Ötən günlərdən qalan
izlər
1943-cü ildə İkinci Dünya müharibəsinə
getmiş və bir daha geri qayıtmayan atasının
gedişindən üç ay sonra dünyaya gəlmiş, Kəlbəcərin
Başlıbel kəndindən olan Salahov Salah Musa oğlu
1968-71-ci illərdə indiki Bakı Humanitar Kollecində qiyabi
təhsil alıb. Bakıya ayaq basdığı yanvar
ayında dərsdən sonra mənə yaxınlaşıb
demişdi:
- Müəllim, eşitmişik ki, kollecin yeganə
alimi kimi məktəbin rəhbərliyi də, müəllimləri
də, tələbələri də sizi çox sevirlər...
4 nəfər tələbənin adından sizdən bir
xahişimiz var.
- Buyur, - dedim.
O, utana-utana dilləndi:
- Müəllim, rayondan təzə gəlmişik.
Bakıda qalmağa yerimiz yoxdur. Sizdən xahiş edirik ki,
direktordan icazə alasınız, şəhərdə
qalmağa yer tapana qədər 2-3 günlüyə siniflərin
birində gecələməyimizə razılıq versin.
Ürək ağrısıyla dedim:
- Sinifdə istilik, çay-çörək,
yorğan-döşək yoxdur. Bu soyuq qış
günündə sinifdə donub xəstələnərsiz...
Gəlin ardımca!
Salah yenə utancaq halda soruşdu:
- Hara gedirik, müəllim?
- Mən hara gedirəmsə, siz də ora.
"Gənclik" metrosuna qədər söhbət
edə-edə gəlib 240 nömrəli avtobusa mindik. Kəlbəcərli
Salah Salahov, gürcüstanlı Ayvaz Zeynalov,
şamaxılı Balakişi Əkbərov, xaçmazlı
İslam (familiyasını unutmuşam) ilə "Əhmədli"
qəsəbəsinə çatanda dedim:
- Buyurun içəri. Bu üçotaqlı isti mənzildə
özünüzü evinizdəki kimi hiss edin. Utanmayın.
Kolleci bitirəndən sonra da onlar bu
yaxşılığı ömür boyu unutmadılar. Salah
Salahovu Kəlbəcərdə işə düzəltmək
üçün Mədəniyyət Nazirliyindən
aldığım "Baş üstə!" cavabı onu məndən
də çox sevindirmişdi. Bu kiçik
yaxşılığın ailəvi dostluğa çevrilməsi
və bu günə qədər davam etməsi bəlkə də
çox adama nağıl kimi görünə bilər.
İlk gənclik illərində bəzi tələbələrim
yaşadıqları rayonda tapa bilmədikləri dərmanları
mənə yazdıqları məktublarda dönə-dönə
xahiş edərdilər ki, alıb onlara göndərim. Ayvaz
Zeynalova illərlə, Salah Salahov, Balakişi Əkbərov,
qusarlı Şahmirzə Xanov və başqalarına bir
neçə dəfə dərman gön-dərməyimi
ağsaqqal yaşımda da yaxşı xatırlayıram. Bəzi
xarici dərmanları Bakı apteklərində tapa bilməyəndə
şəhərdə gəzmədiyim yer qoymazdım. Ümidlə
gedib əliboş geri qayıdanda pərişanlıqdan əzab
çəkərdim. Bir gün bu barədə təhsil və
ailə dostum, xeyirxah qardaşım, tanınmış
yazıçı, alim, publisist, çekist, ictimai-siyasi xadim,
DTK-də səmərəli fəaliyyətinə görə
generallığa qədər yüksəlmiş və erməni
işğalı dövründə Qarabağ Təşkilat
Komitəsinin birinci müavini olmuş Yasif Mirzə oğlu Nəsirliyə
vəziyyəti olduğu kimi danısdım. O, yenicə Azərbaycan
KP MK-nın təlimatçı (1969-1974) vəzifəsi ilə
sağollaşıb DTK-da idarə rəisi və kollegiya
üzvü olmuşdu (1974-1988). Gənc olmasına baxmayaraq,
istedadlı qələm sahibi və bacarıqlı təşkilatçı
kimi sözü keçərli idi. Qabiliyyət
qığılcımları hələ o vaxtlar adamı heyrətə
salardı... Diqqətlə dinləyəndən sonra ümidlərimi
şölələndirib dedi:
- Sənin və tələbələrinin tapa bilmədiyi
dərmanların hamısı bizim təşkilatın aptekində
var. Sənin adını aptekdə yazdıraram, səhər gəlib
alarsan.
