Anama məktublar
Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin
kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş
duyğuların közərməsi. Bu, bir qəlb
yanğısıdırmı, hüznlü bir könül
çırpıntılarıdırmı? Bəlkə, bu,
bir borc hissidir, daxili çağırışdır?Ana ruhu
qarşısında övlad ehtiramıdır? Yoxsa, anasız
ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir?
Bəlkə, bununla mən anasız dünyamda yeni bir analı
dünya axtarışına çıxmışam?
Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi
var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar, hər
bir halda, anasızlayanda, anasız anlarımda
özünüaxtarışım, özünütapmam və
ən nəhayət, özünüyaşatma vasitəmdir.
Bu məktublar hələ çox yazılacaq, Anacan!
Ömrüm boyunca sürəcək. Sənə
ünvanlanmış bu ürək sözləri, bu qəlb
çırpıntıları, hər şeydən əvval,
mənim özümlə həsb-halımdır. Sənsiz sənə
ünvanlanan bu qanadlı cümlələr, mənə elə
gəlir ki, həm də mənim özümün özümə
məktublarımdır. Axı, bu, həm də etirafdır.
Biz bu ünvanda axı, qovuşuruq.
Çox xahiş edirəm, Anasan, həzin notlar səni
kövrəltməsin, sətirlərə səpələnmiş
solğun təbəssümüm səni qüssələndirməsin,
kədər və gözyaşlarım ruhunu incitməsin...
Birinci məktub
Dünyaya sığmayan geniş qəlbi ilə məni
böyüdüb boya-başa çatdıran cəfakeş
anama, onunla yaşadığım ən gözəl
anların xatirəsi kimi...
Gözümün nuru, əziz Anam! Salam! Bizsiz
özünü necə hiss edirsən? Tənhasanmı? Məncə,
yox! Bu gün də hər səhər əri,
övladları, qohum-əqrəbası, dost-tanışı
ilə bir oyanan, hər axşam onlarla bir uyuyan insan tənha
ola bilərmi? Yoxluğuyla belə, yüzlərlə
insanın yaddaşının yol yoldaşına çevrilən
bir Ana tənha qala bilərmi? Əsla! Sən bizim əbədi,
diri yaddaşımız, canlı xatirəmizsən...
Necəsən, Ana?! Yaxşısan, şübhəsiz,
yaxşısan. Ömür payını xeyirxah, saleh əməllərlə
yaşayıb beləcə də yaddaşlara hopan, haqq
dünyasına təmiz, bakirə və ləkəsiz bir ruhla
üz tutan insan narahat ola bilərmi? Sən bu həyatda
heç vaxt özün üçün yaşamadın,
rahatlığın nə olduğunu bilmədin, Allahın
verdiyi ömürdən hamıya ayırdın - doğmaya da,
yada da. Bir özündən başqa! Ənlik-kirşana
heç vaxt meyl etmədin, sən axı ənlik-kirşansız
da gözəl idin, mənim gözəl Anam!
Qızıl-gümüşə də gözünün ucu
ilə belə, baxmadın. Bir anlıq hər hansı fiziki
rahatlığı da özünə qıymadın. Belə
anlarda, sanki, günah etdiyini düşünürdün.
"Rahatlığını unutmaqla ruhunu xilas etdin". Can
üçün çətin olsa da, ruh üçün
yaxşı yoldur. Sən ruhunu hər cür çamurdan
qoruya-qoruya yaşadın, mənim müqəddəs Anam! Həyatda
belə yol seçən Allah dərgahında narahat ola bilərmi?
Heç vaxt! Odur ki, sən sarıdan, sənin o dünyandan
nigarançılığımız yoxdur.
Evimizin yaraşığı Anam! Bilirəm, sən
bizimçün çox narahatsan. Sən özünü bizim
üçün fəda etmisən. Ömrünü şam
kimi əridib, pərvanə kimi yandırmısan. Şəksiz,
bu gün də ruhun üstümüzə kölgə
salır, bizi xata-baladan qoruyur. Başqa cür sən sən
olmazsan. Amma bizdən nigaran olma, yaxşıyıq,
yaşayırıq. Ruhunu incidə biləcək işlərə
rəvac verməməyə çalışırıq. Beləcə,
ömrün dolaylarını, acılı-şirinli günlərini
yavaş-yavaş arxada qoyuruq. Səhərləri isti bir
ümidlə qarşılayır, axşamları soyuq
nigaranlıqla yola salırıq. Bircə sən yoxsan, mənim
əvəzsiz Anam! Yoxluğuna alışa bilmirik,
özümüzü ovundura bilmirik. Sənsiz çətindir,
çox çətin... Gülmək, şənlənmək,
yaşamaqdan həzz almaq mənə, bizə yaddır. Hər
şey yarımçıqdır.
