Yubileyin mübarək, Ustad!
Gürcüstanda Azərbaycan dilli mətbuatın
inkişafında böyük xidmətləri olan qocaman
jurnalist Emin Mahmudovun 85 illik yubileyinə
Borçalıda onu tanımayan yoxdur desəm,
heç də səhv etmərəm. Uzun illər
Gürcüstan Radiosunun Azərbaycan Dilində Verilişlər
redaksiyasında çalışan Emin müəllim hər
axşam saat səkkizin yarısında öz şirin səsi
ilə hər bir evin qonağı olurdu. Publisistik
yazıları, oçerkləri, bədii
yaradıcılıq nümunələri ilə təkcə
radioda deyil, Gürcüstandakı Azərbaycan dilli mətbuat
orqanlarında da tez-tez çıxış etməsi onu dinləyicilərlə
yanaşı, geniş oxucu kütləsinin də sevimlisinə
çevirmişdi. Hələ uşaqlıqdan yazı-pozuya
meyilli olduğumdan, hər axşam radioda onun maraqlı
çıxışını böyük həvəslə
dinləyir, qəzetlərdəki yazılarını səbirsizliklə
gözləyirdim.
Sonralar Emin müəllimlə yaxından tanış
oldum, münasibətlərimiz doğmalaşdı. Bir
neçə il onun rəhbərlik etdiyi redaksiyanın əməkdaşı
kimi fəaliyyət göstərdim.
Artıq tarixə qovuşmuş, haqqında
keçmiş zamanda danışdığımız
Gürcüstan Radiosunun Azərbaycan Dilində Verilişlər
redaksiyasının fəaliyyətinin böyük bir
dövrü məhz onun adıyla bağlıdır. Hər
gün 30 dəqiqə efirə çıxan bu verilişdə
nələrdən söhbət açılmırdı? Emin
müəllimin rəhbərliyi ilə cəmisi 3-4 nəfərlik
yaradıcı heyətin fədakar zəhməti hesabına ərsəyə
gələn bu verilişdə ölkənin ictimai-siyasi həyatı
ilə bağlı xəbərlərlə yanaşı, Azərbaycan
mədəniyyəti və ədəbiyyatı ilə
bağlı bir-birindən maraqlı verilişlər
hazırlanırdı. O, redaksiyada rüblük, aylıq və
həftəlik iş planını tərtib edərkən
çalışırdı ki, soydaşlarımızın
sıx yaşadığı hər bir rayon əhatə
olunsun, bircə kənd diqqətdən kənarda qalmasın.
Ağsaqqallarımızın və ağbirçəklərimizin,
müharibə və əmək veteranlarının, el
şairlərinin həyat və fəaliyyətlərini
işıqlandıran ayrıca verilişlər
hazırlayır, adət-ənənələrimizə,
folklorumuza, Borçalı aşıq məktəbinin təbliğinə
böyük diqqət yetirirdi.
XX əsrin 70-80-ci illərində həm radio, həm də
"Sovet Gürcüstanı" (indiki
"Gürcüstan") qəzeti Gürcüstanda jurnalistika
sahəsində ayrıca bir məktəbin görə biləcəyi
işi görür, neçə-neçə gənc jurnalist
kadrların, yazıçı və şairlərin püxtələşməsində
böyük rol oynayırdı.
...Emin Abdulla oğlu Mahmudov 1940-cı il fevralın 13-də
Gürcüstanda - qədim
Başkeçidin (indiki Dmanisi rayonunun) Gəyliyən kəndində
anadan olub.
1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət
Pedaqoji İnstitutunun Azərbaycan bölməsini, 1968-ci ildə
isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib.
1963-cü ildən taleyini Gürcüstan Radiosunun Azərbaycan
Dilində Verilişlər Redaksiyası ilə bağlayan
E.Mahmudov burada əvvəlcə tərcüməçi, sonra
redaktor, böyük redaktor kimi fəaliyyət göstərib.
1988-ci ildə Gürcüstan Radio və Televiziya Verilisləri
Komitəsinin İctimai-Siyasi Verilişlər redaksiyası
baş redaktorunun müavini vəzifəsinə irəli
çəkilib. Gürcüstan Teleradio Korporasiyasında uzun
illik fəaliyyətinə görə "Ləyaqət"
medalı ilə təltif olunub.
Sovet hökuməti dağıldıqdan az sonra həmin
veriliş bağlanıb və Emin müəllim bir müddət
Batumi şəhərində Azərbaycan dilində televiziya
verilişlərinə rəhbərlik edib.
Emin müəllim həm də bədii
yaradıcılıqla məşğul olur və əsərlərini
əsasən Emin Elsevər imzasıyla çap etdirir. Onun ilk
hekayəsi 1962-ci ildə işıq üzü görüb,
hekayə, novella, oçerk, resenziya və elmi-publisistik
yazıları, gürcü dilindən tərcümə etdiyi
hekayələr və novellalar "Ərməğan"
adlı kitab şəklində 1990-cı ildə Tbilisinin
"Merani" nəşriyyatında nəşr olunub,
jurnalist Merab Geradzenin "Con (Malxaz) Şalikaşvili" əsəri
onun tərcüməsində Azərbaycan oxucularına
çatdırılıb. 2003-cü ildə Tbilisidə
"Yadigar şəkil" adlı kitabı işıq
üzü görüb.
