Tənəzzül haqqında yeni və
unudulmuş elm
YAXUD 21-Cİ ƏSR QİYAMƏTİN
BAŞLANĞICI KİMİ
"...Növlərin aqibətinin
çatdığını bir ehtimal kimi də olsa görməyə
başladığımız vaxt yaranacaq təcili vəziyyət
çoxdan vərdiş etdiyimiz asta və qarışıq qərar
vermə instinktimizə uyğunlaşmayacaq. Qərb təəccüb
və heyrət içində azadlıq və ədalət dəyərlərinin
üstündən xətt çəkəcək... Birinci
tapşırıq Yer kürəsini xilas etmək olacaq..."
Yeni dünyanın problemləri... Bu problemlərin bir
neçə dəqiqə içində yerini başqa problemlərə
verməsi. Sosial şəbəkədə hər saniyə nəsə
"yeni" bir mövzu müzakirə olunur, sosial media
dayanmadan xəbər "istehsal" edir. Telefonun
ekranını aşağı sürüşdürdükcə
yeni məlumatlar, yeni xəbərlər, yeni şəkillər
çıxır qabağımıza. Beynimiz durmadan bu
"yeni" məlumatları emal etməklə məşğuldur.
İnsanların, şəhərlərin, ölkələrin,
regionların gündəmi sürətlə dəyişir.
Biz bu dəyişikliklərin bəzilərinə
böyük, bəzilərinə xırda, bəzilərinə
vacib, bəzilərinə də lüzumsuz xəbər deyirik.
Lakin ən vacibləri, ən böyükləri diqqətimizi
heç vaxt çəkmir. Bu problemləri gizlətmirlər,
ört-basdır etmirlər, sadəcə biz çox da dəyərləndirmək
istəmirik. Hansı problemlərdir bunlar? Tək-tək saysaq,
bütün qəzet səhifəsini doldurmuş
olacağıq. Hamısının ortaq adı isə Tənəzzüldür.
Bu tənəzzül hər hansı bir millətə, ölkəyə,
qitəyə, gücə aid deyil, bütün dünyaya,
"evimizə", yəni Yerə aiddir. Kollapsologiya da bu tənəzzül
haqqında elmdir. Adı təsadüfi deyil. Latın dilində
"kollap" bir çox şeyin eyni anda düşməsi mənasını
verir. Bizim söhbət açacağımız problemlər
kimi. Çoxdurlar, fərqlidirlər, amma onlardan tək bir nəsnə
kimi də bəhs edirik. Tənəzzülün
qarşısında heç bir "barrikada" qurmaq olmur.
Onu bloklamaq da mümkünsüzdür. Paul Erlix yazırdı
ki, tənəzzülün qarşısını almaq
ehtimalımız on faizdirsə, bunu on birə yüksəltmək
üçün bütün ölkələr bütün sərmayələrini
xərcləməlidirlər. Yox, bu, liberalların
yaratdığı süni qorxu və ya təhdid deyil, bu, həqiqətdir.
Dünya bu cür tənəzzülləri önəmli hesab
etməyən yüzlərlə ölmüş mədəniyyətin
qəbiristanlığıdır.
Tənəzzül nədir? Kollapsologiyada nəyi təmsil
edir? Demək olar ki, bütün məşhur kollapsoloji mətnlərdə
tənəzzülün açılışı belədir:
"Təməl ehtiyacların qanunla tənzimlənən xidmətlərlə
əhalinin böyük bir qisminə normal hesab olunan qiymətlərlə
satıla bilməməsidir..."
Təməl ehtiyaclar deyəndə suyu, elektriki,
istiliyi, havanı, ən adi qidaları nəzərdə
tuturlar. Yəni ən təməl məfhumlar. Maaş,
maşın, ev, orta aylıq gəlir haqqı, faiz, ictimai nəqliyyat,
təhlükəsizlik və bunlar kimi şeylərdən
söhbət getmir. Çünki tənəzzülün
başlandığını hiss edəcəyimiz vaxt bu
saydıqlarım bir o qədər vacib olmayacaq. Bəli,
konkretləşdirsək, dünyanın axırından
danışırıq. Amma danışarkən
mayalıların təqviminə, babil mifologiyasına,
Vanqanın təxmin etdiyi kəhanətlərə söykənmirik.
