Azərbaycan beynəlxalq
məhkəməyə hazırlaşır
“TƏYYARƏNİN VURULMASI İLƏ BAĞLI FAKTLAR
ORTADADIR, ARTIQ RUSİYA TƏRƏFİ ÜZƏRİNƏ
DÜŞƏN ÖHDƏLİKLƏRİ YERİNƏ
YETİRMƏLİDİR”
Məlum olduğu kimi, Qazaxıstanın Nəqliyyat
Nazirliyi ötən il dekabrın 25-də Bakıdan Qroznıya
uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer-190” təyyarəsinin
Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinə
dair ilkin hesabat açıqlayıb. Hesabatdan bir daha aydın
olur ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında,
o cümlədən Qroznı hava limanı üzərində
GPS siqnallarının itməsi halı ilə üzləşib.
Qeyd olunub ki, hava şəraitinin əlverişli olmaması səbəbindən
Qroznı üzərində ikinci enişi yerinə yetirə
bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində
qərar verib. Bu qərarın qəbul edilməsindən sonra
Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə
kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində
müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə
sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21
saniyə sonra 2-ci hidravlik sistem funksionallığını
itirməklə sıradan çıxıb. Hava gəmisinin
füzelyajında çoxsaylı dəlib keçən və
kor zədələrin olması faktı aşkar olunub və
foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr
hava gəmisinin füzelyajının arxa hissəsində,
xüsusilə şaquli və üfüqi stabilizatorlarında
çox sayda, habelə sol qanadda və sol mühərrikdə
aşkar olunub.
Təyyarənin füzelyajında aşkar olunan zədələrin
kənar obyektlərin təsiri nəticəsində
formalaşması barəsində məlumat təqdim edilib.
İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına
işarə edən hər hansı fakt barəsində məlumat
təqdim edilməyib. Təyyarənin qalıqlarının
kor zədələrində olan, hava gəmisinə məxsus
olmayan kənar obyektlər aşkarlanaraq
götürülüb və həmin kənar obyektlərin
foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə
təqdim edilib.
Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas
idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici
dispetçer “Êîâåð” əməliyyatı barədə
Qoznıya məlumat verir. Göründüyü kimi, Azərbaycan
təyyarəsinə Qroznı üzərində atəşə
açıldıqdan 8 dəqiqə sonra əlaqələndirici
dispetçer “Êîâåð” əməliyyatı barədə məlumat
verib. Deməli, təyyarə ekipajının bu əməliyyatdan
xəbəri ola bilməzdi. İlkin hesabatda oksigen balonunun
partlaması ilə bağlı faktı ehtiva edən hər
hansı bir məlumat qeyd olunmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı
olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən
çıxarışlar hesabatın mətnində verilib.
İlkin hesabat sərnişin təyyarəsinin
vurulması ilə bağlı faktları bir daha ortaya qoyur.
Yeri gəlmişkən, "Reuters" agentliyi qəzaya
uğrayan AZAL təyyarəsinin Rusiyanın "Pantsir-S"
raketi ilə vurulduğu barədə məlumat yayıb. Azərbaycan
hökumətindəki mənbə agentliyə bildirib ki, dekabr
ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya
uğrayan Azərbaycan sərnişin təyyarəsi
Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə
sistemi ilə vurulub: "Azərbaycan tərəfində təyyarədən
çıxarılan və beynəlxalq ekspertiza nəticəsində
müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti
var".
Təyyarənin vurulması ilə bağlı faktlar
ilk günlərdən məlum idi, lakin rəsmi Bakı
araşdırmanın nəticəsini gözlədi.
Prezident İlham Əliyev müsahibəsində
bildirmişdi ki, ilkin versiyalar kifayət qədər əsaslıdır,
faktlara söykənir, amma son versiya “qara qutu”lar
açılandan sonra bəlli olacaq: “Faktlar isə ondan ibarətdir
ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində,
Qroznı şəhərinin yaxınlığında xaricdən
zədə almış və idarəetməni demək olar
ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron
mübarizə vasitələri tərəfindən idarəolunmaz
vəziyyətə salınmışdır. Bu, təyyarəyə
yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən
açılan atəş nəticəsində təyyarənin
quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir.
