Təbiət insanı yaşadır
və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
Lakin bir müşahidəm də mənə olduqca
paradoksal görünürdü. Moskvada bizimlə birlikdə
çox sayda afrikalı, kubalı, suriyalı və Yəməndən
olan tələbələr oxuyurdu. Onlar ruslara və bizə
nisbətən yüngül geyinirdilər və heç vaxt
soyuqdan, şaxtadan şikayət etmirdilər. Onlar soyuğa
dözümlülükləri ilə SSRİ-nin cənubunda və
mərkəzində yaşayanlardan xeyli dərəcədə
seçilirdilər. 40-50 dərəcə istidə
yaşamağa öyrənmiş bu adamları 20-30 dərəcə
şaxta qorxutmurdu. Onların soyuqdəymədən xəstələnmələri
də nadir hallarda baş verirdi. Bu adamların
dözümlülüyü, etnoqrafin, yuxarıda gətirdiyim
mülahizəsini bütünlüklə təsdiq edirdi.
İbtidai insan hətta sadə biliklərə malik
olmasa da, özünün yaşaması və nəslini
artırması üçün təbiətlə harmoniyada
olmağa üstünlük verirdi, ona təzyiq göstərmək
fikrindən uzaq olduğu kimi, onun dilsiz təklif etdiyi qaydalara
tabe olmağı da özü üçün qəbahət
saymırdı. Əslində, onun təbiətə təzyiq
göstərmək, onun güclü fəaliyyətinə
hansısa bir düzəliş etmək imkanı da məhdud
idi və bu, əslində, onların arasındakı harmoniyanın
pozulmasına imkan vermirdi, onu qoruyub saxlayırdı.
Təbiətin bir hissəsi olan insan, onu həyata gətirən
və yaşadan bu universal varlığa tabe olmaqla, əslində,
özünü qoruyurdu, nisbətən normal həyat şəraitinin
pozulmasına, dağılmasına imkan vermirdi. Harmoniya həm
insanı, həm də ən başlıcası, təbiəti
razı salırdı, insanın ona arzuolunmaz müdaxiləsinə
görə, təbiət ondan qisas almaq da istəmirdi.
Çünki təbiətə müdaxilə, onun
qaydalarını pozmaq cəhdi, təbiət üzərində
hökmran olmaq istəyi tam əks effekt verməklə,
insanın özünə daha ağır zərbə
vurmuş olur.
Lakin insan getdikcə öz yaşayış şəraitini
yaxşılaşdırmağa çalışırdı,
təbiətin ona verdikləri ilə kifayətlənməyib,
əməyini sərf etməklə nisbətən daha rahat mənzildə
ömür sürmək istəyirdi. Bu vaxtadək onu soyuqdan və
istidən qoruyan, lakin qaranlığı və rütubəti
onu razı salmayan mağaranı tərk edib, yerin
üstündə özünə ev tikmək, bu yeni məkanda
yaşamaq yolunu seçdi. Bundan sonra o, şəhər
salmağa başladı. Daş dövrü ilə
vidalaşanlar bu sahədə xeyli irəli getdilər. Tarixin
başlanğıcından isə şəhər-dövlətlər
meydana gəldi, insan biliklərə yiyələnməyə
can atdı, əsl kreativlik və novatorluq xüsusiyyətlərinə
yiyələndi. Konqitiv inqilab onun təfəkküründə
ciddi dəyişiklik əmələ gətirdi.
