Gələcək zamanların
İnsanı
"Böyük bir işin öhdəsindən gəlməyin
yolu onu sevməkdir. Əgər bu yoxdursa, işə
başlamağa tələsməyin".
Stiv Cobs
Uzaqlara dikilən baxışların nə
gördüyünü, nə danışığını
ancaq sahibi bilir. Zamana odaqlanan o baxışlar səni xatirələrə,
xəyallara aparır. Gətirən, aparan baxışlarda sən
o məkandasan. Uçursan, qaçırsan, yeriyirsən. Anidən
balacalaşırsan, böyüyürsən. Sevinirsən, kədərlənirsən.
Baxışlar olanları, gördüklərini üzünə
ötürür. Halın üzündən bəlli...
Rafiq müəlimin uzaqlara, çox uzaqlara baxan qəribə
baxışları var. Dəyişən amplitudalı,
ziqzaqlı baxışlarda nələrin olduğunu təyin
etmək çətindir. Amma mənə elə gəlir ki, o
uzaqlarda uşaqlıq, keçdiyi yollar, uğurlarla bərabər,
ağrılar-itkilər, görmək istədiyi işlər,
onların elmə və insana verəcəyi töhfələr
də var. Yoxsa, bu baxışlar üz ifadələrində
bu qədər dəyişiklik yaratmazdı və zaman bu qədər
uzanmazdı.
İnsanı özündən yaxşı heç
kim tanımaz. Çünki yaşananlar, yaşantılar,
çəkdikləri ancaq özünə bəllidi. Bir də
Ona. İnsan etdikləri ilə tanınır.
Rafiq müəllim, adətən, kitablarından,
yazı və müsahibələrindən, yetirmələrindən
tanınır (Dostları Rafiq müəllimi həm də
maraqlı söhbətlərindən tanıyırlar).
"Təvazökarlıq insanın ləyaqətini və
qiymətini artırır".
F.Laroşfuko
Dünya elminə yeni nəzəriyyələr verən,
əsərləri dünyanın aparıcı universitetlərində
tədris olunan, dünya elmi nəşrlərində ilk yerləri
tutan Rafiq Əliyev bu qədər etdikləri
qarşısında "Nə etmişəm ki: kitablar
yazmışam, tələbələr, alimlər
yetişdirmişəm. Bu, mənim işimdir", - deyir.
Bu böyük alimin sadəlikdən doğan təvazökarlığıdır.
Rafiq müəllim nələr etdiyini özü yaxşı
bilir, amma bununla öyünmür. Bunu vətəndaş,
insan, alim borcu sayır.
Alimliklə (Rafiq müəllim özünə alim
demir, elmlə məşğul oluram, - deyir)
insanlığı bu səviyyədə özündə cəmləşdirmək
böyük xoşbəxtlikdir.
Hamıya mehriban, səmimi, gülərüz
münasibət göstərən insanın sevilməsi də
elə buna görədir.
Dünyanın qeyri-səlis məntiqə keçdiyi
bir zamanda inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələrin, nəinki, ali, orta məktəblərində
və hətta bağçalarda da tədris olunan, keçilən
qeyri-səlis məntiq, təəssüf ki, ölkəmizdə
ancaq Rafiq müəllimin yaratdığı və rəhbərlik
etdiyi "Biznesin idarə edilməsi" Proqramından
başqa heç yerdə tədris olunmur. Bu, təəssüf
doğurur.
Başqalarının əl-əl gəzdiyi, hər
anından yararlanmaq istədikləri, xaricdə ölkəmizdən
daha çox tanınan və dəyər verilən alimimizdən
özümüz lazımınca yararlanmırıq.
Gərək zamana və zamanın insanlarına
zamanında qiymət verilsin. Zamansa gözləmir...
Onu da qeyd edim ki, bu yaxınlarda professor Rafiq Əliyevin
texnika üzrə fəlsəfə doktoru Rafiq R.Əliyev və
özbək alimləri ilə birlikdə
hazırladıqları "Süni intellekt" kitabı 4
dildə nəşr olunub və dünyanın aparıcı
universitetlərində tədrisdə istifadə edilir.
Rafiq Əliyev, nəinki, elmin ən yeni sahəsi olan
süni intellekt, qeyri-səlis məntiqin nəzəri, texnoloji
və iqtisadi tərəfləri ilə məşğul olur,
o, həm də qeyri-səlis məntiqin humanitar elmlərə
tətbiqi ilə bağlı araşdırmalar da aparır.
Son illər akademik Kamal Abdulla ilə birlikdə
yazdıqları, alimlərin və ədəbiyyatşünasların
diqqətini çəkən "Kitabi-Dədə Qorqud və
qeyri-səlis məntiq", "Qeyri-səlis məntiq və
dil-nitq" kitabları Rafiq Əliyevin çoxtərəfliliyini
göstərir.
Bu günlərdə daha bir sevindirici xəbər
aldıq. Rafiq Əliyevin Rafiq R.Əliyevlə birlikdə
yazdıqları, çoxdan gözlədiyimiz "Qeyri-səlis
məntiq" kitabı "Azərnəşr" tərəfindən
çap olundu. Azərbaycan dilində yazılan bu ilk kitab
qeyri-səlis məntiqin öyrənilməsi və tədqiqi
üçün əvəzsiz töhfə olacaq. "Azərnəşr"in
baş redaktoru, əziz dostumuz Əlövsət Ağalarova bu
kitabın nəşrinə görə xüsusi təşəkkürümüzü
bildiririk.
Elm nə qədər yenilənsə də,
böyük Məktəb yaratmış Rafiq Əliyev zamanların
alimi olaraq qalacaq. 200-ə yaxın fəlsəfə doktoru, 35
elmlər doktoru hazırlayan, ingiliscə kitablarını
ingiliscə, almanca kitablarını almanca, rusca
kitablarını rusca, azərbaycanca kitablarını çox
sevdiyi doğma dilində yazan, dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq elmi
konfransların yaradıcısı və sədri olan (bu
konfransların sayı 30-dan çoxdur), ömrünün bu
yaşında da elmi araşdırmalar aparan, yeni kitablar yazan
Rafiq Əliyevə cansağlığı və yeni nailiyyətlər
diləyirik.
Növbəti uğurunuz, Lütfi Zadənin təklif
etdiyi kimi, Nobel mükafatı olsun, hamımızın
sevimlisi, hər ilinə sevindiyimiz dəyərli İnsan,
böyük Alim, Rafiq Əliyev!
Yeni yaşınız mübarək, zamanın
seçdiyi İnsan!
Rəfail TAĞIZADƏ
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.16.