Jalə
Əliyeva: "Azərbaycanla Şimali Kipri çox sıx
tellər bağlayır"
"PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİN
GÜCLƏNMƏSİ
MÜNASİBƏTLƏRİMİZİN DAHA ARDICIL
İNKİŞAFINA SƏBƏB OLACAQ"
Milli Məclisin Elm və təhsil komitəsinin sədri
Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədr müavini, Azərbaycan-Şimali Kipr
Türk Respublikası Parlamentlərarası İşçi
qrupunun üzvü Jalə Əliyeva və Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid yanvarın
30-dan fevralın 2-nə kimi Şimali Kipr Türk
Respublikasının Lefkoşa şəhərində səfərdə
olublar.
Səfərlə bağlı daha geniş məlumat əldə
etmək, eyni zamanda yeni yaradılmış Azərbaycan-Kipr
Dostluq Cəmiyyətinin fəaliyyəti haqqında
suallarımıza cavab tapmaq üçün sözügedən
Cəmiyyətin üzvü, deputat Jalə xanım Əliyeva
ilə görüşdük. Millət vəkili dedi ki, Azərbaycan
nümayəndə heyəti burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin
təşkilatçılığı ilə keçirilən
"Rauf Raif Denktaş və Dr.Fazıl Kiçik II Beynəlxalq
Kipr Araşdırmaları Simpoziumu"nda iştirak edib:
"Bu simpozium Azərbaycan-Şimali Kipr Türk Respublikası
Dostluq Cəmiyyətinin və Türk Birliyi Dayanışma Dərnəyi
Başqanı Güvən Arıklının təşəbbüsü
ilə həyata keçirilirdi. Simpoziumda 12 ölkədən
52 nümayəndə iştirak edirdi. Türkdilli ölkələrin
nümayəndələri, eyni zamanda Azərbaycanı,
Türkiyəni, Türk dünyasını Avropada təmsil edən,
tanıdan vətəndaş cəmiyyətlərinin nümayəndələri,
ziyalılar, rektorlar, mötəbər şəxslər
vardı. Ana məqsəd, əlbəttə ki, həm
Şimali Kiprin azadlıq hərəkatı, keçdiyi tarix
haqqında bir daha danışmaq idisə də, eyni zamanda gələcək
inkişafımızın istiqaməti olan Türk
dünyası ilə həmrəylik, böyük Türk
birliyinin yaradılması, yaranmış olan Türk dövlətləri
topluluğunun bundan sonrakı inkişafı, Azərbaycan-Türkiyə,
Azərbaycan-Şimali Kipr münasibətləri kimi amillər
bu simpoziumda öz əksini tapmışdı. Səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyəti ölkənin prezidenti, Türkiyənin Kiprdəki səlahiyyətli
səfiri, Baş nazir, Baş nazirin müavini, eyni zamanda turizm,
mədəniyyət, gənclik və ətraf mühit işləri
naziri, xarici işlər naziri, Parlament sədri və digər
rəsmilər tərəfindən çox yüksək səviyyədə
qəbul edildi.
Bütün görüşlərimizin ana mövzusu
Azərbaycan-Türkiyə-Şimali Kipr münasibətləri,
adada vəziyyət, bölgədə durum idi".
J.Əliyeva bildirdi ki, Azərbaycanın mübarizə
tarixi, 44 günlük müharibəmiz, Böyük Zəfər
və bu məsələlərin həllində Türkiyənin
Azərbaycana verdiyi mənəvi dəstək, Kipr türklərinin
öz yaşamını sərbəst şəkildə davam
etdirə bilməsində Türkiyənin, eyni zamanda Azərbaycanın
rolu da müzakirələrin, görüşlərin əsas
mövzusuna çevrilib: "Bilirsiniz ki, ötən il cənab
Prezident İlham Əliyevin əzmkarlığı və təşəbbüsü
ilə Türk dünyasında ilk olaraq Azərbaycanda
Şimali Kipr Türk Respublikası ilə parlamentlərarası
dostluq qrupu yaradıldı və biz çox yaxşı bir
örnək olduq. Bu nümunənin davam etməsi, digər
türkdilli respublikalar tərəfindən də genişlənməsi
kimi fikirlər, təşəbbüslər müzakirə
olundu. Şimali Kipr Türk Respublikasının prezidenti Ersin
Tatar şəxsən cənab Prezident İlham Əliyevə
salamlarını, böyük minnətdarlığını
çatdırmağımızı xahiş etdi. Mən də
parlamentin yaz sessiyasının ilk iclasında onun Prezidentimizə
salam və təşəkkürlərini səsləndirdim".
