Qəriblikdə
yaşayıb-yaratmış görkəmli alim
Azərbaycan elminin dünyaya tanıdılmasında
mühüm xidməti olan görkəmli alim Novruz Allahverdinin
süni intellektin müxtəlif sahələri, eləcə də
qeyri-səlis ekspert sistemlərinin layihələndirilməsi və
tətbiqi ilə bağlı elmi işləri hazırda
müvəffəqiyyətlə tətbiq edilir.
1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində
anadan olmuş Novruz Allahverdi 1966-cı ildə Ağdamdakı
1 nömrəli məktəbi gümüş medalla bitirib.
Sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet)
Kompüter Mühəndisliyi ixtisası üzrə daxil olub.
Onun akademik fəaliyyəti təhsilini başa vurduqdan sonra bir
müddət sözügedən universitetdə
çalışmaqla başlayıb. 1976-1979-cu illərdə
Moskva Energetika institutunun aspiranturasında oxuyub,
"Siqnalların rəqəm işləməsi problemləri
üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi
və analizi" mövzusunda dissertasiya işini müdafiə
edərək 1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi
alıb.
Həmin illərdən etibarən artıq sahəsi
üzrə mütəxəssis və elmi fəaliyyəti ilə
tanınan N.Allahverdi bundan sonra Azərbaycan Politexnik
İnstitutunun hesablama texnikası kafedrasında assistent,
baş müəllim, dosent vəzifələrində
çalışıb.
90-cı illərin əvvəllərində
kompüter mühəndisliyi üzrə tanınmış
professor kimi Novruz Allahverdi Türkiyənin Səlcuq
Universitetindən rəsmi dəvət alaraq Konya şəhərinə
köçmüş və akademik fəaliyyətinə
burada davam edib. Səlcuq Universitetində dosent, daha sonra
professor vəzifələrində çalışmış
N.Allahverdinin təşəbbüsü ilə 1998-ci ildə Səlcuq
Universitetinin Texniki təhsil fakültəsində Elektronika və
kompüter təhsili kafedrası yaradılıb. Görkəmli
alim 2012-ci ilə qədər bu kafedraya rəhbərlik edib.
2012-ci ildə isə Səlcuq Universitetinin Texnologiya fakültəsində
yenə də N.Allahverdinin təşəbbüsü nəticəsində
Kompüter mühəndisliyi kafedrası təşkil edilib və
3 il o özü həmin kafedranın rəhbəri olub.
Bu dövrlərdə Novruz Allahverdi elminin zirvəsinə
çataraq kompüter elmləri sahəsində öncül
alimlərdən birinə çevrilib. O, prosessorların və
çoxprosessorlu paralel hesablama sistemlərinin layihələndirilməsi,
distant təhsil problemləri, habelə süni intellekt problemlərini
araşdırıb. Son illərdəki elmi fəaliyyətində
onu tibdə və avtomatlaşdırmada qeyri-səlis məntiqin,
süni neytron şəbəkələrinin və digər
süni intellekt metodlarının tətbiqi problemləri daha
çox maraqlandırırdı.
N.Allahverdi ömrünün son illərində
Konyadakı Karatay Universitetinin "Kompüter mühəndisliyi"
kafedrasının müdiri olaraq, həm akademik, həm də
idarəetmə sahəsində uzun illər toplamış
olduğu təcrübəylə tələbələrin
yüksək səviyyəli təhsil almasını təmin
edib. N.Allahverdinin rəhbərliyi
ilə 1998-2023-cü illərdə kompüter elmləri
üzrə 8 doktorluq və 36 magistr dissertasiyası uğurla
hazırlanaraq müdafiə edilib. Bundan əlavə, həmin
dövrdə, 9 professor, 7 dosent və 5 yardımçı
dosent olmaqla, ümumilikdə 21 alim məhz N.Allahverdinin rəhbərliyi
altında təkmilləşərək yüksəlib.
"Google Scholar" beynəlxalq bazasının
hesabatlarına görə, bugünə kimi N.Allahverdinin elmi
işlərinə 2870-ə qədər istinad var.
Səlcuq Universitetində işlədiyi illərdə
regionlararası və beynəlxalq miqyaslı bir çox elmi və
texniki layihələrə rəhbərlik edib. Bu layihələrə
kompüter elmləri mütəxəssislərinin öz bilik
və təcrübələrini bölüşmək,
innovativ həllər hazırlamaq və sektorun inkişafı
üçün bir araya gəldiyi mühüm əməkdaşlıq
təşəbbüsləri də daxildir. N.Allahverdinin bu
layihələrdəki iştirakı onun həm texniki, həm
də strateji səviyyədə əhəmiyyətli töhfələr
verməsinə imkan verdi. Beynəlxalq arenada belə fəal
iştirak onu dünya miqyasında tanınan ekspertə çevirdi
və kompüter elmləri sahəsinə beynəlxalq təsir
yaratdı. Bu layihələrin uğurları onu göstərirdi
ki, N.Allahverdi təkcə elmi tədqiqatlara töhfə verməmiş,
həm də beynəlxalq səviyyədə elmi ictimaiyyətdə
mühüm liderlik rolunu öz üzərinə
götürmüşdü.
N.Allahverdi kompüter elmləri sahəsi üzrə
nüfuzlu jurnallarda dərc olunan 90 məqalə, 55 beynəlxalq
konfrans materialı və 10 kitab olmaqla, ümumilikdə 155
akademik nəşrin müəllifidir. Onun geniş akademik fəaliyyəti
kompüter elmləri sahəsində əhəmiyyətli təcrübə
və liderlik səviyyəsini təmsil edən
mövzuları əhatə edir. Bu töhfələr
kompüter elmləri sahəsində mövcud
inkişafları başa düşmək, bu sahədəki
problemlərin həllini tapmaq və bilikləri genişləndirmək
baxımdan mühüm mənbə rolu oynayır. Eyni zamanda
bu nailiyyətlər Novruz Allahverdinin milli və beynəlxalq səviyyəli
elm aləmində tanınmış sima olmasına təkan
verib.
2023-cü ilin 8 fevralında dünyasını dəyişmiş
görkəmli alimimizi vəfatının ikinci ilində dərin
ehtiramla yad edirik. Ruhu şad olsun!
Rafiq ƏLİYEV,
Professor
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.16.