Aqrar inqilab nəticəsində isə insan
özünü ərzaqla təmin etmək üçün
bitkiçilik və heyvandarlıq məhsulları istehsal etməyə
başladı. Ovçuluq, xüsusən balıq ovu, bitkilərin meyvələrini və
köklərinin toplamaq bütünlüklə unudulmasa da, ərzaq
ehtiyatının əsas mənbəyi istehsal sahəsinin
üzərinə keçdi. Aqrar sahənin inkişafı, kənd
təsərrüfatı istehsalının genişlənməsi
insanın yaradıcılıq səviyyəsinin də
yüksəlməsinə yol açdı. Əvvəllər
məlum olmayan yeniliklər tətbiq edilməklə,
istehsalın nəticəliliyi xeyli yüksəldi. VIII əsrdən
İspaniyaya gələn və əsasən mavrlar
timsalındakı ərəblər bu yeni Avropa ərazisində
suvarma əkinçiliyini tətbiq etməyə
başladılar. Onlar özləri ilə yeni texniki vasitələr
də gətirmişdilər. İlk dəfə olaraq, suyu
hündür səviyyəyə qaldırmaq üçün
onlar burada da su çarxlarından istifadə etməyə
başladılar. Şəhərlər salınmağa
başlandıqdan sonra isə, onlar sənətkarlığın
genişlənməsinə, ticarətin inkişafına da
güclü təsir göstərdilər.
Konqitiv inqilab idrakda ciddi dəyişiklik
yaratdığı kimi, Aqrar inqilab da istehsalın inkişaf
etdirilməsi ilə yanaşı, insanın əmək
qabiliyyətini də xeyli yüksəltdi. İnsanın təbiətdən
asılılığı nisbətən zəiflədi, məhsul
istehsalı prosesi həm də onda məşğul
olanların əməksevərliyinə, çəkilən zəhmətin
yaradıcı xarakter daşımasına güclü təkan
verdi.
Bəşəriyyət cəmiyyətin təşkilinin
yüksəlməsi yoluna qədəm qoymaqla, elmin və
texnikanın inkişafına da qayğı göstərməyə
başladı, çünki istehsalın miqyasının
böyüməsi həm də xüsusi bilik və texnoloji
ustalıq tələb edirdi. Bu inkişaf gələcəyə
istiqamətlənmişdi, uzun tarix ərzində müəyyən
fasilələrin mövcudluğu baş versə də, onun
ardıcıl davam etdirilməsi dayanmadı, proses, cəmiyyətdən
yeni zirvələrə qalxmağı israrla tələb
edirdi.
Digər canlı aləm - flora və fauna da təbii
şəraitə uyğunlaşır
Təbii şərait təkcə insana yaşamaq
üçün sığınacaq vermir, həm də onu
qida ilə təmin etməkdə mühüm rol oynayır.
İbtidai insandan fərqli olaraq, sonrakı nəsillər təkamül
nəticəsində məhsul istehsalına keçməklə,
öz təminatını xeyli yaxşılaşdırsa da,
bu sahədə də işlərin gedişi təbiətin
iştirakı olmadan baş vermir. Becərilən bitki və
heyvan öz məhsulu ilə insanın yaxşı qida təminatına
şərait yaradır. Bitkilər harada bitməyindən
asılı olmayaraq karbon qazını udub, atmosferə oksigen
buraxırlar. Oksigen isə insanın və faunanın
yaşaması üçün başlıca şərtdir.
Oksigenlə nəfəs alma kəsildikdə, qanın
qidalanması və bunun nəticəsində həyatın
davam etməsi dayanır. Bitkilər həm də məməlilər
üçün vitamin bolluğu ilə seçilməklə,
əvəzolunmaz qida mənbəyidir. Görkəmli rus bioloqunun
dediyi kimi, tərəvəz insanın qidalanmasının
musiqisidir.
Bitkilər və heyvanlar da təbiətin məhsulu
olduğundan, onun güclü təsirinə məruz qalır.
Bir sıra ərzaq bitkiləri yalnız isti iqlimdə
yetişir, istixanalar istisna olmaqla, şimal regionlarında bir
sıra meyvə və tərəvəz növlərini
istehsal etmək olmur, oradakı əhali yalnız yabanı giləmeyvələri
toplayıb, onları istehlak edirlər, həm də ticarət
vasitəsi ilə digər meyvə və tərəvəzlə
təmin olunurlar.