Millət vəkilinin sözlərinə görə,
Baş nazir Ünal Üstel simpoziumun
açılışında çox geniş
çıxış edib və o da Şimali Kipr Türk
Cümhuriyyəti ilə Azərbaycan arasında qurulan və
durmadan inkişaf edən münasibətlərin birbaşa
Prezident İlham Əliyevin qətiyyəti sayəsində
mümkün olduğunu xüsusi vurğulayıb, dövlətimizin
başçısına sonsuz minnətdarlıqlarını
bildirib: "Cənab İlham Əliyevin Parlamentin VII
çağırışının açılış mərasimindəki
nitqində söylədiyi "Bizim ailəmiz türk ailəsidir"
ifadəsi, deyərdim ki, Türk dünyası
üçün vacib bir şüara çevrilib. Baş
nazirin çıxışında da məhz bu məqama
xüsusi toxunuldu. İllər əvvəl Praqada ölkə
başçılarının sammitində cənab
Ərdoğanın orada olmamasından istifadə edən erməni
tərəfi yenə də hədyanlar yağdırmağa,
tarixi həqiqətlərlə heç bir əlaqəsi
olmayan yalanlarını Türkiyənin ayağına yazmağa
cəhd etmişdi. Onların bu qərəzli
açıqlamaları qarşısında Prezident İlham
Əliyev qətiyyətlə dayanaraq böhtançı tərəfi
susdurmuş, Türkiyənin haqlı mənafeyini inamla
müdafiə etmişdi. Düşünürəm ki, bunlar
Türk xalqlarının gələcək tarixinin
yazılmasında, müqəddəratının həll edilməsində
çox əhəmiyyətli ifadələrdir. Simpozium çərçivəsində
keçirdiyimiz bütün görüşlərdə, eyni
zamanda sadə xalqla, ziyalılarla görüşlərimizdə
də bir daha şahid olduq ki, bu birlik bizim hər birimizə
çox lazımdır. Tədbirdəki çıxışımda
buna toxunaraq, qeyd elədim ki, Avropa Birliyi var, niyə Türk
Birliyi olmasın? Türkiyəfob, islamofob, Azərbaycanofob
düşüncələrlə silahlanmış qərəzli
qüvvələrə qarşı niyə Türk Birliyi
yaranıb inkişaf etməsin, öz sözünü deməsin?
Bu, çox əhəmiyyətli bir məsələdir və
düşünürük ki, bu şəkildə
simpoziumların keçirilməsi, araşdırmaların
aparılması ümumi işimiz üçün çox
vacibdir".
J.Əliyeva Azərbaycan-Şimali Kipr Türk
Respublikası Parlamentlərarası Dostluq Qrupunun hələ
çox yeni olduğunu, amma buna baxmayaraq, böyük gözləntilərin
mövcudluğunu diqqətə çatdırdı: "Azərbaycan
Şimali Kiprlə bütün sahələrdə əməkdaşlıq
edir və əməkdaşlıq etmək əzmindədir.
Haşiyə çıxaraq qeyd edim ki, səfər çərçivəsində
biz həmçinin, Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin
yerləşdiyi Heydər Əliyev Mərkəzində olduq. Mərkəzdə
Ulu öndər Heydər Əliyevin zəngin irsi, onun həyatı
və fəaliyyəti ilə bağlı çox sayda kitab,
Azərbaycanı tanıdan əsərlər nümayiş
etdirilir, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı,
incəsənəti tanıdılır, mütəmadi olaraq
ölkəmizlə bağlı tədbirlər həyata
keçirilir. Cəmiyyətin sədri əslən Azərbaycandan
olan Orxan Həsənoğludur. Burada nümayəndə heyətimizin
ŞKTR Prezidenti Ersin Tatarla görüşü keçirildi.
Onu da bildirim ki, Ersin Tatar bir ildə doqquz dəfə bu Mərkəzi
ziyarət edib. Bu da onun qarşılıqlı münasibətlərə
verdiyi dəyərin bir göstəricisidir. Görüşdə
hər iki ölkənin inkişaf edən münasibətləri,
Prezidentlər cənab İlham Əliyevin və cənab Rəcəb
Tayyib Ərdoğanın Türk Birliyinin möhkəmləndirilməsini
hədəfləyən təşəbbüsləri, Türk
Dövlətləri Birliyinin gələcək inkişaf
perspektivləri, Azərbaycanın Zəfər salnaməsi,
Kipr türklərinin hüquqları və sair məsələlərə
toxunuldu. Eyni zamanda Azərbaycanın böyük Zəfəri,
Qarabağda gedən nəhəng quruculuq işləri, Azərbaycanın
müstəqillik və suverenlik uğrunda apardığı
mübarizə, bütün uğurlarımızın
arxasında dayanan Prezident İlham Əliyevin Dəmir Yumruq
siyasəti, qətiyyətli mövqeyi haqqında geniş bəhs
edildi".
J.Əliyeva dedi ki, Kipr türklərinin sərbəst
şəkildə, sülh şəraitində yaşamasının
vacib amillərindən biri onun Türkiyə və Azərbaycan
tərəfindən dəstəklənməsidir. Parlamentlərimiz
arasında əlaqələrin güclənməsi, xüsusi
qrupun yaradılması da bu münasibətlərimizin daha
ardıcıl inkişafına səbəb olacaq.
