Qara Qarayevin anadan olmasının
107-ci ildönümü ev-muzeyində qeyd edilib
Azərbaycan mədəniyyətinin görkəmli
nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı, akademik
Qara Qarayevin (1918–1982) anadan olmasının 107-ci
ildönümü Bakıdakı ev-muzeyində qeyd edilib.
Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar
incəsənət xadimi Zümrüd Dadaşzadə,
başqa mədəniyyət və incəsənət
nümayəndələrinin qatıldığı tədbirin
qonaqları arasında TÜRKSOY-un keçmiş baş katibi
Düsen Kaseinov da olub.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açıb.
Dahi bəstəkarın qızı Züleyxa
Qarayeva-Bağırova tədbir iştirakçılarına təşəkkür
edib: “Atamın sağlığında bu günü həmişə
dostlar, qohumlar və sevimli tələbələri ilə
birlikdə qeyd edirdik. İllər keçsə də, onun sənətinə
hörmət bəsləyənlər onu yad etmək
üçün bir araya toplaşmağa davam edirlər. Hər
kəsə bu sevgiyə görə minnətdaram”.
Ev-muzeyinin müdiri Lətifə Məmmədova
çıxışında tanınmış bəstəkarın
həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyətinin
inkişafındakı misilsiz xidmətlərindən
danışıb.
Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin zəngin kolleksiyası əsasında
hazırlanmış slayd-şou ilə müşayiət
olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbələri, respublika və
beynəlxalq müsabiqələrin laureatları Qəmər Kərimli
(skripka), Atabala Manafzadə (fortepiano), İluzər
İbrahimzadə (fortepiano), Cavidan Rəsulov (klarnet), Cəmalə
Abdinzadə (fortepiano), Aysun Mahmudzadə (vokal), Zəhra-Cahan
Şıxəliyeva (fortepiano), Cəlalə İsmayılzadə
(violonçel), həmçinin Azərbaycan Milli
Konservatoriyasının baş müəllimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Svetlana Əhmədovanın
(fortepiano) ifasında Qara Qarayevin və Fərəc Qarayevin əsərlərindən
ibarət konsert proqramı təqdim edilib.
Sonra Qara Qarayevin həyat yoldaşı Tatyanaya həsr
etdiyi “Prelüdiya lya major” əsərinin videoyazısı
nümayiş etdirilib. Əsər Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin ifasında, dirijor Elşad
Bağırovun rəhbərliyi ilə səsləndirilib.
Tədbirin sonunda sənətşünaslıq üzrə
fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə
Qara Qarayevin musiqiyə olan misilsiz sədaqəti, kamilliyə
can atması və özünə qarşı yüksək tələbkarlığı
barədə danışıb. Onun mükəmməl
intizamı barədə söyləyərək qeyd edib ki, bəstəkarın
yaradıcılığı yeni nəsil musiqiçilərə
ilham verməyə davam edir. Professor gənc ifaçılara
dahi bəstəkarın əsərlərini yüksək səviyyədə
təqdim etdiklərinə görə təşəkkürünü
bildirib.
525-ci qəzet .- 2025.- 7 fevral(№23).- S.9.