"Ümid edirik ki, bir gün
günəş bizim də üzümüzə işıq
saçacaq"
REJİSSOR VƏ AKTYOR VÜSAL ƏHMƏDZADƏ:
"BİZ 5 MANAT ÇÖRƏKPULU QAZANMAQ
XATİRİNƏ BLOGERLİK EDİRİK"
Bu dəfə həmsöhbətimiz rejissor, aktyor
Vüsal Əhmədzadə olacaq. "Qapı" filminin
quruluşu rejissoru, eləcə də bir sıra verilişlərin
prodüseri olan müsahibimiz "Ortastatistik Rasim",
"Luger", "Olum, ya ölüm", "Sonuncu şam
yeməyi", "Viktoriya" filmlərində, "Səfərin
ailəsi", "Alatava" seriallarında da rol alıb.
Qalanını özü danışacaq -
müsahibimiz Vüsal Əhmədzadə.
- Vüsal Əhmədzadə kimdir?
- Gələcəyə ümidlə baxan bir rejissor.
- Gələcəyə ümidlə baxan bir rejissor bu
işə necə başlayıb?
- Texniki Universitetin energetika fakültəsini
bitirmişəm, yəni başqa ixtisas üzrə təhsil
almışam. Hələ orta məktəbdə oxuyurdum,
altıncı sinifdə idim. O vaxt "Şən və
hazırcavablar" klubu vardı - KVN deyirdilər. Oradan gəlib
soruşdular ki, kim KVN-ə yazılmaq istəyir? Sinifdə təkcə
mən əl qaldırdım. Buna görə məni evdə
xeyli danladılar (Gülür). Amma rejissor olmaq həqiqətən
də uşaqlıqdan arzum idi. Həmin komanda ilə məktəblərarası
Bakı çempionatında qalib olduq. Sonra məktəbdə
oxuya-oxuya məni universitetlərarası KVN komandalarına dəvət
etdilər. Universitetə qəbul olandan sonra da KVN-lə davam
elədim, Ənvər Abbasov məni ssenari qrupuna
çağırdı. Daha sonra Xəzər TV-də, ATV-də
yayımlanan bir sıra seriallarda epizodik rollar aldım, ssenari
qrupuna daxil oldum. Beləcə, buralara kimi gəlib
çatdım.
- İlk tammetrajlı filminiz - "Qapı" izləyicilər
tərəfindən böyük maraqla qarşılandı.
İlk işinizdə belə uğurlu nəticə əldə
edəcəyinizi gözləyirdinizmi?
- Filmin uğurlu
olacağına hələ kastda inanırdım,
çünki ssenariyə güvənirdim. Çox həvəsli
idim deyə filmə bütün enerjimi sərf eləmişdim.
Buna görə əmin idim ki, yaxşı bir iş ərsəyə
gələcək. Filmdə həm Əməkdar artistlər,
həm də bu sektora yeni gələn aktyorlar var idi. Emin
Musayev, İlkin Xəlil, ilk dəfə tammetrajlı filmə
baş rola çəkilən Nurlan Rüstəmov. Filmdə
rol alan Rafael İsgəndərov, Sənubər İsgəndərli,
Zemfira Əbdülsəmədova kimi aktyorlar gənclərə
dayaq oldular. Özlərini heç kimdən üstün
aparmadılar. Bu, mənim rejissor kimi ilk işim idi və
heç kim mənə yuxarıdan aşağı baxmadı,
inamsız yanaşmadı. Əksinə, mənə qulaq
asırdılar, dəstək olurdular. Bəzən müdaxilələr
edirdim, onlar da sağ olsunlar, mən deyəni edirdilər.
Filmin sənətkarlarımız tərəfindən bəyənilməsi
çox sevindirici idi. Əsas o idi ki, heç kim işimə
müdaxilə etmədi. Deyirdilər, sənin filmindir, nə
desən, onu edəcəyik. Bu, onların əsl sənətkar
olduğunu göstərirdi. Rejissora hörmətlə
yanaşırdılar.
- Film sektoruna daxil olanda gözləmədiyiniz
hansı reallıqlarla qarşılaşdınız?
- Bu sahədə pul tapmağın çətin
olduğuna əvvəllər inanmırdım. Elə
götürək "Qapı" filmini.
Düşünürdüm ki, bu qədər kastı olan,
ünlü sənətkarlar iştirak edən filmə pul
tapmaq asan olar. Reallıqda isə elə deyil. Bəzi blogerlərin
çəkildiyi filmlərə sponsorlar daha tez gəlirlər.
Amma mən filmi demək olar ki,
sponsorsuz çəkmişəm, cəmi bir sponsorumuz var
idi. Böyük məbləğdə borc edib filmi çəkdim.