Çünki Şimali Kiprlə bizi çox sıx tellər
bağlayır. Təkcə dilimiz, dinimiz, müəyyən ənənələrimiz,
tarixi bağlarımız, coğrafiyanın
yaxınlığı deyil, həmçinin, keşməkeşli
taleyimiz də bizi birləşdirir".
Şimali Kiprə ilk dəfə 2009-cu ildə getdiyini
xatırladan J.Əliyeva bu 16 ildə çox şeyin dəyişdiyini
dedi: "O zaman Kiprin Barış Hərəkatının
növbəti ildönümü münasibəti ilə
parlament nümayəndə heyəti ilə getmişdik. Və
o vaxtdan bu vaxta böyük fərq var idi. Çünki əgər
2009-da bizim də belə bir problemimiz var, bizim də Qarabağ
kimi dərdimiz var və Qarabağın azadlığı
bizim üçün hər bir şeydir deyirdiksə, 2025-ci
ildə artıq zəfər çalmış Azərbaycanın
nümayəndəsi kimi Kiprə gedirdik. Bu, bizim
üçün nə qədər qürurverici idisə,
kiprlilər üçün də o qədər əhəmiyyətli
idi. Biz bunu onların bütün münasibətlərində
hiss edirdik.
Qeyd etmək istərdim ki, ölkələr
arasında münasibətləri təkcə siyasi arenada
deyil, digər sahələrdə də inkişaf etdirmək
çox əhəmiyyətlidir. Bəzən siyasətin, rəsmiyyətin
aça bilmədiyi qapıları ədəbiyyat, incəsənət
açır. Bu səfərimizdə Mətbuat
Şurasının sədri və AYB sədrinin müavini
hörmətli Rəşad Məcidin iştirakı da xeyli
anlamlı oldu. Türk dünyası və türklük həqiqətlərinin
ədəbiyyatda öz əksini tapması tarixin
yaşaması baxımından da çox əhəmiyyətlidir.
Bir zamanlar məhz bunun üçün mübarizə aparan,
öz qələmi ilə çarpışan
ziyalılarımızı,
yazıçılarımızı da unutmuruq. Bu baxımdan ədəbiyyatçılarımızın
üzərinə böyük iş düşür.
Yeri gəlmişkən, 2000-ci ildə Azərbaycandan
Kiprə gedən çox böyük bir nümayəndə
heyətinin tərkibində mərhum anam, gözəl şair
Nurəngiz Gün də var idi və o, Kiprin yeni tarixi ilə
bağlı ona nəql edilən hadisələrdən
çox təsirlənərək "Quzey Kıbrıs
rüzgarları" poemasını yazmışdı. Səhv
eləmirəmsə, bu poema Kipr Barış Hərəkatına
həsr olunmuş yeganə poemadır. Amma əminəm ki,
"Yavru Vatan" deyilən Kiprimiz bundan sonra da ədəbiyyatçılarımızın
diqqətində olacaq. Bu ideyaların, həqiqətlərimizin,
tariximizin qələmə alındığı əsərlərə
çox ehtiyacımız var. Söhbətimizin bu yerində həmin
məşhur poemasından bu anlamlı sətirləri
xatırlamaq yerinə düşərdi:
Tənha ada!
Sırğa gülüm, qızıl gülüm,
kiparisim!
Ətri əmbər Kıbrısım! - Quzeyim!
Su üzündən məlul baxan gül zənbili
kimisən...
Dəryalar rüzgarında qəhri nihan süsənim!
Köməksiz-həyansız bapbalaca Vətəncik!
Haqqı hələ də danılan,
Hələ də tanınmaz qalan
Cənnət məskən!
Ən müztərib Öksüz Yazı!..
Dilbər məkan!
Torpağın üstündə qalan ilk Halay!
Pozulubmuş dünyamızın yaddaşı,
cəsur Türk! Sən əfv et...
"Tab gətirə bilmədim, Bu təklənmiş
torpağa dualarımla gəldim..." - deyən Nurəngiz
xanımın həmin poeması rəsmi görüşlər
zamanı təqdim olunub. Jalə xanım deyir ki, Kiprə səfərdə
bu poemanı xatırlamamaq olmazdı: "Oraya gedərkən
apardığımız digər hədiyyələrlə
yanaşı, bu poemanı da bütün görüşlərimizdə
rəsmilərə təqdim etdim, haqqında məlumat verdim.
Çox böyük maraqla, sevgi ilə qarşılandı.
Görüşlərdə poemanın Türkiyədə
çapı məsələsi də müzakirə
olundu".
Söhbətimizin sonunda xanım deputat bir daha qeyd etdi
ki, iki ölkə arasında mənəvi birliyin
özünü təsdiqləyib, inkişaf etməsi
üçün parlament üzvü olaraq hər cür xidməti
göstərməyə hazırdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 6 fevral(№22).- S.7.