Görkəmli ictimai-siyasi xadim, Əməkdar incəsənət
xadimi, bir çox xarici universitetlərin fəxri doktoru və
professoru Yasif Nəsirli öz köməyi ilə əlimdən
tutmasaydı, bəlkə də mən tələbələrimi
sevindirə bilməzdim...
Qaçqınlıq, köçkünlük illəri
başlayandan sonra Bakının Xətai rayonunda məskunlaşan
Salah Salahov müntəzəm olaraq ailəsi ilə (bəzən
tək) bizə, mən də ailəmlə onlara gedib-gələrdim.
Hərdən bir-birimizə şeirlər oxuyardıq. Onun əlyazmaları
erməni işğalı dövründə məhv olsa da,
yaddaşında qalan bir neçə şe-iri Azərbaycan
radiosu və televiziyasında səsləndirilmiş, əzablı
həyat və yaradıcılıq yolu haqqında mətbuatda
məqalə dərc edilmişdi. Sonrakı illərdə
yazdıqlarını İ.Şahverdioğlu imzası ilə
redaktə edib "Düşüncələr" adı ilə
(2011, 120 səhifə) çap etdirməyim tələbə-müəllim
münasibətlərimizin silinməz iz-lərindəndir.
Salah onda Yasif Nəsirli haqqında məlumatlı olsa
da, Qarabağ Zəfərinə qədər üzünü
görməmişdi. Bir təsadüf nəticəsində
üçümüz görüşəndə Salahın
çiçəyi çırtladı:
- Mənə təriflədiyiniz Yasif müəllimi, nə
yaxşı ki, əyani tanıdım...
Təşkil etdiyi dərmanlara görə ona təşəkkürünü
bildirəndə Salah Salahovun qəlbində pöhrələnən
poetik duyğularından dörd misraya xüsusi önəm
verdiyi də yaxşı yadımdadır:
Yollanan dərmanlar olmasaydılar
Bəlkə də səhhətim çox pis
olardı.
İnsan ovlamaqdan doymayan fələk
Məni o dünyaya yola salardı.
Qarabağ Zəfərindən sonraydı, Salah xəstəxanada
yatırdı. Ürəyinin ağrıları ona dinclik
vermirdi. Uzun müddət tüğyan edən, nəhayət,
köpü yatan koronavirusun son gərgin günləri
olduğuna görə həkimlər heç kimi içəri
buraxmırdı. Çöldə həkimdən intizarla cavab
gözləyən Salahın oğlanları, qızları və
yaxın qohumları qapı nəzarətçisindən
dönə-dönə xahiş edirlər ki, heç olmasa, həyat
yoldaşını 1-2 dəqiqəliyə içəri
buraxın, bəlkə ona deməyə sözü var...
Salahın həyalı, həlim xasiyyətli həyat
yoldaşı Həbibə xanımın dediklərindən:
"Müəllim! Nigaran baxışları qapıya zillənən
Salah məni görən kimi bircə cümlə söz deyib
gözlərini əbədi yumdu: "Müəllimimin
hörmətini məndən də ucalarda saxlayın!"
Kövrəlsək də, haldan-hala düşsək də,
Həbibə xanım, 4 oğlu, 2 qızı və ailə
üzvləri qardaşım Salahın son sözünü təkcə
vəsiyyət kimi yox, həm də müəllim-tələbə
münasibətlərinin, təmənnasız
yaxşılığın, insan ləyaqətinin silinməz
izlərinə verilən qiymət kimi qəbul etməklə
ailəvi dostluğun, qardaşlığın bundan sonrakı
illərdə də davamlı olacağına əmindirlər.