...Son illər Bakıda yaşasa da, mobil telefon işlətmədiyindən,
tez-tez əlaqə saxlaya bilmirəm. Bununla belə, ən
azından bayram günlərində doğmalarının
telefonuna zəng edib hal-əhval tutmağı, təbrik etməyi
həmişə özümə borc bilmişəm. Sağ
olsun, hərdən özü də zəng edir,
uğurlarıma sevindiyini deyir, həmişə olduğu kimi,
ağsaqqal xeyir-duasını da əsirgəmir. Onun ilk
xeyir-duasını aldığımdan isə az qala 50 ilə
yaxın vaxt keçir. Bu gün bir qələm adamı kimi
tanınmağımda, bu yolda azdan-çoxdan nəyəsə
nail olmağımda zəhməti keçən, üstümdə
haqqı olan, hər zaman özümə ustad bildiyim
böyük şəxsiyyətdir mənim üçün
Emin Mahmudov. Özü də təkcə mən yox,
Borçalıda bir çoxları onu özünə ustad
sayır.
Artıq Emin müəllim təqaüddədir,
ömrünün doqquzuncu onilliyini yaşayır
doğmalarının əhatəsində. Bəli, məhz
doğmalarının əhatəsində. Çünki bu
gün nə yuxarıda
adını çəkdiyim radio verilişi yayımlanır,
nə də Tiflisdə soydaşlarımızın həmin
dövrdəki kimi qaynar ədəbi mühiti yoxdur.
Qayğılar isə başımızı elə qatıb
ki, nə illərin necə gəlib-keçdiyindən xəbərimiz
olur, nə də dost-tanışdan könlümüzcə xəbər
tuta bilirik. Unuduruqmu, unuduluruqmu, demək çətindir. Amma
bu, məlum həqiqətdir ki, tarixdə elə şəxsiyyətlər
var, unudulması, yaddan çıxması mümkün deyil.
Ayrı-ayrı fərdlərə göstərdiyi
qayğı və diqqətlə yanaşı,
bütövlükdə cəmiyyətin həyatında mühüm
rol oynamış insanları unutmaqmı olar?!
Bu yaxınlarda yenə zəng eləmişdi. Həmişə
olduğu kimi, şirin Borçalı ləhcəsi ilə
hal-əhval tutdu, fəaliyyətimi izlədiyini dedi,
ağsaqqal xeyir-duasını da əsirgəmədi. Onun zəngi
məni nə qədər sevindirsə də, söhbətindəki
haqlı giley notlarını da sezməmək mümkün
deyildi. Əslində, elə bir ciddi giley-güzar etmədi,
sadəcə dedi ki, 2025-in fevralında mənim 85 yaşım
tamam olur, bununla bağlı nəvələrim bir kitab
hazırlamaq istəyir. İstəyirəm o kitabda sənin də
yazın olsun. Amma necə deyərlər, arifə bir işarə
də bəsdir. Emin müəllimin bu sözləri mənim xəyalımı
bir neçə onillik öncəyə apardı. Hər zaman
qayğı və diqqətini gördüyüm bu səmimi
insan və yüksək ziyalı mədəniyyəti ilə
seçilən, həyatdakı səmimiyyəti
yaradıcılığında da özünü göstərən,
boğazdan yuxarı tərif söyləməyi, bayağı
əsər yazmağı xoslamayan, sözün məsuliyyətini
dərk edən və onu urvatdan
salmayan dəyərli bir qələm adamının yanında
çalışdığım illəri xatırladım. Bu
gün Haqq dünyasında olan böyük qardaşım Səmədlə
dostluğundan güc alan gözəl anlarımız gözlərim
önündə yenidən canlandı. Və istər-istəməz
içimdə özümdən özümə ünvanlanan
bir sual baş qaldırdı: Emin müəllimin vaxtilə bizə
göstərdiyi qayğı və diqqətin əvəzində
biz neyləmişik? Həyatını Gürcüstanda Azərbaycan
dillli mətbuatın inkişafına həsr edən, burada
yaşayan soydaşlarımızın arasında qələm
adamlarının, yaradıcı şəxslərin yetişməsində
danılmaz xidmətləri olan, Azərbaycan-gürcü ədəbi
əlaqələrinin möhkəmlənməsinə
böyük töhfələr verən bir ziyalı cəmiyyətdə
öz halal haqqını ala bilibmi? Görəsən, dəyərlilərimizin
dəyərini niyə vaxtında vermirik, ümumiyyətlə,
verə bilirikmi? Axı, bir insan nə qədər yaşaya
bilər ki, daha doğrusu, ömür nə qədər vəfa
edər ki, haqq etdiyi dəyərin veriləcəyi günü
görə bilsin?!
Bu günlərdə Emin Mahmudovun anadan olmasının
85 illik yubileyi tamam olur. Özünün bir gözləntisi
olmasa da, inanıram ki, həm Emin müəllimi özünə
ustad bilənlər, eyni zamanda həm Gürcüstanda, həm
də Azərbaycanda fəaliyyət göstərən
müvafiq yaradıcılıq təşkilatları onun
yubileyinin layiqincə qeyd olunması üçün əllərindən
gələni edəcəklər. Çünki Emin müəllim
bunu haqq edən ziyalılarımızdandır. Bu, həm də
bir qədirşünaslıq nümunəsi kimi gənclərimizə
örnək olar.
Hörmətli USTAD, dəyərli ziyalımız,
müdrik el ağsaqqalı Emin müəllim! Sizi 85 illik
yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik
edir, uzun və sağlıqlı ömür arzulayıram. Elə
bir ömür ki, indiyədək gördüyünüz
işlərə görə zamanında
almadığınız haqqınızın əvəzində
uca Allahın Sizə ən böyük lütfü olsun!!!
Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.10.