Başı min bir bəla çəkmiş
Minbirdirək
Uşaq vaxtı "Yeşilçam" filmlərini
izləyərkən iki cümləni tez-tez eşidirdik: biri
şəhərə yeni gələnlərin az qala nərə
çəkərək dedikləri "Ulan İstanbul, sən
böyüksən, yoxsa mən?" sualı idi, o birisi də
"İstanbulun daşı-torpağı altundur"
sözü. Nərildəyib kükrəyənləri hər
birinin üstünü İstanbul öz torpağı ilə
örtdü. Elələri var, nəinki adı, heç qəbirləri
də qalmadı - şəhərdəki bəzi qəbiristanlıqları
müəyyən vaxtdan sonra düzəngaha çevirib yerində
göydələnlər, obyektlər tikildi, yollar çəkildi.
Ümumiyyətlə, insan nə qədər cahil
olmalıdır ki, şəhəri özünə rəqib
görsün? Özü də neçə-neçə
padşahları, imperatorları, imperatorluqları, kralları,
krallıqları udmuş, illəri, əsrləri devirmiş,
yanğınlar, savaşlar, zəlzələlər
görmüş bir şəhəri... İkinci deyimin nə
qədər gerçək olduğunu isə şəhəri
tanıdıqca başa düşür insan. Doğrudan da bu
şəhərin daşı da, torpağı da altundır -
altında qədim tunellər, sarnıçlar, üstündə
xanimanlar, xanlar, qəsrlər, saraylar olan xəzinədir...
Böyük köç və başlanğıc
Həmin xəzinələrdən biri Minbirdirək
sarnıcıdır. Tarixi İstanbuldan da qədimdir.
Xalqların böyük köçü ilə başlayan
daxili qarışıqlıqdan sonra 395-ci ildə Roma şərq
və qərb olmaqla iki hissəyə bölünür. Şərq
Konstantinə qalır. O da böyük köçə məcbur
edilən on iki nəfər senatorluq üzvü ilə birlikdə
hazırkı İstanbula gəlir və öz adını
daşıyan, Bizansın paytaxtı elan etdiyi Konstantinopolu
qurur. Həmin vaxt Lausus adlı bir saray da inşa etdirirlər.
On iki nəfərlik senatorluq üzvlərindən biri olan
Floksenos Lausus sarayınım yanında, Hipodrom meydanında,
indiki Sultanəhməddə Su sarnıcı inşa etdirir.
Sarnıca da öz adını qoyur; Floksenos sarnıcı. Məqsəd
sarayın və ətraf ərazilərin su ehtiyacını
qarşılamaq olur. Beləliklə, bura
böyüklüyünə görə Yerəbatan
sarnıcından sonra ikinci su deposu olaraq tanınmağa
başlayır. İşə bax ki, Lausus ilə eyni ərəfədə
inşa edilən bu abidə bütün əzəməti və
görkəmi ilə ucaldığı halda, sarayın
daşının üstündə daş qalmayıb. Bir dənə
aslan heykəli, bir sıralıq bünövrədən
başqa ortalıqda heç nə yoxdur.
Sarnıcın inşa edildiyi tarix ilə bağlı
xeyli araşdırmalar mövcud olmasına baxmayaraq,
tarixçi Diehl, su deposunun I Yustinianın zamanında (518-527)
inşa edildiyini iddia edirdi. Çünki daxili qisimlərdə
rast gəlinən üstü damğalı kərpiclərin həmin
zamana aid olduğunu görmək mümkündür. Digər
araşdırmaçı Maumborin isə iddia edirdi ki,
sarnıc Konstantinin dövründə Filoksenos tərəfindən
inşa edilib və Yustinian zamanında təmir olunaraq bir az da
genişləndirilib. Bu xüsus nəzərə alınanda
Filoksenos sarnıcının 306-337-ci illərdə inşa
edildiyi ehtimalı daha da artır.
İşarələr, izlər...
Sarnıc üç min kvadratmetrdən böyük ərazidən
ibarətdir. Bir vaxtlar içərisində on altı
sıralı 224 mərmər sütun mövcud olub. Fəqət,
həmin sütunlardan günümüzə sadəcə
212-si gəlib çıxıb. İstanbulda üst-üstə
olan və iki gövdədən ərsəyə gələn
dirəyə sadəcə burada rast gəlmək
mümkündür. Bu dirəklərin ətrafında mərmər
bilərzik, birləşmə nöqtələrinə isə
qurğuşun təbəqələr yerləşdirilib. Bu
yolla sarnıcın dərinliyi artırılıb və
qırx min kubmetr həcmində su deposu yaradılıb.