Heyvan aləmi də, xüsusən məməlilər
təkcə hərarətə münasibətdə deyil, həm
də özünün qida ehtiyatına çox həssasdır.
Bu qida olmasa, onlar yaşaya və nəsil artıra bilməzlər.
Afrika savannalarında müxtəlif vegetarian sayılan heyvan
sürüləri dolaşır və ərazi onları ot
bitkiləri ilə təmin edir. Oradakı heyvanlar qidalanmalarına
görə stenofaq, yəni oxşar bitkiləri yeyənlər
sayılırlar. Əslində isə onlar başqası
üçün olandan fərqli bitkiləri yediklərindən,
bir-birilə yem rəqabətinə girmirlər. Antilopa qnu
sürüləri və digər çox sayda antilopa növləri
torpaqda bitən, azacıq baş qaldıran otla qidalanırlar.
Fillər daha iri bitkiləri və ağac yarpaqlarını,
zürafələr isə akasiyanın hündürlükdəki
yarpaqlarını yeyirlər. Beləliklə, hər heyvan
növünün öz yem mənbəyi vardır.
Yaxşı qidalanan ot yeyən heyvanlar isə
yırtıcılar üçün ət anbarı rolunu
oynayırlar. Onların çoxluğu və
köklüyü yırtıcıların da yaxşı
qidalanmasına şərait yaradır. Göründüyü kimi, təbiət
öz yaratdığı heyvan növlərinin - həm otyeyənləri
və həm də ətlə qidalananları bol yemlə təmin
etməyə çalışır. Quraqlıq dövründə
otun yoxa çıxması ilə antilopa qnu sürüləri
yem otlaq tapmaq üçün kütləvi şəkildə
köç etməyə məcbur olurlar. Yağış
mövsümü başladıqda
bu, onlar üçün bayram xarakteri daşıyır
və doğma yurdlarına dönürlər.
Heyvan aləmini yaradan təbiət həm də onu
yemlə təmin etmək qayğısına da qalır. Bəzi
həşaratların yedikləri yem növlərinə inanmaq
çətin olsa da, onlar öz adəti qidalarını
istehlak etməklə kifayətlənib, normal ömür
sürürlər. Şimal dənizinin sahilində məskunlaşan
xırda qurdlar öz yemlərinə görə qum qurdu adlanırlar.
Onlar qumdan başqa heç nə yemirlər. Bu, nə qədər
təəccüblü görünsə də, qumların tərkibində
olan dəniz məhsullarının qalıqları onları
zülalla təmin edir. Qurdlar udduqları qumu mədələrində
filtrdən keçirib, faydalı olanları mənimsəyir,
qumun süxur qatını isə ifraz edirlər. Yemin
qidalılığından daha taxşı faydalanmaq
üçün kövşəyən heyvanlar bu sahədə
uğurlu metoddan istifadə edirlər
Onlar mədələrindəki yem
qarışığı məhlulundan maksimum fayda
götürmək üçün yenidən onu əlavə
çeynənmək üçün ağızlarına
qaytarırlar və bu yolla yemdən başqa heyvanlara nisbətən
daha yaxşı faydalanırlar. Atlar isə yedikləri
arpanın bir hissəsini həzm edə bilmədiklərindən,
onu udduqları qaydada da ifraz edirlər, ona görə də
onlara verilən yemin səmərəliliyi xeyli
aşağı düşür.
Bəzi heyvan növlərinin eyni ot bitkiləri ilə
qidalanması ciddi problemlər əmələ gətirir.