İnsanın uşaqlıq və gənclik illəri
heç zaman təzadsız ötüşmür.
Qubadlının quşqonmaz dağları,
Naxçıvanın füsunkar təbiəti
yaddaşımın canlı xatirələridir. Mənim
qayğısız uşaqlıq illərimin sərhədsiz təxəyyülləri,
sanki, bu təbiətin, bu əlvan çalarlı
dünyanın ölçülərində idi. Mən belə
başa düşürdüm. Sonralar anladım ki, bu el-oba məhəbbəti
içərisində, əziz Ana, sənin isti nəfəsin,
həzin analıq mehrin var imiş. Mənim bu gözəlliklər,
müqəddəsliklər içərisində
axtardığım ekzotikanın mayasında, sən demə,
elə bu dayanırmış. Bu dünya səninlə gözəl
imiş, mənim gözəl Anam! Bu təbiət sənə
görə əsrarəngiz imiş, cəfakeş Anam, bu
dünyanın, bu təbiətin ən gözəl və qiymətli
incisi elə sən özün imişsən, Anacan!
Yadındadı, Anacan, Naxçıvandakı mənzilimiz?
Bir az darısqal olsa da, sadə, xudmani, doğma bir hücrə...
Sənin sayəndə bu balaca mənzil saray kimi
görünürdü. Tavandan asılmış adi
şüşə qəndillərimiz o qədər təmiz,
o qədər işıqlıydı ki, elə bil
böyük bir sarayın çilçırağı idi.
Evimiz həmişə işıqlı idi. Çünki pəncərələrimiz,
pərdələrimiz tərtəmiz olurdu. Pəncərələrimizin
şüşələri bərq vurur, işıq
saçırdı. Günəş hər gün, lap buludlu
havada da evimizə qonaq gəlirdi. Bəlkə, bu cazibə də
pəncərə şüşələrimizin təmizlikdən
alışıb-yanmasında, Günəş
şüaları altında ləkəsiz bərq vurmasında
idi? Bəlkə, Günəş özü bu təmizliyə
heyran olub gəlirdi? Bəlkə, Günəşi də bu
saflıq, duruluq özünə cəzb eləyirdi? Yəqin
ki, beləydi, Ana! Bütün bunlar sənin zəhmətinin bəhrəsiydi.
Sənin əlin dəyən hər şey, sanki,
çiçəkləyirdi! Sanki, sən gördüyün hər
işə ürəyindən də pay ayırıb hərarət
verirdin.
Gözümün işığı Anam! Sən gecə-gündüz
çalışırdın.
Bişirib-düşürür, silib-süpürür, yuyub-təmizləyirdin.
Ev-eşik çiçək kimi adamın üzünə
gülürdü. Saatlarla oturub sənə baxmaqdan
doymazdım. Mənim zəhmətkeş, cəfakeş,
qayğıkeş, nəcib Anam! Mətbəxdə də,
qan-tərin içində ev-eşiyi
yığışdıranda da, paltar-palazı təmizləyəndə
də sən gözəl idin. Sehrli bir auradaydım. Gecə-gündüz
beş uşağın qayğısını çəkə-çəkə,
biş-düşünü edə-edə, pal-paltarını
yuya-yuya, dəftər-kitabına göz qoya-qoya, qonaq-qara yola
sala-sala necə saxlayırdın bu gözəlliyini, mənim
çiçək Anam?! Səliqə-sahmanını bir an
itirməzdin, dilinə də ki, heç giley-güzar gəlməzdi.
Bu mərdlik, bu alicənablıq həmişə məni
heyran eləyib, Ana. Sən həmişə canlı nümunə
olmusan, tərbiyə mücəssəməsinə
çevrilmisən, mənim namazlı, ağzı dualı,
imanlı Anam!..
Bizi çox sevirdin, bütün varlığınla
balalarına bağlıydın. Hüdudsuz məhəbbətinlə
bizi ahənrüba kimi bürüyüb, sanki, bütün dərd-bəladan
qoruyurdun. Sənin bütün gözəlliklərini də,
demə, elə burada axtarmaq lazımmış. Demə,
gözəllik ailə, övlad, ev-eşik məhəbbətindəymiş.
Demə, bizlərə olan sonsuz məhəbbət, bala istəyi
səni belə gözəl saxlayırmış, mənim əziz
Anam! Gözəllik məntiqi, sən demə, ailə sevgisindən,
övlad məhəbbətindən keçirmiş.
