuşdur. Şumerlərin ilan tanrıları
Ningişzida və Papsukal məhz həmin vəzifəni yerinə
yetirmişlər. Eti və Hithit əfsanələrində
İlluankaş adlı ilan iştirak edir. Volqa boyunca
yaşayan xalqlar ilanı uğurlu heyvan saymışlar.
Şumer qəhrəmanı Gilqamış ölməzliyə
çatmaq üçün dənizin dibindən əldə
etdiyi otu bir ilana qapdırmışdır". İlan kultunun
qədim azərbaycanlılar arasında da mövcud olduğunu
Azərbaycanın bir sıra yerlərində ilan totemi ilə əlaqədar
olaraq "ilan piri", "ilan dağ" adlı pirlərin,
yerlərin olması sübut edir. Mirəli Seyidov "Azərbaycan
mifik təfəkkürünün qaynaqları" əsərində
ilan onqonunun tarixinə nəzər salaraq yazır:
"İlan onqonu o qədər geniş
yayılıbmış ki, məişətdə işlənən
qab-qacaqda da onun şəkli qabardılırmış. Bu
baxımdan Azərbaycanda tapılmış (eranın ilk əsrlərinə
aid ) qabın üzərindəki ilan rəsmi
maraqlıdır. Bəlkə də bu qab ilan onqonu ayin
oyunlarında işlənərmiş". İdris
İbrahimov isə "Atalar sözü və məsəllər"
adlı əsərində bu faktı belə izah edir: "Məlumdur
ki, Zərdüştlükdən qabaq ilan qədim azərbaycanlının
totemi olmuşdur. "İlanın quyruğunu basmasan, səni
sancmaz" ifadəsində müsbət münasibətin izləri
mühafizə olunmaqdadır. Zərdüşt dininin
özündən əvvəlki dini görüşlərlə
mübarizəsi isə ilana qarşı münasibəti dəyişmiş,
mənfiləşdirmişdir".
Şifahi xalq ədəbiyyatında ilanlar çox
zaman cildlərini dəyişib gözəl bir qıza və
ya oğlana çevrilib ya insana kömək edir, ya da onunla ailə
qururlar. Buna misal olaraq "Taxta qılınc", "Şəmsi
qəmər" nağıllarını göstərmək
olar. Qərb ədəbiyyatında Hofmanın
"Qızıl küp" əsərində də eyni motivə
rast gəlinir. Qeyd etdiyimiz kimi, ilan sehrbazlıq və cadugərlikdə
istifadə olunan bir vasitədir. Qədim zamanlardan bəri məişətdə
ilandan şəfaverici, dərman kimi istifadə olunub. Məsələn:
"Kim ilan buynuzu tapıb nehrəyə atsa,
çalxadığı bütün süt çönüb
yağ olacaq. Uşağı olmayan qadını içinə
ilan qabığı, qurd kəlləsi salınmış su
ilə çimizdirəndə onun uşağı olar. Əgər
bir adam üstünə ilan qabığı və ya ilan dili
asıb gəzsə, ona heç vaxt it hürməz.
İlanın qabığını evə qoyanda o evə
şər qüvvələr gələ bilməz, həm də
evdə bərəkət olar".
Nağıllarda sehrbaz dərvişlər ilan ətini
yeməklə otların, daşların səsini eşitməyə
nail olurlar. Bu, yəqin ki, ilanın həm də müdrikliyin simvolu
olmasına dair qədim inamın nişanəsidir. Hənəfi
Zeynallı da bu barədə maraqlı məlumat verib: "Dərvişdə
hər şeyi qızıla çevirən iksir daşı
olur. Bunun ən çox möcüzəli bir surətdə təsir
qüvvəsi başı, quyruğu kəsilmiş ilanın
qovurmasını yeməkdə imiş. Bunu yeyər-yeməz
bütün otların, daşların səsi onun
qulağına gəlmişdir. Hər birisi hansı xəstəliyə
dərman olduğunu və ya torpağın altında nə
kimi dəfinələr gizləmiş olduğunu söyləyir
və bu səs dərvişin qulağına gələrmiş.
Lakin bəzən də ilan ətini yeyən tamamilə
qızıla dönürmüş".
"Toyuq birqıçlıdır" adlı
nağılda da dərviş ilan ətini yeməklə
quşların, heyvanların səsini eşidib anlayır.
Maraqlı burasıdır ki, "Ovçu Pirim" əfsanəsində
də ilanlar padşahının Ovçu Pirimin ağzına
tüpürməsi ilə o heyvanların, quşların dilini
anlamağa başlayır. "Şahzadə Mütalib"
nağılında ilanlar padşahı - qızıl teştdə
oturmuş yaşıl ilan ona kömək edərək
Süleyman peyğəmbərin yerini deyir. Burada ilan
yaxşılığa yaxşılıqla cavab verir və ədalət
rəmzi kimi göstərilir. Maraqlıdır ki, bir çox
nağıllardakı kimi bu nağılda da ağ ilanlarla qara
ilanların müharibəsi təsvir olunur və qəhrəman
müsbət səciyyəli ağ ilanlara kömək edir. Bu
müharibəni işıqla qaranlığın mübarizəsi
kimi götürsək, nağıllarımızda ilanın bəzən
mənfi, bəzən müsbət olmasını anlamaq
mümkündür. Demək, ilanların bəziləri şəri,
qaranlığı, bəziləri isə
işığı, xeyiri təmsil edən qüvvələr
kimi səciyyələndirilib. Bəzi nağıllarda isə
qəhrəman ilanlar padşahının qızı ilə
müəyyən məqsədlə evlənir. Məsələn,
"Qaraqaşın nağılı"nda Qaraqaş ilanlar
padşahının qızı ilə evlənərək onu
öldürür, ətini sevgilisi Pəri xanımın
üzünə çəkərək qızı
sağaldır. "Aldədənin şümşad əsası"
adlı əfsanədə isə şümşad əsa
daşa vurulan kimi ilana çevrilir və ərəblərin
qoşununu qırır. Bu motiv Musa peyğəmbər
haqqında dini rəvayətlə yaxından səsləşir.
Maraqlıdır ki, əski totem olan ilan yeni
dünyagörüşü, yeni dinin təmsilçiləri
olan ərəblərə qarşı yönəlib.
Bütün bunlardan aydın olur ki, ilan kultu sonradan
islam dininin təsiri ilə aradan çıxsa da, xalq ədəbiyyatında,
ovsunlarda, yasaqlarda, mifoloji inamlarda varlığını
qoruyub saxlayıb və cadugərlər, sehrbazlar xalqın
şüuraltında olan bu müqəddəs inanclarından
öz ayinlərində, tilsimlərində istifadə edərək
onu yaşadıblar.
Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.10;14.