Ərazilərdə eyni bitkini yeməklə, bir-birini rasionuna
şərik çıxan heyvanlar
monofaq adlanırlar, onların arasında qida
üstündə ciddi rəqabət gedir. Avstraliyada insanların
müdaxiləsi ilə iki növ heyvan arasında yem
üstündə belə məhvedici rəqabət baş
verdi. Avstraliyanın, səhralar istisna olmaqla cənub və qərb
ərazilərində saysız-hesabsız kenquru sürüləri
otlayırdı. XVIII əsrdə ingilislər bura gəldikdən
sonra, özləri ilə iki əsr əvvəl İngiltərədə
çox inkişaf etmiş heyvan növü olan qoyunları da
gətirdilər. XVI əsrdə parça və paltar
istehsalı manufakturalarını yun xammalla təmin etmək
üçün İngiltərədə qoyun becərilməsi
böyük miqyas almışdı. Varlı torpaq sahibləri
otlaq sahələrinin genişləndirmək
üçün, yoxsul kəndliləri evlərindən qovub,
bu sahələrdən də otlaq kimi istifadə edirdilər.
Bu tədbir "çəpərləmə"
adlanırdı. Böyük mütəfəkkir Tomas Mor bu
haqsızlığı obrazlı şəkildə ifadə
edərək "qoyunlar insanları yeyir" sözlərini
yazmışdı. İnsanların həyatına qənim kəsilməklə,
ot yeyən heyvan onların qatilinə çevrilmişdi.
Qoyunçuluqdan torpaq sahiblərinin böyük gəlir
götürdüyünü izah etmək üçün
filosof yazırdı ki, qoyunun dırnağı dəyən
qum dənəsi qızıla çevrilir.
İngilislər kəşf etdikləri və məskunlaşdıqları
yeni qitənin böyük otlaqlara malik olduğunu nəzərə
alaraq, buraya qoyunları gətirdilər. Bol yem şəraitində
qoyun sürüləri artmağa, böyüməyə
başladı. Bu isə kenquru üçün olduqca təhlükəli
idi, onların yemini qoyunlar əllərindən
alırdılar. Həm də qoyunların insan kimi himayəçiləri
var idi, kenquru isə əhliləşdirilmədiyindən
yalnız təbiətin köməyinə möhtac idi. Eyni
otla qidalanan iki heyvan növü bir-birinə düşmən
kəsildi və kenqurulara ağır zərbə
vurmamış qalmadı.
Quşlar və balıqlar da təbii şəraitə
uyğunlaşırlar. Köçəri quşlar nəsli
artırmaq üçün yayda şimala üz tuturlar, orada
yumurtlayıb bala çıxarırlar. İsti ölkələrdə
isə onların yumurtası bişər və nəsil
artırılması kəsilərdi. Bəzi quşlar belə
səfərləri üçün uca dağları da ötüb
keçməli olurlar. Boz hind qazları şimala gedib
qayıdanda 4 km hündürlükdə, olduqca seyrək hava
şəraitində Himalay dağlarının üstündən
uçurlar. Antarktidada sərt şaxta şəraitində
milyonlarla pinqvin yaşayır. Onlar qida ilə təmin olunmaq
üçün ömrünün 70 faizini su altında
keçirir və mədələrinə topladığı
balıqlarla və digər dəniz məhsulları ilə həm
özünü, həm də balasını qida ilə təmin
edir. Onlar dənizdən çıxıb, balasının
yanına gəlmək üçün ağır və əziyyəli
səfər etməli olurlar. Pinqvinlər daim bu olduqca soyuq qitədə
yaşayırlar, köçəri quşlardan fərqli olaraq
onlar nəsli artırmaq üçün əlverişli iqlim
axtamırlar. Onlar cütləşdikdən sonra yumurta qoyur və
yumurtalardan öz tüklərinin hərarəti ilə
sağlam bala meydana gətirirlər. Ən mühüm cəhət
ondan ibarətdir ki, yumurta sərt şaxtada da donmur. Bunun səbəbi
isə yumurtanın soyuğa davamlı olan zülallara malik
olmasıdır. Təbiət, hətta sərt iqlimə davam gətirməyi
bacarmaqla yanaşı, nəsl artırma xüsusiyyətinə
də malik olan bu müdafiəsiz varlıqları,
özünün icad etdiyi qəribə bir zirehlə təmin
etmək qayğısına da qalır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.22.