Erməni işğalına qədərki dövrdə
Kəlbəcərdə qabaqcıl mədəniyyət
işçisi, fəal təskilatçı, ictimaiyyətçi
və istedadlı qələm sahibi kimi tanınmış, dəfələrlə
fəxri fərmanlarla təltif edilmiş Salah Salahovun bu
günlərdə ailə arxivini nəzərdən keçirəndə
hərəsi bir poemanın mövzusu olan iki səmimi şeir
diqqətimizi çəkdi. Hər iki şeirdə
ömrü şərəflə başa vurmaq kimimilli və bəşəri
duyğular yer alıb. Əslində Qarabağ
ağrılı kövrək bir ürək sahibinin səmimiyyətlə
qələmə aldığı üç poetik lövhədən
ibarət "Yasif müəllim" şeiri böyük bir
poemanın mövzusunu özündə ehtiva edir. Ürəyinə
əzab verən yurd həsrətinin əmələ gə-tirdiyi
dərd dağını söz külüngü ilə qəlpə-qəlpə
qoparıb sevinc notlarına köklənməyə
çalışması Salahın poetik duyğularından
aydın sezilir. 30 illik dərdləri çay kimi kükrəyib
başından aşan şairin vətəndaşlıq və
vətənpərvərlik mövqeyinin şəffaflığını
əks etdirən ləngərli misraları onun hər iki
şeirində nəzərə çar-paraq fərəh
doğurur. Salah Salahova Allahdan rəhmət, əzizlərinə
cansağlığı və xoşbəxt həyat
arzulayır, hərəsi ötən günlərin bir xatirə
tablosu olan onun hər iki şeirini poeziyasevərlərin və
maraqlananların diqqətinə çatdırıram.
Salah SALAHOV
Yasif müəllimGəncliyimdə səhhətimlə
maraqlanmış və dərman problemimin həllində
müəllimim, böyük qardaşım İmaməddin Zəkiyevi
çətinlikdən qurtaran əziz Yasif Nəsirliyə dərin
ehtiramla
Yadında qalıbmı söhbətlərimiz
Ey böyük yazıçı, dəyərli alim!
Qarabağ haqqında fikirlərini
Bölüşüb deyərdin, Yasif müəllim:
- Düşmən Qarabağı işğal edəndə
Dərhal üstümüzü aldı fəlakət
Bir milyon insanın sevinc hissini
Gürzə ilan kimi çaldı xəyanət.
30 il ümidlə yaşasaq da biz,
Ən ağır dərd yükü
daşımışıq biz,
Biri-birimizlə qucaqlaşanda
Duyğulu anlar da yaşamışıq biz.
Oğul-qız fəryadı, ana fəryadı,
Düşmənin nəyinə gərəkdi,
qardaş.
Müdrik xalqımızı narahat edən
Vicdandı, beyindi, ürəkdi, qardaş.
Yuxu getməsə də, gözlərimizə
Böyük arzularla yaşamışıq biz.
Bu gündən sabaha sonsuz inamla
Qələbə sevinci daşımışıq biz!
Bizi Qarabağdan qovanda düşmən
Gərək biləydi ki, zaman gələcək,
İşğal yerlərində əvvəlki kimi
Bizimlə olacaq xoşbəxt gələcək!
İşğal etdiyini itirən düşmən
Dəstək verənlərlə ruhən öləcək.
Dost ilə düşmənin kim olduğunu
Qardaş ölkələr də yaxşı biləcək.
Daim Türkiyəmiz Azərbaycanla
Birlikdə əbədi deyib güləcək.
Dərdini, qəmini buztək əridib
Sonsuz sevincini iki böləcək!
Yola sala-sala xeyli illəri,
Saçımız ağardı dümağ qar kimi.
