Dəb, yoxsa gələcək
üçün sərmayə?
ƏLİ AŞINDAN DA OLMAQ, VƏLİ AŞINDAN DA
OLMAQ...
Fikir vermisinizsə, son dövrlərdə uşaqlar
üçün nəzərdə tutulan kursların
sayında ciddi artım var. Məlum tendensiya
özlüyündə inkişafdan xəbər verir. Lakin bu
sahədə hökm sürən xaotik gedişat da
açıq-aydın görünür. Valideynlər
övladlarını eyni anda bir neçə fərqli sahəyə
yönəldirlər. Uşaq bir gündə iki-üç məşğələyə
getməli olur ki, bu da istər psixoloji, istərsə də
fiziki cəhətdən uşaqların həddən artıq
yüklənməsinə səbəb olur. Ancaq əksini
düşünən valideynlər də çoxdur.
Həmsöhbətimiz Aygün xanım da bu qəbildəndir.
Oğlunu eyni vaxtda bir neçə kursa yazdıran
müsahibimizin fikrincə, vacib olan uşağı uğurlu fərd
kimi formalaşdırmaqdır: "Oğlum bir neçə
ildir ki, müxtəlif kurslara gedir. Məsələn, bir
müddət şahmat dərsləri aldı. Mənə
çox maraqlı idi ki, o, şahmatı sevə biləcəkmi?
Zamanla gördüm ki, şahmata marağı yoxdur. Daha sonra rəqsə
göndərdim, ancaq rəqsi çox bəyəndi.
Düşünürəm ki, bu bacarıq ona gələcəkdə
də lazım olacaq. Sabah hansısa toyda, məclisdə durub
oynamağa utanmayacaq. İndi isə rəsmə gedir. Rəsm
dərsləri onun zövqünü formalaşdırır.
Paralel olaraq ingilis dili ilə də məşğul olur.
Üzgüçülüyə də göndərirəm.
Uşaqlar üçün növündən asılı
olmayaraq, idman çox vacibdir. Onu da deyim ki, oğlumu nəyə
gəldi yönləndirmirəm. Fikrimcə, bu
bacarıqların hamısı ona gələcəkdə
lazım olacaq. Məsələn, mən özüm
üzgüçülüklə məşğul
olmağı çox istəyərdim. 35 yaşım var, hələ
də üzməyi bacarmıram, hətta bir dəfə az
qalmışdı dənizdə batam. Yaxud da atası
yaxşı rəqs etməyi bacarmır. Öz təcrübəmdən
çıxış edərək istəyirəm ki, oğlum
ən azından bu şeyləri yaxşı bacarsın.
Düzdür, gün ərzində çox yorulur, ancaq indi elə
zəmanədir ki, uşaqlar həyətdə oynamırlar.
Boş vaxtları olan kimi ya televizora baxırlar, ya da telefona
qaçırlar. Belə kurslara gedəndə isə
lüzumsuz şeylər üçün vaxtları
qalmır".
Tanınmış təhsil eksperti Nadir İsrafilov isə
deyir ki, uşaqları eyni vaxtda bir neçə sahəyə
yönləndirməyin müsbətdən çox mənfi tərəfləri
var: "Bu gün biz bir vaxtlar "məktəbəqədər
tərbiyə" adlanan uşaq müəssisələrini,
"məktəbəqədər təhsil" müəssisələrinə
çevirməklə, üstəlik, məktəblərdə
"məktəbə hazırlıq qrupları"
açmaqla, uşaqların fiziki durumunu bir az da
ağırlaşdırmışıq. 5 yaşından təhsilə
başlamaq azmış kimi, hələ bir təhsilə daha
erkən başlamaq barədə fikirlər də səsləndiririk.
Bir mühüm məqamı unuduruq ki, məktəb öz
yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər
aşılamaqla yanaşı, həm də cəmiyyət
üçün fiziki və mənəvi cəhətdən
sağlam nəsil yetişdirmək qayğısına
qalmalıdır.
Bəzi valideynlər haqlı olaraq bildirirlər ki,
ikinci sinif uşağına kompüterlə bağlı kitab
üzrə dərs keçirlər, amma uşağa
kompüterə baxmaq ziyan olduğu üçün keçilən
dərsin bir mənası olmur. Eyni zamanda, yeddi yaşında
uşağa musiqi dərsində temp, ritm barədə məlumat
öyrədilir. Nəticədə uşaq artıq ikinci sinifdən
informasiyanı beyninə yerləşdirə bilmədiyi
üçün onda məktəbə qarşı biganəlik
hissi formalaşır".
Ekspert qeyd edir ki, məktəblərdə tədris
proqramının və dərsliklərin yüklü
olmasını təkcə valideynlər deyil, psixoloqlar və
təhsil mütəxəssisləri də dəfələrlə
dilə gətiriblər: "Hətta nazirlik rəsmiləri də
zaman-zaman bunu etiraf ediblər. Əslində, uşaqları
ifrat dərəcədə yükləməklə onları
bir növ öz uşaqlıq həyatlarını
yaşamaqdan məhrum etmiş oluruq. Kimlərinsə
uşaqları akademik yükləməklə daha yaxşı
öyrənəcəklərini zənn etmələri
kökündən yanlışdır.
Uşaqların dərs yükünün ağır
olması, ev tapşırıqlarının çoxluğu ilə
bağlı şikayətlər uzun illərdən bəri
müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci
tapılmayan bir problem olaraq qalmaqdadır. Gələcək nəslin
fiziki və mənəvi sağlamlığına nə dərəcə
ziyanlı olub-olmadığı nəzərə alınmadan,
qloballaşma dövrünü yaşayırıq və bu, təkcə
bizdə deyil, bütün dünyada belədir. Halbuki hər
bir valideyn üçün uşağın fiziki və mənəvi
sağlamlığı onun gələcək karyerasından
daha önəmli olmalıdır.