Amma belə olacağını gözləmirdim. Böyük
sənətkarlarla işlədiyimə görə
düşünürdüm ki, pul problemi olmayacaq. Amma
gördüm ki, elə deyilmiş.
- Deyəsən, "Alatava" serialında da maddi
problemlərlə qarşılaşdınız...
- Hə, "Alatava"da da 70 min borcumuz oldu. Belə
çıxır ki, biz həm cəmiyyət, həm də
kino mühiti kimi yeniliklərə açıq deyilik. Hələ
də camaatımız, sponsorlar bayağı işlərə
daha çox can atırlar. Düzdür, bunu hamıya şamil
etmirəm, yaxşı işlərə dəstək olanlar da
var, amma bir qisim daha çox bayağı işlərə pul
verir. Şəxsən mənim özümə bu söz
deyilib: deyiblər, "nanay-nanay" olmayacaqsa, biz o filmə
niyə pul verək ki?
Deməli, bir dəfə "Qapı" filmi
üçün tanınmış bir şirkətlə
görüşdük. Dedilər ki, baş sponsor kimi filmdə
iştirak etməyə hazırıq, amma bir şərtimiz
var: Taleh Yüzbəyov öz instaqram hesabında bizi reklam eləsin.
Mən onlara izah eləməyə çalışdım ki,
Talehin instaqramı ayrı işdir, bizim işimizin onunla əlaqəsi
yoxdur. Razılaşmadılar, dedilər, yox, bizim şərtimiz
budur ki, Taleh məhsulu əlində tutsun, instaqramda reklam eləsin.
Marketinqdə olan belə insanlar da var və onlarla yola getmirik,
ona görə biz sponsorsuz işləyirik deyə borca
düşürük.
- Maddi problemlər sizi motivasiyadan salmır?
- Yox, əksinə, daha çox motivasiya verir. Biz bloger
fəaliyyəti göstəririk deyə oradan da pul
qazanırıq və həmin pulları kinoya xərcləyirik.
Kino bizim sevdiyimiz işdir. Mənim ətrafımda olan, bir
komandada işlədiyim adamlar blogerliyi sevdiklərindən
etmirlər, biz bunu 5 manat çörəkpulu qazanmaq xatirinə
edirik.
Bizim sevdiyimiz iş kinodur, serialdır - həvəsimiz
buradır. Uşaqlıqdan bu işləri görə-görə
gəlmişəm. 15 ildir professional şəkildə bu
işlə məşğulam. Televiziyalarda, hətta ANS TV-də
də işləmişəm. Bunu düşünəndə
özümü qocalmış hiss edirəm (Gülür).
Orada verilişlərin rejissoru olmuşam, operator kimi, ssenarist
kimi işləmişəm. Həvəslə buraya qədər
gəlib çıxmışıq, indi bu qədər illərin
əziyyətini bada vermək istəmirik. Ona görə də
məcburiyyətdən borc da eləsək, ümid edirik ki,
bir gün hər şey düzələcək, günəş
bizim də üzümüzə işıq saçacaq.
- Uşaqlar üçün verilişlərin
yoxluğundan narahat olursunuz. Buna görə də 2019-cu ildə
"Barmaq Şou" adlı uşaq verilişinin tizerini
yayımlayırsınız. Amma yutubda həmin veriliş
qarşıma çıxmadı. Deyəsən, layihə
yarımçıq qalıb.
- Yenə gəlirik sponsorların üstünə
(Gülür). Oğlumun üç yaşı olanda
başladı rus dilində danışmağa. Çünki
bütün günü rus kanallarına baxırdı.
Qohumlarımda və dostlarımda müşahidə edirdim ki,
onların da uşaqları türk dilində olan verilişlərə,
cizgi filmlərinə baxırlar. Gördüm ki, Azərbaycan
dilində demək olar ki, uşaqlar üçün
baxmağa heç nə yoxdur, daha doğrusu, yox səviyyəsindədir.
Ona görə də "Barmaq Şou" adlı layihə
hazırlamaq qərarına gəldim. Bu verilişdə məşhur
aktyorlar gəlib barmaqları ilə oyuncaqları tərpədərək
bir hekayə canlandıracaqdılar. Sponsor üçün bir
neçə yerlə görüşdüm. Oyuncaqları
almaq üçün pul lazım idi. Öz
uşağımın oyuncaqlarından istifadə edə bilərdim,
amma həmin hekayələri canladırmaq üçün bəs
eləmirdi. Onlar da dedilər ki, biz bilmirik axı nə qədər
izləmə sayı olacaq, bizi necə reklam edəcəksiniz?