Düşmən təslim olub geri qaçanda
Dəyişdi dünyanınköhnə görkəmi...
Tanrıya min şükür, Yasif müəllim,
Düşmənin qisası qalmadı yerdə.
Qalib Sərkərdəmiz işıq yandırıb
Dost, qardaş xalqların ürəklərində!
Onun sayəsində məğrur Ordumuz
Həsrətdən əbədi qurtarıb bizi.
Ən rəzil duruma salıb düşməni
Dünyaya tanıdıb Zəfərimizi!
Küləyin ağzına verib ağlını
Bizə sərxoş kimi gülərdi düşmən.
Dəstək verənlərdən bərk-bərk
yapışıb
Hər sirri onlarla bölərdi düşmən.
Gör indi nə günə qalıb özləri,
Qızarıb, bozarıb qara üzləri
Dünyaya səs salan Zəfərdən sonra
Başqa ünvanlara baxır gözləri...
Ürək dilə gəlib necə deməsin:
Var olsun Qəhrəman Prezidentimiz!
Şərəfli uğura imza haqqını
Onun sayəsində qazanmışıq biz!
2020-dən üzü bu yana
Cana dərman desən, Qarabağdadır.
Bu yurdun əvəzsiz gözəlliyinin
Möhtəşəm illəri çox
qabaqdadır...
30 il işğaldan sonra Ordumuz
İşğalçı güclərin qırdı
belini.
Qorxmaz oğulların möcüzələri
Qələmsiz qoymayıb heç vaxt əlini.
Dost, qardaş olmusan həyatın boyu
Xeyli insanlara, çətin gündə sən.
Yaxşılıq etməyi bacaranların
Deyirlər, çoxundan yenə öndəsən.
O ürək, o ağıl, ruh ki, səndə var
Vicdanın bir ləkə götürməyəcək.
Başına tac olan qeyrətin isə
Nəslinə pis əməl ötürməyəcək.
Yaz, yarat, qələmin daim var olsun,
Sözündən gül-çiçək ətri
duyulsun.
Böyük Kəlbəcərin oğlu Salahdan
Bu şeir Yasifə yadigar olsun!
Qardaş
Zəkiyev İmaməddin müəllim gəncliyimdə
mənə dərs demişdir. Təmənnasız
yaxşılıqlarına görə sonra biri-birimizə
isinişmişik. Mən o vaxtdan özümə böyük
qardaş bildiyim müəllimimin yetmiş illiyinə bu
şeiri həsr edirəm.
Başın vüqarıntək qoy uca olsun,
Süfrəndə çörəyin doyunca olsun,
Qazancın ömrünün boyunca olsun,
Yayılsın hər yana hörmətin, qardaş!
Bizi məftun etsin qeyrətin, qardaş!
Hər istəyin, arzun yetişsin başa,
Heç vaxt ayaqların dəyməsin daşa.
Həyat yoldaşınla ömür sür qoşa,
Örnək ol yenə də hər kəsə,
qardaş!
Hələ çox gərəksən sən bizə,
qardaş!
Yaz, yarat, qələmin qoy iti olsun,
Həm nizə, həm qılınc, həm ütü
olsun,
Hər sözün bir ustad öyüdü olsun.
Dost, tanış sözünlə öyünsün,
qardaş!
Ürəyin bu eşqlə döyünsün,
qardaş!
Yetmiş il nədi ki, yüzə çatasan,
Zirvəyə qalxasan, qərar tutasan.
Sən müdrik babasan, gözəl atasan,
Gün kimi açılsın bənizin, qardaş!
Həyatda itməsin bir izin, qardaş!
Salaham, arzumu bildirdim sənə,
Vaxtında çox zəhmət çəkmisən mənə.
Allahdan istəyib mən dönə-dönə,
Deyirəm, xoşbəxt ol, çox yaşa,
qardaş!
Olsun ömrün, günün tamaşa, qardaş!
İmaməddin ZƏKİYEV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 7 fevral(№23).- S.14.