Sütun başlarının bir qisminin üzərində o
zaman burada çalışmış daş yontanların
bağlı olduqları loncaların monoqramları
yazılıb. Bu hərflər sarnıcın inşasında
çalışan və sütunları işləyən
ustaların işarələri kimi qəbul edilir. Qalın
divarların əhatələdiyi kərpicdən olan tağlar
diqqət çəkir. Sütunların üzərində
xüsusi işləmə yoxdur, sadəcə kəsik
pramidalar mövcuddur. Bu isə tarixi abidəyə bənzərsiz
bir ab-hava gətirir.
Floksenosdan Minbirdirəyə keçid
Abidə İstanbulun fəthinə qədər
Floksenos sarnıcı olaraq qalır. Osmanlı dönəmində
artıq içərisində su olmayan çoxdirəkli bu
abidənin adını dəyişdirirlər və Minbirdirək
sarnıcı deməyə başlayırlar. Bu adın
seçilməsi sarnıcın içində iki yüzdən
artıq dirəyin olması ilə bağlıdır.
Türklərin gəlişindən sonra su sarnıcları
sıradan çıxır. Sultan Fateh Mehmet şəhərdə
olan su probleminin həlli ilə bağlı Memar Sinana göstəriş
verir. Böyük memar İstanbulu qarış-qarış gəzir
və bir çox yerdn Kağıthanəyə, oradan da mərkəzə
su kanalları çəkir. Beləliklə,
sarnıçlara ehtiyac qalmır. Boş qalmış bu yerlər
müxtəlif məqsədlər üçün istifadə
edilir, bəziləri isə baxımsızlıqdan xaraba
qalır. Ta ki son illər təmizlənərək muzeyə
çevrilənə qədər. Minbirdirək sarnıcı
isə ipəkçilərin və ip əyirənlərin
istifadəsinə verilir. Çünki bu cür alaqaranlıq
və nəmli yerlərdə istehsal edilən ipəklərin
daha keyfiyyətli olduğu deyilir.
Cinayət yuvasına çevrilən məkan
Sarnıcın Fazlı Paşanın qızı ilə
bağlı tarixçəsi dillərdə dastandır.
Fazlı Paşa Sultan I Əhmədi qonaq çağırmaq
üçün Minbirdirək sarnıcının
üstündə ona layiq kiçik saray inşa etdirir. Sultan gəlir,
sarayı görüb bəyənir. Lakin taxtadan tikilən bu
saray 1660-cı idə Ayazmaqapı yanğınında kül
olur. Fazlı Paşa yanmış yerdə yenidən saray
inşa etdirir. Sonra paşa ölür və hakimiyyət dəyişir.
Aradan da xeyli vaxt keçir. Əsl hekayə bundan sonra
başlayır.
IV Murat dəftərdarı Hüseyin Əfəndi zəngin,
ancaq övladsızlıq acısı çəkən bir
insan olur. Buna görə də, dostu Dərviş Mahmudun
tapdığı Təyyarzadə adında ərəb və
farsca bilən, musiqidən anlayışı olan, tambur
çalan oğlanı övladlığa götürür.
Bayram tətili üçün səfərə
çıxmaq istəyən Təyyarzadəyə səhvən
xidmətçi üçün hazırlanan boxça
verilir. Gənc bundan möhkəm qəzəblənir,
küsür və geri dönməyəcəyinə and
içərək yola çıxır. Evə qayıtmayan
oğulluğunu axtarmaq üçün başqa qiyafəyə
bürünərək evdən çıxan Hüseyn Əfəndidən
də bir müddət xəbər çıxmır. Bir həftə
sonra onun möhürlü kağızını gətirən
bir nəfər ailəsindən min qızıl pul alıb
gedir. Hadisə yenə təkrarlanır, bu dəfə hamı
bu işdə Təyyarzadənin əli olduğundan
şübhələnir. Arvadı adamlarını
götürüb Təyyarzadənin evinə hücum çəkirlər.