Onların düşüncəsinə görə Azərbaycan
dilində kontent yaratmaq maraqlı olmayacaqdı. Beləcə,
həmin proyekt yarımçıq qaldı. Amma hələ də
o proyekt məni düşündürür. Hətta birdən
uşaq kanalı açmağı da düşünürəm.
Ssenari yazdığımız kimi yeni nağıllar da yazmaq,
animasiyalar ərsəyə gətirmək istəyirik. Buna
görə bir neçə nəfərlə
danışmışam, amma çox bahalı işdir.
Animasiya filmdən çox pul tələb edir deyə yenə
sponsorlarda ilişib qalırsan. Azərbaycan dilində kontent
yaratmaq hələ ki heç kimə maraqlı deyil. Hansı
ki dünyada uşaq kontenti yayımlayan kanallar daha çox pul
qazanırlar.
- Qısametrajlı film rejissoru ilə tammetrajlı
film rejissoru bir-birindən nə ilə fərqlənir?
- Qısametrajlı filmdə qısa vaxt ərzində
bütün mesajı çatdırmalısan. Üstəgəl,
aktyorla işləməyə də vaxt az olur. Reallıqda bunu
heç kim etiraf eləmir, yalandan deyirlər ki, film beş aya
ərsəyə gəlib. Amma film var bir aya həm
yazılıb, həm də çəkilib, növbəti ayda
da kinoteatra çıxıb. Bunu necə edirlər, necə
çatdırırlar, bilmirəm. Məsələn,
"Qapı" filminin ərsəyə gəlməsinə səkkiz
ay vaxt gedib. Montaj da üç ay çəkib. Demək olar
film bir ilə hazır olub. Eləcə də "Alatava"
serialı. Çünki biz çalışmışıq
ki, peşəkar bir iş ərsəyə gətirək. Həm
də pulumuz yox idi deyə çəkiliş
yavaş-yavaş gedirdi. Amma adamlar var ki, bir aya film çəkir.
Necə edirlər bilmirəm, mən də istəyərəm
bu işin sirrini öyrənim. Qısametrajlı filmlərə
ümumiyyətlə, vaxt ayrılmır. Beş-üç
günə həll olunur. Bir nəfərin ssenarisi olur, gətirib
verir, üstünü-başını düzəldirlər,
aktyorlarla danışırlar, bir kamera tapıb gedib çəkirlər,
olur film.
- "Alatava" serialı həyatınızda nəyi
dəyişdi?
- Bir az tamaşaçı kütləm dəyişdi.
Bundan əvvəl bir neçə seriallara çəkilmişəm.
Hətta "Səfərin ailəsi" adlı serialda
baş rol almışdım. Komediya idi, amma o seriala demək
olar, heç kim baxmırdı. O vaxtı sosial şəbəkələr
belə çox məşhur deyildi deyə elə də
çox tanınmamışdım, məni təkcə ATV
kanalına baxanlar tanıyırdı. "Alatava"
serialı daha çox tanınmışlıq gətirdi.
Baxmayaraq ki, bu sektorda 15 ildir varam, bir çoxları mənə
dedi ki, biz səni indi kəşf elədik.
- Bu gün film sektorunda olan bir qisim şəxs
instaqramdan kiçik videoçarxlar, bloqlar çəkərək
bu sahəyə gəliblər. Hətta bəzilərinin kino təhsili
belə yoxdur. Bu situasiya bizə nə deyir? Kinomuz inkişaf
edir, ya tənəzzül edir?
- Dünya ulduzlarını götürsək,
onların arasında çox az qismi İncəsənət Universitetini
və ya akadamiyasını bitirib.
Tanıdığımız dünya ulduzlarından barmaqla
sayılacaq qədər az sayda bu sahədə təhsil
alanı var. Məsələn, mən Texniki Universiteti
bitirmişəm, amma ssenari ilə, rejissorluqla bağlı ən
lazımlı kitablarının böyük əksəriyyətini
oxumuşam. Bu peşə ilə bağlı təhsil verən
ali məktəbə getməsəm də, bu sahəylə
maraqlanmışam, araşdırmışam. Burada təcrübə
çox önəmlidir. Biz təcrübə qazana-qazana
universiteti bitirən bəzi aktyorlardan, rejissorlardan daha
çox bilirik. Özümü tərifləmirəm,
reallıq budur. Demirəm bloger təhsilli adamdan çox bilir,
amma o, daha çox təcrübəli olur, çünki
bütün günü çəkilişlərə gedir,
hansısa kontent üzərində düşünür.