Füzelyajın dəlik-deşik olması, əlbəttə,
göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən
atılmış quş versiyası tamamilə gündəlikdən
çıxarıldı. Ola bilər ki, təyyarə zədə
alanda, zərbə alanda pilot bunu quşların təyyarə
ilə toqquşması kimi qəbul edə bilərdi.
Çünki yəqin ki, heç kimin ağlına gələ
bilməzdi ki, bizim üçün dost olan ölkədə
bizim təyyarəyə yerdən atəş
açılsın. Ancaq təəssüflər olsun ki,
Rusiyanın bəzi dairələri bu versiya üzərində
dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən
və təəccübləndirən məqamlardan biri də
o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun
partlaması ilə bağlı versiyalar irəli
sürmüşdü. Yəni bu, açıq-aydın
göstərirdi ki, Rusiya tərəfi məsələni
ört-basdır etmək istəyir və əlbəttə,
bu, heç kimə başucalığı gətirmir. Təbiidir
ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki,
burada hər hansı bir qəsdən terror aktı törətmək
məsələsindən söhbət gedə bilməz. Ona
görə öz günahını etiraf etmək, dost ölkə
sayılan Azərbaycandan vaxtında üzr istəmək və
bunu ictimaiyyətə bildirmək - bütün bunlar
görüləsi tədbirlər idi və addımlar idi”.
Azərbaycan məsələnin tam və şəffaf
araşdırılması üçün Rusiyanın təklif
etdiyi Dövlətlərarası Aviasiya Komitəsindən imtina
etdi. Prezident bəyan etdi ki, bu qurumun başında Rusiya vətəndaşları
dayanır və obyektivlik amilləri tam təmin edilməyə
bilərdi.
“Əgər qəza baş verəndən dərhal
sonra biz Rusiya tərəfindən ədalətli və adekvat
addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik.
Amma biz gördük ki, burada məsələni
ört-basdır etmək cəhdləri göz
qabağındadır. Ona görə biz həm Qazaxıstan tərəfi
ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm
də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq
beynəlxalq ekspertlərdən ibarət işçi qrup
yaradılmalıdır və yaradılmışdır. Orada
təyyarənin istehsalçı şirkəti – “Embraer”in
nümayəndələri, Braziliyanın müvafiq
qurumlarının nümayəndələri, Azərbaycan,
Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası
Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq
aparıcı rollarda yox, sadəcə olaraq, işçi
qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm,
“qara qutu”lar açılandan sonra və daha detallı məlumat
əldə etdiyimiz halda məsələnin tam təfərrüatları
üzə çıxacaq və bu gün hələ ki, sual kimi
qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”,
- dövlət başçısı bildirib.
Artıq bir çox məsələlərə
aydınlıq gətirilib, amma təəssüf ki, Rusiya hələ
də məsuliyyətdən yayınmaqda davam edir. Hesabat
açıqlanandan sonra bu ölkənin müvafiq
qurumları, o cümlədən “Rosaviasia” əsassız
açıqlamalarla çıxış edib. Rusiya mətbuatı
da Azərbaycan əleyhinə kampaniya aparır.
Görünən budur ki, Rusiya tərəfi məsələni
ört-basdır etməyə, məsuliyyətdən
qaçmağa çalışır. Əks halda,
vaxtında üzərinə düşən öhdəliklərə
əməl edərdi. Moskva “Malayziya Boing-2” vəziyyətini təkrarlamaq
istəyir. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan
Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə
məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq
hissəsində vurulmuş, təyyarənin göyərtəsində
olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən
işğal olunmuş Donbasın hava məkanında, məhz
Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva
hələ də məsuliyyəti öz üzərinə
götürməyib və əsassız yerə Ukraynanı
günahlandırır.