İlıq təbəssümün, işıqlı
çöhrən, sən demə, elə bizim
özümüzün əksi imiş.
Etiraf edək, Anacan, bu məhəbbət payından mənə
bir az çox düşmüşdü. Axı mən sənin
ilkin idim. Xüsusi ciddiliklə deyirdin ki, "Yusif mənə
Allahın öz payıdır". Həmişə öz məhrəm
yuxunu danışardın, dönə-dönə eyni
şövqlə. Ağ əbalı, ağ çalmalı,
ağ saqqallı bir nurani məni yuxuda sənin qucağına
qoymuşdu. Yuxuların da özün kimi müqəddəsdir,
mənim müqəddəs Anam!
Uşaq vaxtlarımda, yeniyetməlik
çağlarımda Qubadlıda Əliquluuşağı, Qədili,
Eyvazlı kəndlərinin quşqonmaz qayalarına,
dağlarına, dibsiz dərələrinə, tünd-mavi, bir
az da zümrüd çalarlı səmasına baxa-baxa bu
nağıl şirinlikli yuxu barədə
düşünür və bu möcüzəyə
inanırdım. Bu gün də inanıram. Müqəddəs
yerlərdə müqəddəs hadisələr təbiidir,
Anacan!
Naxçıvanlı günlərimizi tez-tez
xatırlayıram. Güzəranımız heç də pis
keçmirdi. Atam respublikanın əsas qəzeti olan
"Kommunist"in bölgə müxbiriydi. Müxtəlif qəzetlərdən,
radio-televiziyadan yazılarına görə aldığı qələm
haqqı maaşıyla birlikdə ailəmizə gen-bol
çatırdı. Bununla bərabər, bizi harın
böyütmədiniz, Anacan! Mehribanlığınla,
qayğıkeşliyinlə yanaşı, çox tələbkar
idin. Adi səhvimizi belə, bağışlamırdın.
Atam çox vaxt iş dalınca gedir, ayrı-ayrı rayonlarda
olurdu. Tərbiyəmizə vaxt ayıra bilmirdi. Onda sən daha
çox narahat olurdun, mənim qayğıkeş, həssas
Anam! Sanki, ailənin başçısı
qarşısında bu zaman daha çox məsuliyyət hiss
edirdin.
Beş övlad - dörd qardaş, bir bacı xoşbəxtcəsinə
böyüyürdük. Bizi məktəbə çiçək
kimi, tərtəmiz yola salırdın. Gecələr dərslərimizi
bir-bir təkrar-təkrar soruşur, əzbərlətdirirdin.
Bu çabalar, bu narahatlıqlar yuxu kimi gəlir mənə. Səbrinə,
hövsələnə, təmkininə bu gün də
heyranam, Ana! Haradan alırdın bu gücü, bu enerjini?..
Düzdür, evdə yamaqlı şalvar da geyinərdik. Amma məktəbə
təzə, təmiz paltarlarda yola salardın bizi.
Paltarlarımız tərtəmiz, ətirli olardı. Onlara sənin
ətrin qonardı, Anacan!
Birinci sinfə gedəndə əlifbanı da bilirdim,
vurma cədvəlini də, şeir də əzbərləmişdim,
mahnı da oxuyurdum. Bunlar səndən süzülüb gəlirdi.
Görünür, müəllim olmağın da bu işdə
kara gəlirdi. Sən necə də həvəslə,
zövqlə, məhəbbətlə, səbirlə, təmkinlə
bizi formalaşdırır, yetişdirirdin, Anacan! Sonralar dərk
etdim ki, demə, mən sənin qədəmlərinlə
yeriyirmişəm, sənin dəst-xəttinlə yazırmışam,
sənin dilinlə danışır, təbəssümünlə
gülür, avazınla oxuyurmuşam. Demə, beş ciyərparəni
sən damla-damla, zərrə-zərrə
yaradırmışsan, özünü qətrə-qətrə
bizə hopdururmuşsan, özün əridikcə biz maya
tuturmuşuq. Bu gün hər birimizin boy-buxununda, sir-sifərində,
oturuşunda-duruşunda, davranışında, əxlaqında,
mənəviyyatında sən yaşayırsan. Bizi cəmiyyətin
layiqli üzvü sən eləyibsən. Atam inciməsin,
qüdrətli Əli İldırımoğlunu da sən
formalaşdırıbsan. Qadına, adətən,
ocağın qoruyucusu deyirlər. Doğrudan da, mən sənin
simanda bunu gördüm, bu məntiqin həqiqiliyinə
inandım. Bəli, ailəni qadın yaradır, qadın
qoruyub saxlayır. Sən həmişə ev-eşiyimizin
pasibanı olubsan, ocağımızı bütün dərd-bəladan,
pisliklərdən, kənar təsirlərdən qoruyubsan.
