"Davadan
qayıtmayan cavanlara": İsanın möcüzəsi
...Uzun illər əvvəl hələ gənclik
çılğınlığı ilə "ruhun bədəndən
oynadığı" vaxtlarda sevgi şeirlərini "xatirə
dəftərləri"mizdə qoruyub saxlayanda şair İsa
İsmayılzadənin həsrət dolu eşq misraları
dilimizin əzbəri idi. Bir vaxt "on beş yaşlı sərt
həvəsimiz"i "otuz yaşlı gur nəfəsimiz",
ardınca "qatarlarda, təyyarələrdə, gəmilərdə
- sənəd kimi öz yanımızda gəzdirdiyimiz həsrət"
çağı əvəzləmişdi. Və beləcə
"həsrətinə gücüm çatmır, sənə
- əlim, istəyirəm, həsrətini meşələrə,
dənizlərə atıb gəlim - bacarmıram" acizliyi
ilə taleyə də, həsrətə də yenilib təslim
olmuşduq... "Sol tərəfdə ürək, sağda -
xəyalın, arada - boşluq. Mən isə yenə də sizə
qoşulub, çıxıram yollara
ayağıyalın..." havasıyla dünyanı çəhrayı
rəngdə gördüyümüz o çağlar, əlbəttə,
ötüb keçəcəkdi. Ömrümüzün
"hələ uşaqsınız, nə yaşınız
var..." dönəmini atlayandan sonra "nə qədər
yalan udmuşam, nə qədər qəzəb, neçə
arzuma başsağlığı verilməyib, nələr
keçib könlümdən, yuxumdan..." təəssüfünü
də yaşayacaqdıq...
Ömrü boyu bir kənara çəkilib iddiasız
şəkildə və "insafsızcasına" gözəl
əsərlər yazan İsa İsmayılzadənin dəyərli
poetik irsində dərin psixoloji mənalı "Güllələr
demədi" şeiri - müharibənin fiziki və mənəvi
olaraq məhv etdiyi gəncliyin faciəsini, insanın ruhunu
şırımlayan intəhasız kədərin izlərini
özündə möhürləyən mühüm ədəbiyyat
hadisəsidir. Bu şeir gəncliyin itirilmiş ümidlərini,
yaşamaq arzusunu, xiffət dolu iztirablarını əks etdirən
gözəl bədii vətənpərvərlik
miniatürüdür. Hər dəfə oxuyanda, dinləyəndə
sarsılıb bu şeirin "qollarına"
başımı söykəyib için-için
ağlamışam. Dərd kimi ürəyə oturan
misraları təəccüblü şəkildə həm də
açdığı yaraya dərman olub... Bu şeir
ovqatın lirik vaxtında yazılan sadə poetik nümunə
deyil, bir xalqın zaman-zaman elindən və evindən gedənlərinə
söylədiyi elegiyanın ümumiləşmiş
halıdır... Məzmunu, mahiyyəti, ifadə tərzi,
ruhani-mənəvi atmosferi ilə yanaşı, şeirin
strukturundakı məntiqi (həm də həyati)
ardıcıllığa uyğun psixoloji lövhələrin
təsirli bədii təsviri ilə müharibənin
alt-üst etdiyi bütöv bir "dünya"
yaradılıb:
Getdilər... Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə -
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə...
Təbiətlə iç-içə, canbir qəlbdə
yaşayan gənclərin gündəlik həyatdakı təbii
anlardan zövq aldığını simvollaşdıran misilsiz
söz tablosu... Onların səmimiyyətini və sevincini əks
etdirən "fit səsi" həm də daxili
azadlığın, təbiətə uyğun yaşamaq
arzusunun və uşaqcasına
qayğısızlığın ən təbii sədasıdır.
Bu fit, gənclərin sadə, qayğısız və təbii
həyatın içində özlərini tapdıqlarını
göstərir. Və ürək göynədən məqam
odur ki, hələ heç tam böyüməmiş,
uşaqlıqla gəncliyin sərhədində olan o yeniyetmələrin
heç ağıllarına da gəlmir ki,
yaşadıqları bəsit, fəqət çox qiymətli
anlar təkcə məişət və təbiət rutini
deyil, bir müddətdən sonra əllərindən
ömürlük alınacaq həyatın ta
özüdür...
Yalvarıb-yaxarıb dil tökəndə biz,
Onlar üstümüzə od ələdilər,
Qışqırıb-təpinib hədələdilər:
"Hələ uşaqsınız... nə
yaşınız var..."
Bir gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə
çağırıldılar.
Nə tütək çaldılar, nə fit
çaldılar,
Fikirli oldular, ağır oldular...
Müharibə dəhşətinin insan ruhundakı
tufandan əvvəlki sakitliyinin bu qədər gözəl ifadəsi
düşündürür də, ağladır da... Bir sadə
"dava başlanıb" cümləsi ilə nəsillər,
rollar və daha nələr yerlərini dəyişir... Bircə
bəndlə sonu göz yaşı ilə bitən bir film
keçir gözlərimizin önündən...
Qayğısız həyatdan birbaşa müharibəyə
atılmaq məcburiyyətində qalan gənclərin psixoloji
əhval keçidi, sevmək azadlığından
ölüb-öldürülmək məhkumiyyətinə,
ümiddən qorxunun bilinməzliyinə doğru bir səfəri
lirizmin zirvəsində insan ruhunun dərinliklərini
anladır: Bir cümlə ilə ömrün "tütək-fit
çalmaq", "moruq dərmək" kimi sadə
zövqlərinin həmişəlik itirilməsi, böyüməyin
gətirdiyi ağır, qaçılmaz reallıqlar, həyatın
sərt üzü ilə üzləşmək məcburiyyəti...