Məktəbdə dərs yükünün
ağırlığı azmış kimi, bir sıra valideynlər
sanki, dəb xatirinə və ya qohum-qonşulardan fərqlənmək
naminə məktəbdən onsuz da halsız gələn
övlanlarını eyni zamanda bir neçə kursa - əlavə
hazırlıqlara göndərməklə,
onları əslində istismar etmiş olurlar. Unudurlar ki, məktəbdən
sonraki fəaliyyət daha çox uşağın asudə
vaxtının təşkilinə yönəlməlidir. Dərsdən
sonra ya musiqi məktəbinə, ya da hər hansı idman
seksiyasına getmək olar. Görünür, məktəblərdə
dərnək məşğələlərinə formal
yanaşıldığı üçün bu zərurət
yaranır. Halbuki bir vaxtlar nəktəblərdə fəaliyyət
göstərən dram, rəqs, digər özfəaliyyət
qruplarından nə qədər tanınmış mədəniyyət
və incəsənət xadimləri çıxardı".
Psixoterapevt Elmir Əkbərin sözlərinə
görə, bu məsələ incə və həssas yanaşma
tələb edir: "Bu, bizim ağrılı yerimizdir.
İndi məktəb proqramı çox ağır olduğu
üçün öhdəsindən gəlmək də
çətindir. Üstəlik, elə dövrdə
yaşayırıq ki, uğurlu şəxsiyyət
yetişdirmək üçün xeyli tələblərə
əməl etməliyik. Məsələn,
uşaq biri üzgüçülük olmaqla, iki idman
növü ilə məşğul olmalıdır.
İkincisinin də kollektiv idman növü olması
faydalıdır. Vacib deyil ki, hər gün getsin, sadəcə
qrafiki düzgün qurmaq lazımdır. Ancaq valideynlərə
uşaqlarını futbola qoymağı məsləhət
görmürəm. Futbola gedən uşaqlar sonra dərs oxumaq
istəmirlər. Elə bilirlər ki, Messi, Ronaldo olub, milyonlar
qazanacaqlar. Bir də boksa qoymağı məsləhət
görmürəm. Çünki bu idman növündə
uşaqlar kəllə-beyin travması alırlar. Biri ingilis
dili olmaqla uşaqların iki dili bilməklərində də
fayda var. Bizim ölkə olaraq coğrafi mövqeyimiz elədir
ki, ingilis və rus dillərini bilmək hava, su qədər
vacibdir. Normal bir işə qəbul zamanı hətta
sözügedən dillər lazım olmasa da, tələb
edirlər".
Psixoloqun fikrincə, seçilən məşğələ
növünün uşağın fərdi keyfiyyətlərinin
formalaşmasına təsiri müxtəlif olur: "Bəzi
uşaqlara komplekslərini aradan qaldırmaq üçün rəqs
dərməklərinə getmələri məsləhətdir.
Bir qrup uşaqlara isə istedadlarını inkişaf etdirmək
üçün incəsənətin müxtəlif növlərindən
dərs almaq lazımdır. Gəlin etiraf edək ki, hər
bir valideyn övladını uğurlu görmək istəyir.
Amma bəzən valideyn uşağını heç bir
istedadı və marağı olmayan sahəyə
zorakılıq tətbiq edərək yönləndirir. Məsələn,
valideynin gimnastikadan xoşu gəldiyi üçün
uşağı məcburən bu sahəyə yönləndirir.
Bu, yolverilməzdir. Bir neçə bir-birinə uyğun gəlməyən
şeylərlə uşağa yükləmək olmaz. Dediklərim
subyektiv fikirlərim yox, elmi sübutlara əsaslanan
faktlardır. Bütün inkişaf etmiş qərb ölkələrində
belə nümunələr var. Ümumiyyətlə, ibtidai təhsil
dönəmində uşaqları çox yükləmək
lazım deyil. Əsasən uşağın psixi-sosial
bacarıqlarının inkişafı üzərində
fokuslanmaq lazımdır. Müasir dünyanın tələbləri
ilə ayaqlaşmaq üçün bəzi şeylərə
riayət eləmək mütləqdir. Ancaq yaxşı olar
ki, valideynlər uşaqları hansısa dərnəyə
yazdırmadan öncə mütəxəssislə məsləhətləşsinlər".
Görünən odur ki, bu mövzuda yekdil fikir
söyləmək çətindir. Çünki ziddiyyətli
məqamlar çoxdur. Əgər subyektiv fikrimi əsas tutsam,
deyə bilərəm ki, valideyni uşağın sabahı
kimi, bu gününü də düşündürməlidir.
Yoxsa eyni vaxtda bir neçə fərqli dərnəklərə yönləndirməklə
valideyn öz də bilmədən uşağı fiziki cəhətdən
həddəndən artıq yükləməkdən əlavə,
həm də onun getdiyi kurslardan hansınasa dərindən yiyələnməsinə
maneçilik törədir - nəticədə isə
uşaq, necə deyərlər, Əli aşından da olur, Vəli
aşından da. Halbuki övladının uğurlu gələcəyi
naminə düzgün bünövrə formalaşdırmaq
valideynin başlıca öhdəliklərindəndir. Əlbəttə
ki, qayğısız uşaqlıq illərinin haqqını
vermək şərtilə...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.19.