Azərbaycanın bu məsələdə qətiyyətli,
prinsipial mövqeyi ilk gündən ortadadır. Atəş əmri
verənlərin və atəş açanların kimliyi də
Azərbaycan tərəfinə bəllidir. Yəni danılmaz
faktlar, sübutlar var, Rusiya nə etməsindən asılı
olmayaraq sudan quru çıxa bilməyəcək. Rusiya bu
mövqeyini davam etdirəcəksə, Bakı təbii ki,
növbəti addımlar atmalı olacaq. Bunlardan biri də beynəlxalq
məhkəməyə müraciət etməkdir.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus
sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava
limanı yaxınlığında qəzaya uğrayıb. Qəza
nəticəsində 38 nəfər həlak olub, 29 nəfər
yaralanıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı “525”ə deyib ki, təyyarəyə
kənar müdaxilənin olmasına dair kifayət qədər
sübut və fakt var idi. Amma beynəlxalq hüquq, prosedurlar tələb
edirdi ki, araşdırılma aparılsın, hesabat
açıqlansın və bununla da bütün məsələlər
tam aydın olsun: “Düşünürəm ki, ən
doğru yanaşma da o idi ki, bütün məsələlər
tam aydın olandan sonra növbəti addımlar atılsın.
Bu rəy onu göstərdi ki, həqiqətən kənar
müdaxilə olub. Bütün faktlar ortadadır, artıq
Rusiya tərəfi üzərinə düşən öhdəlikləri
yerinə yetirməlidir. Deyilirdi ki, gözləyək, faktlar
çıxacaq, aydınlıq gətiriləcək, biz də
gözlədik. İndi hər şey
çılpaqlığı ilə tam ortadadır. Belə
olduğu təqdirdə, artıq Rusiya tərəfinin üzərinə
bir məsuliyyət düşür. Çünki Rusiya gah
dedi ki, təyyarə quşlarla toqquşub, gah dedi ki, oksigen
balonu partlayıb, amma son açıqlamalar irəli
sürülən bütün bu fikirlərin əsassız
olduğunu göstərdi və Azərbaycanın haqlı olduğunu
subut etdi. Cənab Prezident də öz müsahibəsində qətiyyətlə
bəyan etmişdir ki, təyyarəyə kənar müdaxilə
olub. İndi nə edilməlidir. Faktlar, sübutlar var və
Rusiya artıq öz üzərinə düşəni etməlidir.
Azərbaycanın konkret tələbləri var. Bu tələblər
ondan ibarətdir ki, Rusiya üzr istəməli, günahkarlar
mütləq cəzalandırılmalı, kompensasiya ödənilməlidir.
Bu günə kimi Rusiya bunların heç birini etməyib.
Artıq faktlar tam sübut olunduqdan sonra Rusiya bunu etməlidir, əgər
etməsə, onda Azərbaycanın beynəlxalq məhkəməyə
müraciət etmək haqqı var”, - deputat bildirib.
C.Məmmədov əlavə edib ki, bu məsələdə
Prezident İlham Əliyevin çox prinsipial, qətiyyətli
mövqeyi ortaya qoydu, anında məsələyə reaksiya
verdi, sonra dəfələrlə bəyanatları,
açıqlamaları oldu: “Rusiya bu reallıqları nəzərə
almalı, şərtləri yerinə yetirməlidir. Əks
halda, birmənalı olaraq Azərbaycan beynəlxalq məhkəməyə
müraciət etmək hüququna malikdir. Rusiya ilə
münasibətlərimiz bizə qarşı bu cür
mövqenin sərgilənməsinə rəvac vermir. Ən
azından Müttəfiqlik bəyannaməsi imzalanıb,
yaxın əməkdaşlığımız var. Məsələyə
eqoistcəsinə yanaşmaq, Rusiyada müəyyən dairələr
tərəfindən davamlı olaraq Azərbaycanın
ünvanına səsləndirilən ittihamlar, bizi hədəfə
almaları, müxtəlif yollarla fikri başqa istiqamətə
yönəltməyə çalışmaq qəbuledilməzdir.
Artıq bu prosedur gözlənilən formada icra olunmasa, Azərbaycan
növbəti mərhələdə digər addımları
atacaq”.
Pərvanə
525-ci qəzet .- 2025.- 7 fevral(¹23).- S.5.