Və o məcburiyyət o yeniyetmələri yetkinləşdirib
bu dəfə həqiqətən kişiləşdirir.
Dünən çayda deyə-gülə at çimizdirən,
çənələri moruq ləkəsinə bulaşan
yeniyetmələr bir xəbərlə bu gün ağır,
fikirli, oturuşmuş adamları olurlar. Onlar yenə əsl
kişi kimi qoruyurlar sevdiklərini - bu dəfə yalvararaq:
Yola salanlara qoşulanda biz
Yalvarıb-yaxarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdın... geri
qayıdın...
Qayıdın atları
çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə".
Şeirin film kimi davam edən süjetində - struktur
ardıcıllığında növbəti lirik lövhə
yenidən heyran edir. "Dava"nın başlanması xəbərinin
yaratdığı dözülməz ruh
düşkünlüyünü - təkcə arzuları yarımçıq
qalan gənclərin deyil, elə hamının üzərinə
sanki alovlanan tonqalın üstünə yağan qəfil selləmə
gurşad kimi əndərmişdilər:
Onların yoxluğu düşdü araya,
Oyunlar, "məclislər" qaldı
yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
Aşıq da havanı çaldı
yarımçıq...
Şair poetik möcüzə sərgiləyib
müharibənin sadə həyatların ahəngdar
gedişatını pozmasının həyati və lirik təsviri
ilə - sanki "yarımçıq qalasan"
qarğışına keçən bir neçə nəslin
(generasiyanın) müqəddəratını göz
önünə sərir:
Kəndimiz yamanca uralanmışdı,
Hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də
qaralanmışdı:
"Deyəsən, gedənlər
qayıtmayacaq..."
Bu bənddə dilimizin yaddaş saxlancından misilsiz
ifadələrin seçilib şeirə gətirilməsi
faktından əlavə, fonetik səslənişdəki ahəngin
gözəlliyi də ürəkdə yuva salıb hafizədə
taxt qurur... Gedənlərin halı isə qalanların əhvalından
daha faciəli idi. Qalanların sevinci, oyunları, məclisləri
yarımçıq idisə, gedənlər hər an
ölümlə qol-boyun "oynayırdılar". Hər
şey yerini amansızlıqla dəyişmişdi, gənclərin
fit səslərini müharibənin əcəl zəngləri
əvəzləmişdi: "Mərmilər, güllələr
fit çala-çala, hey böyür-başından
ötdü onların..." Və qalanlar gedənlərin
yerinə keçmişdilər. Uşaqlar bir anda
böyümüşdülər, həyat çətinliklərinin
ağır yükü düşmüşdü zəif
çiyinlərinə, vaxtilə şaqraq gülüşlərlə
əylənən gənclər öz yerlərinə -
yaşamaq və yaşatmaq üçün "kətmən
vura-vura, ot çala-çala yollara baxan" dərd -
qayğı yüklü yeniyetmələri qoyub getmişdilər...
O ağzıgöyçəyin ümidsizliyi isə
başı boş buraxılıb vəhşiləşən
atlar kimi düşüncələrin
çöl-biyabanlığında dolaşırdı:
"Deyəsən, gedənlər qayıtmayacaq..." Gedənlərsə
onminlərlə, hətta yüzminlərlə idi... Və o
gedib qayıtmayan nakam talelərin çoxluğunu müəllif
son bənddə xüsusilə güclü bədii intonasiya
ilə ifadə edib. Şeirin üslub xüsusiyyətləri,
mətnin dilinin xəlqiliyi, sadəliyi,
aydınlığı, struktural təkrarlama və daxili ritm
şeirin yaddaqalanlığına xidmət edib. Təkrarlanan
ifadələr fikir qüvvətləndirici bədii təkrir
olmaqla bərabər, həm də müharibə dəhşətlərinin
miqyasının, uşaqlığı bitməmiş gəncliyə
atılanların, gənc ikən yetkinləşənlərin,
gedənlərin də, elə qalanların da ürəyinə
daş kimi basılan ölümə bərabər
ayrılığın mənəvi
ağırlığının lakonik poetik təsviridir:
Getdilər, getdilər Berlinə sarı,
Getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
Qəlpələr demədi: geri qayıdın,
Hələ uşaqsınız, nə
yaşınız var...
"Güllələr demədi" şeiri Azərbaycan
xalqının unudulmaz bədii manifestlərindən biridir.
İtkilərin və ümidsizliyin həzin, amma
sarsıdıcı ağrıyla ifadə edildiyi bu şeirdə
qədirbilən həssas oxucuya böyük emosional yüklə
yanaşı, o çarəsizliyin alt qatında
işıqlı ümid və ölməz insanlıq dəyərləri
də təqdim olunur. Yazılmasından yarım əsrdən
artıq vaxt keçməsinə baxmayaraq (1971-ci il), bu
şeirin yaddaşlarda diri qalması həm də buna görədir.
Bu dünyaya bir də qayıtmağım var...
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ağacla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn
Dəli qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm" -
yazırdı. "İsanın poetik möcüzəsinin
sehri"nə qapılan biri kimi sonda deyə biləcəyim
budur ki, Əlahəzrət Sözün vurğunları hər
dəfə misralarının başına dolanıb şeirlərinin
qadasını aldıqca, əminəm, İsa
İsmayılzadə dünyaya bir də qayıdır...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.20.