İnanıram ki, bu gün də ruhun başımızın
üstə ayıq-sayıq keşik çəkir, bizi qoruyur.
Yadındadırmı, Ana, Naxçıvanın
yayı isti, qışı sərt keçirdi. Səninçün
fərqi yox idi. Yayın istisində də, qışın
sazağında da əlin həmişə işdə idi.
Qışda suyumuz tez-tez kəsilərdi. Onda sən
bütün günü vedrə-vedrə su
daşıyırdın, mərtəbə-mərtəbə
yol qət eləyirdin. Uşaq olsam da, həssas idim,
yaxşı-yamanı ayırırdım. Başqa cür ola
da bilməzdi. Axı sənin südünü əmmişdim,
sənin tərbiyəni, sənin öyüdünü
görmüşdüm. Sənin bu halın ürəyimi
sızladırdı, həyəcandan uşaq qəlbim az
qalırdı yerindən çıxsın.
Balaca bir vedrə götürüb dalınca
yüyürdüm. Kömək eləmək istəyirdim.
Acıqlandın mənə, qayıt, dedin, uşaqsan, uşaq
işinlə məşğul ol. Amma o gözəl sifətin
tanış təbəssümlə bədirləndi,
üzün bir az da nurlandı, işığa qərq oldu.
Gördüm ki, razı qaldın, mənimlə fəxr etdin,
qürur duydun. Ürəyindən keçənləri deməsən
də, hər şeyi başa düşdüm. Uşaq olanda nə
olar? Sənə həyan olmaq istəyirdim, əziz Anam!
Qonşularla, uzaq-yaxın qohumlarla həmişə
mehriban olubsan, mehriban Anam! Hamının harayına birinci
çatıbsan. Hamının qayğısını,
problemini, iztirabını, dərdi-sərini
özününkü bilibsən. Heç kimdən köməyini
əsirgəməyibsən. Bütün insanlarda
özünü və bütün insanları özündə
görübsən. Amma heç vaxt heç bir qadınla
dostluq etdiyini görməmişəm. "Rəfiqə"
sözünə həmişə laqeyd yanaşıbsan. Sənin
dostun da, "rəfiqən" də biz idik - ailən,
uşaqların.
Qonşu, qohum-əqrəba məclislərində,
xeyir-şərdə həmişə iştirak edərdin.
Sakit, başıaşağı gedib,
başıaşağı qayıdardın. Arvad söhbətlərinə,
qeybətlərə, dedi-qodulara qarışmazdın.
Bütün bu mənasız danışıqlar yanından
yel kimi, sənə heç toxunmadan ötüb-keçərdi,
mənim uca, ləyaqətli, alicənab Anam!
Uşağın yadından söz çıxmaz, -
deyərlər. Yadımdadır, bir dəfə
Naxçıvanda hansısa bir məclisdən qayıtmışdın.
Sanki getdiyinə peşman olmuşdun. Qadınların
var-dövlət söhbətləri,
üst-başlarındakı qızıl-gümüşlə,
zinət əşyalarıyla öyünmələri
qanını qaraltmışdı. Sənin də bu zinət
deyilən əşyalardan, qızıl-gümüşdən
hər şeyin vardı. Lakin sən onları lazımsız
bir şey kimi evin bir küncünə tullamışdın. Səni
bir dəfə də olsun bu qızıl-gümüş
içində görmədim, mənim gözütox, qəlbigeniş,
təvazökar Anam! Sən belələrinə heç vaxt
yaxşı baxmırdın. Axı sənin var-dövlətin,
qızıl-gümüşün, ləl-cəvahiratın biz
idik... Bu binəvalar, qəlbi hisli-paslı adamcığazlar
bunu haradan biləydilər? Belə anlarda necə də uca
görünürdün, necə əlçatmaz olurdun, mənim
vüqarlı Anam!
Sən bütün ömrünü beləcə
yaşadın - zəhmətkeş, cəfakeş, təvazökar,
həssas...
Mənən, qəlbən, ruhən ucalmaq
üçün dünyanın maddi həzlərini sanki
özünə qadağan eləmişdin. Sən
hamının, səni tanıyan insanların yaddaşında
beləcə qalıbsan, xeyirxah, cəfakeş və alicənab.
Sən məndə belə yaşayırsan, Ana! Mən səni
varlığımda, içimdə indi daha çox hiss edirəm.
Sən sanki mənim bətnimdəsən. Bir zamanlar mən sənin
bətnində olduğum kimi...
Sənin Yusifin
Yusif İLDIRIMZADƏ