Elmi sübutlarla, kollepseoloji terminlərlə vəziyyətin
nə qədər acınacaqlı olduğunu izah edirlər.
"Dünya dağılır" ifadəsi o qədər
adiləşib ki, kiməsə dünyanın
dağılmasından danışanda səninlə zarafatlaşmağa
başlayır. Bəlkə də buna görədir ki, yüz
ildir aktual olan "Biq Bənq" teoreminə alternativ teorem
fikirləşdilər. Bu alternativi düşünənlər
deyir ki, qazlar genişlənib, sıxılıb, partlayıb və
qalaktikalar yaranıb (bura qədər biqbənqçilərlə
razıdırlar), amma artıq bu qazlar nə genişlənir,
nə də sıxılır, hər saniyə də yeni
qalaktika yaranmır, narahat olmayın. Əslində,
bütün bu teoremlər tənəzzül termini
qarşısında bir o qədər mahiyyət kəsb etmir.
Çünki haradan və necə gəldiyimiz yox, hara və
necə yuvarlanacağıq, o maraqlıdır kollepseoliklərə.
Kollapsologiya (artıq təkcə termin yox, həm də
elm sahəsi kimi də qəbul olunur) 2020-ci ildə ortaya
çıxdı. Lüğətlərə məhz bu tarixdən
etibarən düşdü. 1970-ci illərdə ortaya
çıxan "katastrafologiya" kimi birdən-birə
özündə bir çox vacib mətləbləri cəm
edən məhvuma çevrildi. Məsələn, 2010-cu ildə
dünya əhalisi, ya da "ağ adamlar" bu şeylərlə
maraqlanmırdılar. Neft sənayesinin inanılmaz yüksəlişi,
Orta Şərqdə gedən proseslər həm onların, həm
də bizim diqqətimizi dağıdırdı. Arabir bir
neçə ekoaktivist çıxıb qlobal istiləşmədən,
şirin su qaynaqlarının qurumasından
danışırdı, biz isə qulaq asmırdıq.
COVİD pandemiyası bir çox sahədə olduğu kimi,
burada da bəzi daşları yerinə oturtdu. Çoxdan məlum
olan "su müharibəsini" yenidən yadımıza
saldı. Dünya çox ciddi rəqəmlər
qarşısında acizləşib bu mövzuda. Şirin su
ehtiyatı hər il sürətli şəkildə azalır.
İstiləşməyə səbəb olan texnologiyadan
çox az uzaqlaşsaq da, hələ də bu bəs etmir. Və
qarşıdan gələn fəlakət sunami, zəlzələ,
volkan püskürməsinə bənzəmir. Bu tənəzzülün,
bu çöküşün qarşısını almaq
mümkün olmayacaq. Və çöküş bitəndə
nə qalacaq, nə qalmayacaq, o da məchuldur.
2015-ci ildən sonra bu elm sahəsi haqqında bir
çox kitab yazıldı. Elə yazılanların bir
çoxu da bestseller oldu. Bu qədər ağır informasiya və
pessimist təhkiyəyə rəğmən, tənəzzül
haqqındakı kitablar maraq oyandıra bilmişdi. Məsələn:
Pablo Serviqn və Rafael Stevensin bir yerdə yazdığı
"Hər şey necə çökə bilər"
("How Everything Can Collapse: A Manual for Our Times", 2015, 2021),
Cared Daymondun "Çöküş" ("Collapse",
2015), Cozef A. Tenterin "Mürəkkəb cəmiyyətin
dağılması" ("The Collapse of Complex Societies",
1988), Tobi Ordun "Uçurum: Ekzistensial risk və bəşəriyyətin
gələcəyi" ("The Precipice: Existential Risk and the
Future of Humanity", 2020), Qay D. Midltonun
"Çöküşü anlamaq: qədim tarix və
müasir miflər" ("Understanding Collapse: Ancient History
and Modern Myths", 2017) kitabları.