Ancaq Hüseyn Əfəndinin orada olmadığını
görürlər. Bu dəfə Təyyarzadə də narahat
olmağa başlayır. Gənc oğlan təkrar pul istəməyə
gələn adamı təqib edir. Məlum olur ki, Hüseyn
Əfəndi bataqxanaya düşüb. Bataqxana isə
Fazlı Paşanın sarayı imiş.
Paşanın qızı Gövhərli Xanım bir
neçə paşa ilə ailə qurub dul qaldıqdan sonra
atasından ona miras qalan sarayı qumarxana və cinayət
yuvasına çeviribmiş. Sən demə, dul qadın
varlı kişiləri soyub-soğana çevirdikdən sonra
onları sarayın altında bir müddət əsir
saxlayır, sonra cəlladlarına
öldürtdürürmüş.
Sarayın qarşısında dayanan Təyyarzadə
xeyli var-gəl edir, nə edəcəyini
düşünür. Bu vaxt içəridən gözəlliyi
ilə insanın ağlını başından alan bir
qızın çıxdığını görür.
Qız Təyyarzadəni yeni ov kimi görür, onunla söhbətləşirlər
və birlikdə Fazlı Paşa sarayına gedirlər. Oğlanı
Gövhərli xanımın yanına çıxardırlar.
Əslində sarayda bu cür gözəl qızların
işi çarşıya, bazara gedərək varlı
kişiləri başdan çıxardıb saraya gətirmək
imiş. Lakin Təyyarzadəyə aşiq olan cariyə Sahba
kalfa orada baş verən oyunların hamısını
oğlana bir-bir deyir. Təyyarzadə bəhanə ilə icazə
alaraq saraydan çıxır. Yolda dərviş qiyafəsində
gəzən IV Murada rast gəlir və vəziyyəti ona nəql
edir. Oyun qururlar, Sultan dərviş kimi saraya girir. Gövhərli
xanım IV Murat olduğundan xəbərsiz olduğu dərvişi
xüsusi otağa salınmasını əmr edir. Buna qəzəblənən
Sultan qadını xəncərlə yerindəcə
öldürür. Hüseyn Əfəndi və digər
qurbanlar xilas edilir. Təyyarzadə isə Sahba kalfa ilə
nikahlanır, Gövhərli Xanımın bütün
malı-mülkü və iyirmi cariyəsi ona
bağışlanır. Eyni zamanda Sultanın onun müsahibi
olmasına dair fərman verilir.
Kitablara, əsərlərə mövzu olub bu hadisə.
Rəşad Əkrəm Koçu bu tarixi faktdan ilhamlanaraq
"Minbirdirək bataqxanası" adlı roman da yazıb.
Saraydan bazara...
Sonralar taxtadan inşa edilən bu malikanə
Hocapaşa yanğınında yanaraq kül olur. Bundan sonra
Minbirdirək sarnıcının üstü boş ərazi
olaraq qalır. Tezliklə, boş qalmış ərazidə
bazar açırlar. Sarnıc da bazarın deposu kimi fəaliyyətinə
davam edir. Axırda bazar da
yığışdırılır, sarnıc
qapadılır.
Daha sonra restavrasiya edilir və hazırda muzey kimi fəaliyyət
göstərir. İşin maraqlı tərəfi budur ki, belə
möhtəşəm abidəyə rəğbət, maraq yox
dərəcəsindədir. Biletin ucuz, məkanın boş
olmasına rəğmən, içəridə ziyarətçi
sayı bir əlin beş barmağını keçməyəcək
qədər azdır. Amma eyni dönəmdə inşa edilən
Yerəbatan sarnıcının qapısında az qala Yeddi
Qapı zindanlarına qədər uzanan növbə olur.
Yazını sonlandırarkən, bu fakt mənə maraqlı
gəldi və ağlıma gələn ilk şübhə bu
oldu: görəsən, bu abidələrin idarəsi hansı
qurumlardadır? Şübhələrimdə yanılmadım.
Yerəbatan sarnıcı İstanbul şəhər Bələdiyyəsinin
nəzdnindədir, Minbirdirək sarnıcı isə
Kültür Nazirliyinin. Birinin reklamı, tanıtımı həddən
artıq çoxdur, digərinin varlığından mən
belə təsadüf nəticəsində xəbər tutmuşam.
Demək, belə çıxır ki, əgər reklamın
yoxdursa, boşsan! Təbii ki, kimə görə, nəyə
görə...
Türkan TURAN
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.21.