Polad Bülbüloğlunun 80 illiyinə
həsr olunan təntənəli gecə
Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq
artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin
Mədəniyyət komitəsinin sədri Polad
Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan
“Qayıdış” adlı gecə keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
reallaşan konsert proqramını dövlət və hökumət
rəsmiləri, millət vəkilləri, ictimaiyyət
nümayəndələri, Polad Bülbüloğlu musiqisinin
pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad
Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı
ilə 1-ci dərəcəli “Vətənə xidmətə
görə” ordeninə layiq görüldüyünü
bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr
üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
qonşu ölkənin dövlət
başçısının, Baş nazir və bir sıra
hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini
çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti
Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin
könlünü oxşayan əsərlərini, xalq
mahnılarımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq
artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov,
Moskva Böyük Teatrının solistləri Elçin
Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın
Xalq artisti Fərrux Zakirov, Əməkdar artistlər Ramil
Qasımov, Nərgiz Kərimova öz ifaları ilə gecəyə
rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad
Bədəlbəyli və Murad Adigözəlzadənin
müşayiətində müğənninin ifa etdiyi “Ave
Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan”
romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii
rəhbər: Xalq artisti Rüfət Xəlilzadə)
ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və
başqa rəqslər, eləcə də bəstəkarın
“Eşq və Ölüm” baletindən fraqment (ifaçı
Əməkdar artist Samir Səmədov) maraqla
qarşılanıb.
Konsertdə ifaçıları Murtuza
Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət
edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar
artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan”
mahnısı ilə başlayan gecə bəstəkarın
“Odlar yurdum mənim” nəğməsi ilə başa
çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini
əbədiyaşar əsərlərlə zənginləşdirən
bəstəkarın 80 illik
ömür və yaradıcılıq hesabatının təqdim
olunduğu gecədən unudulmaz təəssüratla
ayrılıblar.
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.9.