Toby Ordun yanaşması daha çox ekzistensial risklərə
aiddir. O deyir: "Təkcə cəmiyyətlər deyil,
bütün bəşəriyyət təhlükə
altında ola bilər". Qlobal epidemiyalar, süni intellektin nəzarətdən
çıxması, iqlim böhranları... Bu kitab onların
hamısını mümkün qədər real çərçivədə
yerləşdirir ki, bizlər hər şeyi aydın görə
bilək.
Midlton isə antik sivilizasiyaların
dağılması hekayələrini detektiv kimi
araşdırır. Hansı mif doğrudur, hansı
şişirdilmişdir? Yeni miflər hansılardır və nə
qədər gerçəkdir? Tənəzzül
dağılan cəmiyyətlərdən və onların miflərindən
nə aldı apardı?
Bu kitabların ən yaxşısı isə deyərdim
ki, Pablo Serviqn və Rafael Stevensin bir yerdə
araşdırdığı və fərqli tarixlərdə
iki dəfə çap etdirdikləridir. Onlar pandemiyadan əvvəl
və sonra bu mövzuya qayıdıblar. Həm də
çöküş elminin papulyarlaşmasında
böyük rol oynayırlar.
Cared Daymond tarixi və coğrafiyanı geniş sahə
araşdırması ilə birləşdirərək,
"coğrafiya taledir" məsələsinə yenidən
qayıdır.
Tenter isə bu qədər həngamənin arasında
tənəzzül dövründə hansı sinfin nümayəndələrinin
daha faydalı olacağını araşdırıb. Mürəkkəblik,
səmərəlilik, davamlılıq... bu üç nəsnə
üzərində çox dayanır.
Tənəzzülün ən vacib səbəblərindən
biri də əsrimizin filosoflarının haqqında tez-tez
yazdığı, sosioloqların dayanmadan
araşdırdığı sürətlənmə məsələsidir.
Bütün müstəvilərdə sürətlənmə.
Dünya əhalisinin sayında sürətli artış,
texnologiya sahəsindəki sürətli dəyişikliklər,
həyat ritminin sürətlənməsi. Bu üç
sürətlənmə çöküşü də
sürətləndirməyə başladı.
Dünya əhalisinin sayı on doqquzuncu əsrdən
qabaq hər min ildən bir sadəcə iki dəfə
artırdı. Bu statistika bəşəriyyət tarixinin səkkiz
min ilini əhatə edir. Sonra nə oldu? 1830-1930-cu illər
arasında əhali sayı iki dəfə artdı, yəni min
illik artış yüz ildə baş verdi. Növbəti
ikiqat artım isə yüz il belə gözləmədi.
1970-ci ildə, yəni qırx il sonra dünya əhalisinin
sayı dörd milyard olmuşdu. Hazırda sayımız səkkiz
milyarddan çoxdur. Yəni son əlli ildə iki dəfədən
artıq. Qida, ərazi, su çatışmazlığı və
digər çatışmazlıqlar da bu rəqəmlər
kimi artdı.
Dünya əhalisinin sayı artdıqca bütün
sahələrdə keyfiyyət yox, kəmiyyət nəzərə
alınmağa başladı. İkinci Dünya Müharibəsindən
sonra kəmiyyət təkcə aşağı yox, yüksək
gəlirli əhaliyə də hesablanmağa başladı və
brendlərin yarışı qızışdı. Dünya
sürətlə xüsusi isimlərin zibilliyinə
çevirildi. Texnologiyanın inkişafı, sosial medianın
populyarlaşması bu "rəqabəti" gücləndirdi.
Sosial şəbəkələrin sürətlə həyatımıza
təsiri psixoloji travmaları da yaratdı. Şəxsiyyət
eqosu üzə çıxdı. "Like"ların və
"dislike"ların müəyyən etdiyi keyfiyyətlərə
və xarakterə sahib olduq. Belə olan halda
düşündüklərimizin də mahiyyəti dəyişdi.
Və beləcə, dünyanın aqibətini
düşünmək yadımızdan çıxdı.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.17.