“Azərbaycan Atabəyləri”
filmi Laçında nümayiş olunacaq
Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan
Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı
07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində
“Lacinema” Kino Mərkəzində baş tutacaq.
Bizim.Media xəbər verir ki, məqsəd
“Böyük Qayıdış” proqramı çərçivəsində
öz doğma torpaqları, dədə-baba yurduna dönən
laçınlılar və ətraf ərazilərdə
yaşayan soydaşlarımızın asudə
vaxtlarının səmərəliliyinə töhfə vermək,
zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq
səlnaməsini gündəmə gətirməklə əlavə
qürur mənbəyi formalaşdırmaqdır.
Hesab edirik ki, film Laçında və ətraf ərazilərdə
bərpa olunan həyatın ahənginə rəng qatacaq, məskunlaşan
yerli əhali tərəfindən maraqla qarşılanacaq. Digər
tərəfdən filmdə Zəngəzur mövzusu və Vətən
Müharibəsi, şanlı Zəfərlə bağlı
şüuralltı mesajların yer alması,
günümüzlə müəyyən tarixi paralellərin
aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət
kəsb edir.
Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur
- Laçın üçün səciyyəvidir və azad ərazilərdə
nümayişi rəmzi məna daşıyır.
“Azərbaycan Atabəyləri” bədii-sənədli
filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin
intibah dövrü sayılan 12-13-cü əsrləri əks
etdirir. Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş
Türkiyənin “İkinciYeniFilm” prodakşnlarının birgə
səyi ilə ərsəyə gələn filmdə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan
Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş
qismində yer alır. Film orta əsrlərdə
yaşamış türk dünyasının iki böyük
tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara
Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin
Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri
XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın
zəngin və şanlı tarixinə işıq salır, həmin
dövr milli-mənəvi irsimizin təbliğatçısı
kimi çıxış edir.
Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini
canlandıran bədii-sənədli filmdə, dünya
şöhrətli döyüşçü Zabit Səmədov
Şəmsəddin Eldəniz obrazını canlandırırkən,
İlqar Mehti isə Qara Sungur kimi ekrana çıxır. Digər
əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə
Xatun), əməkdar artist Bəhruz Vaqıfoğlu (Məhəmməd
Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə
Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd
(Arslan Şah), İlqar Musayev (Cəngər Çavlı), Səmimi
Fərhad (Vəzir El Həzni), Samir Qulamov (Gəncə), Salam
İsmayılov (Şeyx İmad), Türkay Cəfərli
(Şeyx İmadın köməkçisi) və Rəşad
Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev
(Sultan Məsud), kimi azərbaycanlı sənətçilər
də yer alır. Filmdə həmçinin, 300-dən
çox aktyor epizodları canlandırıb. Ümumilikdə,
yaradıcı heyətdə 500 nəfərdən çox
insan çalışıb.
Çəkilişlərdə məkan olaraq ölkəmizdə
mövcud olan real tarixi qala və komplekslər istifadə
olunub. 1000-ə yaxın xüsusi geyimlər hazırlanıb,
yüzlərlə əlbəsə, rekvizitlər, aksessuarlar
istehsal edilib və satın alınıb. Filmin quruluşçu
rejissoru özünün uğurlu işləri ilə
tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər
Bayramov, İlqar Mehti, Səxavət Sahildir və Ərcan
Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər
Bayramov və qardaş Türkiyədən “İkinciYeniFimi” təmsil
edən Furkan Bəslidir.
Qeyd edək ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli
filminin Qala gecəsi 03 dekabr 2024-cü ildə Heydər
Əliyev Mərkəzində baş tutub.
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.9.