Rejissor Azər Quliyev iki filmdə mənim assistentim
olub. Halbuki o, İncəsənət Universitetini bitirib, mən
Texniki Universiteti. Bir dəfə mənə dedi ki, orada öyrənmədiyim
çox şeyi burada öyrənmişəm. Məndən
yox, setdən, praktikadan və mühitdən öyrənib. Bir
problem yaşayanda universitetdə onu necə həll etmək
lazım olduğunu demirlər. O da gəlir düşür
problemin içinə, ondan sonra başlayır
araşdırmağa ki, bu anda nə etməliyəm?
Özündən böyüklərə baxır, onlardan
öyrənməyə çalışır və yaxud
özü çıxış yolu tapmağa
çalışır. Azərbaycanda dörd böyük
filmin ikinci rejissoru olmuşam. Rejissor Akif Rüstəmov hamımızın
ustadıdır. Onla bir neçə dəfə söhbət
etmişəm, çox şey öyrənmişəm. Mən
universitetə getməsəm belə, Akif müəllimlə
söhbət edə-edə çox şey öyrənmişəm.
Prodüserləri də başa düşmək olar ki, niyə
blogerlərlə daha çox işləyirlər.
Çünki blogerlər daha çox pul gətirirlər,
onları izləyən müəyyən bir kütlə var.
Bir blogeri 300 min nəfər adam izləyir. Prodüser də
fikirləşir ki, mən bunu çəksəm, 300 min izləyicidən
təxminən 100 mini gələcək, bu da kifayət qədər
puldur. Amma Mədəniyyət və İncəsənət
Universitetini bitirən hər hansı aktyoru heç kim
tanımır, mən Nurlan Rüstəmovu baş rolda çəkəndə
hamı mənə dedi ki, sən səhv edirsən,
böyük məbləğdə pul itirəcəksən,
ondansa Əlixan Rəcəbovu çəksəydin, daha
çox pul qazanardın. Amma fikirləşdik ki, axı biz
professional iş görürük və bizə də
professional aktyor lazımdır. Düzdür, filmdə
professional olmayan aktyorlar da var. Məsələn, Emil Musayev, o
obraza Emin daha uyğun idi və həmin obrazla da parladı.
Amma Nurlan Rüstəmov işinin öhdəsindən
professional şəkildə gəldi. Məsuliyyəti,
oxumağı, öyrənməyi, setə hazır gəlməyi,
rejissorla davranış qaydası ilə sübut elədi ki,
professional insandır. Mütləq filmdə
üç-dörd nəfər professional insan
olmalıdır. Amma mənim növbəti filmimdə blogerlər
daha çox olacaq. Çünki məcburiyyətdən düşünürəm
ki, borcla nə qədər film çəkməliyəm ki? Mədəniyyət
və İncəsənət Universitetində
çalışan sənətkarlarımıza hörmətsizlik
kimi çıxmasın, hesab edirəm ki, universitet hər il
heç olmasa bir nəfər aktyoru, ya rejissoru xarici ölkələrə
master-klaslara, dünyaca məşhur universitetlərə
göndərməlidir. Yəqin ki, imkan da var, amma göndərmirlər.
Eşitmişəm ki, orada işləyən müəllimlərin
çoxusu uşaqları çəkilişlərə
qoymurlar. Deyirlər ki, getmə, sən orada korlanacaqsan, gəl
burada məşqlər elə. Bizdə işləyən bir
neçə nəfər demişdi ki, universitetdə il ərzində
cəmi bir dənə pyes oynayırıq, başqa heç nə
eləmirik. Amma həmin müddətdə tələbələri
filmlərin müzakirəsinə aparmaq olar. Mədəniyyət
və İncəsənət Universitetindən aktyor gəlir,
baxırıq ki, kamera ilə işləmək təcrübəsi
yoxdur. Bilmir ki, 100 obyektivlə çəkəndə necə
olur, 24 obyektivlə çəkəndə necə olur. Bir-bir
belə halları burada öyrətməyə
başlayırıq, hansı ki öyrənib gəlməli
idilər. Halbuki bu dərsi onlar universitetdə keçməli
idilər.
- Son olaraq belə bir sual: Daha çox rejissor kimi
tanınmaq istəyərdiniz, yoxsa aktyor kimi?
- Təbii ki, rejissor kimi. Rejissor olmaq, rejissor kimi
yaşamaq çox çətindir. Bir kitabdan oxumuşam,
deyir, hamı aktyor ola bilər. Yəni biz real həyatda da rol
alırıq, dostlarımızın yanında bir cür,
sevdiyimiz insanın yanında başqa cür oluruq. Bu,
reallıqdır. Amma rejissor olmaq bütün bu obrazları
özündə cəmləşdirmək və həyatın
bütün dramını, montajını bilməkdir.
Rejissorlar filmi gözündə və beynində tam şəkildə
görür. Həyatı rejissor kimi yaşamaq daha gözəldir.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.18;19.